Məhkəmə qərarları › İş №2(005)-3018/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3018/2020

29.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3018/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əlili Gülnar Yadulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüqunun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüqunun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Bakı şəhəri, Nərimanov rayonu, M.Əhmədzadə küçəsindəki 15 a saylı evin 14 saylı mənzilinə istifadə hüququnun itirməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsindəki 15”A” saylı evin sahəsi 38,8 kv.m olan 2 otaqlı 14 saylı mənzilini alqı-satqı müqaviləsinə əsasən xx xxxxxx 2019-cu il tarixdə X1 84.500 (səksən dörd min beş yüz) manata rəsmi qaydada Bakı şəhəri, 14 saylı notariat ofisində rəsmiləşdirmişdir. Müqaviləni etibarnamə əsasında X5 imzalamışdır.Alqı-satqı müqaviləsinin 13-cü maddəsinə əsasən satıcı xx.xx.2019-cu il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür.Məhkəməyə təqdim edilmiş 30 saylı MİS-nin verdiyi xx.xx.2020ci il tarixli forma 2 saylı arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 15 “A” saylı ev 2 otaqlı 14 saylı mənzilində keçmiş ev sahibi X6 2000-ci ildən qeydiyyatdadır.Mübahisəli mənzil artıq onun mülkiyyətindədir. Cavabdeh Yusifova Sevda qızının mübahsəli mənzilə qeydiyyatı onun mülkiyyət hüququnu pozur.Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq cavabdeh S.Y.Yusifova mübahisəli mənzildən qeydiyyatdan çıxmaqdan imtina edir.Ona görə də o məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Lakin Cavabdeh məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinə yazılı etirazını təqdim etmişdir. Cavabdeh yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Nərimanov rayon Məhkəməsində ona qarşı iddia qaldırıb. Bakı şəhəri, Nərimanov rayonu M.Əfəndizadə küçəsindəki 15 «A» saylı evin, 14 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Bununla bağlı aşağıdakıları məhkəmənin nəzərinə çatdırır.İddia ərizəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı xx.xx.2019-cu il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.Bildirir ki, qeydiyyatda olduğu mənzil mülkiyyətində olmayıb ki, ona dair alqısatqı müqaviləsi bağlasın, mənzil X4 mülkiyyətində olub və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən hazırkı iddiaçıya satılıb. İddiaçı qeyd etdiklərinin əksinə cavabdeh onunla müqavilə bağlamayıb və hər hansı müqavilədə öhdəlik götürməyib ki, mənzildən qeydiyyatdan çıxacaq.Bu öhdəliyi götürməsə də belə, hazırda yaşadığı mənzilin sənədləşmə, adına rəsmiləşdirmə işləri yekunlaşan, bu barədə çıxarış alan kimi həmin mənzilə qeydiyyata düşəcək. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı pr. ev 29, giriş 7, 14- cü mərtəbəsində yerləşən 244 saylı mənzilə dair çıxarış alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edib və xx.xx.2020-cu il tarixədək mənzil üzərində mülkiyyət hüquqları qeydiyatdan keçəcək. Yalnız bundan sonra onun həmin mənzilə qeydiyyata düşmək imkanı olacaq ki, bu müddət 2-3 həftəyə bərabərdir.Məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən tərəflər bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda məhkəmə qaydasında həll edilir.Hesab edir ki, müqavilənin 19-cu bəndi mövcud olduğu halda MPM-nin 150.0.7-ci maddəsində göstərilən tələblərə əməl edilməsi barədə sübutlar əlavə edilmədiyi üçün iddia ərizəsi MPM-nin 152.1.4-cü maddəsinə əsasən ümumiyyətlə icraata götürülməməli idi, bu məqama diqqət yetirilmədiyi, icraata götürüldüyü halda isə MPM-nin 259.0.1 -ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və cavabdehin etirazını araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı mülkiyyətinə vermişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən həmin mənzili tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda cavabdeh mübahisəli mənzildə qeydiyyatdadır. (xx.xx.2019-cu il tarixli, 050786 saylı Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş arayış). İddiaçı mülkiyyət hüquqlarının pozulması ilə tələbini əsaslandırır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” x xxxxx 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” x xxxxx 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Bundan başqa Cavabdeh etirazına münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda onun digər yaşayış yeri üzrə qeydiyyata düşməsi üçün müraciət etməsi, o cümlədən müqavilə üzrə tərəf olmaması əsas vermir ki, İddiaçı mülkiyyət hüquqları pozulsun. Bu səbəbdən də məhkəmə cavabdehin etirazını əsassız və qanunsuz hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, M.Əhmədzadə küçəsindəki 15 A saylı evin 14 saylı mənzilinə olan istifadə hüququ itirilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar