Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3023/2024 05.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı cavabdeh “N-Turan“ MMC-yə qarşı “kompensasiya, kirayə pulu və əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “N-Turan“ MMC-yə qarşı “kompensasiya, kirayə pulu və əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhvil verdiyi yerə görə müqaviləyə uyğun yer verilməsi və əgər yer verə bilmirsə, onun əvəzinə kompensasiya kimi 90000 (doxsan min) manat ödənilməsi, 2023-cü ilin noyabr ayı da daxil olmaqla 2024 cü ildə ödənilməmiş (80 man x 9 ay = 720 man) kirayə pulunun, obyekti vaxtında təhvil verilsəydi işləyərək götürəcəyi xeyirin (2024 cü ilin 6 ayına görə orta hesabla 300 man (6x300 = 1800 man) əldən çıxmasını və ona vurulan mənəvi ziyanı nəzərə alaraq bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi bir neçə əsasla geri qaytarılmalıdır. Belə ki, ilkin olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ərazi aidiyyəti münasibətlərini tənzimləyən 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Hazırki iddia tələbi kompensasiya, kirayə pulu və əldən çıxmış faydanın ödənilməsi – pul tələbi barədədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdməti “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” barədə elektron sistemdən kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlardan və «Elektron məhkəmə» informasiya sistemindən 05 iyul 2024-cü il tarixli çıxarışlardan göründüyü kimi, cavabdeh qismində göstərilmiş “N-Turan“ MMC-nin hüquqi ünvanı ünvan 1 edir ki, qeyd olunan ünvanın yerləşdiyi ərazi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin yurisdiksiyasına daxil olmadığından, iddia ərizəsinin həmin məhkəmə tərəfindən icraata qəbul edilərək baxılması da qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmçinin iş materiallarından görünür ki, iddia ərizəsi (həmçinin iddia ərizəsinin surətləri) imzalanmadan məhkəməyə təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi, iddiaçı tərəfindən imzalanmadan məhkəməyə təqdim edildiyindən ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Eyni zamanda iddiaçı kompensasiya, kirayə pulu və əldən çıxmış faydanın ödənilməsi ilə yanaşı ona vurulan mənəvi ziyanın nəzərə alınmasını xahiş etsə də, tələbini bu hissədə konkret ifadə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. - 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin iş materiallarından görünür ki, iddiaçı “İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə ********** saylı qəbz üzrə 368 (üç yüz altmış səkkiz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da iddiaçıya tam geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə səlahiyyətli məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “N-Turan“ MMC-yə qarşı “kompensasiya, kirayə pulu və əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə ********** saylı qəbz üzrə ödənilmiş 368 (üç yüz altmış səkkiz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar səlahiyyətli məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-3023/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3023/2024
05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver