Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3036/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı “işdən azad edilmə barədə vəzifənin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı “işdən azad edilmə barədə təsis sənədlərində və nizamnamədə dəyişikliyin edilməsi və hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə məlumat verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mənim işdən azad olunmağımla əlaqədar hüquqi şəxsin (Cavabdeh1 ASC) təsis sənədlərində və nizamnamədə dəyişiklik edilməsi və dəyişiklik barədə «hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi» nə məlumat verilməsi vəzifəsinin, öhdəliyinin Cavabdeh1 ASC-nin təsisçisi olaraq Cavabdeh2 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər “Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh1 ASC-nin təsisçisi olaraq Cavabdeh2 üzərinə əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron sistemə daxil edilməsi və İddiaçı işdən azad edilməsi barədə hüquqi şəxsin təsisçilərinin qərarının “Hüquqi Şəxslərin Dövlət Reyestri”ndə dəyişiklik edilməsi məqsədilə göndərilməsi öhdəliyinin həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, məlumat üçün qeyd etmək istəyir ki, o Cavabdeh1 Şirkətlər Qrupunda (hər halda o zaman belə adlanırdı) 2003-2009-cu illərdə sıravi işçi kimi işləmişdir. O işlədiyi zaman heç bir fəaliyyəti olmayan Cavabdeh1 ASC-yə 2007-2009-cu illərdə formal olaraq direktor vəzifəsinə təyin edilmişdir. Onun direktor olduğu müddətdə cəmiyyətin heç bir fəaliyyəti, maliyyə əməliyyatı, işdən xaric olma və ya işə qəbul etmə haqqında heç bir əmr-qərar olmayıb. Bundan əlavə də cəmiyyətin heç bir hüquqi sənədi, möhürü və ştampı onda olmayıb. Bunun üçün də müvafiq icra orqanlarına cəmiyyət barəsində verilən hesabatlardan tam məlumatsız və xəbərsizdir. Bundan əlavə onun formal olaraq daşıdığı direktor vəzifəsinə görə nə təsisiçidən nə də cəmiyyətin özündən heç bir formada əmək haqqı almamışdır. 2009-cu ildə öz ərizəsi ilə işdən xaric edilmişdir. İşdən xaric olunduqdan sonra Cavabdeh1 ASC ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmayıb. İşdən xaric olması barədə təsisçinin qərarını və əmək kitabçasını Kadrlar şöbəsindən tələb etmişdir. Kadrlar Şöbəsi müraciətinə cavab olaraq təsisçinin qərarını ona «AMAY» Ticarət Mərkəzinin BİRLİKBANK tərəfdən giriş hissəsində yerləşən mühafizəçilər vasitəsi ilə çatdırdılar. Əmək kitabçasını isə müxtəlif bəhanələr gətirərək verməkdən yayınırdılar. Dəfələrlə təsisçi Cavabdeh2 tələb etsə də təxminən 1 il sonra yəni xx.xx.2010-cu ildə rəsmi olaraq onu tutduğu vəzifədən azad etdilər və «AMAY» X1 Bayramov əmək kitabçasına imza ataraq möhür vurub işdən xaric olmasını rəsmiləşdirdi və əmək kitabçasını ona təqdim etdi. Təqribən 1 il sonra müxtəlif hökumət və qeyrihökumət təşkilatlarından Cavabdeh1 ASC ilə bağlı ona zənglər, bildirişlər gəlməyə başladı və ona məlum oldu ki, faktiki olaraq Cavabdeh1 ASC-do direktor vəzifəsindən azad edilsə də bu barədə təsisçi olaraq Cavabdeh2 «hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi» nə məlumat verməyib. Bununla bağlı Cavabdeh2la əlaqə saxlamağa çalışdı. Nəticədə məlum oldu ki Cavabdeh2 öz işləri ilə bağlı İran İslam Respublikasındadır və qayıdacağı vaxt da heç kimə məlum deyil. Hazırda isə Cavabdeh2 Azərbaycana qayıtmasına və ona pretenziya məktubu ilə müraciət etməyisinə baxmayaraq yenə də hüquqi şəxsin (Cavabdeh1 ASC) təsis sənədlərində və nizamnamədə dəyişiklik edərək onun direktor vəsiləsindən azad olunmağı ilə əlaqədar dəyişiklik barədə «hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi» nə məlumat verməkdən yayındı. 2011-ci ildən bu günə qədər o, keçmiş Vergilər Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa, Cavabdeh1 ASC-nə müxtəlif vaxtlarda məktublar ünvanlamışdır ki, o, Təsisçi tərəfindən faktiki olaraq işdən xaric olunmuşdur və Cavabdeh1 ASC ilə heç bir formada bağlılığı yoxdur. Amma buna baxmayaraq aidiyyatı qurumlara ünvanladığı məktublardan heç bir nəticə hasil olmayıb. Bu səbəbdən də artıq məhkəməyə müraciət etmək qərarına gəldi. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikası Qanununun 25- ci maddəsinə əsasən Cəmiyyət öz öhdəliklərinin yerinə yetirilməsinə və borclarına görə bütün əmlakı ilə məsuliyyət daşıyır. Həmçinin Cəmiyyət həmin öhdəlikləri öz üzərinə götürmədiyi halda, onların yerinə yetirilməsinə görə təsisçilər öz əmlakları ilə tam məsuliyyət daşıyırlar. Bu səbəbdən də hesab edir ki, o Cavabdeh1 ASC-də direktor vəzifəsindən azad edildikdən sonra bu barədə təsisçi olaraq Cavabdeh2 «hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi» nə məlumat verməli olduğu halda vəzifəsini icra etmədiyindən bu dəyişikliyin - yəni onun işdən azad olunmağı barədə məlumatların «hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi» nə verilməsi vəzifəsi Nazim Bayramov üzərində məhkəmə qərarı ilə müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Lakin xx.xx.2020-ci il tarixdə məhkəməyə yazılı etiraz təqdim edərək, onun şəxsən məhkəmədə iştirak etməyinə sağlamlığının heç cür imkan vermədiyini bildirərək, iddiaçının ondan şikayət etməsini qəbul etmədiyini bildirmişdir. Habelə, bildirir ki, iddiaçı necə formal direktor idisə, o da eləcə təsisçi olub. Bunu iddiaçı özü də yaxşı bilir. Qaldı ki, iddiaçı şikayətinin səbəbini düzgün qeyd etsin. İddiaçı işlədiyi dövrdə ASC-nin prezidentinin köməkçisi olub. O müraciət edib işdən azad edilmə haqqında məktub alıb orqanlara verərdi. O özü yaxşı bilirdi ki, onu aparıb İranda girov qoyublar, bilmir ki iddiaçı niyə onu gözləyirdi. Onda ASC-nin heç bir sənədi yoxdur, amma 2011-ci ildən ASC-nin nə qədər vergisi var ona yükləyiblər, o da maşınını satmışdır. 46000 manat vergi ödəmiş, xahiş edir ki, iddiaçı məhkəmədə düzgün izahat versin. Əgər əmək kitabçasında 2010-cu ildən işdən azad edilməsi haqqında tarix varsa ona təqdim etsin. Məktubu almaq onun üçün çətin deyildi. Hər şeyin düzgün formasını desə yaxşı olar. Onun heç bir şeydən xəbəri yoxdur. İşdən azad edilmək haqqında sənədi özü bilir kimdən almaq lazımdır. O şirkətin harada yerləşdiyini belə bilmir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx xxxxx 2016-cı il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş hüquqi şəxslərin reyestr məlumatlarında dəyişiklik edilməsi haqqında məktubunuza Vergilər Nazirliyində baxılmışdır. Bildiririk ki, Sizin eyni məzmunlu müraciətinizə xx.xx.2016-cı il tarixli **********862800 nömrəli məktubla cavab verilmişdir. Təkrarən bildiririk ki, qanunvericiliklə Vergilər Nazirliyinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilməmişdir. Qanunvericiliyə əsasən hüquqi şəxslərin rəhbərinin dəyişdirilməsi üçun təsisçilərin qərarı müvafiq ərizə ilə birlikdə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə (Bakı şəhəri. Heydər Əliyev prospekti 105, tel: 403 88 94) təqdim olunmalıdır. Odur ki, hüquqi şəxslər ilə aranızda yanmış mübahisənin həll olunması üçün məhkəməyə müraciət edə bilərsiniz. İş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdə Cavabdeh1 ASC-nin təsisçisi Cavabdeh2 tərəfindən imzalanaraq Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(011)-1337/2020 tarixli qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı xx.xx.2007-ci il tarixli, 04 saylı Əmrə əsasən Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Daha sonra xx.xx.2010-cu il tarixdə Cavabdeh1 ASC-də tutduğu vəzifədən Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən azad edilmişdir. Lakin Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə müvafiq dəyişikliyin edilməsi üçün müraciət olunmamışdır. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Hazırda iddiaçı bildirir ki, müvafiq dəyişikliyin edilməməsi səbəbindən hüquqları pozulur. Bu səbəbdən də hesab edir ki, o Cavabdeh1 ASC-də direktor vəzifəsindən azad edildikdən sonra bu barədə təsisçi olaraq Cavabdeh2 «hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi» nə məlumat verməli olduğu halda vəzifəsini icra etmədiyindən bu dəyişikliyin - yəni onun işdən azad olunmağı barədə məlumatların «hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi»nə verilməsi vəzifəsi Nazim Bayramov üzərində məhkəmə qərarı ilə müəyyən edilməlidir. Cavabdeh X2 iddia tələbini qəbul etməyərək, onun hər hansı öhdəliyi olmadığını bildirir. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 ilə İddiaçı arasında olan mübahisə əmək münasibətləri çərçivəsində yaranmışdır. Hazırki mübahisəyə Əmək Məcəlləsinin müddəaları rəhbər tutularaq qiymət verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir . Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci mаddəsinin 3-cü hissəsinə görə, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi- işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 7.2-ci maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 68-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 87.3-cü maddəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Azərbaycan Respublikasının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun: 9.1-ci maddəsinə əsasən, Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2-ci maddəsinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.2-4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdən istifadə edirlər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər. 9.3-cü maddəsinə əsasən, bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 9.4-cü maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh2 İddiaçı Cavabdeh1 MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsindən azad edilməsinə baxmayaraq bu barədə məlumatın qanunvericiliyə əsasən hüquqi şəxslərin rəhbərinin dəyişdirilməsi üçün təsisçilərin qərarının müvafiq ərizə ilə birlikdə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə göndərmək vəzifəsini icra etməməklə hərəkətsizliyi qanunsuzdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 107.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 107.4-ci maddəsinə əsasən, cəmiyyətin icra orqanı kollegial (idarə heyəti, müdiriyyət) və ya təkbaşçı (direktor, baş direktor) ola bilər. O, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, direktorlar şurasına (müşahidə şurasına) və səhmdarların ümumi yığıncağına hesabat verir. Bu Məcəllə ilə və ya cəmiyyətin nizamnaməsi ilə cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aid edilməmiş bütün məsələlərin həlli cəmiyyətin icra orqanının səlahiyyətinə aiddir. “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların ümumi yığıncağının qərarı ilə cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa kommersiya təşkilatına və ya fərdi sahibkara (idarəçiyə) verilə bilər. Həmçinin hüquqi şəxslərin rəhbərinin dəyişdirilməsi üçün təsisçilərin qərarı ilə bağlı məsələ Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağında həll edilən məsələlərə aid edilir. Azərbaycan Respublikası MM-nin 107.1-ci maddəsinin tələbinə əsasən, Açıq Səhmdar cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Hazırki halda isə görünür ki, iddiaçı tutduğu vəzifədən azad edilsə də, əmək müqaviləsinə xitam verilməsi barədə informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə müvafiq bildiriş daxil edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı və qanunidir, ona görə də iddia təmin edilməli cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh2 üzərinə əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron sistemə daxil edilməsi və İddiaçı işdən azad edilməsi barədə hüquqi şəxsin təsisçilərinin qərarının Hüquqi Şəxslərin Dövlət Reyestrinə göndərilməsi öhdəliyi həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçının dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh2 üzərinə əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron sistemə daxil edilməsi və İddiaçı işdən azad edilməsi barədə hüquqi şəxsin təsisçilərinin qərarının Hüquqi Şəxslərin Dövlət Reyestrinə göndərilməsi öhdəliyi həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3036/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3036/2020
17.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver