Məhkəmə qərarları › İş №2(005)-3003/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3003/2020

24.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3003/2020 24.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2020-ci il tarixli K-683 və xx xxxx 2020-ci il tarixli K-734 nömrəli əmrlərinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə Bakı şəhəri 221 nömrəli tam orta məktəbdə tarix müəllimi olaraq başlamışdır. Təhsil Nazirliyinin xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasında təşkil etdiyi “Bu Günün və Sabahın Direktorları” üçün təlim kursunu müvəffəqiyyətlə bitirib, Təhsil Nazirliyində təşkil olunan test və müsahibə mərhələsində uğur qazandıqdan sonra Təhsil nazirinin xx.xx.2014-cü il tarixli 11/925 nömrəli əmri ilə xx.xx.2014-cü ildə Bakı şəhəri 31 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli, K-969 nömrəli əmri ilə xx.xx.2019-cu il tarixdən Bakı şəhəri 19 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Məktəb direktoru kimi fəaliyyət göstərdiyi müddətlər ərzində üzərinə düşən vəzifə öhdəliklərini, habelə əmək funksiyalarını daim nümunəvi şəkildə yerinə yetirdiyini və bu günə kimi haqqında heç bir intizam tənbehi tədbiri görülmədiyini bildirmişdir. İddiaçı 2015-2019-cu illərdə Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin işə qəbul imtahanlarının müsahibə mərhələsində Təhsil Nazirliyi tərəfindən qabaqcıl və nümunəvi məktəb direktoru kimi komissiya sədri qismində işə cəlb edilmişdir. O, ümumtəhsil orta məktəbinin direktoru vəzifəsində Təhsil Nazirliyi ilə 2014-cü ildən 2020-ci ilə qədər fasiləsiz olaraq işlədiyini bildirmişdir. Bu illərdə onunla bağlı elektron hökümət portalında xx.xx.2017-ci il tarixində Əmək və X4 Nazirliyinin mərkəzləşmiş elektron informasiya sisteminə daxil edilmiş cəmi 1 ədəd əmək müqaviləsi bildirişi mövcud olmuş və xx.xx.2014-xx.xx.2017-ci illəri əhatə etmişdir. Elektron portalda daha sonrakı illərə aid onunla bağlı əmək müqaviləsinə xitam verilməsi, ləğv edilməsi və yeni əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsi bildirişləri barədə heç bir qeyd və məlumat olmamışdır. Elektron hökümət portalına xx.xx.2020-ci il tarixində daxil edilmiş sonuncu məlumat isə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişidir və bununla xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi ləğv edilmişdir. O, əmək müqaviləsinin nüsxəsinin heç vaxt ona təqdim olunmadığını bildirmişdir. İddiaçı onunla bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin müddətinin xx.xx.2017-ci ildə bitməli olduğunu bildirir. Lakin iddiaçı nə özünün, nə də Təhsil Nazirliyinin onun müddətinin bitməsindən sonrakı bir həftə ərzində müqaviləyə xitam verilməsini tələb etməmiş və o əmək funksiyalarının icrasını xx.xx.2017ci il tarixindən sonra da davam etdirmişdir. Onunla bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin müddəti Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Təhsil Nazirliyinin mərkəzləşdirilmiş müsabiqə qaydalarına uyğun olaraq direktor kimi bir illik fəaliyyəti barədə hesabat Təhsil Nazirliyinə təqdim olunmuş və o qeyd olunan müsahibədən keçmişdir. Bu səbəbdən də iddiaçı 143 nömrəli əmrə uyğun olaraq direktor vəzifəsinə təyinatının daimi əsaslarla olmalı olduğunu iddia edir. İddiaçının əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixli, K-683 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx xxxx 2020-cı il tarixli K-683 və xx xxxx 2020-ci il tarixli K-734 nömrəli əmrləri qanunsuz və əsassız olmaqla yanaşı, həm də etibarsız hesab etdiyini bildirmiş və göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, onun Bakı şəhəri 31 nömrəli tam orta məktəbə direktor vəzifəsindən azad olunaraq Bakı şəhəri 19 nömrəli tam orta məktəbə direktor vəzifəsinə bir il müddətinə əmək müqaviləsi bağlanmasını əks etdirən ərizəsi təzyiq altında yazılmışdır. Elektron portalda onun əmək münasibəti müddətli kimi qeyd olunsa da, 5 ildən artıq davam etdiyindən müddətsiz hesab olunmalıdır. Eyni zamanda, əmək kitabçasında da Təhsil Nazirliyi tərəfindən səhvə yol verilmiş, xx xxxx 2020-ci il tarixli, K-683 nömrəli əmri göstərilsə də, yeni xx xxxx 2020-ci il tarixli K-734 nömrəli əmri öz əksini tapmamışdır. 2014-cü ildən 2020-ci ilə qədər fasiləsiz işləmişdir. xx xxxx 2020-ci il tarixli əmri ilə sonradan əmrə düzəliş edilməsi əmək qanunvericiliyinin kobud surətdə pozulmasıdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil qeyd etmişdir ki, Əmək və X4 Nazirliyinin elektron sistemində 1 ədəd əmək müqaviləsi bildirişi mövcud olmuş, xx.xx.2014-xx.xx.2017-ci illəri əhatə etmişdir. xx.xx.2017-ci il tarixindən sonra da davam etdirilmiş, xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bağlandığı tarixdən əmək münasibətləri davam etmiş, müddətsiz müqavilə kimi müəyyən edilməlidir. Digər tərəfdən, Təhsil Nazirliyinə müraciətləri olmuş, lakin həmin müraciətlər cavablandırılmamış, yalnız sonradan xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublarla müraciətləri cavablandırılmışdır. Bakı şəhəri Təhsil İdarəsi tərəfindən ona qarşı qərəzli münasibət olmuşdur, məktəbə 3 dəfə yoxlama göndərilmişdir. Həmin yoxlamalar anonim ərizələr əsasında aparılmışdır. İddiaçının bülletendə olduğu vaxt onun işdən çıxarılması qanunsuzdur, sonradan isə əmrə düzəliş edilməsi əmək qanunvericiliyinə ziddir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X5 bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, İddiaçı ilə əmək müqaviləsi müddətli bağlanmışdır. Bu hal Əmək və X4 Nazirliyinin mərkəzləşmiş elektron informasiya sistemindən də aşkar olunur. İddiaçı əvvəlcə xx.xx.2014-cü ildə Bakı şəhəri 31 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuş, sonradan onun ərizəsi əsasında Bakı şəhəri 19 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Bununla bağlı müvafiq əmr verilmiş və yeni əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi isə müddətli olmuşdur. İddiaçı fəaliyyətində qüsurlar aşkar edilmişdir. Bununla bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılmışdır. Lakin iddiaçıya humanist münasibət göstərilərək onun əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir. İddiaçı bülletendə olması barədə məlumat verməmişdir. Buna görə də, o xx xxxx 2020-ci il tarixdə işdən azad olunmuş, bu hal sonradan aşkar olunduqda xx xxxx 2020-ci il tarixli K-734 nömrəli əmri ilə, xx xxxx 2020-ci il tarixli, K-683 nömrəli əmrinə düzəliş edilmişdir. Əmri ləğv etmək və ya ona hər hansı düzəliş etmək işəgötürənin hüququdur. Buna görə əmək qanunvericiliyinin tələbi pozulmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1981-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş İddiaçı ünvan 1 mənzil 82 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxx 2014-cü il tarixli, 11/925 saylı əmrinin surətinə əsasən İddiaçı xx.xx.2014-cü il tarixdən 1 il müddətinə Yasamal rayonu 31 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunmuşdur; Təhsil Nazirliyi (işəgötürən) ilə İddiaçı (işçi) arasında xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinin surətinə əsasən İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 1 il müddətinə Yasamal rayonu 31 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə işə qəbul edilmişdir; Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2017-ci il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişinə əsasən İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən xx.xx.2014-cü il tarixdən müddətli (xx.xx.2017-ci il tarixədək) olaraq, vaxtamuzd, hər ay 486 manat əmək haqqı ödənilməklə Bakı şəhəri 31 nömrəli tam orta məktəbinin direktoru vəzifəsinə işə qəbul edilmişdir; İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu tarixli ərizəsinə əsasən ərizəçi onunla Bakı şəhəri 31 nömrəli tam orta məktəbin direktoru vəzifəsi üzrə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsini və Bakı şəhəri 19 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə 1 (bir) il müddətinə əmək müqaviləsinin bağlanmasına razılıq verilməsini xahiş etmişdir; Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2019-cu il tarixli, K-969 saylı vəzifədən azad olunma və vəzifəyə təyin barədə əmrinin surətinə əsasən Bakı şəhəri 31 nömrəli tam orta məktəbin direktoru - İddiaçı ilə bağlanmış əmək müqaviləsi ərizəsi nəzərə alınmaqla Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2019-cu il tarixdən xitam verilərək, xx.xx.2019-cu il tarixdən 1 (bir) il müddətinə Bakı şəhəri 19 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunmuşdur; Təhsil Nazirliyi (işəgötürən) ilə İddiaçı (işçi) arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinin surətinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 1 il müddətinə Nəsimi rayonu 19 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə işə qəbul edilmişdir; Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2020-ci il tarixli, K-683 saylı müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin surətinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən və 73-cü maddəsi ilə müəyyən edilmiş qaydada xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri 19 nömrəli tam orta məktəbinin direktoru – İddiaçı əmək müqaviləsinə xitam verilmişdir; Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2020-ci il tarixli, K-734 saylı müddətli əmrə qismən dəyişiklik edilməsi barədə əmrinin surətinə əsasən “Müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında” Təhsil nazirinin xx.xx.2020-ci il tarixli K-683 nömrəli əmrinin giriş hissəsində “15” rəqəmi 1-ci bənddə qeyd edilən Bakı şəhəri 19 nömrəli tam orta məktəbinin direktoru İddiaçı münasibətdə “28” rəqəmi ilə dəyişdirilmiş və “Əmək müqaviləsinin ləğvi və vəzifəyə təyin edilmə barədə” Təhsil nazirinin xx.xx.2020-ci il tarixli K-684 nömrəli əmrinin 14-cü bəndində “16” rəqəmi" 29” rəqəmi ilə əvəz edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, xxxxxxx0001X0 nömrəli əmək müqaviləsi bildirişinə əsasən Bakı şəhəri 19 nömrəli tam orta məktəbinin direktoru vəzifəsində işləyən İddiaçı ilə xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir; İddiaçı ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.2003-cü il tarixdə 49 nömrəli əmr ilə Bakı şəhər Xətai rayonu 221 saylı orta məktəbin məktəbin tarix müəllimi vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü il tarixdə 58 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsi Xətai rayonu 257 saylı məktəbə yerdəyişmə etdiyi üşün ləğv edilmiş, xx.xx.2003-cü il tarixdə 109 sayl əmrlə 257 saylı məktəbin tarix müəllimi vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci il tarixdə 70 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2005-ci il tarixdən Əmək Məcəlləsinin 74-cü maddəsinin 1(a) bəndinə əsasən xitam verilmiş hesab edilmiş, xx.xx.2006-cı il tarixdə 70 nömrəli əmrlə həmin tarixdən hərbi xidmət müddətinin başa çatması ilə əlaqədar işdə hesab edilmiş, xx.xx.2014-cü il tarixdə 68 saylı əmri ilə Bakı şəhəri 31 saylı tam orta məktəbə direktor vəzifəsinə təyin edilməsi ilə əlaqədar xx.xx.2014-cü il tarixdən tarix müəllimi olaraq bağladığı əmək müqaviləsi ləğv edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2014-cü il tarixdə 11/925 nömrəli əmr ilə 1 il müddətinə Yasamal rayonu 31 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə K-969 nömrəli əmrlə 31 saylı tam orta məktəbin direktoru İddiaçı öz ərizəsi əsasında Əmək Məcəlləsinin 68-ci maddəsinin 3-cü hissəsinin “a” bəndinə əsasən müqaviləsinə xitam verilmiş və 1 il müddətinə Bakı şəhəri 19 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə K-683 nömrəli əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir; Bakı Baş Səhiyyə İdarəsinin 6 nömrəli poliklinika şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli əmək qabiliyyəti olmaması vərəqəsinin surətinə əsasən Abidi X2 xəstəsi olduğundan xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işdən azad edilmişdir; Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə Bakı şəhəri 19 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubunun surətinə əsasən İddiaçı ümumtəhsil məktəblərinin direktor vəzifəsinə təyin və azad edilməsi, həmçinin əmək müqaviləsinin bağlanması işəgötürən olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətlərinə aid olduğu üçün müraciətin aidiyyəti üzrə göndərilməsi tövsiyə olunmuşdur; Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2020-ci il tarixli, 2267-02/10 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı ərizəsinə cavab olaraq, Təhsil nazirinin xx.xx.2020-ci il tarixli K-734 nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə müddətinin qurtarmasına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “b” bəndinə əsasən və 73-cü maddəsi ilə müəyyən edilmiş qaydada xx xxxx 2020-ci il tarixdən xitam verildiyindən əmək məzuniyyətinə buraxılmağına dair müraciətə baxmağın mümkün olmadığı bildirilmişdir; İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2014-cü il tarixdən 1 il müddətinə 31 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunmuş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2019-cu il tarixli vəzifədən azad olunma və vəzifəyə təyin barədə əmri ilə Bakı şəhəri 31 nömrəli tam orta məktəbin direktoru - İddiaçı ilə bağlanmış əmək müqaviləsi ərizəsi nəzərə alınmaqla Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2019-cu il tarixdən xitam verilərək, xx.xx.2019-cu il tarixdən 1 (bir) il müddətinə Bakı şəhəri 19 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunmuşdur, onunla xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmışdır. xx xxxx 2020-ci il tarixli, müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında əmri Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri 19 nömrəli tam orta məktəbinin direktoru – İddiaçı əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçının əmək qabiliyyəti olmamamış, sonradan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2020-ci il tarixli, müddətli əmri ilə xx.xx.2020-ci il tarixli əmrində “15” rəqəmi 1-ci bənddə qeyd edilən Bakı şəhəri 19 nömrəli tam orta məktəbinin direktoru İddiaçı münasibətdə “28” rəqəmi ilə dəyişdirilmiş və “Əmək müqaviləsinin ləğvi və vəzifəyə təyin edilmə barədə” Təhsil nazirinin xx.xx.2020-ci il tarixli əmrinin 14-cü bəndində “16” rəqəmi" 29” rəqəmi ilə əvəz edilmişdir. Hazırda iddiaçı əmək münasibətlərinin müddətli deyil, Əmək Məcəlləsinin 45.5-ci maddəsinə uyğun olaraq artıq fasiləsiz olaraq 5 ildən artıq davam etdiyindən müddətsiz hesab olunmasına əsaslanır. Bu baxımdan, işdən çıxarılmasını əsassız hesab edir, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2020-ci il tarixli K-683 və xx xxxx 2020-ci il tarixli K-734 nömrəli əmrlərinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ona ödənilməsini tələb edir. İddiaçı əmək müqaviləsinə xitam verilməsinin qanunsuzluğunu onunla sonradan yeni - müddətli əmək müqaviləsinin bağlanmasına baxmayaraq əmək münasibətinin xx xxxxxx 2014-cü il tarixdən yarandığını, 5 ildən artıq fasiləsiz işlədiyi üçün Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən çıxarılmasını əsassız olmasına istinad edərək irəli sürdüyündən məhkəmə iddiaçının istinad etdiyi qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməyi zəruri hesab edir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə görə isə, “müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər”. İşin hallarından aydın olur ki, iddiaçının əmək müqaviləsinin müddəti xx xxxx 2020ci il tarixində bitmiş, həmin tarixdə iddiaçının əmək qabiliyyəti olmaması səbəbindən (bülletendə olduğundan) nəzərə alınaraq və Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən bu tarixdən sonrakı bir həftə ərzində onun əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi imkanından istifadə edilərək cavabdeh tərəfindən onun əmək müqaviləsinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2020-ci il tarixli əmri ilə xitam verilmişdir. İddiaçı onunla sonradan əmək münasibətinin müddətsiz xarakter daşıdığını iddia etsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir; əksinə məhkəmənin qənaətinə görə, Təhsil Nazirliyi (işəgötürən) ilə İddiaçı (işçi) arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, iddiaçı ilə xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixədək 1 il müddətinə Nəsimi rayonu 19 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə işə qəbul edilmiş, bununla bağlı iddiaçının müvafiq məktəbə direktor vəzifəsinə keçirilməsinə razılığını ifadə edən ərizəsi olmuş, xx.xx.2019-cu il tarixdə işçi ilə yeni əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 1 il müddətinə müəyyən edilmişdir. Digər tərəfdən, iddiaçının 19 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə keçirilməsini əks etdirən razılıq ərizəsini təzyiq altında imzalaması barədə arqumentini inandırıcı hesab etmək olmaz. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür və o, iddiasını əsaslandırdığı halları kifayətedici aydınlıqla sübut edə bilməmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2014-cü il tarixdən 31 nömrəli tam orta məktəbdə, 2019-cu ildən isə 19 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Əmək müqaviləsinin müddəti” adlanan 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının 2019-cu ildən 19 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunması 1 il müddətinə olmuş, xx.xx.2019-cu il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, eyni zamanda bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Bundan başqa, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, əmrin tərtibi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda göstərilən tələbləri pozulmamışdır. Məhkəmə eyni, zamanda iddia tələbinin “işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ona ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də rədd edilməlidir. Belə ki, hazırkı - işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ona ödənilməsi - törəmə hüquq münasibəti olub, qeyd edilən “işəgötürənin əmrinin ləğv edilməsi” tələbindən törənmişdir. Buna görə də iddia tələbi həmin hissələrdə də rədd edilməlidir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin ona qarşı qərəzli münasibətdə olduğunu, fəaliyyəti zamanı əsassız yoxlamalar keçirilməsini, cavabdeh isə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə çıxarılmalı olmasını göstərsə də, tərəflərin bu tələbləri məhkəmə baxışının predmeti deyil və hazırkı iddia tələbi çərçivəsində hüquqi qiymət verilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh “Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar