Məhkəmə qərarları › İş №2(005)-3143/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3143/2025

21.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3143/2025 21.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müavinətin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən istehsalat xəsarəti almağı ilə əlaqədar təyin olunmuş müavinətin ödənilməmiş qalan 4000 manatının, mediasiya üçün ödənilən 60 manat rüsumun alınıb iddiaçının xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" ASC-nin “X1 Company” MMC-nin Mingəçevir şəhərində olan filialında rəngsaz işləyərkən xx.xx.2016-cı il tarixdə saat 15 radələrində iş zamanı boyama aparatını işə salan zaman, boyama aparatının təzyiq altında olan borusundan boya keçmədiyi üçün borunu təmizləyən zaman təzyiq altında olan borunun içərisi ani olaraq açıldığı üçün borunun uc hissəsi üz nahiyəsinə və sağ gözünə dəymiş və borudan təzyiq altında çıxan maye tiner gözünə tökülmüşdür. Xəsarət almağı ilə əlaqədar xəstəxanaya aparılıb və ona “2-ci dərəcəli kimyəvi yanıq, konyuktiv, konyuktivin ağırlaşması, konyuktivin kəskinləşməsi” diaqnozu təyin edilmişdir. Hadisə komissiya tərəfindən araşdırılmış və “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” İZ formalı 54 saylı təhqiqat aktı tərtib edilmişdir. Hadisə nəticəsində o görmə qabiliyyətini 45%-ni itirmişdir. İstehsalat xəsarəti alması ilə əlaqədar ona müavinət təyin olunmuşdur. Lakin təyin olunmuş müavinət vaxtında ödənilmir və bu hesaba müəssisəsinin ona 4.000 manatdan çox borcu yaranmışdır. Dəfələrlə X2nə müraciət etmişdir. DƏM-nin məktubundan görünür ki, ASC-nin vəzifəli şəxsi barədə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq edilmişdir. Bütün bunlara baxmayaraq, iddiaçıya olan borc ödənilməmiş qalmışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Qanunvericiliyə əsasən məsələyə mediasiya təşkilatında baxılmış lakin cavabdehin nümayəndəsi iştirak etməmişdir. Mediasiya təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli MŞB/10/2021-00250 nömrəli arayış verilmişdir. İddiaçı və cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, lakin İddiaçı məhkəmənin dəftərxanası vasitəsilə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanan məktubdan görünür ki, ona “X1 Company” MMC-də zərərə görə ödəncin ödənilməməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə X2 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciət xx.xx.2023-cü il tarixli, 3-17-5/2-0-12453/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 3- 17-5/2-0- 25762/2024 və 3-17-5/2-0-29247/2024 nömrəli xx.xx.2024-cü il tarixi cavab məktubu ilə cavablandırılmışdır. Bir daha bildirilir ki, müraciətə baxılması zamanı "X1 Company" MMCnin ünvanına 3-17-5/2-9130/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla müraciət olunaraq iddiaçıya aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Müraciətlə əlaqədar "xxxx" ASC tərəfindən təqdim edilmiş cavab məktubunda iddiaçının xx.xx.2016-cı il tarixində iş vaxtı xəsarət almağı ilə bağlı baş vermiş bədbəxt hadisənin tədqiq edilməsi üçün Təhqiqat komissiyası yaradıldığı və İZ formalı aktla rəsmiləşdirildiyi, iddaçının xx.xx.2020-ci il tarixində müayinə olunaraq əmək qabiliyyətinin 45 faiz itirməyinin müəyyən edildiyi və görmə itiliyi tələb olunmayan işlərdə işləyə bilməyinin tövsiyə olunduğu bildirilmişdir. Eyni zamanda iddiaçıya 2020-ci ilin fevral ayından 2023-cü ilin aprel ayınadək 205 (iki yüz beş) manat məbləğində zərərə görə aylıq ödənc ödənildiyi, maliyyə çətinliyi ilə əlaqədar ödəncin ödənilməsində ləngimələr yarandığı və ödənişlərin bank hesabına köçürülməsinin təmin ediləcəyi qeyd edilmişdir. Bildirilir ki, Xidmətin Mərkəzi Aran regional şöbəsinə təqdim etdiyi əmək haqqına dair bank çıxarışına əsasən iddiaçıya zərərə görə ödəncin gecikdirilərək xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində gecikdirilərək ödənildiyi və həmin tarixdən tam ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən "xxxx" ASC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) əsasən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək bu Məcəllənin 192.4-cü maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Nəzərinə çatdırılır ki, tərəflərindən müəssisənin rəhbərliyinə iddiaçıya zərər görə aylıq ödəncin tam ödənilməsi barədə müvafiq məktub ünvanlanmışdır. İş materiallarında olan Bakı 10 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/10/2024-0050 nömrəli arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, "xxxx" ASC isə iştirak etməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” İZ formalı 54 saylı təhqiqat aktından görünür ki, bədbəxt hadisə Mingəçevir şəhəri Gəncə şossesi ünvanında, xx.xx.2016-cı il tarixdə saat 15:30 radələrində baş vermiş, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xəsarət almışdır. "X1 Company" MMC-nin rəngsazı İddiaçı 16 noyabr 2016-cı il tarixdə Qumlama-boyama sexinə işə gəlmiş və sexdə qumlayıcı Kamil Məmmədovla birlikdə əmək funksiyalarının icrası ilə məşğul olmuşlar. Qumlayıcı K.Məmmədov detalları qumlama aparatı vasitəsi ilə təmizlədikdən sonra onlar həmin detalları sexin boyama hissəsinə aparmışlar. Qumlama prosesi başa çatdığı üçün qumlayıcı K.Məmmədov yuyunma otağına getmiş, rəngsaz İddiaçı isə boyama aparatını işə salmış, lakin boyama aparatının təzyiq altında olan borusundan boya keçmədiyi üçün borunu təmizləmək istəmişdir. O, borunun (şlanqın) ucluğunu aparatın üzərinə qoymuş, bir neçə dəqiqədən sonra təzyiq altında olan borunun içərisi ani olaraq açıldığı üçün hərəkətə gəlmiş və borunun uc hissəsi üz nahiyyəsinə və rəngsaz İddiaçı sağ gözünə dəymiş və borudan təzyiq altında çıxan maye tiner onun gözünə tökülmüşdür. İddiaçı səsinə qumlayıcı K.Məmmədov onun yanına gələrək zərərçəkənə ilk yardım göstərdikdən sonra zavodun idarə heyətinin yerləşdiyi tərəfə gedərək hadisə barədə həmin dövrdə "X1 Company" MMC-də sex rəisi vəzifəsində işləmiş Xəqani Abdullyevə və mühəndis Nəhmət Məhərrəmova məlumat vermişdir. Sex rəisi X.Abdullayev rəngsaz İddiaçı Mingəçevir şəhər xəstəxanasına aparmışdır. Xəstəxanada İddiaçı "İİ dərəcəli kimyəvi yanıq, konyuktiv, konyuktivin ağırlaşıması, konyuktivin kəskinləşməsi" diaqnozu təyin edilmişdir. Bədbəxt hadisənin səbəbləri: 1. "X1 Company" Məhdud Məsuliyyəti Cəmiyyətinin rəhbərliyi tərəfindən 27 fevral 2015-ci il tarixdə təsdiq edilmiş "Rəngsazlar üçün əməyin mühafizəsi üzrə təlimat"ın 3.15-ci bəndinin (Şlanqları pnevmatik aparata yalnız havanı kəsdikdən sonra təzyiqi aşağı saldıqdan sonra qoşmaq və ayırmaq olar) tələblərinə riayət olunmaması. 2. "X1 Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi tərəfindən 2 sentyabr 2015-ci il tarixdə təsdiq edilmiş "Sex rəisinin vəzifə təlimatı"nın İİ. "Funksiyaları" bölməsinin "İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamın, daxili əmək rejiminə riayət edilməsinə nəzarət edir" tələblərinə qismən nəzarət etməsi. Əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər İddiaçı və X.Abdullayevdir. Bədbəxt hadisənin şahidi Kamil Məmmədovdur. Təhqiqat aktı 23 iyul 2019-cu il tarixdə tərtib edilmişdir. İş materiallarında xx.xx.2024-cü il tarixli, **********6 nömrəli qəbzin surətindən görünür ki, ****0814 nömrəli hesaba 205 manat pul köçürülmüşdür. İş materiallarında xx.xx.2025-ci il tarixli, **********5 nömrəli qəbzin surətindən görünür ki, ****0814 nömrəli hesaba 205 manat pul köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmiş, iddianı qəbul etməsi və ya iddiaya etiraz etməsi barədə məhkəməyə hər hansı yazılı münasibət bildirməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin maddənin 2-ci hissəsinə görə işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117-ci maddəsinə əsasən, müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Həmin Məcəllənin 1118.1-ci maddəsinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Əmək Məcəlləsinin həmçinin 239-cu maddəsinin 3-cü bəndində göstərilir ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən işçilərə verilməli ödənclərin verilmə qaydaları, şərtləri və məbləği, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği” ilə tənzimlənir. Həmin Qaydaların 1.1-ci bəndinə görə bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı), işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir. Beləliklə, işin hallarına əsasən müəyyən edilir ki, iddiaçının iddia ərizəsində göstərdiyi kimi istehsalat xəsarəti alması, yəni 2016-cı ilin noyabr ayının 16-da "xxxx" ASC-nin “X1 Company” MMC-nin Mingəçevir şəhərində olan filialında rəngsaz işləyərkən xidməti vəzifəsini yerinə yetirən zaman istehsalat qəzası nəticəsində xəsarət alması və nəticədə sağ gözünün görmə qabiliyyətini 45 faiz itirməsi baxılan işin mübahisəsiz halıdır. Həmçinin iş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixədək hər ay bəzi gecikmələr olmaqla 205 manat ödənişlər edilmiş, göstərilən tarixdən iddia ərizəsi verilən xx.xx.2025-ci il tarixədək isə cəmi iki ay xx.xx.2024cü il tarixdə və xx.xx.2025-ci il tarixdə hər biri 205 manat olmaqla ödənişlər edilmişdir. Hazırda iddiaçı ona ödənilməyən aylar üçün 4.000 manat birdəfəlik müavinətin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə yuxarıda göstərilən işin hallarına və qanunvericilik normalarına əsasən iddiaçının istehsalat xəsarəti alması işin mübahisəsiz halı olduğundan və iddiaçıya həmin qəza nəticəsində sağlamlığına dəymiş zərərə görə cavabdeh tərəfindən hər ay ona ödənilməli olan müavinətin ödənilməməsi öz təsdiqini tapdığından, hesab edir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək keçən 25 ay ərzində ödənilmiş iki ay çıxılmaqla, yerdə qalan 23 ay üçün hər ay 205 manat olmaqla, müavinət cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 23 ay üçün müavinətin məbləği 4.510 manat edir. İddiaçı isə 4.000 manatın tutulmasını xahiş edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi göstərilən həcmdə təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 4.000 manat pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin mülki prosessual qanunvericiliyin tələbinə əsasən, hesab edir ki, iddiaçının tələbləri təmin edildiyindən, iş üzrə ödənilməli olan məhkəmə xərcinə daxil olan 60 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə, 60 manat iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 4.000 manat məbləğində müavinət və 60 manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilməmiş 60 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar