Məhkəmə qərarları › İş №2(005)-303/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-303/2022

16.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-303/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ərizə təqdim edərək, tərəflər arasında barışıq sazişi bağlandığından hazırki iddia tələbindən imtina edildiyini bildirmişdir. Həmçinin imtinanın hüquqi nəticələri barədə məlumatlı olduğunu qeyd etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan və iddiaçının iradəsini ifadə etdiyindən təmin olunmalı, iddiaçının iddia ərizəsindən imtinası qəbul edilərək, hazırkı mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-191.2-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizədə ifadə olunmalıdır. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-ci maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.4-cü maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmağa yönəlməmişdir. Bu səbəbdən də İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddiaçının ərizəsi qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 261.0.4, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsindən imtinası qəbul edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinə əsasən başlanmış mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar