Məhkəmə qərarları › İş №2(005)-307/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-307/2024

19.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-307/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh Firmasının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh Firmasına qarşı mənzilin ümumi sahəsinə görə artıq ödənilmiş pul vəsaitinin və bank faizinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Firmasına qarşı mənzilin ümumi sahəsinə görə artıq ödənilmiş pul vəsaitinin və bank faizinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh firması ilə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 39 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Hüseynov 2A küçəsində (hazırki Məhəmməd Xiyabani 133B-də) inşa edilən 5 bloklu 16 mərtəbəli binanın 3-cü blok 7-ci mərtəbə ümumi sahəsi 129.5 kv.m olan 3 otaqlı 153 nömrəli mənzilə görə (yeni qaydalarla Bakı şəhəri, ünvan 1, mərtəbə 7, mənzil 3) 20,8 kv.m sahə üçün Cavabdeh firması tərəfindən artıq alınmış 18512 manat pul vəsaitinin, eləcə də həmin məbləğə görə hesablanmış banka artıq ödədiyi 3843 manat bank faizinin, cəmi 22355 manat pulun Cavabdeh firmasından alınıb ona qaytarılması və 157,06 manat dövlət rüsumunu həmin firmadan alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, tikinti şirkəti adlanan Cavabdeh firması ilə onun arasında bağlanan xx.xx.2016-cı il tarixli, 39 saylı müqaviləyə əsasən o, Bakı şəhəri, Yasamal rayonu, H.Hüseynov 2A küçəsində inşa edilən 5 bloklu 16 mərtəbəli binanın 3-cü blok 7-ci mərtəbə ümumi sahəsi 129,5 kv.m olan 3 otaqlı 153 nömrəli mənzili almış və hər kv.m görə müqavilə şərtərinə uyğun olaraq 890 manat olmaqla, cəmi 115255 manat pulu Cavabdeh firmasının hesabına ödəməklə müqavilədə nəzərdə tutulmuş şərtlərə tam əməl etmiş, yəni mənzilin ümumi dəyərini 50255 manatını nəğd halda, 65000 manatını isə “Turan” Bankdan kredit yolu ilə aldığı vəsaitin hesabına ödəmişdir. “Turan” Bankın xx.xx.2020-ci il tarixli, 50 nömrəli məktubundan göründüyü kimi “Turan” Bankdan kredit yolu ilə aldığı 65000 manat pulu ona hesablanmış faizlə birlikdə yəni 78490,08 manat pul banka tərəfindən tam ödənilmiş və xx.xx.2016-cı il tarixli, 253/F-16 saylı kredit müqaviləsi üzrə bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Müqavilə şərtlərinə tam əməl edildiyi nəzərə alınaraq, onun müraciəti əsasında DƏDRX-yə təqdim etmək üçün Cavabdeh firması tərəfindən lazımi hüquqi sənədləri alaraq həmin xidmətə təqdim etmişdir. Həmin mənzil üzərindən mülkiyyət hüquqlarına dair DƏDRX-dən xx.xx.2020-ci il tarixli çıxarış və həmin mənzilin xx.xx.2020-ci il tarixli, 04/27365 inventar nömrə ilə qeydə alınmış texniki pasportu ona 3 saylı ASAN xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Həmin sənədlərin hazır olması barədə rəsmi bildiriş göndərilmişdir. "xxxx" MMMC tərəfindən ona verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, H.Hüseynov 2A küçəsi, ünvan 1 ünvanına dəyişdirilmişdir. Cavabdeh firması ilə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 39 saylı müqavilədə mənzilin ümumi sahəsi 129,5 kv.m olması və hər kvadrat metrə görə 890 manat ödənilməsi göstərildiyi halda mənzilin texniki pasport və çıxarışında yaşadığı mənzilin ümumi sahəsi 108.7 kv.m olması müəyyən edilmişdir. Bundan əlavə Cavabdeh firması tərəfindən tərtib edilmiş satılacaq mənzillərin ümumi və ayrı-ayrı otaqlarını və qeyri-yaşayış sahələrinin ölçülərinə dair sxemdən, yaşadığı 3-cü blok, 7-ci mərtəbə 3 nömrəli (keçmiş 153 nömrəli) mənzilin sxemasında, mənzilin və ayrıayrı otaqların ölçüləri ilə Dövlət Reyestr Xidməti tərəfindən verilmiş texniki pasportda göstərilən mənzilin ümumi sahəsi otaqlarının ölçüləri və qeyri-yaşayış sahələri arasında kəskin fərqlər müşahidə edilir ki, bu da mövcud qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh firması tərəfindən tərtib edilmiş 3 otaqlı 129,5 kv.m ümumi sahəsi olan mənzillərin, o cümlədən yaşadığı mənzilin ümumi sahəsi 129,5 kv.m olması yaşayış otaqlarının 25,73 kv.m, 16,09, kv.m, 19,65 kv.m, mətbəxin 16,09, kv.m, dəhlizin 20,29 kv.m, balkonların 6,03, 4,03 kv.m olması qeyd edildiyi halda dövlətin verdiyi texniki pasportda yaşayış otaqlarının sahəsi 22,2 kv.m 18,3 kv.m, 14 kv.m, dəhliz (xol) 19.1 kv.m, mətbəx 15,5 kv.m, balkon 2,9 kv.m və 1,2 kv.m olması müəyyən edilmişdir. Beləliklə Cavabdeh firması ona müqavilədə göstərilən ümumi sahəsi 129,5 kv.m ölçüdə olan mənzil deyil, ona ziyan vurmaqla 108,7 kv.m ölçüsü olan mənzil satmış və 20,8 kv.m sahəyə görə 18512 manat artıq pul vəsaiti ödətdirmiş, müqavilə öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Qaydalara əsasən yaşayış binalarında otaqların sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində plintuslar hesaba alınmadan ölçülməklə təyin edilir. Yəni otaqların sahəsi daxili divarların üst səthindən qarşıdakı daxili divarın üst səthinə qədər ölçülməklə hesablanmalı, yan və mənzil daxilindəki arakəsmə divarların tutduğu sahə nəzərə alınmamalı və ümumi sahəyə əlavə edilməməlidir. Binanın isitmə sisteminə daxil olan sobanın (şaxtanın) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluğun yerləşdiyi sahə otağın və digər yerləşkənlərin sahələrinə daxil edilmir. Qaydalara əsasən balkon və terrasların sahələri şüşəbənd və lociyalar, eyvanlar, verandalar hesablanarkən müvafiq olaraq azalma əmsalları tətbiq edilməlidir. “Turac-A.F." firması qaydalara əməl etməyərək mənzillərin sahəsini bayır divarların üst səthindən ölçülməklə hesablamış, otaqlar və mənzillər arasındakı ara divarları ümumi sahəyə əlavə etmiş, eləcə də balkonlar üzrə azaltma əmsalları tətbiq etməyərək, balkonları da ümumi sahəyə əlavə etmişdir. Bundan əlavə “Turan” Bankdan aldığı 65000 manat kreditə görə (5 illik kredit) 13490 manat faiz ödəmişdir. Həmin məbləğin 20,8 kv.metrə görə artıq ödədiyi 18512 manatın bank faizi 43 aya görə 3843 manat təşkil edir ki, həmin məbləğ də Cavabdeh firması tərəfindən ona ödənilməlidir, çünki həmin firmanın təqsiri üzündən ona ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsi barədə Cavabdeh firmasının rəhbərliyinə xx.xx.2023-cü il tarixli ərizə ilə rəsmi qaydada müraciət etsə də, bu vaxta kimi ərizəyə heç bir cavab verilməmişdir. Cavabdeh Firmasının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz ərizəsi ünvanlayaraq, etirazını onunla əsaslanmışdır ki, iddiaçı mülkiyyət hüququna dair çıxarışa istinad edərək mənzilin sahəsinin 20.8 kv.m əskik olduğunu bildirmişdir. Əvvəla qeyd edilməlidir ki, mövcud qanunvericiliyə əsasən mənzilin bəzi sahələri (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, balkon, lociya, terras, şüşəbənd və eyvanlar) azalma əmsallarına vurulmaqla hesablanır. Buna görə də, mənzilin hüquqi sənədlərində mənzilin sahəsi 20.8 kv.m yox daha çoxdur. Bunu müəyyən etmək üçün ya mənzilin texniki pasportu məhkəməyə təqdim edilməli və ya ekspertiza əsasında müəyyənləşdirilməlidir. İddiaçı texniki pasportu məhkəməyə təqdim etmiş olsa idi mənzilin sahəsinin daha çox olduğunu müəyyən etmək mümkün olardı. Bundan əlavə tikinti şirkəti olaraq sifarişçi ilə müqavilə bağlanmış və ona 129.5 kv.m ibarət mənzil verməyi öhdələrinə götürmüşlər. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 39 saylı müqaviləyə əsasən öhdəlik icra edilmiş və həmin mənzili sifarişçiyə təhvil vermişlər. Mənzilin ara divarlar nəzərə alınmadan, azalma əmsalına vurulmadan ümumi sahəsinin 129.5 kv.m olmasını nəzərdə tutulmuşdur. Mənzilin bayır divarlarından hesablanmaqla, çöldən-çölə ölçüsü tamamilə 129.5 kv.m uyğundur. İddiaçının istinad etdiyi, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2ci maddəsində qeyd edilir ki, “Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır”. Həmin Məcəllənin 59.3cü maddəsində qeyd edilir ki, “Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir”. Qanunvericiliyin göstərdiyi ölçü mənzilin ümumi sahəsinin hesablanması və rəsmiləşdirilməsi ilə bağlıdır. Bu maddənin subyekti DƏDRX-dir. Çünki mənzilin sahəsini hesablamaq, hüquqi və texniki sənədləri tərtib etmək məhz bu təşkilatın vəzifəsidir. Şirkət olaraq çıxarış (hüquq müəyyənedici və texniki sənədlər ) əsasında deyil, tərəflər arasında adi yazılı qaydada bağlanan müqavilə əsasında mənzil satışını icra edirlər. Sifarişçi mənzili aldıqdan sonra ara divarlarını sökə, yerini dəyişə və ya Mənzil Məcəlləsində nəzərdə tutulmuş qaydada mənzilin daxili divarlarından başqa konstruktiv dəyişiklik edə bilər. Belə olduğu təqdirdə şirkət hər hansı pozuntuya yol vermədiyindən, sifarişçidən artıq pul almadığından və ya mənzilin sahəsini az verilməsindən söhbət gedə bilməz. Bu səbəbdən də mənzilin sahəsinin digər formada hesablanması qanunsuzdur. Mənzilin sahəsində hər hansı uyğunsuzluq olmadığı üçün, iddiaçının tələb etdiyi kredit faizləri tələbi də əsassızdır. Oxşar məsələ barədə müqavilənin hüquqi qüvvəsinə AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6-cı, 346.1-ci və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 Aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir “....Bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunan etibarsızlıq halları əqdlərin etibarsızlığına səbəb olan digər bir növü təşkil edir. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar...”. Konstitusiya Məhkəməsinin qərarından da göründüyü kimi müqavilə və müqavilə üzrə hesablama qanuna zidd olmuş olsa idi, o etibarsız hesab olunmadığına və onun tərəflər üçün yaratdığı hüquq və vəzifələr qüvvədə olduğuna görə onun (müqavilənin) hüquqi qüvvəsi tərəflər üçün məcburidir. Buna görə də, tərəflər arasında bağlanmış müqavilə hüquqi qüvvədə olduğu üçün, həmin müqavilə əsasında satılmış mənzilin ümumi sahəsinin hesablanması Şəhərsalma və Tikinti Məcəlləsinin deyil, müqavilənin tələbləri əsasında aparılması zəruridir. Qeyd edilənlərlə yanaşı iddiaçının tələbini əsaslandırdığı hallar cavabdehin əsassız varlanma formasında artıq pul vəsaiti əldə etməsi anlamına gəlir. İddianın əsaslandırıldığı hal konkret olaraq əsassız varlanma görüntüsü yaradır və buna görə də həmin münasibətlərə əsassız varlanma ilə bağlı normalar tətbiq edilməlidir. Belə olduqda 1095-ci maddəyə uyğun olaraq iddia müddəti keçmiş olur və iddianın rədd edilməsi üçün hüquqi əsas yaradır. İddia müddətinin tətbiqi, hazırkı halda iddianın rədd edilməsi əsaslarından biri kimi çıxış edir və hesab edir ki, məhkəmə tərəfindən nəzərə alınmalıdır. Bununla bağlı məhkəməyə ərizə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Firmasının nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsinə uyğun izahat verərək, iddia müddətinin ötürüldüyünü qeyd etdi və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı tərəfindən cavabdehin etiraz ərizəsinə mülahizə təqdim edilmiş və mülahizədə qeyd edilmişdir ki, mənzil 2019-cu ildə təhvil verildiyindən, iddia müddəti ötürülməmiş hesab edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 27-xx.xx.2020-ci il tarixdə EMDX tərəfindən göndərilmiş sms-mesajda qeyd edilmişdir ki, ********** qeydiyyat nömərli sened hazır olmuş və elektron çıxarışın yoxlanması üçün link göndərilmişdir; ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3, 133B, 135, 135A, mənzil 153 (Yeni qaydalarla: ünvan 2 ünvanda yerləşən mənzil xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır; Cavabdeh Firmasının xx.xx.2016-cı il tarixli, 39 nömrəli Kassa mədaxil orderindən görünür ki, İddiaçı 3-cü blok, 7-ci mərtəbə, 3 otaqlı, 153-cü mənzil, 129.5 kv.m üçün 50255 manat ödəniş etmişdir; “İcraçı” Cavabdeh Firması ilə “Sifarişçi” İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 39 saylı Kooperativ Mənzil Tikintisi haqqında müqavilədən görünür ki, “İcraçı” Bakı şəhəri, H.Hüseynov 2A küçəsində 16 mərtəbəli, 5 bloklu binanın 3-cü blokundan, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.5 kv.m olan 3 otaqlı mənzili “Sifarişçi”yə satmağı, “Sifarişçi” isə bunun qarşılığında hər kv.m-nin qiyməti 890 manat olmaqla, ümumilikdə 115255 manat pulu “İcraçı”ya müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür; "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixli, 253/f-16 nömrəli müqaviləsindən görünür ki, bank, İddiaçı mənzilin alınması üçün 65000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İddiaçı müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Cəmi ödəniləsi faiz 17863,43 manat təşkil etmişdir; Cavabdeh MTK-nın xx.xx.2020-ci il tarixli, 322 nömrəli maliyyə arayışından görünür ki, ünvan 3, 133B, 135, 135A, mənzil 153 (Yeni qaydalarla: ünvan 2 ünvanda yerləşən mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir; İddiaçı tərəfindən Cavabdeh Firmasına xx.xx.2023-cü il tarixdə ünvanlanmış ərizədən görünür ki, mənzil sahəsinə görə artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması xahiş edilmişdir; "xxxx" MMMC-nin xx.xx.2023-cü il tarixli, 170 nömrəli arayışından görünür ki, Heydər Hüseynov 2A küçəsi ünvanı Məhəmməd Xiyabani 133B küçəsi ünvanına dəyişdirilmişdir; ünvan 3, 133B, 135, 135A, mənzil 153 (Yeni qaydalarla: ünvan 2 ünvanda yerləşən mənzilin texniki pasportundan görünür ki, mənzilin ümumi sahəsi 108.7 kv.m, yaşayış sahəsi 54.5 kv.m təşkil edir; Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 0131 nömrəli Tikinti obyektinin istismara icazənin surətindən görünür ki, Cavabdeh Firması tərəfindən ünvan 4 ünvanında inşa edilən tikinti obyektinə xx.xx.2017-ci il tarixdən istismara icazə verilmişdir; "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, 135877 nömrəli aktın surətində qeyd edilmişdir ki, İddiaçı ərizəsinə əsasən H.Hüseynov 2A küçəsi, 153 saylı mənzildə quraşdırılmış sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, həqiqətən mənzil təmir olunmamış və elektrik enerjisindən istifadə olunmur. Sayğac öz özünə işləyir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03-16- 16/2-10/8955 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı ilə Cavabdeh firması arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 39 saylı müqaviləyə əsasən ünvan 3, 133B, 135, 135A, mənzil 153 (Yeni qaydalarla: ünvan 2 ünvanda yerləşən mənzilin faktiki ümumi sahəsi 108.7 kv.m, o cümlədən yaşayış sahəsi 54.5 kv.m və qeyri-yaşayış sahəsi 54.2 kv.m təşkil edir. Mənzilin sahəsi ilə müqavilədə göstərilən sahənin arasında 20,8 kv.m. (129.5-108.7) fərq olduğu müəyyən olunur. Mənzilin faktiki sahələri ilə müqavilələrdə nəzərdə tutulmuş sahə arasında yaranmış fərq, mənzillin sahəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydalarının 3-cü bəndinin (3.2 və 3.8) tələblərinə uyğun hesablanması ilə izah olunur. Mənzilin yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşağın, mətbəxin, dəhlizin, eləcə də balkon, lociya, terras və şüşəbəndhin bütün sahəsi azaldılma əmsalına vurulmadan) qonşu divarlar, ara divarlar, sütunaltı sahələrdə nəzərə alınmaqla ümumi sahəsi 129.5 kv.m. təşkil etdiyi müəyyən olunur. Məhkəmə tərəfindən müəyyən edildi ki, MTK ilə iddiaçı arasında xx.xx.2016-cı il tarixdə Kooperativ Mənzil Tikintisi haqqında Payçı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bakı şəhəri, H.Hüseynov 2A küçəsində 16 mərtəbəli, 5 bloklu binanın 3-cü blokundan, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 129.5 kv.m olan 3 otaqlı mənzili iddiaçıya təhvil verilmişdir. Hazırda iddiaçı mənzilin faktiki sahəsinin müqavilədə qeyd edilən sahədən daha az olmasını və bu səbəbdən müqavilə üzrə daha az məbləğ ödəməli olduğunu qeyd edərək, yaranmış fərqin dəyərini ona ödənilməsini tələb edir. Cavabdehin nümayəndəsi isə iddianı qəbul etmir və iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə ilk növbədə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsinə münasibət bildirməyi zəruri hesab edir. Cavabdeh binanın xx.xx.2017-ci il tarixdə istismarına icazə verildiyini və həmin tarixdə də cavabdehə mənzil təhvil verildiyini bildirir. Bundan başqa cavabdeh iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən, qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü qeyd edir. İddiaçı tərəf isə öz növbəsində qeyd edir ki, mənzil onlara 2019-cu il tarixdə təhvil verilmişdir. İddiaçı bunu mənzili təhvil aldıqdan sonra elektrik enerjisi sayğacının öz-özünə işlədiyini gördüyünü və daha sonra "xxxx" ASC-yə müraciət etdiyini, ASC-nin əməkdaşları tərəfindən aktın tərtib edilməsi ilə izah edir. Məhkəmə qeyd edir ki, hazırda iddia müddətinin ötürülməsinin sübut etmə yükü cavabdeh tərəfin üzərinə düşür. Cavabdeh tərəf binanın xx.xx.2017-ci il tarixdə istismara icazə verildiyi tarixdən mənzilləri mülkiyyətçilərinə təhvil verdiklərini iddia etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Sübut olaraq yalnız Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 0131 nömrəli Tikinti obyektinin istismara icazənin surəti təqdim edilmiş və həmin icazədə İcra Hakimiyyəti tərəfindən binanın istismarı MTKya icazə verilmişdir. Bunun əksi olaraq cavabdeh tərəf mənzilin 2019-cu ildə təhvil aldıqlarını, aldıqlarında elektrik enerjisi sayğacının səhv işlədiyini gördüyünü və bununla əlaqədar "xxxx" ASC-yə müraciət etdiyini bildirir. Belə ki, ASC-nin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə akt tərtib edilmiş və həmin aktda H.Hüseynov 2A küçəsi, 153 saylı mənzildə təmirin aparılmadığı və elektrik enerjisindən istifadə olunmadığı qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı tərəf mənzili 2019-cu ildə təhvil almasına, həmçinin daha əvvəl təhvil almamasına dair sübut təqdim etmiş, cavabdeh tərəf isə bunu təkzib edən sübut təqdim edə bilməmişdir. Bununla da məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan iddia müddətini ötürməklə məhkəməyə araşdırılan iddia ilə müraciət etməmişdir. İddia müddətinin tətbiqinə dair gəlinən hansı müddətin tətbiq edilməli olmasına dair isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Bu baxımdan mübahisəli sahə binanın tərkib hissəsi olan mənzillə bağlıdır və belə olan halda bu qəbildən olan iddialar həll edilərkən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərkən istinad olunan normada nəzərdə tutulmuş binaya münasibətdə icranın qüsuru barədə müəyyən olunmuş 5 illik müddət tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iddia tələbinin “mənzilə görə 20,8 kv.m sahə üçün Cavabdeh firması tərəfindən artıq alınmış 18512 manat pul vəsaitinin geri qaytarılması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, mənzil sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən hesablanır və həmin normativ hüquqi aktların tələblərinə riayət edilməsi şəhərsalma və tikinti fəaliyyətinin bütün subyektləri üçün məcburidir. Maliyyə arayışlarına əsasən mübahisəli mənzilin yerləşdiyi yüksək mərtəbəli tikilən yaşayış kompleksi cavabdeh MTK-ya məxsusdur. Mənzilin pay dəyəri payçı-iddiaçı tərəfindən tam şəkildə ödənilmiş və onun cavabdehə borcu yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, işdə olan mənzilin texniki pasportuna əsasən müəyyən edildiyi kimi mənzilin sahəsi az verilməklə mənzilin sahəsinin həcmi baxımından qüsurlu mal verilmişdir. Bununla da iddiaçı mənzilin sahəsinin az olması halını sübuta yetirmişdir. Belə ki, ekspert rəyini, eləcə də mənzilin texniki pasportunda qeyd edilən sahələri hesabladıqda belə nəticəyə gəlinir ki, hazırda mənzilin sahəsi qeyd edilən qanunvericiliyin tələbləri nəzərə alınmaqla 108.7 kv.m edir. Bu da müqavilə üzrə qeyd edilən sahədən çıxıldıqda mənzil sahəsinin 20.8 kv.m (129.5-108.7=20.8) az olduğunu təsdiq edir. Belə olan halda məhkəmə qeyd edir ki, mənzilin sahəsinin az olan hissəsi 20.8 kv.metrə görə müqavilə üzrə 1 kv.metr sahəsinin 890 manata hesablanması nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə 18512 manat (20.8 kv.m x 890 manat=18512 manat) tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 766-ci maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir. 1.2-ci bəndinə əsasən bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır. Məhkəmə iddia tələbinə hüquqi qiymət verməkdə davam edərək bildirir ki, iddia banka artıq ödənilmiş 3843 manat bank faizinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də, təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı mənzilin alınması üçün "xxxx" ASC-dən 65000 manat məbləğində kredit götürmüşdür. Yuxarıda mənzilə görə cavabdeh tərəfindən iddiaçıdan 18512 manat vəsaitin artıq alındığı müəyyən edilmişdir. Aydın olur ki, iddiaçıdan 18512 manat artıq məbləğ tələb edilmədiyi halda iddiaçı bankdan həmin məbləğ civarında daha az kredit götürmüş olardı və belə olan halda daha az faiz borcu ödəyəcəkdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya 3843 manat məbləğində maddi ziyan dəymiş və həmin maddi ziyanın əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərci Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 157,06 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin keçirilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh firması ilə iddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 39 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Hüseynov 2A küçəsində (hazırki Məhəmməd Xiyabani 133B-də) inşa edilən 5 bloklu 16 mərtəbəli binanın 3-cü blok 7-ci mərtəbə ümumi sahəsi 129.5 kv.m olan 3 otaqlı 153 nömrəli mənzilə görə (yeni qaydalarla Bakı şəhəri, ünvan 1, mərtəbə 7, mənzil 3) 20,8 kv.m sahə üçün Cavabdeh firması tərəfindən artıq alınmış 18512 manat pul vəsaiti, eləcə də həmin məbləğə görə hesablanmış banka artıq ödənilmiş 3843 manat bank faizi, cəmi 22355 manat pul Cavabdeh firmasından alınaraq iddiaçıya ödənilməli və ödənilmiş dövlət rüsumuna görə 157,06 manat məbləğində pul Cavabdeh firmasından tutularaq iddiaçıya İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh firmasından mənzilə görə artıq ödənilmiş 18512 manat əsas, həmin məbləğə hesablanmış 3843 manat bank faizi olmaqla, cəmi 22355 manat pul və ödənilmiş dövlət rüsumuna görə 157,06 manat məbləğində pul Cavabdeh firmasından tutularaq iddiaçıya İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat Cavabdeh firmasından tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar