Məhkəmə qərarları › İş №2(005)-3033/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3033/2025

09.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3033/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ərizəçi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə ərizəsi üzrə (açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi; doğum faktı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçinin nümayəndəsi-vəkili Vəkil Hümsü oğlunun iştirakı ilə, Ərizəçi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğum faktının təsdiq olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Ərizəçi “doğum faktının təsdiq olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1973-cü ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda doğum faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1973-cü ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda dogulmuşdur və 1989-cu ilə kimi orada yaşamışdır. 15-16 yaşları olanda məlum Qarabağ hadisələri başlayanda Ermənistanda yaşayan bütün azərbaycanlılar kimi ailəsi də də oradan zorla qovulmuşdur. Bütün əmlakvə əşyaları orada qalaraq çətinliklə də olsa Azərbaycana gələrək burada məskunlaşmışlar. Azərbaycanda ailə qurmuşdur. Təxminən 20 ilə yaxındır ki, 3 uşağı ilə birlikdə Almaniyanın Nürünberq şəhərində yaşayır. Almaniyada yaşamaq üçün daiçi oturum almaq üçün müraciət edəndə ondan doğum haqqımda şəhadətnamə istənildi. Lakin doğum haqqında şəhadətnamə Ermənistanda qalmış və onu heç cür əldə edə bilmir. Şəxsiyyət vəsiqəsinin də müddəti keçmişdir. Lakin buna baxmayaraq doğum haqqında şəhadətnaməni təqdim etməyi yetərli hesab edilir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizəyə dəqiqləşmə təqdim edərək 26 iyun 1973-cü ildə Ermənistan Respublikasının Noyemberyan rayonunun Yuxarı Körpülü kəndində doğulmağım faktı təsdiq edilməklə, soyadı-Şıxıyeva, adı Aytac, ata adı Sirac qızı, doğum haqqında şəhadətnamənin ata qrafasında-Şıxıyev Sirac Vəkil oğlu, milliyəti -azərbaycanlı, Ana qrafasında-X4, milliyəti-azərbaycanlı qeyd edilməklə doğum faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, Ərizəçi xx.xx.1973-cü ildə anadan olması əvəzinə səhvən xx.xx.1973-ci il tarixi qeyd edilməsini texniki səhv kimi nəzərə alınmasını xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili ərizəni müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - xx.xx.2003-cü il tarixdə verilmiş AZE seriyalı 00****** saylı Azərbaycan Respublikası vətəndaşının şəsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Ermənistan, Noyemberyan rayonunda anadan olmuşdur. - İ-ZJ seriyalı 157210 saylı doğum haqqında şəhadətnamə ilə müəyyən olunur ki, X7 xx.xx.1970-ci ildə Ermənistanın Noyemberyan rayonunda anadan olmuşdur. Onun atası Şıxıyev Sirac Vəkil oğlu, anası X3r. - Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi vəkilinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 1065 №-li məktubdan görünür ki, doğum haqqında şəhadətnamənin verilməsi barədə sorğuya cavab olaraq bildirilmişdir ki, “İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 38.3-ci maddəsinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Fərdi məlumatlar haqqında” Qanunun 2.1.6-cı və 13.1-ci məddələrinə uyğun olaraq ailə həyatına aid olan məlumatlar xüsusi kateqoriyalı fərdi məlumatlardır və həmin Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərfindən mükiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003- cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş 'Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktları haqqında məlumatın əldə edilməsi üçün 16 yaşına çatmış şəxs şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə yaşadığı və ya müvafiq qeydin olduğu yerin qeydiyyat orqanına, şəxsən gələ bilmədikdə isə notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli nümayəndə vasitəsi ilə müraciət etməlidir. -Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi vəkilinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericlikdə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Şöbəyə yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədi və etibarnamənin surətini təqdim etməyi xahiş olunmuşdur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in: -305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. -307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. -308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə biiər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. -311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının: -4-cü bəndində məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. - 4.1-ci bəndində qeyd edilir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Göründüyü kimi qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Şəxsin doğumunun qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür. Ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə araşdırması zamanı mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan şahidlər xx.xx.1967-ci il təvəllüdlü X2 və xx.xx.1969-cu il təvəllüdlü X10 dinlənilmişdirlər. xx.xx.1967-ci il təvəllüdlü X2 bildirmişdir ki, ərizəçinin xalası oğludur. 1967-ci ildə anadan olmuşdur. Ərizəçi isə 1973-cü ildə anadan olmuşdur. Ərizəçi hazırda Almaniya Federasiyasındadır və ailəsi ilə birgə yaşayır. O, Ermənistan Respublikasının Noyemberyan rayonunda doğulmuşdur. Ərizəçinin üç bacısı və bir qardaşı var. xx.xx.1969-cu il təvəllüdlü X10 bildirmişdir ki, atası ilə Ərizəçi atası yaxın dost olublar. Özü 1969-cu ildə anadan olmuşdur. Ərizəçini sonuncu dəfə 2003-2004-cü illərdə görmüşdür. O, 1973-cü ildə anadan olmuşdur. Ondan balaca qardaşı və bacısı var. Ərizəçinin qardaşı ilə çox arası yoxdur, Elmira adlı bacısı Almaniya Federasiyasında, digər bacısı isə Ağstafa rayonunda yaşayır. X1 xx.xx.2025-ci il tarixdə yazılı ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.1970-ci ilə Ermənistanın Noyemberyan rayonunda doğulmuşdur. Özündən kiçik bacısı X11 xx.xx.1973-cü ildə Ermənistanın Noyemberyan rayonunda anadan olmuşdur. 1988-ci ildə Ermənistandan zorla qovulduqdan sonra Bakı şəhərində məskunlaşmışlar. Bacısı Aytacın və digər ailə üzvlərinin sənədləri orada qalmışdır. Bacısı ailə qurandan sonra 2003-cü ildən ailəsi ilə birlikə Almaniyada yaşayır. Bu ərizəsi ilə təsdiq edir ki, bacısı Şıxıyeva Aytac xx.xx.1973-cü ildə Ermənistanın Noyemberyan rayonunda anadan olmuşdur. Doğum haqqında akt qeydinin bərpası ərizəçinin hüquqlarının bərpasına yönəlmişdir. Məhkəmə hazırki halda ərizəçinin tələbi üzrə müəyyən edilməli halların ona məxsus olan hüquq müəyyənedici sənədlər olmasını və məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktları nəzərə alaraq hesab edir ki, ərizəçinin həyat yoldaşının doğum akt qeydi bərpa edilməldir. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq, sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Bu səbəbdən ərizə təmin edilməli, Ərizəçi doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə - Vətəndaş” qrafasında soyadı, adı, atasının adı “X11”, “doğum tarixi” qrafasında “xx.xx.1973-cü il”, “doğulduğu yer” qrafasında “Ermənistan, Noyemberyan rayonu”, “Atası” qrafasında “Şıxıyev Sirac Vəkil oğlu”, milliyəti azərbaycanlı, “Anası” qrafasında “X5”, milliyəti azərbaycanlı yazılmaqla doğum haqqında akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normaları imperativ tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən ərizə təmin edilməli, Ərizəçi doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə - “Vətəndaş” qrafasında soyadı, adı, atasının adı “X11”, “doğum tarixi” qrafasında “xx.xx.1973-cü il”, “doğulduğu yer” qrafasında “Ermənistan, Noyemberyan rayonu”, “Atası” qrafasında “Şıxıyev Sirac Vəkil oğlu”, milliyəti azərbaycanlı, “Anası” qrafasında “X5”, milliyəti azərbaycanlı yazılmaqla doğum haqqında akt qeydi bərpa edilməli, Ərizəçi bərpa edilmiş doğum haqqında akt qeydinin aparılması və ona həmin doğum haqqında akt qeydinə əsasən yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilməli, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə - “Vətəndaş” qrafasında soyadı, adı, atasının adı “X11”, “doğum tarixi” qrafasında “xx.xx.1973-cü il”, “doğulduğu yer” qrafasında “Ermənistan, Noyemberyan rayonu”, “Atası” qrafasında “Şıxıyev Sirac Vəkil oğlu”, milliyəti azərbaycanlı, “Anası” qrafasında “X5”, milliyəti azərbaycanlı yazılmaqla doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi bərpa edilmiş doğum haqqında akt qeydinin aparılması və ona həmin doğum haqqında akt qeydinə əsasən yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar