Məhkəmə qərarları › İş №2(005)-3210/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3210/2023

13.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3210/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “boşdayanmaya görə vəzifə maaşının 2/3 hissəsinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan qaydada məcburi boş dayanmalara görə işçiyə hər ay üçün ödənilməli olan əmək haqqının 2/3 hissəsi hesablanmaqla cavahdehdən tutularaq onun xeyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2009-cu il tarixində "xxxx" zavodunda (hazırda Açıq Səhmdar Cəmiyyəti)” 3-cü dərəcəli pasterizə edən maşinist vəzifəsinə işə daxil olmuş və onunla həmin tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi üzrə əmək haqqı 280 manat müəyyən edilmişdir. Sonradan əmək haqqı artırılmışdır. 2019-cu ilə kimi əmək funksiyasını, öhdəliklərini vicdanla yerinə yetirmiş və əmək fəaliyyəti dövründə heç bir nöqsana yol verməmiş, barəsində heç bir intizam tədbiri tətbiq edilməmişdir. 2019-cu ilin may ayında müəssisənin rəhbərliyi ona digər işçilərə müəssisədə istehsalatın azaldığını və bu səbəbdən işə gəlməmələrini bildirmişdir. O, ailədə yeganə gəlir gətirən şəxs olduğunu və işləməyəcəyi təqdirdə ailənin maddi vəziyətinin pisləşəcəyini bildirsə də, rəhbərlik buna əhəmiyyət verməmiş və bildirmişdir ki, müəssisə qısa müddətdə işə düşən kim onları yenidən işə çağıracaqlar. Rəhbərlik ilə konflikt yaratmamaq, mövcud işi itirməmək üçün məcbur olub gözləyib. Müəssisə tərəfindən onların heç birinin işə gəlməməsi barədə sənədləşdirmə aparılmamışdır. Həmçinin, nə onlar tərəfindən ərizə yazılmış, nə də işəgötürən tərəfindən müvafiq əmrlər verilmişdir. Rəhbərlik hər dəfə onların suallarına cavab olaraq bildirmişdir ki, tezliklə onları işə çağıracaq. Rəhbərlik onları qeyd olunan tarixdən etibarən işə çağırmamış, uzunmüddətli işsizlik səbəbindən maddi vəziyyətləri pisləşmişdir. Onlar dəfələrlə müəssisəyə gedib işləmək istədiklərini bildirsələr də, hər dəfə rəhbərlik onları çağıracaqlarına inandırmaqla sakitləşdirmiş və beləcə süni olaraq vaxtı uzatmışdır. Hamı rəhbərliyin sözünə inanıb gözləmişdir. Bir müddətdən sonra onlar rəhbərliyə müraciət edərək qismən də olsa, yaranmış maddi çətinliyin öhdəsindən gəlmək üçün qanunla nəzərdə tutulmuş qaydada işəgötürənin təqsiri səbəbindən, məcburi boş dayanmalar olduğu üçün əmək haqqının 2/3 hissəsinin ödənilməsini xahiş etmişlər. Lakin hazırkı tarixə kimi onların şikayət və tələblərinə əhəmiyyət verilməmişdir. 2019-cu il tarixində müəssisədə istehsalatın dayandırılması barədə hər hansı bir əmr olmamış və işçilərin kütləvi surətdə işə buraxılmaması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna məlumat verilməmişdir. Ona Cəmiyyətin istehsal və satış fəaliyyəti dayandırıldığından istehsal sexlərində işin olmaması səbəbindən iş yerlərinin ixtisarına qərar verilməsi barədə bildiriş daxil olmuşdur. 09 iyun 2022-ci il tarixində isə bildirişlə ona əmək nüqaviləsinə xitam verilməsi barədə 08 iyun 2022-ci il tarixli əmrin surəti göndərilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Ona son haqq hesab təqdim edilərkən məcburi boş dayanmalara görə ödənilməli olan əmək haqqları nəzərə alınmamış və ödənilməmişdir. Sonradan aldıqları məlumata əsasən, müəssisənin ərazisindəki sex və anbarlar yüksək məbləğdə icarəyə verilərək böyük məbləğdə pul vəsaiti əldə olunmasına baxmayaraq, ona və müəssisənin digər işçilərinə boşdayanmaya görə qanunla haqları çatan əmək haqqı ödənilməyib. Müəssisənin sexlərini icarəyə götürən şəxs tərəfindən başqa işçilər işə cəlb edilib və onlara əmək haqqı ödənilir. Belə çıxır ki, müəssisədə istehsalatın dayandırılmasına heç bir zərurət olmamışdır. Çünki müəssisədə iş faktiki olaraq davam etdirilmişdir. Cavabdehin işəgötürən kimi yol verdiyi nöqsanlar, işçi kimi hüquqlarını kobud şəkildə pozmuş və maddi vəziyyətlərinin pisləşməsinə səbəb olmuş, ailəsi və onun üçün əlverişsiz şərait yaratmışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, “1.Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər”. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, əmək haqları ayda bir dəfə 01-10 təqvim günü aralığında ödənilir. İddiaçı 11-ci gündə əmək haqlarını almırsa, hüquqlarının pozulması günü hesab edilir və müddətin axımı başlayır, mediasiyanın tətbiqi barədə təklifin göndərildiyi xx.xx.2023-ci il tarixində kəsilmiş, mediasiya arayışının verildiyi xx.xx.2023-cü il tarixindən müddətini axımı bərpa olmuş, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixində isə müddətin axımı kəsilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verildiyini nəzərə alaraq, iddiaçının iddia tələbi həmçinin qanunla məhkəməyə müraciət üçün müəyyən edilmiş 1 illik müddətdən çox olduğu üçün iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Eyni zamanda cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, müəssisədə mövcud olan kollektiv müqavilənin 4.10-cu bəndinə əsasən, istehsal və satışın olmaması yaxud Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışa tələbatın olmamasından işin dayandırılması, eləcə də müəssəsisənin normal fəaliyyət göstərməsinə mane olan, o cümlədən dövlət orqanlarının qəbul etdikləri qərarlar və ya onların nümayəndələrinin hərəkətləri məhkəmə qarşısında mübahisələndirilərkən müəssisənin fəaliyyət göstərməməsi zamanı işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilər. İşçilərin ödənişsiz məzuniyyətə buraxılması qanunvericiliklə müəyyən olunan müddətdən çox olmamaqla bir təqvim ilində bir neçə dəfə ola bilər. İddia tələbi 2019-2022-ci illər üzrə olduğu üçün göründüyü kimi bu aylarda işçilər, o cümlədən iddiaçı ödənişsiz məzuniyyətdə olduğu üçün həmin müddətə əmək haqqının verilməsi mümkün deyildir. Müxtəlif işlər üzrə Ali Məhkəmənin də mövqeyi apellyasiya instansiyasının mövqeyi ilə üst-üstə düşmüş, işlərin yalnız 6 aydan çox olan müddət üçün əmək haqqının ödənilməsi müəyyən edilmişdir. Bundan əlavə, iddia tələbi qanunla məhkəməyə müraciət üçün müəyyən edilmiş 1 illik müddətdən çox olduğu üçün iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “3-cü dərəcə pasterizə edən maşınist” vəzifəsinə aylıq əmək haqqı 280 manat olmaqla işə qəbul edilmişdir; - İşçi ilə əmək müqaviləsinə xitam verilməsi haqqında X1 33 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış xxxxxxx000100 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “b” maddəsinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xx.xx.2022-ci il tarixindən xitam verilmişdir; - 01.06.2022-xx.xx.2023-cü illər arası dövr üzrə hesabdan çıxarışdan görünür ki, İddiaçı hesabına son haqq-hesab olaraq 744,69 manat məbləğində pul xx.xx.2022-ci il tarixdə köçürülmüşdür; - "xxxx" ASC ilə 2020-2023-cü illər üçün bağlanmış kollektiv müqavilənin surətindən və məzmunundan görünür ki, "xxxx" ASC-nin işəgötürəni və müəssisə həmkarlar ittifaqı komitəsi əmək, sosial-iqtisadi və istehsalat sahəsində münasibətləri tənzimləyən bu kollektiv müqaviləni bağlayırlar (1.1-ci bənd). Kollektiv müqavilə 3 il müddətinə (2020- 2023-cü illər üçün) bağlanılır və tərəflər imzaladığı gündən qüvvəyə minir (1.3-cü bənd). Kollektiv müqavilə bütün müəssisə işçilərinə şamil edilir və onun normaları işəgötürən, həmkarlar ittifaqı təşkilatı üçün məcburidir (1.4-cü bənd). İstehsal və satışın olmaması, yaxud Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışına tələbatın olmamasından işin dayandırılması, eləcə də müəssisənin normal fəaliyyət göstərməsinə mane olan, onun fəaliyyətinin dayandırılmasına səbəb olan hallar olduqda işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxila bilər. İşçilərin ödənişsiz məzuniyyətə buraxılması qanunvericiliklə müəyyən olunan müddətdən çox olmamaqla təqvim ilində bir neçə dəfə ola bilər (4.10-cu bənd); - "xxxx" ASC-nin X1 xx.xx.2019-cu il tarixli, 09 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanaraq, rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçilərin 1 ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir; - "xxxx" ASC-nin X1 xx.xx.2019-cu il tarixli, 10 nömrəli əmrinin surətindən görünür ki, İdarə heyətinin xx.xx.2019-cu il tarixli 09 saylı əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddətinin 3 ay uzadılması qərara alınmışdır; - "xxxx" ASC-nin X1 xx.xx.2019-cu il tarixli, 11 nömrəli əmrinin surətindən görünür ki, İdarə heyətinin xx.xx.2019-cu il tarixli 10 saylı əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddətinin yenidən xx.xx.2019-cu ilə kimi uzadılması qərara alınmışdır; - "xxxx" ASC-nin X1 xx.xx.2019-cu il tarixli, 13 nömrəli əmrinin surətindən görünür ki, X1 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin xx.xx.2019-cu ildən geri çağırılmaları qərara alınmışdır; - "xxxx" ASC-nin X1 xx.xx.2020-ci il tarixli, 01 nömrəli əmrinin surətindən görünür ki, bütün işçi heyəti xx.xx.2020-ci il tarixindən 1 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışlar; - "xxxx" ASC-nin X1 xx.xx.2020-ci il tarixli, 03 nömrəli əmrinin surətindən görünür ki, İdarə heyətinin xx.xx.2020-ci il tarixli 01 saylı əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddətinin xx.xx.2020-ci ilə kimi uzadılması qərara alınmışdır; - "xxxx" ASC-nin X1 xx.xx.2020-ci il tarixli, 04 nömrəli əmrinin surətindən görünür ki, X1 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin xx.xx.2020-ci il tarixindən geri çağırılmaları qərara alınmışdır; - "xxxx" ASC-nin X1 xx.xx.2020-ci il tarixli, 05 nömrəli əmrinin surətindən görünür ki, İdarə heyətinin xx.xx.2020-ci il tarixli 01 saylı əmri ilə ödənişsiz məzuniyyətə buraxılmasına dair verilmiş əmrin müddətinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək uzadılması qərara alınmışdır; - "xxxx" ASC-nin X1 xx.xx.2021-ci il tarixli, 01 nömrəli əmrinin surətindən görünür ki, X1 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin xx.xx.2021-ci ildən geri çağırılmaları qərara alınmışdır; - "xxxx" ASC-nin X1 xx.xx.2021-ci il tarixli, 02 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə və kollektiv müqavilənin 4.10-cu maddəsinə əsaslanaraq, rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçilərin xx.xx.2021-ci il tarixdən 6 ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir; - "xxxx" ASC-nin X1 xx.xx.2021-ci il tarixli, 03 nömrəli əmrinin surətindən görünür ki, X1 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin xx.xx.2021-ci ildən geri çağırılmaları qərara alınmışdır; - "xxxx" ASC-nin X1 xx.xx.2021-ci il tarixli, 04 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə və kollektiv müqavilənin 4.10-cu maddəsinə əsaslanaraq, rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçilərin xx.xx.2021-ci il tarixdən 6 ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir; - "xxxx" ASC-nin X1 xx.xx.2021-ci il tarixli, 05 nömrəli əmrinin surətindən görünür ki, X1 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin xx.xx.2021-ci ildən geri çağırılmaları qərara alınmışdır; - "xxxx" ASC-nin X1 xx.xx.2021-cu il tarixli, 07 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə və kollektiv müqavilənin 4.10-cu maddəsinə əsaslanaraq, rəhbərlik və növbəli nəzarət sahəsinin işçiləri istisna olmaqla bütün işçilərin xx.xx.2022-ci il tarixdən 6 ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir; - Mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, İddiaçı mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə göndərmişdir; - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir; - 15 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mediasiyanın tətbiqi barədə təklifin tarixi xx.xx.2023-cü il, İMS üçün ərizənin qeydiyyat tarixi isə xx.xx.2023-cü il tarixidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixindən "xxxx" Açıq Səhmdar Cəmiyyətində 3-cü dərəcə pasterizə edən maşınist vəzifəsində çalışmışdır. İddiaçının əmək haqqı 280 manat olmuşdur. "xxxx" ASC İdarə Heyətinin sədri ilə Həmkarlar İttifaqı Komitəsi arasında 2020-2023-cü illər üçün kollektiv müqavilə bağlanmışdır. Müqavilənin 4.10-cu bəndində istehsal və satışın olmaması, yaxud Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışına tələbatın olmamasından işin dayandırılmasına səbəb olan hallar olduqda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxilması nəzərdə tutulmuşdur. İddiaçı işəgötürənin xx.xx.2019cu il tarixli əmri ilə 1 ay müddətinə, xx.xx.2019-cu il tarixli əmri ilə 3 ay müddətinə, xx.xx.2019-cu il tarixli əmri ilə xx.xx.2019-cu il tarixinədək, xx.xx.2020-ci il tarixli əmri ilə 1 ay müddətinə, xx.xx.2020-ci il tarixli əmri ilə xx.xx.2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixli əmri ilə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2021-ci il tarixli əmri ilə 6 ay, xx.xx.2021-ci il tarixli əmri ilə 6 ay, xx.xx.2021-ci il tarixli əmri ilə də 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. İşəgötürənin xx.xx.2022-ci il tarixli əmri əsasında İddiaçı ilə bağlanmış xx.xx.2009-cu il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Hazırda iddiaçı boşdayanmaya görə vəzifə maaşının üçdə iki hissəsinin cavabdeh "xxxx" ASC tərəfindən ödənilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ və Vİ hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsini əks etdirir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək, sosial-iqtisadi, məişət və digər münasibətlərin tənzimlənməsi məqsədilə işəgötürən, əmək kollektivi və ya həmkarlar ittifaqları təşkilatı arasında yazılı formada kollektiv müqavilə bağlana bilər. Kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər (Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsi). Əmək Məcəlləsinin 31-ci maddəsinin 3 və 4-cü hissələrinə uyğun olaraq, kollektiv müqavilədə müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla digər, o cümlədən bu Məcəllədə nəzərdə tutulduğundan daha güzəştli əmək və sosial-iqtisadi şərtlər də (əlavə məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyə xərclərinin ödənilməsi, pulsuz və ya güzəştli qiymətlərlə yemək verilməsi və digər güzəşt və əvəzlər) nəzərdə tutula bilər. Bu Məcəllədə və digər normativ hüquqi aktlarda kollektiv müqaviləyə daxil edilməsi nəzərdə tutulmuş müddəaların kollektiv müqavilədə əks etdirilməsi məcburidir. Göründüyü kimi, kollektiv müqavilənin əsas məqsədi işəgötürən ilə işçilər arasında əmək, sosial, iqtisadi və digər münasibətlərin tənzimlənməsidir. Kollektiv müqavilələrdə Əmək Məcəlləsinə nisbətən işçilərin hüquqlarını məhdudlaşdıran normaların nəzərdə tutulmasına yol verilmir. Hazırki iş materiallarına əlavə edilmiş və cavabdehin etirazında istinad etdiyi kollektiv müqavilənin 4.10-cu bəndindən görünür ki, istehsal və satışın olmaması, yaxud Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışına tələbatın olmamasından işin dayandırılması, eləcə də müəssisənin normal fəaliyyət göstərməsinə mane olan, onun fəaliyyətinin dayandırılmasına səbəb olan hallar olduqda işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxila bilər. İşçilərin ödənişsiz məzuniyyətə buraxılması qanunvericiliklə müəyyən olunan müddətdən çox olmamaqla təqvim ilində bir neçə dəfə ola bilər. Bununla bağlı qeyd edilməlidir ki, kollektiv müqavilədə işçilərin müvafiq hallarda ödənişsiz məzuniyyətə buraxılması nəzərdə tutulsa da, bu hal işəgötürən tərəfindən məzuniyyətə buraxılma barədə əmr verilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalara əməl edilməməsi və yaxud işçilərin Məcəllədə nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırıla biləcəyi anlamına gəlmir. Belə ki, Əmək Məcəlləsinin 129-cu maddəsinə görə ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Maddənin məzmunundan göründüyü kimi, ödənişsiz məzuniyyət işəgötürən tərəfindən birtərəfli qaydada deyil, altı aydan çox olmamaqla tərəflərin mülahizəsinə əsasən verilə bilər. Eyni zamanda Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Hazırki iş materiallarından göründüyü kimi, "xxxx" ASC ödənişsiz məzuniyyətə buraxılma barədə əmrlər ilə məhsul istehsalı və satışının dayanması ilə əlaqədar Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanmaqla işçiləri, o cümlədən hazırki iş üzrə iddiaçını ödənişsiz məzuniyyətlərə buraxmışdır. Cavabdeh tərəfindən verilən bu cür əmrlər Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanmaqla il ərzində bir neçə dəfə təkrarlanmış, 2019-2022-ci illər üzrə hər dəfə 6 ay olmaqla, davamlı olmuş (3-4 gün fasilə verilməklə), demək olar ki, iddiaçı bütün il ərzində əmək müqaviləsinə xitam verilənədək ödənişsiz məzuniyyətdə olmuşdur. Məhkəmə hesab edir ki, qeyd olunan əmrlər verilərkən kollektiv müqavilədə nəzərdə tutulmasına baxmayaraq, Əmək Məcəlləsinin 129-cu maddəsinə uyğun olaraq, ödənişsiz məzuniyyətin tərəflərin mülahizəsinə əsasən müəyyən edilməsi nəzərə alınmamışdır. Belə ki, cavabdeh əmrlər verilərkən iddiaçının mülahizəsinin nəzərə alınmasını, onun bu barədə əvvəlcədən xəbərdar edilməsini, ödənişsiz məzuniyyətin müddəti ilə razı olubolmamasının müəyyənləşdirilməsini, məzuniyyətə göndərilmə və məzuniyyətdən çağrılma barədə əmrlərin ona təqdim edilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, ödənişsiz məzuniyyətin müddəti qanunvericilikdə 6 ay müddətlə məhdudlaşdırılmışdır. Hazrki işdə isə iddiaçı 2019-2022-ciillər üzrə davamlı olaraq, 6 aydan bir məzuniyyətdən geri çağırılma, yenidən ödənişsiz məzuniyyət verilmə barədə əmrlərlə 3 ildən çox müddətə ödənişsiz məzuniyyətdə olmuşdur. Bu hal isə işəgötürənin hüquqlarından sui-istifadə etməsinin və davamlı olaraq ödənişsiz məzuniyyətə göndərmək barədə əmrlər verməklə əmək qanunvericiliyinin tələblərini pozmasının göstəricisidir. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlərdə boşdayanmaya görə əmək haqqının ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, boşdayanma vaxtı - əmək münasibətləri prosesində təsadüf olunan elə bir haldır ki, bu zaman işçi hər hansı səbəb üzündən əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirə bilmir. Boşdayanma işəgötürənin təqsiri üzündən və ya işçidən asılı olmayan digər səbəblər üzündən yaranarsa, işçilərə əmək müqaviləsində və yaxud kollektiv müqavilədə nəzərdə tutulan əmək haqqı məbləği tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq hesablanır və ödənilir. Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə isə işəgötürən hasilat normalarının yerinə yetirilməsi üçün işçiyə iş şəraitinin minimum şərtlərini mütləq təmin etməlidir. Müvafiq şəraitin yaradılmamasına görə boşdayanma vaxtı işəgötürənin məsuliyyətinə aiddir və onun təqsiri üzündən boşdayanma kimi qəbul olunmalıdır. Göründüyü kimi, işçilərin qrup halında davamlı olaraq ödənişsiz məzuniyyətə buraxılması və minimum əmək haqqından məhrum edilməsi daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından suiistifadəsinə şərait yaratmış olur, bu hal isə qanunvericilik tərəfindən yolverilməz hesab edilir. İşçidən asılı olmayan hallara görə zəruri iş şəraitinin təmin edilməməsi halında işçinin Konstitusiyada və Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq təminatları almaq hüququndan məhrum edilməsi ədalət prinsipi ilə ziddiyyət təşkil etmiş olur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı boşadayanmaya görə əmək haqqının 2/3 hissəsinin ödənilməsini tələb etməkdə haqlı olsa da, iddia müddəti ötürüldüyündən iddia təmin edilə bilməz. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üçün boşadayanmaya görə əmək haqqının 2/3 hissəsinin ödənilməsini tələb edir. Cavabdeh isə öz növbəsində Əmək Məcəlləsinin 296.4-cü maddəsi ilə nəzərdə tutulmuş 1 illik iddia müddətinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən, Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Nəzərə alınmalıdır ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini nəzərdə tutan 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Eyni Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. “Mediasiya haqqında” Qanunun iddia müddətinin axımının dayandırılmasını müəyyən edən 35-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan başlanmış sayılır. Hazırki iş üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilmişdir. İddiaçının izahatına əsasən ona bu barədə 09 iyun 2022-ci il tarixində bildiriş göndərilmiş, son haqq-hesab iddiaçının hesabına xx.xx.2022-ci il tarixdə köçürülmüşdür. Mediasiyanın tətbiqi barədə təklif isə tərəfə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Bu zaman iddia müddətinin axımı kəsilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış isə xx.xx.2023-cü il tarixdə verilmiş və bununla da müddətin axımı bərpa olunmuşdur. İddiaçı isə iddia tələbi ilə məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Qeyd olunmalıdır ki, qanunda əmək haqqının hər ay üzrə ödənilməsinə dair qayda, ay tamam olduqda əmək haqqı almayan işçinin həmin dövr üzrə almalı olduğu ödəncə münasibətdə hüququnun pozulduğunu bilməsinə dəlalət edir. Başqa sözlə, işçinin əmək haqqı tələbinə iddia müddəti vəsaitin ödənilmədiyi məlum olduğu vaxtdan hər ay üzrə ayrıca hesablanır. Hazırki iş üzrə hətta iddia müddətinin axımı son haqq-hesabın ödənildiyi dövrdən hesablansa belə, hansı ki həmin dövrdən iddiaçının hüququnun pozulduğunu bilməməsi mümkün deyildir, iddia müddəti hər bir halda ötürülmüşdür. Göründüyü kimi, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, bununla da 1 illik iddia müddətini ötürmüş, müddətin ötürülməsinin üzrlü hesab edilməsini xahiş etməmiş və bunun üzrlü səbəbdən baş verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Məhkəmə prosessual qənaət prinsipini, boşdayanmaya görə ödənilməli olan məbləğlərin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilməsinin əlavə xərclərə və işə mahiyyəti üzrə baxılmasının əsassız uzanmasına səbəb olacağını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə əlavə araşdırma aparılmadan Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Beləliklə, iddiaçının qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, məhkəmə araşdırması zamanı cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini və müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə heç bir sübutun təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “boşdayanmaya görə vəzifə maaşının 2/3 hissəsinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “boşdayanmaya görə vəzifə maaşının 2/3 hissəsinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar