Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3200/2024 27.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 175 saylı mənzilin əvəzləşdirilməsi müqaviləsinin şərtlərinə əsasən 4 ay üzrə ödənilməmiş 2400 manat məbləğində kirayə haqlarının, eyni zamanda müqavilə şərtlərinə əsasən növbəti aylar üzrə ödəniləcək kirayə haqlarının hər ay ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, eləcə də 44 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 77 saylı, xx.xx.2021-ci il tarixli sərəncamının 1-ci bəndinə əsasən Cavabdeh MTK Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, Ə.Vahid, T.Şıxəliyev, Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və həmin ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilin əvəzinə yeni inşa edilən binanın E blokunun, 7-ci mərtəbəsində 3 saylı, 60 kv.m-dən ibarət təmirli mənzili, D blokunun, 6-cı mərtəbəsində 1 saylı 116 kv.m-dən ibarət təmirli mənzili verməyi öhdəsinə götürərək, xx.xx.2023-cü il tarixli, 175 saylı mənzilin əvəzləşdirilməsi müqaviləsi bağlamışdır. Cavabdeh ona məxsus mənzildən köçdüyü gündən yeni inşa ediləcək binada ona verilən mənzilin açarı təqdim olunana qədər aylıq 600 manat kirayə pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə öhdəliklər pozularaq aylıq 600 manat məbləğində kirayə haqqı xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Son 4 ay üzrə (aprel, may, iyun, iyul) kirayə haqqı ödənilməmişdir. Yeni inşa edilən binanın E blokunun, 7-ci mərtəbəsində, 3 saylı, 60 kv.m-dən ibarət təmirli mənzil təhvil verilsə də, binanın İ blokunun, 6-cı mərtəbəsində, 1 saylı, 116 kv.m-dən ibarət təmirli mənzil təhvil verilməmişdir. Əvəzləşdirmə müqaviləsi əsasında ödənilən 600 manat məbləğində kirayə haqqı hər iki mənzilin ona təqdim olunması ilə bağlı nəzərdə tutulmuşdur. İnşa edilən binanın İ blokunun 7-ci mərtəbəsində, 3 saylı, 60 kv.m-dən ibarət təmirli mənzil tərəfindən digər bir şəxsə satılmışdır. Cavabdeh sözügedən yeni binanın inşa edilməsi üçün köhnə binanın söküntüsü həyata keçirməmişdir. Cavabdeh tərəf məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, Cavabdeh MTK İddiaçı münasibətdə müqavilə üzrə öhdəliyini lazımınca icra etmiş, habelə yeni inşa edilmiş binanın E blokunun 7-ci mərtəbəsində 3 saylı 60 m2-dən ibarət təmirli mənzili təhvil vermişdir. Bu səbəbdən də, iddiaçıya ödənilən aylıq 600 manat məbləğində kirayə pulunu ödəməyi dayandırmaqda haqlı olmuşdur. Çünki, xx.xx.2023-cü il tarixli əvəzləşdirmə müqaviləsində nəzərdə tutulmuş şərt baş vermiş, yəni yeni inşa edilmiş binada ona mənzilin açarının təqdim olunması təmin edilmişdir. Müqavilədə məhz Cavabdeh MTK tərəfindən inşa ediləcək yeni binanın D blokunun 6-cı mərtəbəsində 1 saylı 116 kv.m ibarət təmirli mənzilin təhvil verilməsinədək aylıq 600 manat məbləğində kirayə pulunun ödənilməli olmasına dair qeyd-şərt təsbit edilməmiş, tərəflərin bu barədə razılaşması olmamışdır. Deməli, burada 2 mənzildən birinin təhvil verilməsi artıq aylıq kirayə ödənişinin dayandırılmasına əsas olmuşdur. İddiaçı satdığını iddia ərizəsində etiraf etdiyi yeni inşa edilmiş binanın E blokunun 7-ci mərtəbəsində 3 saylı 60 m2-dən ibarət təmirli mənzil onun mənzil-məişət şəraitinin təmin edilməsinə yetərli olmuşdur ki, bu zaman iddiaçıya əlavə kirayə haqqının ödənilməsinə də əsaslar qalmamışdır. Lakin, İddiaçı öz iradəsini ifadə edərək, ona təhvil verilmiş mənzili satmış, əlavə vəsait əldə etmişdir. Bu isə, hazırda iddiaçının cavabdeh MTK-nın vəsaitinə ehtiyacı olmamaqla yanaşı özünü layiqli mənzilməişət şəraiti ilə təmin etmək üçün imkanlarının olmasına dəlalət edir. Bu mənada, İddiaçı icra edilməmiş öhdəlik dedikdə, nəyi nəzərdə tutması anlaşılan deyildir. MTK tərəfindən iddiaçının hüquq və mənafeləri hər hansı bir formada pozulmamış və buna dair sübutlar təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli, 175 saylı əvəzləşdirmə müqaviləsindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 77 saylı, xx.xx.2021-ci il tarixli sərəncamının 1-ci bəndinə əsasən Cavabdeh MTK Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi, Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş Nərimanov rayonu Əliağa Vahid 12/ mən 14 ünvanında yerləşən “Mülkiyyətçi”yə məxsus faktiki divar altı sahəsi 146 m2 mənzilin əvəzinə faktiki sahənin parametrlərinə uyğun olaraq güzəştli şərtlərlə yeni inşa ediləcək binanın E blokunun, 7-ci mərtəbəsində 3 saylı, 60 m2 -dən ibarət təmirli mənzili, D blokunun, 6-cı mərtəbəsində 1 saylı 116m2-dən ibarət təmirli mənzili “Mülkiyyətçi”yə verməyi öhdəsinə götürür. “Mülkiyyətçi”nin hüquqları sırasına özünə məxsus söküntüsü nəzərdə tutulmuş mənzildən köçdüyü gündən yeni inşa edilən yaşayış binasından ona verilən mənzilin açarı təqdim olunanadək aylıq 600 manat kirayə pulu tələb etmək daxildir. xx.xx.2024-cü il tarixli Müqavilənin dəyişdirilməsinə dair müqavilədən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 77 saylı, xx.xx.2021-ci il tarixli sərəncamının 1-ci bəndinə əsasən Cavabdeh MTK Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi, Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş Nərimanov rayonu Əliağa Vahid 12/ mən 14 ünvanında yerləşən “Mülkiyyətçi”yə məxsus faktiki divar altı sahəsi 146 m2 mənzilin əvəzinə faktiki sahənin parametrlərinə uyğun olaraq güzəştli şərtlərlə yeni inşa ediləcək binanın E blokunun, 7-ci mərtəbəsində 2 saylı, 59,48 m2 -dən ibarət təmirli mənzili, D blokunun, 6-cı mərtəbəsində 1 saylı 116m2 -dən ibarət təmirli mənzili “Mülkiyyətçi”yə verməyi öhdəsinə götürür. İddiaçı Yaşar oğlu tərəfindən Cavabdeh MTK-nın rəhbərinə ünvanlanmış xx.xx.2024cü il tarixli pretenziya məktubundan görünür ki, yeni inşa edilən binanın D blokunun, 6-cı mərtəbəsində, 1 saylı, 116 kv.m-dən ibarət təmirli mənzili təhvil verilənə qədər mart ayından etibarən ödənilməyən kirayə haqlarının hesablanaraq 3 iş günü ərzində ona ödənilməsini xahiş etmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının sərəncamına əsasən Cavabdeh MTK qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və yeni binaların tikintisini həyata keçirmiş, bu çərçivədə də söküntüsü nəzərdə tutulmuş ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus mənzilin əvəzinə yeni inşa edilən binanın E blokunun, 7-ci mərtəbəsində 2 saylı, 59,48 kv.m-dən, D blokunun, 6-cı mərtəbəsində 1 saylı 116 kv.m-dən ibarət təmirli mənzilləri verməyi, iddiaçı mənzildən köçdüyü gündən ona mənzillər təqdim olunanadək aylıq 600 manat kirayə pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh yeni inşa edilən E blokunun, 7-ci mərtəbəsində 2 saylı, 59,48 kv.m-dən ibarət olan mənzili iddiaçıya təhvil vermiş, aylıq 600 manat məbləğində kirayə haqqını ödəməyi dayandırmış, yeni inşa edilən binanın D blokunun, 6-cı mərtəbəsində 1 saylı 116 kv.m-dən ibarət təmirli mənzili iddiaçıya verməmişdir. Hazırda iddiaçı 4 ay üzrə ödənilməmiş 2400 manat məbləğində kirayə haqqının, eyni zamanda növbəti aylar üzrə ödənilməli kirayə haqlarının hər ay ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin 4 ay ödənilməmiş kirayə haqlarının ödənilməsi və növbəti aylar üzrə ödəniləcək kirayə haqlarının hər ay ona ödənilməsi hissəsində qismən haqlıdır və həmin tələblərə ayrı-ayrılıqda deyil, birlikdə qiymət verilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli, 175 saylı əvəzləşdirmə müqaviləsinin 2.2.3-cü bəndində İddiaçı ona məxsus söküntüsü nəzərdə tutulmuş mənzildən köçdüyü gündən yeni inşa edilən yaşayış binasından ona verilən mənzilin açarı təqdim olunanadək aylıq 600 manat məbləğində kirayə pulu tələb etmək hüququ təsbit olunmuşdur. Göründüyü kimi əvəzləşdirmə müqaviləsinə əsasən cavabehin üzərinə kirayə haqqı ödəmək öhdəliyi qoyulmuşdur. Cavabdeh müəyyən olunmuş kirayə məbləğinin hər ay ödəsə də, aprel ayından etibarən ödəməni dayandırmışdır. Bununla o, müqavilədə qeyd olunmuş öhdəliyi tam icra etməməklə, lazımınca icranı həyata keçirməmişdir. Həmçinin cavabdeh mülki hüquq münasibətlərinin başlıca prinsiplərindən olan vicdanlılığın vəzifələrin şərtləşdirilmiş vaxtda yerinə yetirilməsi meyarına əməl etməməklə, mülki qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, yeni inşa edilmiş binanın E blokunun, 7-ci mərtəbəsində 2 saylı, 59,48 kv.m-dən ibarət təmirli mənzilin təhvil verilməsi və bu səbəbdən də, iddiaçıya ödənilən aylıq 600 manat məbləğində kirayə pulunu ödəməyi dayandırmaqda Cavabdeh MTK haqlı olmamışdır. Cavabdeh bununla bağlı müqavilədə tərəfindən inşa ediləcək yeni binanın D blokunun 6-cı mərtəbəsində 1 saylı, 116 kv.m-dən ibarət təmirli mənzilin təhvil verilməsinədək aylıq 600 manat məbləğində kirayə pulunun ödənilməli olmasına dair qeyd-şərt təsbit edilmədiyinə istinad etsə də, bu, əvəzləşdirmənin mahiyyətinə ziddiyyət təşkil edir. Çünki əvəzləşdirmə tələblərin bir-birini ödəməsi ilə xarakterizə olunur. Müqavilədə iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilinin həcminə və onun həyat şəraitinin təmini üçün mühüm əhəmiyyət kəsb edən sair xüsusiyyətlərinə mütənasib olaraq, yeni inşa edilən binanın E blokunun, 7-ci mərtəbəsində 2 saylı, 59,48 kv.m-dən, D blokunun, 6-cı mərtəbəsində 1 saylı 116 kv.m-dən ibarət təmirli mənzillər sökülənin qarşılığı kimi təyin olunmuşdur. Razılaşdırılmış 600 manat aylıq kirayə məbləği də təhvil verilməli olan 2 mənzilə müvafiq hesablanmışdır ki, bu da həmin mənzillər iddiaçıya təhvil verilənədək mənzillərin daşıdığı təminat funksiyasını müvəqqəti əvəz edir. Həmçinin 600 manat məbləğində aylıq kirayə haqqının ödənilməsinin “yeni binanın D blokunun 6-cı mərtəbəsində 1 saylı 116 kv.m-dən ibarət təmirli mənzilin təhvil verilməsinədək” deyil, “yeni inşa edilən yaşayış binasından ona verilən mənzilin açarı təqdim olunanadək” davam etməsi göstərilsə də, müqavilənin bu normalarındakı söz və ifadələr hərfi mənada təfsir olunmamalıdır. Müqavilə şərtləri təfsir edilərkən həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi nəzərə alınmalıdır ki, sadalanmış amillər əsasında söküləcək mənzilin yerinə yeni tikilən binada 2 mənzilin iddiaçıya verilməsi və həmin mənzillərin əvəzləşdirilməsindən irəli gələrək müqavilə məzmununun müəyyənləşdirilmiş olması aşkar şəkildə sənəddə əks etdirilmişdir. Etirazın iddiaçının mənzil-məişət şəraitinin təmin olunması üçün yeni inşa edilmiş binanın E blokunun, 7-ci mərtəbəsində 2 saylı, 59,48 kv.m-dən ibarət təmirli mənzilin təhvil verilməsinin kifayət etməsi, iddiaçının onu satmaqla, əlavə vəsait əldə etməsi hissəsində də məhkəmə bu mülahizənin doğru olmadığı qənaətindədir. Nəzər yetirsək ki, iddiaçının yaşamış olduğu sökülən mənzilin faktiki divar altı sahəsi 146 m2 təşkil etmiş, həmin mənzildə keçirilmiş maddi-məişət şəraiti minvalının davam etdirilməsi həcmi 59,48 kv.mdən ibarət binanın E blokunun, 7-ci mərtəbəsindəki 2 saylı mənzillə qeyri-mümkündür. Yuxarıda müqavilə ilə əlaqədar sadalanmış mühakimələri rəhbər tutsaq, görərik ki, müqavilədə aylıq 600 manat məbləğində kirayə pulunun söküntüsü nəzərdə tutulmuş mənzildən iddiaçının köçdüyü gündən yeni inşa edilən binalardan ona verilən mənzillərin açarı təqdim olunan vaxtədək ödənilməsi göstərilmişdirsə, artıq razılaşdırılmış mənzillərdən biri iddiaçıya təhvil veridiyindən, növbəti aylar üzrə ödənilməli olan kirayə məbləği təqdim olunmamış mənzilə mütənasib hesablanmalıdır. Yeni inşa edilmiş binanın E blokunun 7-ci mərtəbəsində 2 saylı mənzil 59,48 kv.m, D blokunun 6-cı mərtəbəsində 1 saylı mənzil 116 kv.m-dan ibarət olmaqla, birlikdə 175,48 kv.m (59,48 kv.m+116 kv.m) təşkil edirlər. 175,48 kv.m ölçü üçün müəyyən olunmuş 600 manat kirayə haqqına tənasübə uyğun olaraq, hər 1 kv.m-in payına 3,40 manat (600/175,48) düşür ki, hələ təhvil verilməmiş yeni inşa edilmiş binanın D blokunun 6-cı mərtəbəsində 1 saylı mənzilin həcmi 116 kv.m təşkil etdiyindən, ona müvafiq ödənilməli kirayə haqqı aylıq olaraq 394 manat (116*3,40) tutacaqdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia qismən təmin edildiyindən, ödənilmiş 44 manat dövlət rüsumunun 22 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, 175 saylı mənzilin əvəzləşdirilməsi müqaviləsinin şərtlərinə əsasən 2024-cü ilin aprel ayından (aprel ayı daxil olmaqla) yeni inşa edilən binanın D blokunun, 6-cı mərtəbəsində 1 saylı 116 kv.m-dən ibarət təmirli mənzil İddiaçı təhvil verilənədək 395 manat məbləğində kirayə haqlarının İddiaçı ödənilməsi öhdəliyi Cavabdeh MTK-ya həvalə edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, 175 saylı mənzilin əvəzləşdirilməsi müqaviləsinin şərtlərinə əsasən 2024-cü ilin aprel ayından (aprel ayı daxil olmaqla) yeni inşa edilən binanın D blokunun, 6-cı mərtəbəsində 1 saylı 116 kv.m-dən ibarət təmirli mənzil İddiaçı təhvil verilənədək 395 manat məbləğində kirayə haqlarının İddiaçı ödənilməsi öhdəliyi Cavabdeh MTK-ya həvalə edilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 44 manat dövlət rüsumunun 22 manatı Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3200/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3200/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver