Məhkəmə qərarları › İş №2(005)-3084/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3084/2021

14.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3084/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Sabitova Aydan Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("Unibank” Kommersiya Bankı ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “ödənilməmiş müavinətlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ödənilməmiş müavinətlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Elektroştamp Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona ödənilməyən 2018-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayınadək (4 ay), 2019-cu ilin bütün ayları (12 ay), 2020-ci ilin noyabr ayı (1 ay), 2021-ci ilin isə yanvar, fevral, mart, aprel və may (5 ay) aylarıda daxil olmaqla (cəmi 22 ay) cəmi 3520 (üç min beş yüz iyirmi) manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1961-ci ildə Qubadlı rayon, Ulaşlı kəndində anadan olmuşdur. Uzun müddət "xxxx" Açıq Səhmdar Cəmiyyətində çilingər vəzifəsində işləmiş, işdə baş verən bədbəxt hadisə nəticəsində sol gözünü itirməklə zədə almışdır. Bunun nəticəsində əmək qabiliyyətinin 60 faizini itirmiş, xəsarətə görə müavinət aldığını bildirmişdir. Belə ki, 2002-ci ildən o dövrki əmək haqqının 60 faizi hesablanmaqla iddiaçıya "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hər ay 160 (bir yüz altmış) manat müavinət ödənilirdi. Lakin bu müavinətləri cavabdeh heç bir səbəb göstərmədən 2018-ci ilin sentyabr ayından-həmin ilin dekabr ayınadək (4 ay), 2019-cu il bütün ayları (12 ay). 2020-ci ilin noyabr (1 ay), 2021-ci ilin isə yanvar, fevral, mart, aprel və may ayları da (5 ay) daxil olmaqla, (cəmi 22 ay) hal- hazıradək heç bir ödəniş etməyərək iddiaçının konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Ümumilikdə ödənilməmiş müavinət 3520 (üç min beş yüz iyirmi) manat təşkil edir. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, cavabdeh tərəf bəzi aylar üzrə ödənişi həyata keçirsə də, iddia ərizəsində göstərilmiş aylar üzrə ödəniş aparmamışdır. Cavabdeh tərəf bildirmişdir ki, iş üzrə 3-cü şəxs "Unibank” Kommersiya Bankı ASC ödənişi həyata keçirmir. Hesab edir ki, bu onun hüququnun pozulmasına səbəb olur, işdə baş verən bədbəxt hadisə nəticəsində sol gözünü itirməklə zədə alıb, hər ay 160 manat əmək zərədəsinə görə olan ödənişi almaqdan əsassız olaraq məhrum olmuşdur. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan aşağıdakı səbəblərə görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18.03.2021-ci il tarixli "Unibank” Kommersiya Bankı ASC tərəfindən verilmiş 01.01.2019-cu il tarixindən 18.03.2021-ci il tarixinə kimi müddəti əhatə edən çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən hər ay 160,00 manat İddiaçı ödəniş edilmiş, son ödəniş 12.10.2020-ci il tarixdə olmuşdur; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-də müayinə aktından 457938 nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı müddətsiz olaraq əmək zədəsi əlilliyi verilmişdir; 14.05.1982-ci il tarixli, 12 saylı aktın surətindən görünür ki, çilingər vəzifəsində işləyən İddiaçı 12.05.1982-ci il tarixində bədbəxt hadisə nəticəsində sol gözündən zədə almışdır; İddiaçının iddiasına görə, "xxxx" ASC tərəfindən ona ödənilməyən müavinət məbləği 2018-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayınadək (4 ay), 2019-cu ilin bütün ayları (12 ay), 2020-ci ilin noyabr ayı (1 ay), 2021-ci ilin isə yanvar, fevral, mart, aprel və may (5 ay) aylarıda daxil olmaqla, cəmi 3520 manat manat təşkil edir. Məlum aylar üçün cavabdeh tərəfindən müavinət ödəniş edilməmişdir və o, məhz həmin ödənişlərin onun xeyrinə tutulmasını tələb etməkdədir. Əmək Məcəlləsinin 172-ci maddəsinin birinci hissəsinə görə, aylıq əmək haqqı işçilərə bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə, əmək haqqı illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi isə ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə iddiaçının əmək haqqı tələbini əsaslı hesab edir: Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə görə isə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Həmin Məcəllənin 195-ci maddəsinin c) bəndinə əsasən, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə, işəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 196-cı maddəsinin 1-ci bəndinə əsasən, Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Mülki işin araşdırılmış halları ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri olmuş, işçi müddətsiz əmək xəsarəti almış, buna görə işçiyə hər ay üzrə işəgötürən tərəfindən 160 manat ödəniş həyəta keçirilmiş, lakin iddia tələbində göstərilmiş aylar üzrə ödəniş həyata keçirilməmiş, cavabdeh tərəf məhkəmədə bunun səbəbini izah etməmiş, iddia tələbində göstərilmiş halların əksini sübut edən sənədlər təqdim olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17.1-ci maddəsinə əsasən hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədəqorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsində müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi tənzim edən normalar təsbit edilir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci bəndinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdeh Bakı Elektroştamp Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ona ödənilməyən 2018-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayınadək (4 ay), 2019-cu ilin bütün ayları (12 ay), 2020-ci ilin noyabr ayı (1 ay), 2021-ci ilin isə yanvar, fevral, mart, aprel və may (5 ay) aylarıda daxil olmaqla (cəmi 22 ay) cəmi 3520 (üç min beş yüz iyirmi) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC-dən ödənilməmiş 2018-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayınadək (4 ay), 2019-cu ilin bütün ayları (12 ay), 2020-ci ilin noyabr ayı (1 ay), 2021-ci ilin isə yanvar, fevral, mart, aprel və may (5 ay) aylarıda daxil olmaqla (cəmi 22 ay üzrə) - 3520 (üç min beş yüz iyirmi) manat müavinət İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar