Məhkəmə qərarları › İş №2(005)-3079/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3079/2021

10.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3079/2021 10.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)-ın nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)-a qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)-a qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətin (SOCAR) Azneft İstehsalat birliyi Bibiheybət neft NQÇİ rəhbərliyi tərəfindən 23.04.2021-ci il tarixli SOCAR **********00070020B00069 nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa olunmağı, işə bərba olunduğu günə qədər ona çatası əmək haqqlarının cavabdehdən tutularaq verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onu hər hansı bir səbəb göstərmədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətin (SOCAR) Azneft İstehsalat birliyi Bibiheybət neft NQÇİ rəhbərliyi tərəfindən 23.04.2021-ci il tarixli SOCAR **********00070020B00069 nömrəli əmri ilə əsassız və qanunsuz olaraq həmin şirkətin Azneft İstehsalat birliyi Bibiheybət neft NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sahəsinin Quyuların əsaslı və yeraltı təmiri xidmət sahəsində quyuların əsaslı təmiri üzrə qaynaqçı vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin b) (işçilərin sayının ixtisar edilməsi ;) bəndinə əsasən xaric olunmuşdur. Bildirir ki, o, 13.04.2007-ci ildən 23.04.2021-cu ilə qədər Respublikası Dövlət Neft Şirkətin (SOCAR) Azneft İstehsalat birliyi Bibiheybət neft NQÇİ-də müxtəlif peşələrdə və son illərdə Quyuların əsaslı və yeraltı təmiri sahəsinin Quyuların əsaslı və yeraltı təmiri xidmət sahəsində quyuların əsaslı təmiri üzrə qazmaçı vəzifəsində işləmiş və işlədiyi 14 il ərzində barəsində hansısa intizam tənbehi olmamışdır, daim işinə nizam intizamlı və məsuliyyətli olmuş, 5-ci dərəcə Neft və qaz hasilatı üzrə operator olaraq sertifikata layiq görülmüş və 23.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətin (SOCAR) Azneft İstehsalat birliyi Bibiheybət neft NQÇİ rəhbərliyi tərəfindən 23.04.2021-ci il tarixli SOCAR **********00070020B00069 nömrəli əmri ilə əsassız və qanunsuz olaraq o, işdən xaric edilmiş və onun cavabdehlə arasında olan əmək müqaviləsinə razılığı olmadan qanuna zidd olaraq xitam verilmişdir. Bildirir ki, o, və 3 azyaşlı uşağından ibarət ailəsinin sosial vəziyyəti pisdir və onun işdən xaric olmağı özünün və ailəsinin sosial vəziyyətini daha da ağırlaşdırmışdır. Qeyd edir ki, o, həmin idarədə işləyəndə iş zamanı sağ əlinin barmaqları kəsilmişdir və 06.12.2007-ci il tarixdən 13- 12.2007-ci il tarixə qədər X1 travmatologiya şöbəsində müalicə almışdır və hal hazırda da sağ əlimin barmaqları amputasiya olunduğundan yoxdur. Bildirir ki, həmin hadisədən sonra həmin şirkətdə əmək fəaliyyətini davam etdirmişdir. Bildirirəm ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətin (SOCAR) Azneft İstehsalat birliyi Bibihevbət neft NQÇİ rəhbərliyi tərəfindən 23.04.202l-ci il tarixli SOCAR **********00070020B00069 nömrəli əmri qanunsuz və əsassızdır və bu səbəbdən də ləğv edilməlidir. Dövət rüsumu haqqında qanuna əsasən dövlət rüsumundan azaddır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatladırılsa da məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)-ın nümayəndəsi X4 məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz yoxdur, həmçinin iddia tələbini qəbul etməyərək iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə iddia müddətinin ötürülməsi barədə vəsatət təqdim edərək bildirmişdir ki, iddiaçı bu iddia tələbi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (ƏM) 296-cı maddəsi ilə müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Belə ki, məlum olduğu kimi, ƏM-nin 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır, Həmin Məcəllənin 288-ci maddəsinin a bəndinə əsasən, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi fərdi əmək mübahisələrinin predmetidir. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər, həmin maddənin 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekin in) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, iş yerinin ixtisarı barədə iddiaçıya işəgötürəni tərəfindən 25.01.2021-ci il tarixdə bildiriş məktubu verilmiş və onunla bağlanmış əmək müqaviləsi 23.04.2021-ci il tarixdə ləğv edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verib, hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən və məzmunundan aydın olur ki, İddiaçı 13.04.2007-ci ildən 23.04.2021-cu ilə qədər Respublikası Dövlət Neft Şirkətin (SOCAR) Azneft İstehsalat birliyi Bibiheybət neft NQÇİ-də müxtəlif peşələrdə və son illərdə Quyuların əsaslı və yeraltı təmiri sahəsinin Quyuların əsaslı və yeraltı təmiri xidmət sahəsində quyuların əsaslı təmiri üzrə qazmaçı vəzifəsində işləmiş, 23.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətin (SOCAR) Azneft İstehsalat birliyi Bibiheybət neft NQÇİ rəhbərliyi tərəfindən 23.04.2021-ci il tarixli SOCAR **********00070020B00069 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) (işçilərin sayının ixtisar edilməsi ;) bəndinə əsasən xaric olunmuşdur. (SOCAR) Azneft İstehsalat birliyinin 25 yanvar 2021-ci il tarixli işçilərin sayının azaldılması haqqında bildirişdən görünür ki, SOCAR-ın "Azneft' İstehsalat Birliyinin strukturunun optimallaşdırılması haqqında 01 sentyabr 2020-ci il tarixli SOCAR2O10COO3O3OOO4OO2OAOO135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən, tutduğunuz vəzifə (peşə) üzrə işçilərin sayının azaldılması nəzərdə tutulur. Bu səbəbdən, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ‘b’ bəndinə əsasən, 29 mart 2021-ci il tarixdə ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla, iş yeri axtarmaq üçün Siz bir iş günü əmək funksiyasının icrasından azad edilə bilər. Əmək müqaviləsi ləğv edilərkən, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında işdənçıxarma müavinəti və razılığınız olduğu halda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq 9 (doqquz) təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq emək haqqınızın 2 (iki) misli miqdarında birdəfəlik işdənçıxarma müavinəti ödənilməsi nəzərdə tutulur. Həmçinin, ARDNŞ və ANQSİHİRK-in 03 iyul 2012-ci il tarixli 81/14-29ə nömrəli Əmr-Qərarının 1-ci bəndinə əsasən, o, orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət almaq üçün 1 ay müddətindən gec olmayaraq, əmək müqaviləsinə xitam verilməsi barədə rəhbərliyə müraciət edə və ya "ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair" Proqrama qoşula bilər. Qeyd edilən bildiriş İddiaçı tərəfindən 25 yanvar 2021-ci il tarixdə bildirişə imza edilməklə qəbul edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Yenə həmin Məcəllənin: - 68.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; - 68.2-ci maddəsində əmək müqaviləsinə xitam verilmənin əsasları dəqiq şəkildə qeyd olunmuşdur. Belə ki, həmin maddənin a bəndində tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin xitam olunması əsası qeyd olunmuşdur; - 70-ci maddəsində isə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması əsasları qeyd olunmuşdur. Belə ki, həmin maddəyə əsasən bu əsaslardan biri də işçilərin sayı və ya ştatları ixtisar edilməsi aiddir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)-işəgötürən ilə İddiaçı-işçi arasında müqavilələr əsasında İddiaçı, 13.04.2007ci ildən 23.04.2021-cu ilə qədər Respublikası Dövlət Neft Şirkətin (SOCAR) Azneft İstehsalat birliyi Bibiheybət neft NQÇİ-də müxtəlif peşələrdə və son illərdə quyuların əsaslı təmiri üzrə qazmaçı vəzifəsində işləmişdir. İşlədiyi dövrdə hər hansl bir nöqsanı olmamış, töhmət almamışdır. Lakin iddiaçı, onu hər hansı bir səbəb göstərmədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətin (SOCAR) Azneft İstehsalat birliyi Bibiheybət neft NQÇİ rəhbərliyi tərəfindən 23.04.2021-ci il tarixli SOCAR **********00070020B00069 nömrəli əmr ilə əsassız və qanunsuz olaraq həmin şirkətin Azneft İstehsalat birliyi Bibiheybət neft NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sahəsinin Quyuların əsaslı və yeraltı təmiri xidmət sahəsində quyuların əsaslı təmiri üzrə qaynaqçı vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin b) (işçilərin sayının ixtisar edilməsi ;) bəndinə əsasən xaric etdiklərini iddia edir. Hazırda məhkəməyə müraciət edərək, “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə xeyrinə əmək haqqı tutulmasını tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin:

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Mülki işin araşdırılmış hallarından müəyyən olunur ki, işəgötürən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən işçi İddiaçı iş yerinin ixtisarı barədə 25.01.2021-ci il tarixdə bildiriş məktubu verilməklə ona rəsmi qaydada məlumat verilmişdir. İddiaçı tərəfindən qeyd edilən bildiriş qəbul edilmiş və qəbul edilməsinə dair imzalanmışdır. Göründüyü kimi İddiaçı hüquqlarının pozulması barədə bildirişin ona təqdim edildiyi gündən, yəni 25.01.2021-ci il tarixdən məlumatlı olmuş, lakin hazırkı iddia tələbi ilə məhkəməyə 26.05.2021-ci il tarixdə -4 ay sonra müraciət edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən Azərbaycan Respublikası Əmək Məcələsinin 296-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş müddətlər pozulmuş, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)-a qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)-a qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar