Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-314/2022 14.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı vəkili X2 və cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı MMC-nin işlərinin idarə olunmasında iştirak haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı MMC-nin işlərinin idarə olunmasında iştirak haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə öhdəlik qoyularaq "xxxx" MMC-nin idarə olunmasında iştirakının, ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat almağının, onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmağının, eləcə də mənfəət bölgüsündə iştirak etməyinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia ərizəsinə əlavə təqdim edərək, iddia ərizəsində qeyd edilənləri nəzərə alaraq, Cavabdeh üzərinə öhdəlik qoyularaq "xxxx" MMC-nin sahəsinin icarəyə verilməsi ilə bağlı sənədlərin ona təqdim edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 25.10.2007-ci il tarixdə rəsmi nikah bağlamışdır. Birgə nikahdan üç uşaq doğulmuşdur. 17.06.2017-ci il tarixdə nikah pozulmuşdur. 15.02.2017-cı il tarixdə X7 ilə Nikah müqaviləsi bağlamışlar. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən "xxxx" MMC-nin (VÖEN: **********) nizamnamə kapitalındakı paya onların bərabər pay hüququ vardır. Nikah müqaviləsinin bağlanmasının təşəbbüskarı X7 olsa da, sonradan həmin müqavilənin ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31.07.2018-ci il tarixli qərarı ilə onun şikayəti təmin edilməyərək nikah müqaviləsi dəyişdirilmədən saxlanmışdır. Qeyd etdiyi MMC-nin fəaliyyətində iştirak etmək niyyətindədir. X1 bunu etməkdə maneə olur. "xxxx" MMC-nin fəaliyyəti, nizamnamə kapitalı, gəliri və həmin MMC ilə bağlı başqa məlumatlarla tanış olmaq imkanı yoxdur. Bu halı nəzərə alaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus olan "xxxx" MMC-nin nizamnamə kapitalı payında 1/2 hissəsi payına onun mülkiyyət hüququnun tanınması və təsis sənədlərində müvafiq dəyişikliyin aparılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 13.03.2019-cu il tarixli qətnaməsi ilə onun X5 qarşı iddiası qismən təmin edilərək, cavabdehə məxsus olan "xxxx" MMC-nin nizamnamə kapitalı payını bərabər paylara bölünməklə, ½ hissəsinə onun, ½ hissəsinə isə cavabdeh X4 mülkiyyət hüququ tanınmışdır. Buna əsasən Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən 08.10.2019-cu il tarixdə ona müvafiq sənəd verilmişdir. Qeyd etdiyi sənədləri aldıqdan sonra dəfələrlə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edib "xxxx" MMC-nin fəaliyyətində iştirakının təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 27.04.2021-ci il tarixli **********237- 300 №-li cavabında "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı məlumatın əldə olunması üçün bilavasitə həmin hüquqi şəxsə, bu mümkün olmadığı təqdirdə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Qeyd edilən orqanın tövsiyəsini əsas tutaraq cəmiyyətin fəaliyyəti ilə bağlı onu maraqlandıran məsələlərə aydınlıq gətirilməsi və klinikanın sənədləri ilə tanış olmağına şərait yaradılması üçün X5 məktubla müraciət etmiş, lakin cavabdeh müraciətinə cavab verməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X6 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X7 iddianın əsassız olduğunu qeyd etmiş və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Həmçinin cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, o, İddiaçı ayrıldıqdan sonra klinikada Səhiyyə Nazirliyinin tələblərinə uyğun olaraq əsaslı təmir işləri aparmışdır. Bunun üçün kifayət qədər böyük məbləğdə pul xərcləmişdir. Afaq onunla ortaqlıq tələb edirsə, ortaqlıq həm qalan xeyrə, ziyana, eləcə də təmir işlərinə də şamil olunmalıdır. Bundan əlavə pandemiya və müharibə dövründə işləri çox zəif olmuş və işçilərin əmək haqqlarını vaxtında ödəmək üçün əziyyət çəkmiş və çəkirlər. Bunun üçün təsisçiyə, yəni ona klinikanın borcu yaranmışdır. Bundan əlavə Afaq 2015-2016-cı illərdə klinikada baş mühasib vəzifəsində işləmişdir. Klinikanın kassasından oğurluq etdiyi üçün o, Afaqı işdən qovmuşdur. Ailənin dağılmasınında başlıca səbəbi məhz onun oğurluq etməsi olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; “Ər” X7 ilə “Arvad” X8 arasında bağlanmış 15.02.2017-ci il tarixli Nikah müqaviləsinin surətindən görünür ki, ər-arvad təsdiq etmişdilər ki, Müqavilə imzalananadək birgə nikah dövründə və birgə vəsaitləri hesabına əldə edilmiş ünvan 1 ünvanında yerləşən 137 saylı mənzilə; ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə və həmin binanın altında yerləşən qaraja (maşın yerinə); ünvan 3 ünvanında yerləşən 8 saylı mənzilə; Bakı şəhəri, Mərdəkan ərazisində yerləşən 0.24 ha torpaq sahəsinə; İsmayıllı rayonu, Eyyubbəyli kəndində yerləşən 1.65 ha torpaq sahəsinə; İsmayıllı rayonu, Eyyubbəyli kəndində yerləşən 4.65 ha torpaq sahəsinə; ismayıllı rayonu, Eyyubbəyli kəndində yerləşən 3.95 hə torpaq sahəsinə; İsmayıllı rayonu, Eyyubbəyli kəndində yeləşən 3.20 ha torpaq sahəsinə, İsmayıllı rayonu, Eyyubbəyli kəndində yerləşən 0.139 ha torpaq sahəsinə; İsmayıllı rayonu, Eyyubbəyli kəndində yerləşən 0.20 ha torpaq sahəsinə; "DODGE DURANGO" markalı, 99 EH-848 dövlət nömrə nişanlı avtomobilə; MERCEDES E200" markalı, **-EJ-*** dövlət nömrə nişanlı avtomobilə; "FİAT DOBLO" markalı, **-OE-*** dövlət nömrə nişanlı avtomobilə; "xxxx" MTK-ya ödənilmiş 15500 manat məbləğində pul vəsaitinə; "xxxx" MMC-nin (VÖEN. **********) nizamnamə kapitalındakı paya onların bərabər pay hüquqları vardır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-814/2019 saylı, 13.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, X5 məxsus olan "xxxx" MMC-nin (VÖEN **********) nizamnamə kapitalı payları bərabər paylara bölünməklə, ½ hissəsinə İddiaçı, ½ hissəsinə X4 mülkiyyət hüququ tanınması qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah 17.06.2017-ci il tarixdə pozulmuşdur. Nikah ləğv olunandan sonra qadına “Qurbanova” soyadı verilmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışın surətindən görünür ki, "xxxx" MMC-nin (VÖEN. **********) təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı İddiaçı 50% və X7 50% təşkil edir. 22.06.2021-ci il tarixli DİN-nin BPQMİ-nin MAPS arayışından görünrür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. 22.06.2021-ci il tarixli DİN-nin BPQMİ-nin MAPS arayışından görünür ki, X7 ünvan 6 ünvanında qeydiyyatdadır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər nikah rəsmiləşdirərək ailə qurmuşlar və nikah dövründə 15.02.2017-ci il tarixli Nikah müqaviləsi bağlamışlar. Nikahları 17.06.2017-ci il tarixdə pozulmuşdur. İddiaçı cavabdehə məxsus "xxxx" MMC-nin (VÖEN. **********) nizamnamə kapitalı payında ½ hissəsi payına məhkəmə qətnaməsi ilə mülkiyyət hüququn tanıtmış və müvafiq təsis sənədlərin dəyişiklərini aparmışdır. Hazırda iddiaçı MMC-nin idarə olunmasında iştirakını və mənfəət bölgüsündə iştirak etmək niyyətindədir, lakin cavabdeh buna etiraz edərək maneələr yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 64.1. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. 64.3. Təsərrüfat cəmiyyətləri məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. 64.5. Təsərrüfat cəmiyyətlərinin iştirakçıları və kommandit ortaqlıqlarının maya qoyanları fiziki və hüquqi şəxslər ola bilərlər. 65.1. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları: 65.1.1. bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, ortaqlığın və ya cəmiyyətin işlərinin idarə olunmasında iştirak edə bilər; 65.1.2. nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər; 65.1.3. mənfəət bölgüsündə iştirak edə bilər; 65.1.4. ortaqlığın və ya cəmiyyətin ləğv edildiyi halda kreditorlar ilə hesablaşmalardan sonra əmlakdan qalan hissəni və ya onun dəyərini ala bilərlər. 65.2. Təsərrüfat ortaqlığı və ya cəmiyyəti iştirakçılarının bu Məcəllədə, ortaqlığın və ya cəmiyyətin nizamnaməsində nəzərdə tutulan başqa hüquqları da ola bilər. 65.3. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları: 65.3.1. nizamnamədə nəzərdə tutulan qaydada, miqdarda, üsullarla və müddətlərdə maya qoymalıdırlar; 65.3.2. ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məxfi məlumatı açıqlamamalıdırlar; 65.3.3. onun nizamnaməsində nəzərdə tutulan digər vəzifələri daşımalıdırlar. 69.1. Ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. 69.2. Şəxs yalnız bir tam ortaqlığın iştirakçısı ola bilər. 69.3. Tam ortaqlığın firma adına onun bütün iştirakçılarının adları və "tam ortaqlıq" sözləri daxil edilməli və ya "və ortaqları" və "tam ortaqlıq" sözləri əlavə edilməklə bir və ya bir neçə iştirakçının adı daxil edilməlidir.
70. Tam ortaqlığın nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan əlavə, ortaqlığın şərikli kapitalının miqdarı və tərkibi haqqında; hər bir iştirakçının şərikli kapitaldakı payının miqdarı və dəyişdirilməsi qaydası haqqında; onların mayalarının tərkibi və maya qoyması qaydası haqqında; maya qoyulması üzrə vəzifələrin pozulmasına görə iştirakçıların məsuliyyəti haqqında şərtlər göstərilməlidir. 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 87.3. Cəmiyyətin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını (bu Məcəllənin 45.2-ci maddəsində nəzərdə tutulmuş halda) və ya cəmiyyətin yaradılması haqqında qərarın qəbul edilməsini (cəmiyyət bir şəxs tərəfindən yaradıldıqda), nizamnamə kapitalının ödənilməsini (cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa) və nizamnamənin hazırlanmasını əhatə edir. 87.4. Cəmiyyətin yaradılması zamanı təsis yığıncağı cəmiyyətin nizamnamə kapitalı təsisçilər tərəfindən tamamilə formalaşdırıldıqdan sonra (cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa) keçirilir. Təsis yığıncağı bütün təsisçilər və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay var). Yetərsay olmadıqda yığıncaq təkrarən keçirilir. Yetərsay təkrarən keçirilən təsis yığıncağında da olmadıqda, cəmiyyətin yaradılması iclasda iştirak edən təsisçilər və ya onların nümayəndələri tərəfindən baş tutmamış hesab edilir və bu qərar bütün təsisçilərin nəzərinə yeddi gün müddətində çatdırılır. 87.5. Cəmiyyətin yaradılması zamanı keçirilən təsis yığıncağı: 87.5.1. cəmiyyətin yaradılması zamanı nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərini təsdiq edir; 87.5.2. cəmiyyətin yaradılması barədə qərarı qəbul edir və onun nizamnaməsini təsdiq edir; 87.5.3. bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə nəzərdə tutulmuş cəmiyyətin idarəetmə orqanlarını təşkil edir;
89. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. 90.1. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. 90-1.1. Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. 90-1.2. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. 90-1.3. Məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz: 90-1.3.1. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə; 90-1.3.2. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa. 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Məhkəmə iddianın İddiaçı "xxxx" MMC-nin idarə olunmasında iştirakının, ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat almağının, onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmağının və "xxxx" MMC-nin sahəsinin icarəyə verilməsi ilə bağlı sənədlərin ona təqdim edilməsini Cavabdeh üzərinə öhdəlik qoyulmasına dair hissəsində qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən İddiaçı "xxxx" MMC-nin təsisçisi olmuş və qanunvericilik ilə təsisçi olduğu andan onun MMC-yə münasibətdə hüquq və vəzifələri yaranmışdır. Həmin hüquq və vəzifələrin siyahısında cəmiyyətin işlərinin idarə olunmasında iştirak edilməsi, nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilməsi və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilməsi qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçının qeyd olunan hüquq və vəzifələrinin məhdudlaşdırılması qanuna ziddir və tərəfindən maneələrin yaradılması yolverilməzdir. Odur ki, iddiaçı tələbində qeyd edilən hüquq və vəzifələrin həyata keçirilməsinə şərait yaradıması cavabdehin üzərinə öhdəlik qoyulmalıdır. Məhkəmə iddianın mənfəət bölgüsündə iştirak etməyinin təmin olunması hissəsində qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC-nin təsisçisi kimi hüququ cəmiyyət yaranandan sonra qeydiyyata alınmışdır. İddiaçı "xxxx" MMC-də payını müəyyən etdikdən sonra və həmin halı müvafiq dövlət orqanında qeydiyyata aldıqdan sonra mənfəətin bölgüsü haqqında dəyişiklər edilməsi barədə cəmiyyətin nizamnaməsində dəyişiklər edilməsi olmamış, buna dair sübut təqdim edilməmişdir. Həmçinin yuxarda qeyd olunan qanunveriliciliyin müddəalarından aydın olur ki, təsisçilər cəmiyyətin idarə olunmasında iştirak etməlidir. İddiaçı cəmiyyətin idarəsində, bu günədək iştirak etmədiyindən, yəni təsisçi kimi hüquq və vəzifələrini həyata keçirmədiyindən hazırda mənfəət götürməsi məqsədəmüvafiq deyil (ədalət prinsipinə ziddir). Lakin iddiaçı qeyd olunan hüquq və vəzifələrini həyata keçirdiyi andan cəmiyyətin mənfəət bölgüsündə iştirakı istisna edilmir. Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, İddiaçı "xxxx" MMC-nin idarə olunmasında iştirakının, ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat almağının, onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmağının və "xxxx" MMC-nin sahəsinin icarəyə verilməsi ilə bağlı sənədlərin ona təqdim edilməsini Cavabdeh üzərinə öhdəlik qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ilə bağlı tələb olmadığından, dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" MMC-nin idarə olunmasında iştirakının, ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat almağının, onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmağının və "xxxx" MMC-nin sahəsinin icarəyə verilməsi ilə bağlı sənədlərin ona təqdim edilməsinin təmin edilməsi Cavabdeh üzərinə öhdəlik kimi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Kəmalə Əmirxanova