Məhkəmə qərarları › İş №2(005)-3097/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3097/2025

02.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3097/2025 02.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon qeydiyyat Şöbəsi cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin, yəni Ərizəçi 1954-cü il 2 iyul tarixində Saatlı rayonunda anadan olması faktı müəyyən edilərək, doğum akt qeydinin bərpa edilməsi və doğum akt qeydinin ad, soyad, ata adı qrafasında X7, ana qrafasında isə X8 göstərməklə doğumun qeydə alma faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 1954-cü il 2 iyul tarixində Saatlı rayonunda anadan olmuşdur. X1, anası X8 olmuşdur. Qeyd etmişdir ki, Ermənistanın 1988-1992-ci illərdə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində doğma yurdlarından qovularaq Azərbaycan Respublikasına gəlmişdir. Ermənistan Respublikasında verilmiş köhnə Sovet doğum haqqında şəhadətnamədə soyadı “X11” kimi göstərilmişdir. Ərizəçi Bakı şəhər Nərimanov RPİ-nin Qeydiyyat və X4 şəxsiyyət vəsiqəsi alan zaman şəxsiyyət vəsiqəsində soyadında olan hərf səhvinə görə digər dövlət orqanlarına müraciət edərkən problem yaradır. Qeyd etmişdir ki, məlum hadisələrlə əlaqədar Ermənistan Respublikası ilə heç bir əlaqəsi olmadığından, ərizəçinin doğum akt qeydi yalnız orada aparıldığından doğum akt qeydini yalnız məhkəmə qaydasında bərpa etmək mümkündür. Doğum akt qeydi bərpa edilmədən soyadında olan səhvi bərpa etmək mümkün deyil. Doğum akt qeydinin bərpa edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət olunsa da, Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi doğum haqqında akt qeydini bərpa etməkdən imtina etmişdir. Belə olduğu halda, ərizəçi doğum haqqında aktın bərpası ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Ərizəçi məhkəmə iclasında ərizətə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər. Lakin maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X12 ifadə verərək bildirdi ki, ərizəçi bacısıdır. Böyük bacıları vəfat edib. Hazırda Ərizəçi ailədə ən böyük bacıdır. O, 1954-cü ildə Saatlı rayonunda anadan olmuşdur. Digər bacısı və özünün soyadı şəhadətnamələrində “Hüsənova” və “Hüsənov” kimi göstərilmişdir. Atalarının adı Kərəm, analarının adı isə Bəsdi olmuşdur. Məhkəmə iclasında şahid X9 ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. Bacısının doğum akt qeydi Ermənistan Respublikasında aparıldığından doğum akt qeydini yalnız məhkəmə qaydasında bərpa etmək mümkündür. O, isə hazırda ərinin soyadını (Orucova) daşıyır. Əvvəllər onun da soyadı Hüsənova olub. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA № 16302034 seriyalı vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1964-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan AA2860983 seriyalı vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1969-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan AZE № 0******* seriyalı vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan İ-ZJ seriyalı 121749 nömrəli doğum haqqında şəhadətnamənin tərcüməsinin surətindən görünür ki, X2 rayonunda xx.xx.1954-cü il tarixdə doğulmuşdur. X1, anası X5r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1958-ci il tarixdə, 35 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubunda göstərilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarının 13-cü bəndinin tələbinin uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunduqda məlum oldu ki, Ərizəçi X1nun ölüm haqqında akt qeydi tərtib edilən zaman atasının soyadı Hüseynov kimi qeyd edilmişdir. Bu səbəbdən ərizəçinin doğum haqqında şəhadətnaməsini “Hüsənova” soyadı ilə bərpa edilə bilməmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Ərizəçi 2 iyul 1954cü ildə Azərbaycan SSR, Saatlı rayonunda anadan olmuş, onun doğum haqqında şəhadətnaməsi olmuş, lakin doğum haqqında şəhadətnamənin bərpası ilə bağlı Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, qeydiyyat şöbəsi tərəfindən ona doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlərə baxılaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.2. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. 4.3. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, Ərizəçi xx.xx.1954-cü ildə Azərbaycan SSR, Saatlı rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilməli, doğum haqqında şəhadətnamənin “adı, soyadı və ata adı” qrafasında X11, “ata” qrafasında X7, “ana” qrafasında X10, milliyyəti azərbaycanlı qeyd edilməli, doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının “Dövlət rüsumu” haqqında Qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr- iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilsə də maraqlı şəxs dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi (X6) xx.xx.1954-cü ildə Saatlı rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Yeni doğum haqqında şəhadətnamənin “adı, soyadı və ata adı” qrafasında X11, “ata” qrafasında X7, “ana” qrafasında X10, milliyyəti azərbaycanlı qeyd edilsin. Bu barədə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar