Məhkəmə qərarları › İş №2(005)-3104/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3104/2023

18.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3104/2023 18.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnu tanınması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov küçəsi, 173A saylı evə köçürülməyini və həmin evdən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh həyat yoldaşı X5 anasıdır. O X11 ilə xx.xx.2012-ci il tarixdə faktiki, xx.xx.2013-cü il tarixdə isə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il tarixdə X14 və xx.xx.2015-ci il tarixdə isə X12 adlı uşaqları olmuşdur. Rəsmi nikah toy mərasimində bağlanmışdır. Rəsmi ailə qurduqları vaxtdan o cehizləri və digər əşyaları ilə birlikdə ünvan 1 saylı evə gəlin köçüb həmin evdə X11 ilə birlikdə yaşamışdır. Hər iki övladı həmin evdə doğulmuşdur və orada qeydiyyatdadırlar. Nikahları bağlandığı ilk dövrlər onlar arasında ailə münasibətləri yaxşı olmuş, X11 bir neçə il əvvəl spirtli içki içməyə qurşanmışdır. O tez tez spirtli içkilər qəbul edərək, evə sərxoş vəziyyətdə gec gəlməyə başlamışdır. Hər dəfə evə gələndə onunla və anası ilə mübahisə edərək, dalaşırdı. Onu anasını və uşaqları bışaqla vurmaqla hədələyir, evdəki mebel və digər ev əşyalarını vurub sındırırdı. Bu səbədən də münasibətləri korlanmışdır. Daha sonra atası onu və uşaqları gəlib götürmüş və Sabirabad rayonuna aparmışdır. O Sabirabad rayonunda qeydiyyatda olsa da, uzun müddət həmin evdə yaşamışdır. Birgə nikahdan olan uşaqları isə ünvan 1 saylı evdə qeydiyyatdadırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddiaçının həmin evə 2012-ci il tarixində gəlin köçdüyünü, 3 il orada yaşadığını, sonra təxmini olaraq 6-7 il ata evində yaşadığını, daha sonra yenidən mübahisəli fərdi yaşayış evinə qayıtdığını, lakin onlar arasında olan münasibətlərin pisləşməsi səbəbindən 13 gündən sonra yenidən evi tərk edərək, atası evində yaşamağa başladığını bildirmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçının gəlini olduğunu, həmin fərdi yaşayış evinin ona məxsus olduğunu, gəlinin həmin evə köçdüyünü lakin iki-üç ildən sonra ata evinə qayıtdığını, daha sonra qısa müddət ərzində yenidən yaşadığını və nikaha xitam verildiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-66/2023 saylı qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, X11 ilə İddiaçı arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X6 İddiaçı yanında qalması, onların saxlanması üçün hər ay hər uşaq üçün cavabdeh X3 140 manat olmaqla 280 manat pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. - Sabirabad regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İ seriyalı 445303 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X11 ilə İddiaçı arasındakı nikah xx.xx.2023-cü il tarixində pozulmuşdur. - 18 saylı MKİS tərəfindən verilən arayışlardan görünür ki, X11 və Cavabdeh Daş Karxanası küçəsi, 173A saylı evdə pasport qeydiyyatındadır. - 18 saylı MKİS-in mühəndisi tərəfindən tərtib edilmiş Cavabdeh yaşayış evinin eskizindən görünür ki, ev 3 otaq (35 kv.m.), köməkçi sahə - 18,2 kv.m., zirzəmi -38,4 kv.mdən ibarətdir. - xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Vəliyeva X4 rayonu, Suqovuşan kəndində qeydiyyatdadır. - AA2184372 saylı şəxsiyyət vəsiqəsinin “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş surətindən görünür ki, X1 rayonu, Kürkəndi ərazi d., Suqovuşan kəndinə qeydiyyatdadır. - AA2184373 saylı şəxsiyyət vəsiqəsinin “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş surətindən görünür ki, X2 rayonu, Kürkəndi ərazi d., Suqovuşan kəndinə qeydiyyatdadır. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh ünvan 1 saylı evdə qeydiyyatdadır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu ünvan 1 saylı ev Cavabdeh və onun mərhum həyat yoldaşı X13 tərəfindən tikilmişdir və hazırda cavabdehin sahibliyi və istifadəsindədir. İddiaçı ilə cavabdehin oğlu X11 ilə rəsmi nikah münasibətlərində olmuş, 2012-ci ildən mübahisəli evdə yaşamış, daha sona ata evinə qayıtmış, 12 iyul 2023-cü il tarixdə nikah məhkəmə qaydasında pozulmuşdur. Mübahisəli ev özbaşına tikilidir, tərəflərin hər hansı birinin mülkiyyətində deyil. İddiaçı hazırda həmin evə köçürülməsini və istifadə hüququnun tanınmasını xahiş edir, cavabdeh tərəf iddianı qəbul etmir. Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Mübahisəli ev Cavabdeh mülkiyyətində olmasa da, bəhs edilən mənzilə mülkiyyət hüququna dair hüquqi gözləntisi və bu gözlənti hüququndan irəli gələn həmin özbaşına tikilidən öz mülahizəsi ilə istifadə və sahiblik etmək hüququ vardır. Eyni zamanda, iş materialları və tərəflərin izahatı ilə müəyyən edilir ki, iddiaçı X7 həmin tikilinin alınmasında iştirakı olmamışdır. Yaşayış sahəsi xüsusi mülkiyyətdə olmadan da şəxslərin faktiki istifadəsində və sahibliyində ola bilər. Eyni zamana həin yaşayış sahəsi bir iqtisadi dəyər kimi mövcuddur və şəxslərin mənzil ehtiyacını qarşılayır. Özbaşına tikili hesab olunan yaşayış sahəsində köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayəş üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyin sübut etməlidir. Hazırki mülki iş üzrə iddiaçı yuxarıda qeyd edilən halları təsdiq edə biləcək hər hansı sübutu məhkəmə təqdim etməmiş, evin tikintisi və təmirinə 2000 manat məbləğində vəsait xərclədiyini bildirməklə kifayətlənmişdir. Məhkəmə daha sonra hesab edir ki, iddiaçının iddia tələbinin əsaslı olmasına dair izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, Azərbaycan Respublikasının MPM-nin 88 və 106.1-ci maddələrinin mənası görə iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqla yanaşı, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı həm də öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, AR Konstitusiyasının 43-cü maddəsinin tələbinə görə, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Bu konteksdə, yaşayış sahəsi kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən, ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı, 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum etmə qanunidirmi. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Hazırki mülki iş üzrə tərəflərin də izahatları ilə müəyyən edilir ki, iddiaçı mübahisəli yaşayış evini nikah xitam olunana qədər öz istəyi ilə tərk etmiş, daha sonra qısa müddət ərzində qayıtsa da, yenidən qeydiyyatda olduğu Sabirabad rayonu, Suqovuşan kəndinə geri qayıtmışdır. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İddiaçı gəlin olaraq mübahisəli mənzilə faktiki olaraq 2012-cü il tarixindən köçdüyündən bu münasibətlərdən yaranan mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. İşin müəyyən olunan halına görə, İddiaçı Cavabdeh ailə üzvü deyildir və həmin yaşayış yerindən istifadə hüququ olmamaqla yaşamışdır. Bu kontekstdə məhkəmə hesab edir ki, İddiaçı yaşayış evinə istifadə hüququ yoxdur, yaşayış evinə köçürülməsi üçün hər hansı qanuni əsas mövcud deyil. Buna görə də iddia rədd edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Hazırki iş üzrə iddiaçı isə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində cavabdehin ailə üzvü və digər qohumları hesab edilmir. Qeyd edilən normaya əsasən, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Qeyd olunduğu kimi, hazırkı iş üzrə iddiaçı cavabdehin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Belə ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh sahibliyi və istifadəsindədir. İddiaçı ilə cavabdehin oğlu X11 arasında olan nikah münasibətlərinə xitam verilmişdir. Belə olan halda, iddiaçının köçmək istədiyi cavabdehə məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti olmadığı kimi, istinad olunan normalar baxımından yanaşıldıqda iddiaçının məhz köçmək istədiyi fərdi yaşayış evi ilə bağlı hazırki cavabdehə qarşı tələb irəli sürmək üçün subyektiv hüququnun olması da istisna olunur. Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində də təsbit olunmuşdur. Beləliklə, istər mülki, istərsə də mənzil qanunvericiliyi baxımından iddiaçının cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüquqlarının yaranması və hazırda da mövcud olması müəyyən edilmir. Beləliklə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğundan rədd edilməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Həmçinin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə və istifadə hüququnu tanınmasına" dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar