Məhkəmə qərarları › İş №2(005)-3017/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3017/2021

29.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3017/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi X3 iştirakları, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 219 nömrəli evdə təhsil tam orta məktəbin direktoru kimi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin 21.04.2021 -ci il tarixli, K-364 saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun yenidən həmin vəzifəyə bərpa edilməyi və məcburi iş buraxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-cü il tarixdən hal-hazıradək təhsil sahəsində ayrı-ayrı vəzifələrdə çalışmışdır. 19 mart 2019-cu ildən başlayaraq Bakı şəhəri 219 nömrəli evdə təhsil tam orta məktəbinin direktoru vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin 21.04.202l-ci il tarixli, K-364 saylı əmri ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndinə və Azərbaycan Respublikası Omək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarımı yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi 21 aprel 202l-ci il tarixdən ləğv edilmişdir. Hesab edir ki, tutduğu vəzifədən azad edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, ayhq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Təhsil Naziri onu tutduğu vəzifədən azad edərkən həmin əmrin əsası kimi Bakı şəhəri üzrə Təhsil idarəsinin məktubuna, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin 08.01.202l-ci il tarixli, 53 nömrəli protokolundan çıxarışa, müvafiq arayış və izahatlara əsaslanmışdır. Lakin həmin sənədlər heç bir halda onun tutduğu vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla azad edilməyi üçün əsas ola bilməzdi. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edən 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasım və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işə götürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki. işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsal.ıı, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı ziyan dəymiş olsun.Hazırki halda göstərilən halların heç biri mövcud olmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Təhsil Naziri onu işdən azad edərkən qanunsuz və əsassız əmr vermişdir. Odur ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 21.04.2021 -ci il tarixli, K- 364 saylı əmri ləğv edilməli, o, işə bərpa edilməli və məcburi qaydada iş buraxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddia ərizəsini müdafiə edərək rəhbərlik etdiyi 219 nömrəli məktəbdə fond pulu yığılması bağlı BŞTİ-nə və Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinə edilən müraciətlərlə bağlı verdiyi ifadə zamanı İİ vətən müharibəsində könüllü şəkildə iştirak edən oğlu Əlibəyli Şəhriyar barədə dəqiq məlumat ala bilmirdi. Bununla bağlı olaraq həmin vaxt narahat olduğu üçün, verdiyi ifadə zamanı fikirlərini düzgün ifadə etməmişdir. Belə ki, o həmin izahatında qeyd etmişdir ki, pulun yığılmasına icazə vermişdir. Bildirir ki, imkansız, sağlamlıq imkanı məhdud övladı olan ailələrə yardım etmək üçün vəsaitin yığılması barədə müəllimlər tərəfindən dəfələrlə ona və həmkarlar təşkilatı sədrinə müraciət olunmuşdur. Müəllimlərin və valideynlərin çoxsaylı xahişindən və bu ənənənin məktəbdə uzun illər davam etdiyini nəzərə alaraq, o, razılıq vermək məcburiyyətində qalaraq, pandemiya dövrü olan mart, aprel və may ayları üçün yardım yığılmasına etiraz etməmişdir. Həmin dövrdə ona müraciət edən müəllim və valideynlərə öz vəsaiti hesabına yardım etmişdir və müəlimlərdən heç vaxt pul tələb etməmişdir. Verdiyi izahatlarda fikirlərini düzgün ifadə edə bilməməyini, fond pulu yığılması barədə onun hər hansı göstəriş vermədiyini, məktəb müəlimlərinin və valideynlərin dövlət rəhbərinə, vitse prezident Mehriban xanım Əliyevaya müraciətini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası ƏM-nin 70 “c” bəndi ilə işdən çıxarılmağı barədə Təhsil Nazirliyinin əmrini ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi X8 iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirimiş X5 ifadəsində göstərmişdir ki, iddiaçı onların direktoru olmuşdur, iddiaçı direktor vəzifəsini icra etdiyi üçün onu məktəbdən tanıyır. O, həmin məktəbdə tarix müəllimi işləyir. Sahilə müəllimə məktəbə direktor təyin edildikdən sonra məktəbdə təhsil ilə bağlı bir neçə islahatlar aparmışdır. Onun sayəsində məktəb daha yaxşı dərs tədris etməyə başlamışdır. O, uzun müddətdir ki, məktəbdə müəllim kimi işləyir. Bu müddət ərzində hər zaman müəllimlər arasında fond pulunun yığılması qaydası mövcud olmuşdur. Belə ki, bu qayda Sahilə müəllimə direktor təyin edilməmişdən öncə də olmuşdur. Müəllimlər öz təşəbbüsü ilə fond pulunu yığırdı. Həmin pulu məktəb üçün vəsaitlərin alınmasına və az təminatlı ailələrə yardım edilməsinə xərcləyirdilərk. Onlar tərəfindən edilən yardımlar ya pul şəklində ya da ərzaq şəklində edilirdi. Hər ay yardımların məbləği fərqli olurdu. Belə ki, yığılan puldan asılı olaraq hər ay ya 50 manat ya da 100 manat yardım edirdilər. Yığılan vəsait hesabına şagirdlərdən birinin bilmədən sındırdığı kompyuteri almışlar. Həmin şagird vəfat etmişdi və kompyuter onların tərəfindən yığılan vəsait hesabına alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirimiş X1 ifadəsində göstərmişdir ki, iddiaçı onların köhnə direktoru olmuşdur. Billdirmək istəyir ki, onlar fond pulunu uzun müddətdir ki, yığırlar. Sahilə müəllimə onların məktəbinə direktor təyin edilməmişdən öncə də müəllimlər arasında fond pulu yığılırdı. Yığılan fond pulu məktəb vəsaitlərinin alınmasına və maddi vəziyyəti yaxşı olmayan şagirdlərə yardım edilməsinə xərclənmişdir. Fond pulunun yığılması barədə video çəkiliş aparan müəllimə heç vaxt fond pulu verməmişdir. O, həmin video çəkilişi şantaj məqsədi ilə çəkmişdir. Müəllimlər öz arasında müəyyən məbləğdə yardım etmək məqsədi ilə fond pulu yığırdılar. Fond pulunun yığılması Sahilə müəllimin göstərişi əsasında olmamışdır, onlar, öz təşəbbüsü ilə fond pulunu yığmışlar. Prokurorluqda izahat verdiyi zaman, izahatı yazan əməkdaş ona bildirdi ki, fond pulunun yığılmasını Sahilə müəllimənin tapşırdığı şəklində izahat versin. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, iddiaçı ilə oğlunun təhsil aldığı məktəbdə direktor vəzifəsində işlədiyi zaman tanış olmuşdur. Onun oğlu təhsil aldığı zaman bir direktor kimi Sahilə müəllimədən və məktəbdə işləyən müəllimələrdən çox razı olmuşdur. Belə ki, həyat yoldaşı əməliyyat oldu və bir müddət işləyə bilmədi. Sahilə müəllimə və müəllimlər öz aralarında pul yığaraq həmin dövrdə ona yardım etdilər. Onlar az təminatlı ailə olduqları üçün müəllimlər onlara yardım etməsə idi, uşaqları ac qalacaqdı. Onların sayəsində həmin çətin dövrdə evlərində yemək bişirə bilmişdir. Onlara yardımlar pul, bazarlıq və ya dərman şəklində edilirdi. Hər bir ailə ilə maraqlanırdı və kimin ehtiyacı olurdusa, ona həmin fond pulundan yığılmış vəsait hesabına yardım edirdilər. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirinin 19.03.2019cu il tarixli, K-343 saylı əmri ilə dövlət ümum təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinə əsasən İddiaçı Bakı şəhəri 219 nömrəli evdə təhsil tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirinin 15.07.2020-ci il tarixli, K-675 saylı əmrindən görünür ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümum təhsil müəssisəsinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə 15.07.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin 08.01.2021-ci il tarixli, 53 nömrəli protokolundan çıxarışından görünür ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 19.10.2020-ci il tarixli təqdimatı təmin edilmiş və əmək fəaliyyətlərində yol verdiyi kobud nöqsanlara görə Bakı şəhəri 219 nömrəli evdə təhsil tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirinin 21.04.2021-ci il tarixli, K-364 saylı əmri ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Bakı şəhəri 219 nömrəli evdə təhsil tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə 21 aprel 2021 -ci il tarixdən ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış məktubun surətindən görünür ki, vətəndaş X4 Bakı şəhəri 219 nömrəli tam orta məktəb barədə Azərbaycan Respublikasının Baş Prokurorluğundan Təhsil Nazirliyinə daxil olmuş müraciəti ilə əlaqədar olaraq, Bakı Şəhər Təhsil İdarəsi tərəfindən aparılmış xidməti araşdırma zamanı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Azerbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübariz Baş idarəsinin təqdimatından görünür ki, İddiaçı qanunazidd əməlləri ilə əlaqədar qeyd olunan qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün təqdimat Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşlarının iclasında müzakirə edilməsi xahiş olunmuşdur. İş materiallarında olan, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 21.04.2021-ci il tarixli K-364 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı əmək müqaviləsi ləğv edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirinin 19.03.2019-cu il tarixli, K-343 saylı əmri ilə dövlət ümum təhsil müəssisələrinə direktor vəzifəsinə təyin edilmişdir. 21.04.2021-ci il tarixli, K-364 saylı əmri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Bakı şəhəri 219 nömrəli evdə təhsil tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə 21 aprel 2021 -ci il tarixdən ləğv edilmişdir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsaəsn əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, ayhq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikasının Təhsil Nazirinin 21.04.2021-ci il tarixli, K-364 saylı əmrinin qanuniliyi yoxlanılmalıdır. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin aşağıda göstərilən tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, mübahisələnirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, sadəcə “vəzifə səlahiyyətlərindən sui-istifadə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” ilə əsaslandırılmışdır. Lakin qeyd edildiyi kimi vəzifə səlahiyyətlərindən suiistifadənin konkret nədən ibarət olması əsaslandırılmamış, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş hansı öhdəliyin yerinə yetirilməməsi əks olunmamışdır. Bundan əlavə məhkəmə hesab edir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Lakin məhkəmə iclasında sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübariz Baş idarəsində aparılmış araşdırmanın nəticəsi olaraq İddiaçı qanunazidd əməlləri ilə əlaqədar qeyd olunan qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün təqdimat Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşlarının iclasında müzakirə edilməsi üçün göndərilmiş, nəticə etibarilə işəgötürənin həmin araşdırmanın yekunlaşmadığı, iddiaçının əməlinə hüquqi qiymət verilmədiyi halda əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növünü, yəni ƏM-nin 70-ci maddəsinin «ç» bəndini tətbiq etməsi ədalətli və qanuni hesab edilməməlidir. Beləliklə, məktəbin müəllimlərinin təşəbbüsü ilə toplanan vəsaitin yığılmasında İddiaçı hər hansı rolu və tapşırığının olması cavabdeh tərəfindən tam araşdırılmadan iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1 -ci maddəsində deyilir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin ....70-ci .... maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71,76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə .... çıxarır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad etməklə hesab edir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsində işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli olduğu halda işəgötürən tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin çərçivəsində qiymətləndirilməli və həmin Məcəllənin tələblərinə əməl olunmaması səbəbindən iddiaçı həmin əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir. Göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilərkən yuxarıda sadalanan hallara qiymət verilməli idi. Ancaq cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə yekunda onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı əmək vəzifələrinin kobud şəkildə pozulması halı öz təsdiqini tapmadığından, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirinin 21.04.2021-ci il tarixli, K-364 saylı əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirinin 21.04.2021-ci il tarixli, K-364 saylı əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1 -ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Təhsil Nazirinin 21.04.2021 -ci il tarixli, K-364 saylı əmri ləğv edilməli və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirinin 21.04.2021 -ci il tarixli, K-364 saylı əmri ləğv edilsin və İddiaçı əvəlki vəzifəsinə bərpa olunsun. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar