Məhkəmə qərarları › İş №2(005)-3125/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3125/2022

14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3125/2022 14.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbə, ümumi sahəsi 110 kv.m olan 2 otaqdan ibarət 36 saylı mənzilin təhvil verilməsi cavabdeh "Təbriz” Mənzil Tikinti Kooperativinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın ünvan 2 ünvanında tikdiyi 6 bloklu çoxmərətbəli yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən 2 otaqlı 36 nömrəli mənzili almaq üçün MTK-nə müraciət etmişdir. "xxxx" MTK-nin sədri X2 ilə aralarında bağlanmış 22 may 2018-ci il tarixli, 18 №-li müqaviləyə əsasən ünvan 2 ünvanında tikilən 6 bloklu çoxmərətbəli yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən, 110 kv.m-dən ibarət 2 otaqlı 36 nömrəli mənzilin hər bir kv.m-nə 1400 manat ödəməklə, cəmi 154000 manata almışdır. Həmin müqavilənin şərtlərinə əsasən "xxxx" MTK ünvan 2 ünvanında tikilən 6 bloklu çoxmərətbəli yaşayış binasının 1ci blokunun 7-ci mərtəbəsində yerləşən, 110 kv.m-dən ibarət 2 otaqlı 36 nömrəli mənzili tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə bu mənzilin dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə nəzərdə tutulan öhdəlikləri yerinə yetirsədə, cavabdeh tərəf öhdəliklərini icra etməyərək bugünə kimi mülkiyyət hüquqları olan mənzili ona təhvil verməmişdir. ünvan 2 ünvanında tikilən 6 bloklu çoxmərətbəli yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən 110 kv.m-dən ibarət 2 otaqlı 36 №-li mənzilin dəyərini hələ 22 may 2018-ci il tarixdə tam ödəməklə almışdır. Mənzilin dəyərinin tam ödənilməsi barədə iddiaçıya maliyyə arayışı və 23 may 2018-ci il tarixli kassa mədaxil verilmişdir. Bundan əlavə təkrarən iddiaçıya 21 aprel 2022-ci il tarixli məktub verilərək göstərilən mənzilin onun tərəfindən alınması və dəyərinin tam ödənilməsi barədə məktub verilmişdir. Qeyd etmək lazımdır müqavilənin bağlandığı tarixdən artıq uzun müddət keçmişdir, lakin bu günədək mənzil iddiaçıya təhvil verilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2018-ci il tarixli 18 nömrəli alqı-satqı Müqaviləsindən görünür ki, Cavabdeh MTK ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 110 m2 olan 2 otaqdan ibarət mənzilin alıcı İddiaçı satılması, sonuncu isə həmin mənzili qəbul etməyi öhdəsinə götürür. Bunun müqabilində 2 otaqlı ümumi sahəsi 110 m2 sahəsi olan mənzilin şirkətə hər kv.m-nə 1400 manat olmaqla, cəmi 154000 manat ödənilməsi müəyyən edilmişdir. Cavabdeh MTK tərəfindən tərtib edilmiş Maliyyə arayışından görünür ki, Cavabdeh MTK-ya məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 110 m2 olan 2 otaqdan ibarət 36 saylı mənzilin pay dəyəri 154000 manat payçı İddiaçı tərəfindən tam odənilmişdir və sonuncunun MTK -ya borcu olmaması qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş, Cavabdeh MTK tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli 08 nömrəli arayışdan görünür ki, cavabdeh “Təbriz“ MTK ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 110 m2 olan 2 otaqdan ibarət mənzilin alıcı İddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilmişdir onun borcu yoxdur və mənzil ona məxsusdur. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********48 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 36 saylı mənzil barədə məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq, ünvan 3 ünvanında yerləşən 36 saylı (3 otaq, ümumi sahəsi 108.3 kv.m, yaşayış sahəsi 62.9 kv.m, mərtəbə 13) mənzil xx.xx.2020-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətdədir. Lakin ünvan 3 ünvanında yerləşən 36 saylı (2 otaq, sahəsi 110 kv.m, mərtəbə 7) mənzilin qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilmədiyi bildirilmişdir. Məhkəmə iclasında təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 110 m2 olan 2 otaqdan ibarət 36 saylı mənzilə dair müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etsə də, lakin cavabdeh tərəfindən iddiaçıya müqavilə predmeti olan mənzil təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulduğunu əsas gətirərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddia tələbi üzrə ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 110 m2 olan 2 otaqdan ibarət 36 saylı mənzilin tələb edilməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin tələbləri baxımından cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklərin təmin edilməsini əhatə edir. Qeyd olunan mənzilin dəyərinin tam şəkildə ödənilməsi iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş maliyyə arayışı ilə təsdiq olunur. Məhkəmə iddiaçının cavabdehdən alqı-satqı müqaviləsi üzrə üzərinə götürülmüş öhdəliyin yerinə yetirilməməsinə görə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 110 m2 olan 2 otaqdan ibarət 36 saylı mənzilin alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş mənzilin dəyərini cavabdehə ödəmiş, cavabdeh isə həmin mənzilin cavabdehə təhvil verməyərək iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 110 m2 olan 2 otaqdan ibarət 36 saylı mənzilin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsi cavabdeh "Təbriz” Mənzil Tikinti Kooperativinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia tələbi təmin edilsin ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 110 m2 olan 2 otaqdan ibarət 36 saylı mənzilin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsi cavabdeh "Təbriz” Mənzil Tikinti Kooperativinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar