Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3147/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfaərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, K-834 saylı Əmrinin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, əmək hüquqlarının bərpa edilərək əvvəlki iş yerinə qaytarılmağının təmin edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının işəgötürən tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Təhsil Nazirliyinin 11/89 saylı, xx.xx.2012-ci il tarixli əmrinə əsasən Bakı şəhəri 252 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. İşlədiyi dövrdə rayon üzrə təhsil və ictimai tədbirlərin böyük əksəriyyəti direktoru olduğu tam orta məktəbdə yüksək səviyyədə təşkil edilmişdir. Direktor kimi əmək funksiyalarını və vəzifələrini lazımınca yerinə yetirmişdir. Məktəbin qəbul üzrə göstəriciləri həmişə Bakı şəhərinin ən yüksək göstəriciyə sahib olan tam orta məktləbləri arasında olmuşdur. Direktorluq dövründə heç bir neqativ hala yol verilməmiş və məktəbin adı hər zaman qabaqcıl məktəblər sırasında çəkilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, K-834 saylı əmrinə əsasən həmin tarixdə Bakı şəhəri 252 nömrəli məktəb-lisey direktoru ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə müraciət ərizəsi ilə Bakı şəhəri 252 nömrəli məktəb-liseyə direktor vəzifəsinə yenidən əmək müqaviləsinin bağlanması tələbi ilə Elm və Təhsil Nazirliyinə müraciət etmişdir. Sözügedən müraciətə aidiyyatı üzrə Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə 3-29/2-E- 2741-4/2023 saylı cavaba əsasən bildirilmişdir ki, İddiaçı ilə yenidən əmək müqaviləsinin bağlanması məqsədəuyğun hesab edilməmişdir. Halbukı əmək kitabçasında işdən azad olunmağı ilə bağlı Əmrin nömrəsi K-1094, K-1095 deyil K-834 olaraq göstərilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehlər Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsi İdarəsinə və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə əmrin ləğvi və işə bərpa tələbi ilə (mübahisə predmeti) mediasiya təklifi etmiş, daha sonra isə eyni tələblə mediasiya müraciəti göndərilmişdir. Ancaq sözügedən prosedurlar bir nəticə vermədiyindən hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. xx.xx.2021-ci il tarixli, K-834 saylı (əmək kitabçasına görə 834, cavabdehin məktubuna əsasən K-1094, K-1095) əmr əsassızdır və hüquqlarını pozur. Əmr qəbul edilərkən müvafiq prosedur qaydaları və hüquqları pozulmuşdur. O, xəbərdarlıq edilməmiş və əmr ona rəsmi qaydada təqdim edilməmişdir. Hansı əsaslarla işdən azad edilməyi və pozuntunun nədən ibarət olması ilə bağlı hüquqları izah olunmamışdır. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi məhkəməyə iddia tələbinə etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi o, Bakı şəhəri, 252 nömrəli tam orta məktəbinin direktoru vəzifəsində işləmişdir. 2021-ci ildə onun fəaliyyəti yoxlanılmış, vəzifə funksiyalarını və öhdəliklərini lazımı qaydada yerinə yetirə bilmədiyindən onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2021-ci il tarixli, K- 834 saylı əmrlə ləğv edilməsinə baxmayaraq, o, 2024-cü ilin may ayında mediasiya təşkilatına müraciət etmişdir. İddiaçı iddia müddətini buraxmaqla məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi qanunvericiliyinin normalarına əsasən təmin edilə bilməz. İddiaçı qanunvericilik normalarına məhəl qoymayaraq 3 ildən sonra məhkəməyə ərizə ilə müraciət etmiş, müddətin üzürlü səbəbdən otürməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Belə ki, o direktor vəzifəsindən azad ediləndə artıq hüquqlarının pozulduğunu və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini bilirdi və o andan da iddia müddətinin axımı başlamışdır. Müddətin buraxılması üçün heç bir üzürlü səbəb olmadığından, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, hələ də, əmr ona rəsmi qaydada verilməmiş, sadəcə 2021-ci ilin avqust ayında əmək kitabçası ona təhvil verilmişdir. Dəfələrlə müvafiq orqanlara şikayət etdiyi və pandemiya dövrü olduğu üçün buraxılmış iddia müddətinin bərpa edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, mübahisələndirilən əmr qanunamüvafiq qaydada tərtib edilmiş, iddiaçı bununla əlaqədar olaraq qanunla müəyyən edilmiş müddətdə heç bir iddia tələbi irəli sürməmiş və məhkəməyə müraciət etməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2012-ci il tarixdə 252 saylı orta məktəbin direktoru vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq, xx.xx.2021-ci il tarixli, K-834 nömrəli əmrə əsasən bağlanmış əmək müqaviləsinə xitam verilmişdir; Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-29/2-E-2741-4/2023 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli, K-1094 və K-1095 nömrəli əmrə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam verilmişdir. Yenidən əmək müqaviləsinin bağlanması məqsədəmüvafiq hesab edilməmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, K-834 nömrəli əmrinin surətindən görünür ki, 252 nömrəli məktəb-liseyin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara, habelə vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdehlərin nümayəndələri xx.xx.2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişlər; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2012ci il tarixdə 252 saylı orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, K-834 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulmasına istinad edərək əmrinin ləğv edilməsi, onu yenidən direktor vəzifəsinə təyin edilməsi barədə əmr verilməsi, məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi isə ərizə verərək, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı tərəf öz növbəsində iddia müddətinin ötürülməsində üzrlü səbəblərinin olmasını qeyd edərək, müddətin ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ və Vİ hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları ƏM-in 70-ci maddəsində göstərilmişdir. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. Göründüyü kimi, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Eyni zamanda qanunverici işçinin əmək müqaviləsi ləğv edilərkən işəgötürənin və ya onun qanunvericiliyə uyğun səlahiyyət verdiyi rəhbər şəxsin üzərinə əmək qanunvericiliyinin tələblərinə əməl edilməsi və əmrin əsaslandırılması ilə bağlı mühüm vəzifələr qoymuşdur. Əmək Məcəlləsinin 83 və 84-cü maddələrində əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası və əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu müəyyən edilmişdir. Həmin maddələrə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər, məlumatlar göstərilir. Göstərilən maddi hüquq normalarının müqayisəli şəkildə təhlili əsasında belə nəticəyə gəlmək olar ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə müəyyən edilsə də, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə qanunvericiliklə müəyyən olunmuş qaydada xitam verilə bilər və həmin hallar əmrdə göstərilməklə əsaslandırılmalıdır. Məhkəmə iddianın əsaslı olub-olmamasını araşdırmadan, ilk növbədə cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsinin iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə ərizəsinə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, tərəflərin iddia müddətinin tətbiqinə dair mülahizələrini dinləyərək hesab edir ki, iddiaçı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyini və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulan 1 aylıq iddia müddətin ötürüldüyünü nəzərə alaraq hesab edir ki, hazırki iddia rədd olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar - 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Sadalanan maddələrin məzmunundan göründüyü kimi, burada əsas məqam işçinin öz hüququnun pozulduğunu bilməsindən ibarətdir. İddiaçının iddiaçı əmək müqaviləsinə xitam verildikdən sonra məhkəməyə müraciət edərək hüquq və qanuni mənafelərinin pozulduğunu iddia etmişdir. Halbuki yol verilmiş hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək imkanı qanunvericilikdə konkret olaraq bir ay müddətlə məhdudlaşdırılmışdır. İddiaçı isə vəzifəsindən azad edilməsi barədə əmri almasa da, əmək kitabçasını aldıqdan təxminən üç il keçdikdən sonra işdən azad edilməsini məhkəmədə mübahisələndirmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə iddia müddəti bitdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İddiaçı bu qədər müddət ərzində məhkəməyə müraciət olunmamasını aidiyyəti şəxslərə müraciət etməsi, cavabını gözləməsi, həmçinin pandemiya dövrü ilə əlaqələndirmiş və ötürülmüş iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Hazırki işdə iddiaçının müraciət etdiyi aidiyyəti şəxslər fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilmədiyindən, iddia müddətinin axımı iddiaçının vəzifəsindən azad edilməsi barədə əmrdən məlumatı olduğu dövrdən hesablanmalıdır. İddiaçı pandemiya dövrünün olduğunu bildirsə də, pandemiya şəraitinin üç ildən çox müddət ərzində məhkəməyə müraciət etmək hüququna mane ola bilmədiyi açıq-aşkar aydındır. Beləliklə, qeyd edilən müddətin uzun dövrü əhatə etdiyini və həmin müddətin üzrlü səbəblərdən buraxıldığını təsdiq edən hər hansı bir sübutun məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ötürülmüş iddia müddəti bərpa edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, iddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45). Məhkəmə iddiaçının iddia tələbinin əmək hüquqlarının bərpa edilərək əvvəlki iş yerinə qaytarılmağının təmin edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının işəgötürən tərəfindən ona ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, prosessual qənaət prinsipi baxımından iddia əmrin ləğv edilməsi hissəsində iddia müddəti tətbiq edilməklə rədd edilməsi nəticəsinə gəldiyindən, iddiaya qalan hissələrdə qiymət verilməsi üçün əsas yoxdur, bu səbəbdən iddia tələbi həmin hissələrdə də əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3147/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3147/2024
11.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver