Məhkəmə qərarları › İş №2(005)-3142/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3142/2022

12.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3142/2022 12.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq , MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi1 xx.xx.1986-cı il tarixdə və Ərizəçi2 xx.xx.1988-ci il tarixdə doğulmaları faktın qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1986-cı il təvəllüdlü Ərizəçi1 və xx.xx.1988ci il təvəllüdlü Ərizəçi2 Ermənistan SSR Noyanbryan rayonunda doğulmuşdur. 1988-ci ilin sonlarında məlum hadisələrlə əlaqədar (Ermənistan SSR-dən Azərbaycan əsilli şəxslərin deportasiyası) Azərbaycan Respublikasına, Bakı şəhərinə gəlmişlər. Həmin hadisələr vaxtı bütün əmlakları Qərbi Azərbaycan, indiki Ermənistan dövlətinin ərazisində qaldığından, ailələrinə aid bütün sənədlər və digər şəxsi əşyaları da evlərində qalmışdır. O cümlədən nikah haqqında şəhadətnamə və uşaqların doğum haqqında şəhadətnamələrini özləri ilə götürə bilməmişlər. Hazırda doğum haqqında şəhadətnamələri olmadığından bununla bağlı dövlət tərəfindən verilən bəzi imtiyazlardan yararlana bilmir, sənədləşmələrdə müəyyən çətinliklər yaranır. Bu faktın müəyyən olunması ilə əlaqədar ilk öncə Nərimanov Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, bununla bağlı arxiv sənədlərinin Ermənistan Respublikasında qaldığını və iki dövlət arasında münaqişə olduğundan həmin sənədin əldə edilməsinin qeyri-mümkünlüyü səbəbindən məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi2 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Nərimanov rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bu barədə məktubla müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin izahatını və dinləyib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. Məhkəmə iclasında şahid X6 ifadə verərək bildirdi ki, o, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tanıyır. Ermənistan SSR-də doğulmuşlar. Ərizəçi1 xx.xx.1986-cı il tarixdə və Ərizəçi2 xx.xx.1988-ci il tarixdə doğulmuşdur. Məhkəmə iclasında şahid X3 ifadə verərək bildirdi ki, o, ərizəçilərin anasıdır. Ərizəçi1 xx.xx.1986-cı il tarixdə və Ərizəçi2 xx.xx.1988-ci il tarixdə Ermənistanda,Noyemberyan rayonunda doğulmuşlar. Məhkəmə iclasında şahid X4 ifadə verərək bildirdi ki, o, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 atasıdır. Ərizəçi1 xx.xx.1986-cı il tarixdə və Ərizəçi2 xx.xx.1988-ci il tarixdə doğulmuşdur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, habelə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan; AR Ədliyyə Nazirliyi Nərimanov Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyi tövsiyə olunur. xx.xx.2016-cı il tarixdə 2 saylı Bakı “Asan xidmət” X7 tərəfindən verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1988-ci il tarixdə Ermənistan Respublikası, Noyemberyan rayonunda doğulmuşdur. Ərizəçi1 məxsus vətəndaşın şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1986-cı il tarixdə Ermənistan Respublikasında doğulmuşdur. V-CЛ 367140 seriyalı doğum haqqında şəhadətnamənin surətindən göürünür ki, X5 xx.xx.1985-ci il tarixdə Ermənistan Respublikası, Noyemberyan rayonunda doğulmuşdur. X1, anası X2r. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 5252/2019 saylı qətnaməsindən müəyyən olunur ki, X4 məhkəmə ərizə verərək, X3 ilə nikaha daxil olduğunu, həmin nikahdan xx.xx.1985-ci il təvəllüdlü X5, xx.xx.1986-cı il təvəllüdlü Ərizəçi1 və xx.xx.1988-ci il təvəllüdlü Ərizəçi2 doğulduğunu,lakin sənədləri Ermənistandan tələsik köçərkən orda qoyduqlarını bildirərək, nikah akt qeydinin bərpa edilməsini xahiş etmiş, məhkəmə qətnaməsi ilə ərizə təmin edilmişdir. Mülki işin materiallarından müəyyən olunur ki, X4 1987-ci il tarixdə X3 ilə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.1985-ci il təvəllüdlü X5, xx.xx.1986-cı il təvəllüdlü Ərizəçi1 və xx.xx.1988-ci il təvəllüdlü Ərizəçi2 doğulmuşdur. Sənədləri Ermənistan Respublikasında qaldığından Azərbaycan Respublikasına qayıtdıqdan sonra nikah akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsi ilə nikahları bərpa edilmişdir. Hazırda Ərizəçi1 və Ərizəçi2 ərizə ilə müraciət edərək, onların doğum haqında şəhadətnamələrinin naməlum şəraitdə itdiyini, onlar barədə arxiv məlumatlarının Ermənistan Respublikasında qalması ilə bağlı doğum akt qeydinin bərpasından imtina edildiyini bildirirlər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1 -ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydaların 2.5.3-cü bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd doğumun qeydə alınması üçün təqdim edilən sənədlərə aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndində bildirilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Ərizəçi1 xx.xx.1986-cı il tarixdə və Ərizəçi2 xx.xx.1988-ci il tarixdə Ermənistan Respublikası, Noyemberyan rayonunda doğulmaları faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəməyə ərizə vermək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi1 və Ərizəçi2 aid edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi1 xx.xx.1986-cı il tarixdə və Ərizəçi2 xx.xx.1988-ci il tarixdə Ermənistan Respublikası, Noyemberyan rayonunda doğulmaları barədə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamələrinin ata qrafasında X4 və ana qrafasında X3 qeyd edilsin. Bu barədə doğum haqqında şəhadətnamələrin verilməsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar