Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3169/2025 23.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Niderland Krallığında Amsterdam Universitetindəki təhsili və ümumən bakalavr təhsili müqavilədə göstərilmiş 9 ödəniş bəndinə əsasən Elm və Təhsil Nazirliyi tərəfindən tam maliyyələşdirilməsi və qalıq ödəniş məbləği 428952 avro və 6408 azn birdəfəlik təzminat olaraq İddiaçı təqdim edilməsi, müqavilə şərtlərinin kobud şəkildə pozulması səbəbi ilə İddiaçı Elm və Təhsil Nazirliyi tərəfindən 1 Aprel 2022 tarixindən başlayaraq aylıq 1200 avro və 1 Sentyabr 2017 tarixindən başlayaraq aylıq 15000 azn məbləğində həmişəlik təzminat ödənilməsini, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim etdiyi və edəcəyi bütün məsələlərin həll edilməsi, təqdim olunan və olunacaq hər hansı məsələ mübahisə mövzusu deyildir. Elm və Təhsil Nazirliyi müqaviləyə əməl etməkdən boyun qaçıracağı təqdirdə müqavilənin yerinə yetirilməsi üçün qanuna müvafiq tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1-ci maddəsinə əsasən, iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: -150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; - 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 108.1.1-ci maddəsinə əsasən, iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 112.1.1-ci maddəsinə əsasən, iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən edilir. 112.1.10-cu maddəsinə əsasən, bir neçə müstəqil tələbdən ibarət olan iddialarda— bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.5-ci maddəsinə əsasən, iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) məbləğində dövlət rüsumu ödənilir. Göründüyü kimi, iddiaçı 428952 avro, 6408 azn birdəfəlik təzminat, 1 Aprel 2022 tarixindən başlayaraq aylıq 1200 avro və 1 Sentyabr 2017 tarixindən başlayaraq aylıq 15000 azn məbləğində həmişəlik təzminat ödənilməsi ilə bağlı qiymətləndirilən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyə əsasən, məhkəməyə mülki məhkəmə icraatı qaydasında qiymətləndirilən iddia ərizəsi verilərkən müvafiq qanunda nəzərdə tutulmuş məbləğdə (pul vəsaitinin məbləğinə uyğun olaraq) dövlət rüsumu ödənilməli və bununla bağlı sübutlar (ödəniş qəbzi) iddia ərizəsinə əlavə edilməlidir. İddiaçı tərəfindən bu qaydaya riayət edilməmişdir. İddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməməsi isə iddia ərizəsinin məhkəmə tərəfindən geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-3169/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3169/2025
23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver