Məhkəmə qərarları › İş №2(005)-3209/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3209/2022

02.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3209/2022 02.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qasımlı Cəmil oğlu ilə Səadət Sarayı (Bakı nikah evi) tərəfindən 27 may 2022-ci il tarxində 633 saylı akt qeydi ilə bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə uşaq vaxtlarından yaxın dostluq münasibətləri var. Belə ki, Cəlalın atası ilə onun atası çox yaxın dostdur. 2022-ci ildə özünə karyera qurmaq məqsədi ilə xarici ölkələrdən birinə getmək istəmişdir. Bununla əlaqədar sosial şəbəkə üzərindən müvafiq axtarışlar aparmışdır. Sosial şəbəkə vasitəsi ilə elan verən saytla əlaqə saxladığı zaman bildirdilər ki, bunun üçün nikahda olmaq lazımdır. İlk ağlına gələn şəxs Cəlal oldu. İddiaçı Cəlala zəng vuraraq görüşmək istədiyini bildirdi. Görüşdükləri zaman iddiaçı Cəlala fikrini bildirərək ona köməklik etməsini, lakin bu barədə valideynlərinə hər-hansı bir söz deməməsini xahiş etdi. Cəlal ilk olaraq etiraz etsə də, çox xahiş etdikdən sonra razılıq verdi. Beləliklə, onlar ailələrindən xəbərsiz şəkildə rəsmi qaydada nikaha girdilər. 27 may 2022-ci il tarixdə, Səadət sarayında nikaha daxil olmuşlar. Bununla bağlı onlara xx.xx.2022-ci il tarixli, AZ-İİ №495497 nömrəli nikah haqqında şəhadətnamə verildi. Onlar nikaha daxil olduqdan sonra iddiaçı xarici ölkəyə getmək üçün müvafiq hazırlıqlar görməyə başladı. Evdən heç kimin xəbəri olmaması üçün bütün hazırlıqlarını gizli şəkildə aparırdı. Lakin anasının nikah haqqında şəhadətnaməni tapmasından sonra, evdə yaranmış problemlərə görə niyyətini valideynlərinə bildirdi. Valideynləri iddiaçının xarici ölkəyə getməyimə qəti etrazlarını bildirdilər. Artıq niyyəti baş tutmadığı üçün cavabdehlə bağladıqları saxta nikahın hər hansı bir qüvvəsi qalmamışdır. Bu səbəbdən də nikahın etibarsızlığı barədə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə ilə müraciət edərək İddiaçı tərəfindən verilmiş nikahın etibarsız hesab edilməsinə dair iddia tələbi qəbul etdyini və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılan üçüncü şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi məhkəməyə yazılı müraciət edərək, mülki işə onların onların iştirakı olmadan baxılmasınıı xahiş etmişdirlər. Məhkəmə mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah 27 may 2022-ci il tarixdə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə və arvada Qasımlı soyadı verilmişdir. Tərəflərin birgə nikahından uşaqları yoxdur. İddiaçı cavabdehlə aralarında faktiki olaraq ər-arvad münasibətlərinin olmadığını, heç vaxt bir yerdə yaşamadıqlarını və birgə təsərrüfat aparmadıqlarını bildirir və cavabdehlə aralarında bağlanmış nikahın etibarsız hesab edilməsini tələb edir. Cavabdeh ona qarşı irəli sürülmüş iddianı etiraf edir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin bu məbləği cavabdehdən tələb etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı, iddianın etirafı qəbul olunduğundan tərəflər arasında bağlanmış nikah etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah etibarsız hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 191-ci, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış və Bakı Nikah Evi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 633 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar