Məhkəmə qərarları › İş №2(005)-3172/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3172/2022

15.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3172/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı Cavabdeh1 MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə görə isə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. İddia ərizəsindən göründüyü kimi, iddiaçı cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehə rəsmi qaydada müraciət etməsinə dair məlumatı iş materiallarına əlavə etməmiş və bununla da mülki-prosessual qanunvericiliyin tələblərinə əməl etməyərək iddia ərizəsinin forma və məzmununa riayət etməmişdir. Mülki-Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən isə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin Məcəllənin 152.1.6-cı maddəsinə uyğun olaraq, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 152-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı yuxarıda sadalanan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar