Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3173/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Şərqi Zəngəzur Təhsil İdarəsinə qarşı "əmrlərin ləğvi, işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqı" tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Şərqi Zəngəzur Təhsil İdarəsinə qarşı “əmrlərin ləğvi, işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kəlbəcər rayon Təhsil Şöbəsi tərəfindən tətbiq olunmuş intizam tənbehinin tətbiqi barədə K-99 nömrəİi xx.xx.2021-ci il tarixli, K-130 nömrəli xx.xx.2021-ci il tarixli və Azərbaycan Respublikası Təhsil Naziri tərəfindən iddiaçıya verilən intiazm tənbehinin tətbiqi barədə K- 131 nömrəli xx.xx.2022-ci il tarixli əmrlərin ləğv edilməsi, Kəlbəcər rayonu 111 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunmağına və çarəsizlikdən məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 1982-cü ildən ixtisası üzrə Kəlbəcər rayonu Səməd Vurğun adına Bağlıpəyə səkkiz illik kənd məktəbinin ədəbiyyat müəlliməsi kimi işləməyə başlamışdır. 1983-cü ildən Kəlbəcər rayonu işğal olunana qədər kənddə qadınlar şurasının sədri və kənd sovetinin deputatı olmuşdur. 1993-cü ildə isə müvafiq əmrlə Kəlbəcər rayonun 66 saylı məktəbdə ədəbiyyat müəlliməsi kimi işə başlamış və həmin vaxt mərhum həyat yoldaşı Saleh Əhmədxanov uzun illər həmin məktəbin drektoru və seçki məntəqəsinin sədri olmuşdur. 1994-cu ildə Kəlbəcər rayonu 111 nömrəli tam orta məktəbdə ədəbiyyat müəlliməsi kimi işə başlamışdır. 2007-ci ildə isə müvafiq əmrlə həmin məktəbinin direktoru təyin edilmiş və işlədiyi dövrdə heç bir təşkilat və qurumlar tərəfindən məktəbdə monitorinq və yoxlamalar aparılmamış, iddiaçıya fəxri adlar və diplomlar verilmişdir. Bu 15 il ərzində şagirdləri ali məktəbə qəbulu sahəsində nəzərə çarpacaq müsbət statistik göstəricilər əldə olunmuşdur. Ənənəvi olaraq hər təhsil ilində məktəbin bir və ya iki məzunu ali məktəblərə qəbul olunduğu halda iddiaçının həmin məkəbdə direktor işlədiyi 15 il ərzində, yəni 2020-ci ildə 6 şagird ali məktəblərə qəbul olunmuşdur. Bundan başqa qeyd edir ki, 2007-ci ildən Kəlbəcər rayonu 123 saylı seçki dairəsinin 39 saylı seçki məntəqəsinin sədridir, atası X1 rayonunda sayılan və seçilən ziyalılardan biri olmuş, Böyük vətən müharibətçisinin iştirakçısıdır və uzun illər kolxaz sədri işləmişdir. Lakin buna baxmayaraq Kəlbəcər rayon Təhsil Şöbəsi tərəfindən iddiaçı barəsində intizam tənbehinin tətbiqi barədə K-99 nömrəli xx.xx.2021-ci il tarixli, K-130 nömrəli xx.xx.2021-ci il tarixli əmrlər verilmiş və əmrlər verilərkən qanunverieiliyin tələblərinə əməl edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıya verilən intizam tənbehinin tətbiqi barədə K-131 nömrəli xx.xx.2022-ci il tarixli əmrlə də, razı deyil. Çünki təhsil naziri tərəfindən həmin əmrin verilməsinə səbəb Kəlbəcər Təhsil Şöbəsi tərəfindən verilmiş qanunsuz əmrlər olmuşdur. Hesab edir ki, iddiaçı barəsində Kəlbəcər rayon Təhsil Şöbəsi tərəfindən tətbiq olunmuş intizam tənbehinin tətbiqi barədə K-99 nömrəli xx.xx.2021-ci il tarixli, K-130 nömrəli xx.xx.2021-ci il tarixli və Azərbaycan Respublkikası Təhsil Naziri tərəfindən iddiaçıya verilən intizam tənbehinin tətbiqi barədə K-131 nömrəli xx.xx.2022-ci il tarixli əmrlər qanunsuz və əsassızdır. Sözü gedən əmr forması və tərtibatı təlimata və kargüzarlıq qaydalarına uyğun deyildir. Bu pozuntular bır daha iddiaçının qərəzli işdən azad olunmağını təsdiq edir. Buna gorə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Belə ki, Əmək qanunvericiliyində inzibati tənbeh tədbiri kimi Əmək Məcəlləsinin "70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə yalnız, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozduğu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyi hallarda yol verildiyi təsbit edilmişdir. Hazırkı halda isə tərəfindən qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə tərəfindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmasına və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə cavabdeh tərəfindən mötəbər sübut növləri təqdim edilməmişdir. Bundan başqa Əmək qanunvericiliyinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Lakin cavabdehlər tərəfindən intizam tənbehi verilməsinə dair əmrlər verilərkən iddiaçının məktəb direktoru kimi işlədiyi dövrdə gördüyü işlər, kollektivdəki nüfuzu və iş fəaliyyəti nəzərə alınmamışdır.Barəsində tərtib edilmiş intizam tənbehinin tətbiqi barədə əmrlərin sürəti iddiaçıya verilməmiş və həmin əmrlər barəsində şifahi olaraq məlumatı olduqdan sonra mediasiya prosesinin tətbiqi barədə təkliflə cavabdeh orqana müraciət etmiş və bundan sonra həmin əmrlərin kserosürətini əldə etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X14 iddia tələbini qəbul etmədiklərini bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, toplanmış sübutlara və işin araşdırılmış halları ilə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, müvafiq iddia tələbinə dair iddiaçı tərəfin irəli sürdüyü dəlillər qismən əsaslıdır və buna görə də iddia tələbi qismən edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Mülki işin materiallarında olan Kəlbəcər rayon Təhsil Şöbəsi üzrə xx.xx.2021-ci il tarixli 99 nömrəli əmrdən çıxarışdan müəyyən olunur ki, Kəlbəcər Rayon Təhsil Şöbəsi tərəfindən yaradılmış Komissiya məktəbin müəllimi X5 Rayon Təhsil müdirinin adına ünvanlanmış ərizəsinə əsasən Kəlbəcər Rayon 111 nömrəli tam orta məktəbdə yoxlama aparmışdır. Yoxlama zamanı aşkar olunan nöqsanlar əsas götürülərək məktəbin direktoru İddiaçı və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X6 yol verdiyi nöqsanlara görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli Aktın surətindən görünür ki, Göygöl rayon 2 saylı internat məktəbinin binasında İ növbədə fəaliyyət göstərən Kəlbəcər Rayon 111 saylı tam orta məktəbsə ibtidai sinif müəllimi X5 ərizəsi əsasında yoxlama keçirilmidir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, məktəbdə pandemiya qaydalarına riayət olunmur. Məktəbdə 2021-2022-ci il üçün dərs cədvəli, dərsən kənar məşğələ cədvəli, dərnək cədvəli yoxdur. Məktəbdə yeddi sinif təşkil olunduğu halda heç bir sinifdə şagird davamiyyəti yoxdur. Sinif jurnalları yoxdur. Məktəbin əmr kitabı, pedaqoji şuranın protokol kitabı yoxdur. Məktəbdə dərs bölgüsü zamanı ciddi nöqsanlara yol verilmişdir. Belə ki, ixtisas müəllimlərinin dərs təminatı ödənilməmiş, direktor və direktor müavinlərinə isə həddən artıq dərs saatları verilmişdir. Texniki işçilərin işə davamiyyət kitabına bəzi işçilər imza atmamıdşır. Məktəbin bir sıra müəllimləri məktəbdə olmamaqla yanaşı onlrın dərləri əvəzçiliyə verilməmişdir. Akt Kəlbəcər rayon təhsil şöbəsinin nümayəndələri, iddiaçı V. Əmiraslanova, direktor müavini K.Çıraqov və şikayətçi İ.Əliyev tərəfindən imzalanmışdır. Mülki işin materiallarında olan Kəlbəcər rayon Təhsil Şöbəsi üzrə xx.xx.2021-ci il tarixli 130 nömrəli əmrdən çıxarışdan müəyyən olunur ki, Kəlbəcər Rayon 111 nömrəli tam orta məktəbində aparılmış yoxlam zamanı aşkar olunmuş nöqsanlar əsas götürülərək, məktəbin direktoru V.Əmiraslaovaya və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X6 işində yol verdiyi təkrar nöqsanlara görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.də yoxlama aparmışdır. Yoxlama zamanı aşkar olunan nöqsanlar əsas götürülərək məktəbin direktoru İddiaçı yol verdiyi nöqsanlara görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbin müəllimi X3 şikayət ərizəsinə əsasən, məktəbdə yoxlama keçirilmiş və aşağıdakı nöqsanlar aşkar edilmişdir. Məktəbdə şagird davamiyyətinə baxış keçiriən zaman müəyyən olundu ki , 27 şagirddən cəmi bir nəfər şagir dərslərdə içtirak edir. Texniki işçiləridən 7 işçinin jurnala imza atmadıqları, məktəbdə faktiki 4 texniki işçinin olduğu müəyyən edildi. Jurnallara baxış keçirilmən zaman müəyyən fənnlər üzrə qiymətləndirmə aparılmadığı müyyən edildi. Məktəbin əmr kitabı, pedaqoji işçilərin uçotu kitabı, məktəbin pedaqoji şurasının protokolu kitabı, arayışların qeydiyyatı kitabı, daxil olan sənədlərin qeydiyyatı kitabı, maliyyə təsərrüfat sənədləri mövcud olsa da heç birində qeydiyyat aparılmayıb. Məktəbin coğrafiya fənni üzrə müəlliminin dediyinə görə, 7-ci sinif şagirdlərindən biri ümumiyyətlə 2021-2022-ci tədris ili ərzində dərs məşğələlərində iştirak etməyib. Bəzi şagirdlərin şəxsi işləri məktəbdə yoxdur. Dərsdən kənar məşğələ cədvəlləri və jurnalları yoxdur. Məktəbdə dərs bölgüsü düzgün aparılmayıb. Məktəbin direktoru (MİQ/DQİ) iştirak etmədiyi halda 12 saat dərs verilib. Akt Kəlbəcər rayon təhsil şöbəsinin nümayəndələri, iddiaçı V. Əmiraslanova, direktor müavini K.Çıraqov tərəfindən imzalanmışdır. Şikayətçi müəllim S.Əliyev akta imza atmaqdan imtina etmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, K-131 nömrəli “intizam tənbehinin tətbiqi” barədə əmrin surətindən görünür ki, Kəlbəcər rayonu 111 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 10 fevrl 2022-ci il tarixdən ləğv edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Kəlbəcər Təhsil Şöbəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinə ünvanlandığı müraciətin surətindən görünür ki, Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbdə 17 noyabr 2021-ci il tarixdə və 13 dekabr 2021-ci il tarixdə yoxlamalar aparılmış, nəticədə nöqsanlar aşkar edildiyi üçün məktəbin direktoru İddiaçı müvafiq olaraq Əmək Məcəlləsinin 186-cı maddısinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət və “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Həmçinin müraviətdə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə sosial şəbəkələrdə Kəlbəcər rayon 111 nöməli tam orta məktəbin direktoru İddiaçı məktəbin müəllimi X8 təhqir etməsi ilə bağlı yayılmış videogörüntü Təhsil şöbəsi tərəfindən araşdırılmışdır. Araşdırma zamanı videogörüntünün məktəbin müəllimi X11 tərəfindən çəkildiyi müəyyən olunmuşdur. Məktəbin direktoru İddiaçı Əmniraslan qızı məktəbin ibtidai sinif müəllimləri X11 və X12 Rayon Təhsil şöbəsinə dəvət olunmuş və onlardan videogörüntü ilə bağlı müvafiq izahat alınmışdır. Həmin şəxslər öz izahatlarında məlum hadisənin baş vermə səbəbi kimi məktəbin ibtiadi sinif müəllimi X5 dərs saatlarının məktəb direktoru tərəfindən azaldılması olmuşdur. X11 izahatında məktəbin direktoru tərəfindən dəfələrlə təhqir olunduğunu yekun olaraq ona böhtan atılacağından qorxduğuna görə direktorun onu təhqir etdiyini sübut etmək üçün çəkdiyini bildirmişdir. Videogörüntüdə əks olunan məktəbin digər ibtidai sinif müəllimi X12 izahatında həmin hadisənin canlı şahidi olduğunu bildirmişdir. Məktəbin direktoru İddiaçı öz izahatında videoçəkilişin məktəbin ibtidai sinif müəllimi X11 tərəfindən çəkildiyini bildirmiş, onun şəhid ailəsinin dərlsərinə çərik çıxıdğnı, şəhid ailəsini və özünü təhqir etdiyi üçün əsəbləşərək qeyri-etik ifadələr işlətdiyini bildirmişdir. Məktuba əlavə edilmiş izahatlarda məktəb müəllimi İslam Əliyevin, Söhbət Əliyev və direktor İddiaçı müvafiq məzmunlu ifadələri öz əksini tapmışdır. Mülki işin materiallarında olan Kəlbəcər Rayon Təhsil şöbəsinin ilk həmkarlar ittifaqı komitəsinin 10 fevral 2022-ci il tarixli 12 nömrəli iclasının protokolundan çıxarışdan görünür ki, Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli 09-09-130/13 nömrəli təqdimatına əsasən Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, K-131 nömrəli “intizam tənbehinin tətbiqi” barədə əmrin surətindən görünür ki, Kəlbəcər rayonu 111 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 10 fevral 2022-ci il tarixdən ləğv edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeydolunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; - 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; - 47-ci maddəsində qeyd edilir ki, əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müddətli bağlanıla bilər; - 56.2-ci maddəsinə əsasən məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. -311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir; -186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin normanın İİ hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. ƏM-nin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Göstərilən qanun normasında işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək funksiyası təsbit edilmişdir. Əmək qanunvericiliyinə əsasən (186-cı maddənin 1-ci hissəsi) işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. ƏM-nin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin maddənin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-nin 71-ci maddəsinin ikinci hissəsinə əsasən Bu məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; Həmin maddənin üçüncü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki , İddiaçı xx.xx.2007-ci il tarixdə Kəlbəcər rayon 111 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmişdir. İddiaçı barəsində xx.xx.2021-ci il tarixli K-99 saylı əmrlə “töhmət”, xx.xx.2021-ci il tarixli K-130 nömrəli əmrlə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehləri tətbiq edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin K-131 nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Məhkəmə ilk növbədə 17 noyabr 2021-ci il tarixli və 24 dekabr 2021-ci il tarixli “İntizam Tənbehinin tətbiq edilməsi barədə” əmrlərlə bağlı olaraq qeyd edir ki, həmin tənbehlərin tətbiq edilməsi ilə bağlı qanunvericiliyin bəzi tələbləri pozulmuşdur. Belə ki, ƏM-nin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Məhkəməyə İddiaçı izahatının alınması və ya iddiaçının izahat verməkdən imtina etməsi barədə heç bir sübut təqdim edilməmişdir. Mülki işin materiallarında olan Kəlbəcər Rayon Təhsil şöbəsinin iddia ərizəsinə etirazından görünür ki, iddiaçı öz vəzifəsini lazımi qaydada və etik davranış qaydalarına uyğun formada icra etmədiyinə görə nəticədə onun barəsində xidməti yoxlama aparılmış, aparılan araşdırmaların nəticəsinə də uyğun olaraq onun barəsində xx.xx.2021-ci il tarixli K-99 və xx.xx.2021-ci il tarixli K-130 nömrəli əmrlər verilmişdir. Məhz bunun nəticəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin K-131 nömrəli xx.xx.2022-ci il tarixli əmri verilmiş və onun əmək funksiyasına xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189.1-ci maddəsinə əsasən, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Mülki işin materiallarından görünür ki, İddiaçı barədə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə müvaqif əmrlər verilmiş, onun barəsində “töhmət” və “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehləri tətbiq edilmişdir. Buna görə də məhkəmə eyni pozuntulara görə, həmçinin pozuntunun aşkar edildiyi vaxtdan 1 (bir) aydan çox vaxt keçdikdən sonra şəxsə yenidən daha ciddi intizam tənbehinin tətbiq edilməsini əsaslı və qanuni hesab etmir. Məhkəmə qeyd edir ki, ƏM-nin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən ƏM-nin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qanunverici əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi üzrə xitam verilməsi zamanı görülməli olan tədbirləri Məcəllənin 71-ci maddəsində təsbit edir. Həmin maddənin tələbinə əsasən, bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə o şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə 1) müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya 2) mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, qanunverici “və ya” bağlayıcısından istifadə etmiş və müqaviləyə 70-ci maddəsinin (ç) maddəsi ilə xitam verilməsinin əsaslarını 2 müstəqil şərtdən asılı etmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Lakin əmrdə cavabdeh məhz iddiaçının özünün hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, həmçinin “Müəllimlərin etik davranış Qaydaları”-nı kobud surətdə pozduğu qeyd edilsə də, bunun məhz qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla baş verməsini göstərilməmiş və əsaslandırmamışdır. Kəlbəcər rayon təhsil şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda, həmçinin Təhsil Nazirliyinin təqdimatında barəsində məlumat əks etdirilmiş videogörüntülərlə bağlı məhkəmə qeyd edir ki, sözügedən videogörüntülər məhkəməyə təqdim edilməmişdir. Lakin adıçəkilən sənədlərdən, həmçinin videoçəkilişi aparan ibtidai sinif müəlliminin izahatından aydın olur ki, qeyd edilən videogörüntülər iddiaçının xəbəri və razılığı olmadan çəkilmiş, daha sonra sosial şəbəkələrdə, yenə də iddiaçının razılığı olmadan paylaşılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 32.1-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. 32.2-ci maddəsinə əsasən, hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. 32.3-cü maddəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin məsələ ilə bağlı mövqeyi bir sıra presedentlərdə öz əksini tapmışdır:” ...Fotoşəkillərə gəlincə, Məhkəmə bildirib ki, şəxsin imici onun şəxsiyyətinin əsas atributlarından birini təşkil edir, belə ki, o, şəxsin unikal xüsusiyyətlərini üzə çıxarır və onu digər insanlardan fərqləndirir. Beləliklə, şəxsin imicinin qorunması hüququ fərdi inkişafın əsas komponentlərindən biridir. Baxmayaraq ki, ifadə azadlığı fotoşəkillərin dərc olunmasını özündə ehtiva edir, Məhkəmə bu qənaətə gəlib ki, bu sahədə digər şəxslərin hüquqlarının və nüfuzunun qorunması xüsusilə önəmlidir, belə ki, fotoşəkillər şəxs və ya onun ailəsi haqqında fərdi və ya hətta intim xarakterli məlumatları özündə əks etdirə bilər (X13rşı (№2) [BP], 103-cü bənd). Məhkəmə 8-ci maddədə nəzərdə tutulan nüfuzun qorunması hüququ ilə 10-cu maddədə nəzərdə tutulan ifadə azadlığını balanslaşdırarkən nəzərə alınmalı olan aşağıdakı əsas amilləri göstərib: dərc olunan material cəmiyyətdə maraq doğuran məsələlərin müzakirəsinə nə dərəcədə töhfə verir; barəsində material dərc olunmuş şəxs nə dərəcədə tanınır və materialın mövzusu nədən ibarətdir; həmin şəxsin əvvəlki davranışları; materialın məzmunu, forması və nəticələri; fotoşəkillərin hansı şəraitdə çəkilməsi; və tətbiq edilən sanksiyanın ağırlığı (eyni mənbə, 108-113-cü bəndlər; "Aksel Şpringer AG" Almaniyaya qarşı [BP], 89-95-ci bəndlər; Kuderk və "X16" şirkəti Fransaya qarşı [BP], 90-93-cü bəndlər). Avropa İttifaqında həmçinin “unudulmaq hüququ” (şəxsi neqativ xarakterizə edən informasiyanın müəyyən müddət sonra elektron baza sistemlərindən silinməsi) deyilən bir anlayış vardır. Avropa Ədalət Məhkəməsinin Costeha işində Google-a qarşı qərar çıxararkən "unudulmaq hüququ"nun insan hüquqlarından biri olduğunu qanuni olaraq təsdiqləmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, videogörüntülərin məzmunundan asılı olmayaraq, hər hansı şəxsin razılığı olmadan onun video və foto çəkilişinin aparılması, bunun sosial şəbəkələrdə yayılması qanunvericiliyin tələblərinə, o cümlədən “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 6 noyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nda göstərilmişdir: Müəllim pedaqoji münasibətlərdə təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verməməli, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etməyə çalışmalıdır. Müəllim rəhbərin qanunauyğun yazılı əmrlərini, sərəncamlarını və ya şifahi tapşırıqlarını yerinə yetirməyə borcludur. Müəllim rəhbər tərəfindən ona verilən əmrin və tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, o, həmin əmri və ya tapşırığı yerinə yetirməkdən imtina edə bilər. Bu barədə yazılı əsaslandırmanı birbaşa rəhbərliyə və ya yuxarı orqana təqdim etməlidir. Mülki işin materiallarından da aydın görünür ki, xx.xx.2022-ci il tarixdə videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan iki gün sonra, yəni xx.xx.2022-ci il tarixdə həmkarlar ittifaqı komitəsinin iclası keçirilmiş və İddiaçı işdən çıxarılmasına razılıq verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının videogörüntüdə əks edilən hərəkətlərində ƏM-nin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş kobud pozuntulardan hər hansı biri mövcud idisə, bu barədə ətraflı yoxlama, araşdırılma aparılmalı, videogörüntünün nə vaxt, hansı şəraitdə çəkilməsi, kim tərəfindən, nə məqsədlə sosial şəbəkələrdə yayılması aşkar edilməli idi. Belə ki, videogörüntüləri çəkən ibtidai sinif müəllimi İ.Əliyevin izahatından da görünür ki, videogörüntülər yayıldığı vaxtdan xeyli əvvəl, öz bildirdiyinə görə özünü qorumaq məqsədilə çəkilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.3-cü maddəsinin tələbinə görə, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Lakin məhkəməyə təqdim edilmiş materiallarda hadisənin nə vaxt baş verdiyi, intizam xətasının törədilməsindən 6 aylıq müddətin ötübötmədiyini müəyyən etmək qeyri-mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, ƏM-nin 84-cü maddəsinin birinci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. 84-cü maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə qeyd edir qeyd edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022ci il tarixli, K-131 saylı əmrindən görünür ki, əmrdə işəgötürənin hüquqi ünvanı göstərilməmiş, ƏM-nin 84-cü maddəsinin birinci hissəsinin imperativ göstərişi pozulmuşdur. ƏM-nin 300-cü maddəsinin birinci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir. Göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilərkən yuxarıda sadalanan hallara qiymət verilməli idi. Ancaq cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə yekunda onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı əmək vəzifələrinin kobud şəkildə pozulması halı öz təsdiqini tapmadığından, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli, K-131 saylı əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. İddia tələbinin xx.xx.2021-ci il tarixli K-99 və xx.xx.2021-ci il tarixli K-130 nömrəli əmrlərin ləğv edilməsi barədə hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ƏM-nin 190.1-ci maddəsinə əsasən, inizam tənbehi verildiyi gündən altı ay müddəində qüvvədə olur. Beləliklə, hazırda bu müddət keçdiyindən və artıq həmin əmrlərin hüquqi qüvvəsi olmadığından, iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 78.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir; sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyinin K-131 nömrəli, xx.xx.2022-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Kəlbəcər rayonu 111 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilsin. xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3173/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3173/2022
13.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver