Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3021/2024 19.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kommunal borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi ev 4 C, 86 saylı mənzilin kommunal borcuna görə 3485 manat və 113 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin kommunal borcuna görə 4000 manat olmaqla, ümumilikdə 7485 manat məbləğində pul vəsaitinin, illik 5% olmaqla 3368 manat pul məbləğinin, cəmi 10.853 manat pulun, eyni zamanda ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ilin yanvar ayından etibarən “ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasında sakinlər məskunlaşmışdır. Həmin dövrdən ümumi yığıncağın qərarına əsasən binada yaşayan sakinlərdən kommunal xidmət haqları yığılır. Belə ki, sözügedən binanın C blokunda sahəsi 131 kv.m-dən ibarət 86 saylı mənzilin və sahəsi 113 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin sahibi Cavabdeh kommunal xidmətlərə görə ödənişləri vaxtı-vaxtında ödəmir. Demək olar ki, istifadəsində olan sahəsi 113 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə görə 2011-ci ildən hazırki günə qədər kommunal ödəniş ödəməmişdir. Həmin sahəni də mənzil kimi istifadə edir. Dəfələrlə rəsmi müraciət etmələrinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələrlə ödənişlərdən boyun qaçırmışdır. Hətta məsələ ilə əlaqədar bir dəfə məhkəməyə də müraciət olunaraq, iddia təmin edilmiş və məhkəmə qərarına əsasən məcburi kommunal borcunu ödəmişdir. Yenə hazırda cavabdehin kommunal borcu yaranmışdır. Hazırda cavabdehin, sahəsi 113 kv.mdən ibarət qeyri-yaşayış sahəsinə görə 4000 manat və sahəsi 131 kv.m-dən ibarət mənzilinə görə 3485 manat kommunal borcu yaranmışdır. Dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdarlıq etmələrinə baxmayaraq, cavabdeh kommunal ödənişlərin ödənilməsində qərəzli olaraq problemlər yaratmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X10 iddia ərizəsinin məzmununa müvafiq izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəfin izahatını dinləyərək, iddia ərizəsi və mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməlidir. Mülki iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı "xxxx" MTK cavabdehlər X6, X7, X5 və Cavabdeh qarşı kommunal borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok D, mənzil 56-da yaşayan X1 olan 540 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok A, mənzil 8-də yaşayan X2 olan 2288 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok B2, mənzil 9-da yaşayan Məmmədova Lalənin kooperativə olan 3540 manat borcunun, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok C, mənzil 86-da yaşayan Cavabdeh kooperativə olan 5139 manat borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4156/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə qismən ləğv edilmiş, iddianın həmin hissədə qismən təmin edilməsi və Cavabdeh 1500 manat pulun iddiaçı "xxxx" MTK-nın xeyrinə tutulması qət edilmişdir; - Sonradan iddiaçı "xxxx" MMC yenidən Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzilin və 113 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin kommunal xidmətlərinə görə 7371 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-522/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh ünvan 3 ünvanı üzrə xx.xx.2021-ci il tarixədək yaranmış kommunal borcun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması hissəsində icraata, eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnamə mövcud olduğundan xitam verilmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-522/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kommunal ödəniş tələbinə dair ilk iddiası təmin edilməmiş, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsızlığı və müqavilə üzrə edilmiş ödənişlərin geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2672/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(005)-522/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırki mülki iş üzrə iddia ərizəsindən və iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən tərtib edilmiş Cavabdeh kommunal borcuna dair cədvəldən görünür ki, iddiaçı 2011-ci il tarixdən 2023-cü ilin avqustuna qədər olan kommunal borcların cavabdehdən tutulmasını xahiş edir. Eyni zamanda iş materiallarından göründüyü kimi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-522/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə xx.xx.2021-ci il tarixədək yaranmış kommunal borcun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması hissəsində ilk iddia tələbi üzrə icraata xitam verilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-522/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı (2021-2023-cü illər üzrə avqust ayına qədər) kommunal ödəniş tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Cavabdeh, 2021-ci ilin mart ayında məhkəməyə müraciət edildiyindən əvvəlki üç il üzrə kommunal borc Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4156/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulmuşdur. 2023-cü ilin avqust ayınadək olan kommunal borcun tutulması ilə əlaqədar isə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə iddia tələbi təmin edilməmişdir. Hazırki iş üzrə iddiaçı kommunal borca görə 7485 manat pul tələb edir, əvvəlki iddia üzrə 7371 manat pulun tutulması tələbini irəli sürmüşdür. Qeyd olunduğu kimi, hazırki iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş Cavabdeh kommunal borcuna dair cədvəldən görünür ki, iddiaçı, 2011-ci il tarixindən 2023-cü ilin avqustuna qədər olan kommunal borcların cavabdehdən tutulmasını xahiş edir. Beləliklə, iddia tələbinə daha öncədən məhkəmələr tərəfindən baxılmasına baxmayaraq iddiaçı yenidən eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O da qeyd edilməlidir ki, iddiaçı göstərilən borcla yanaşı, illik 5 faiz olmaqla 3368 manat pulun tutulmasını da xahiş edir. Bununla bağlı qeyd olunmalıdır ki, həmin iddia tələbi yeni tələb hesab oluna bilməz, belə ki, illik beş faiz hesablanmaqla pulun tutulması tələbi birbaşa əsas tələbin təmin edilməsindən, yəni kommunal borcun tutulub-tutulmalı olmasından asılı olan törəmə tələbdir. Həmin tələb isə məhkəmələr tərəfindən araşdırılmış və yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə aktları qəbul edilmişdir. İllik beş faiz hesablanmaqla bağlı tələb irəli sürüldüyündən yenidən eyni iddia tələbinə baxılması, tərəflərin əsassız olaraq məhkəmə araşdırmalarına cəlb edilməsinə, hər dəfə süni olaraq yeni törəmə tələblər irəli sürülməklə əsassız məhkəmə araşdırmalarının başladılmasına, hüquqlardan sui-istifadəyə səbəb ola bilər. Göründüyü kimi, iddiaçı pozulduğunu ehtimal etdiyi hüquqlarının bərpası üçün qanunvericiliklə ona verilmiş məhkəmə müdafiəsi imkanlarından artıq istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4 və 262.5-ci maddələrinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Eyni Məcəllənin 170.1-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi varsa hakim iş üzrə icraata xitam verməlidir. Hazırki iş üzrə məhkəmənin gəldiyi qənaətə görə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kommunal borcun tutulması və sair tələbinə dair mübahisəyə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261-262, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kommunal borcun ödənilməsi və sair tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3021/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3021/2024
19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver