Məhkəmə qərarları › İş №2(005)-3218/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3218/2025

14.11.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3218/2025 14.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətləri Agentliyinə qarşı (açar sözlər: işə bərpa) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətləri Agentliyinə qarşı “işə bərpa, müddətli əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətləri Agentliyinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı işə bərpa olunma barədə əsaslı iddia tələbini təmin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı, 2011-ci ildən etibarən əvvəla Respublika Dövlət Toxum Müfəttişliyində, daha sonra struktur islahatları nəticəsində o ləğv edilib əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında X2 və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılanadək (2015-ci il) orada müddətsiz əmək müqaviləsi üzrə aqronom kimi fəaliyyət göstərmişəm. Sözügedən Müfəttişliyin ləğvindən sonra peşəkar fəaliyyətimi həmin Müfəttişliyin bazasında yaradılan yeni struktur vahidi kimi Kənd Təsərrüfatı Nazirliyi vanında X2 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində müddətsiz əmək müqaviləsi üzrə 2019-cu ilədək Göygöl RTSL-də Kəlbəcər rayonu üzrə baş aqronom kimi davam etdirmişəm. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 14 yanvar tarixli 467 nömrəli Fərmanı ilə aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, X2 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra, “Agentlik” yaradılmışdır. Mən yenə fəaliyyətimi yeni struktur vahidində-Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində baş aqronom kimi davam etdirdim, lakin bu dəfə qəti etiraz etməyimə rəğmən mənim müddətsiz əmək müqaviləmi qərəzli olaraq müddətli əmək müqaviləsi ilə əvəz etdilər. Mənə belə izah edildi ki, “əmək müqaviləsinin müddəti mütəmadi uzadılacaq, etiraz etsəniz müqavilənizə tamamilə xitam verəcəyik, işləmək istəyirsənsə, biz nə deyirik ona qulaq as, asmasan, əmək müqavilənin müddətin uzatmayacağıq, heç məhkəmə də sənin şikayətinə baxmayacaq”. Aydın məsələdir ki, müddətin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verməyi rəhbərlər öz şəxsi maddi mənafeləri doğrultusunda işçilərdən istifadə etmək üçün bir hədə-qorxu vasitəsi kimi seçmişdilər. Hətta rəhbərliklə ziddiyyətlər yaşadığım bir vaxt hədələrinin real olduğunu göstərmək üçün Agentlik 2021 -ci ilin oktyabr ayı əmək müqaviləmə xx.xx.2021-ci il tarixli 287/k nömrəli əmrlə müqavilə müddətinin bitməsi əsası ilə xitam verdi. 1 ay işsiz qalandan sonra məni yenidən işə çağırdılar və yenə xx.xx.2021 -ci il tarixində № xxxxxxx000301 nömrəli müddətli əmək müqaviləsi bağlandı. Bu azmış kimi xx.xx.2024-cü il tarixində X3 Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktor müavini kimi daimi xarakterli və yüksək vəzifə tutmağıma rəğmən 3 aydan bir uzadılan əmək müqaviləmə müddətin bitməsi əsası ilə yenidən xitam verdi. Ən dəhşətlisi isə odur ki, işdən 2019-ci ilin sonunda, hələ birinci dəfə işdən çıxarıldığım dövrdə keçirdiyim ağır stress və depresiya məni qan xərçənginə (Bhüceyrə tipli xroniki limfositar leykemiya) düçar etdi (Ərizəyə əlavə edilir: Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzində keçirilmiş müayinə, analiz və nəticələri). Maddi vəziyyətimiz qənaətbəxş olmadığı üçün işləməkdən başqa çarəm yox idi, bu səbəbdən xəstə olmağıma rəğmən müalicə müddətində davamlı işləmişəm, əks halda müalicəmi qarşılayacaq vəsaiti qarşılamaq mümkün olmazdı. Lakin xx.xx.2024-cü ildə ikinci dəfə müddət məsələsi bəhanəsi ilə qanunsuz işdən çıxarıldığıma görə xəstəliyim yenidən şiddətləndi, çünki müalicəmi davam etdirəcək maddi gücüm yox idi. Əgər işimə qanunsuz olaraq xitam verilməsə idi, sadecə bir il sonra sosial təminat hüququmdan istifadə edib pensiyaya çıxacaqdım. Bu ərizəyə əlavə olunan əmək müqaviləsi bildirişləri və ƏMAS sistemindən çıxarışlarla sübut olunur ki, 2011 -ci ildən 2019-cu ilədək Kənd Təsərrüfatı Nazirliyinin müxtəlif struktur qurumlarında müddətsiz əmək müqaviləsi ilə çalışmışam. Lakin 2019-cu ildən yeni struktur vahidi olan Agentliklə müddətsiz müqaviləm saxlanmadı və qəti etiraz etməyimə baxmayaraq müddətliyə keçirildi, hansı ki əmək müqaviləmə sonuncu dəfə xitam edilənədək müddətli bu pozuntu davam etdi, çünki etiraz etmək işini itirmək demək idi və himayəsində övladları olan ağır dərəcəli xərçəng xəstəsi biri işini itirsə, nə özünü müalicə etdirə, nə də ailəsinə baxa bilər. xx.xx.2024-cü il tarixinə, yəni sonuncu xitam tarixinə qədər Kənd Təsərrüfatı Nazirliyinin daxilindəki eyni, lakin struktur islahatları ilə adı dəyişdirilmiş qurumun 2011-ci ildən aqronom vəzifəsi ilə başlayıb, daha sonra 2021-ci ilədək baş aqronom və 2021-ci ildən direktor müavini vəzifələrində işləmişəm. Aydın məsələdir ki, işlədiyim adıçəkilən bu üç vəzifədən heç biri mövsümi xarakter daşımır, daimi və tam ştat vahididir.” İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə yazılı ərizə təqdim edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindəki 2(005)- 3218/2025 saylı iş üzrə İddiaçı xəstəliyinin ağırlaşması səbəbindən iddia müddətinin buraxılmasını üzrlü hesab edərək, buraxılmış iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı B-hüceyrə tipli xroniki limfositar leykemiya (qan xərçəngi) xəstəsidir. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən alınmış sənədlər bu faktı təsdiq edir. 1 avqust 2024-cü il tarixində gözlənilmədən işdən çıxarıldığını öyrənən iddiaçı xeyli qorxu və stress keçirmişdir, həmçinin təəssüf ki, iddiaçının işdən çıxarılandan sonra dərmanlarını alacaq maddi vəsaiti də olmayıb. Dərman istifadəsi dayanan kimi səhhəti sürətlə pozulub və zəruri ehtiyaclarını ödəməkdə belə çətinlik çəkib. Bu faktı rutin müayinələrin birinə aid olan xx.xx.2025 tarixli Epikriz də sübut edir. İddiaçı səhhəti imkan vermədiyi üçün keçən dövr ərzində məhkəmədə şəxsən özünü müdafiə etmək iqtidarında olmayıb, nə də vəkil tutmaq üçün maddi imkanı olmayıb. Nəticə etibarilə şəxsin məhkəmə müdafiəsi hüququnu realizə etməyi mümkünsüz olub. II. Tərəflərin mövqeləri: Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətləri Agentliyi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 2024-cü il 01 avqust tarixli 3-22- 1/3-1-372/2024 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən xitam verilmişdir. Aqrar Xidmətlər Agentliyi tərəfindən 2024-cü il 29 iyul tarixində iddiaçıya yazılı formada onunla bağlanmış əmək müqaviləsinə 2024-cü il 1 avqust tarixindən xitam verilməsi barədə bildiriş göndərilmişdir. 2024-cü il 1 avqust tarixindən cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və həmin tarixdə sözügedən əmr elektron poçt vasitəsilə iddiaçıya təqdim edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi iddiaçı məhkəməyə müraciət etməklə əlaqədar qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür və müddətin ötürülməsinə dair hər hansı bir üzrlü səbəb və bununla bağlı ərizə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı “işə bərpa” tələbi üzrə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, iddiaçı 2011-ci ildən Respublika Dövlət Toxum Müfəttişliyində işləyib,lakin sonradan müxtəlif səbəblərə görə adı dəyişilərək Kənd Təsərrüfatı Nazirliyi yanında X2 və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılanadək orada müddətsiz əmək müqaviləsi üzrə aqronom kimi fəaliyyət göstərmişdir. Sonradan xx.xx.2024-cü ildən X3 Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktor müavini vəzifəsinə təyin olunmuşdur. Bundan öncəki dövrlərdə iddiaçının əmək müqaviləsi müddətsiz olub, lakin struktur dəyişikliyi olduqdan sonra ona bildiriblər ki, məcburi qaydada əmək müqaviləsi müddətli qaydada bağlanmalıdır. İddiaçı razılaşaraq müddətli əmək müqaviləsi bağlayıb və bundan sonra xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilib. İddia müddətinin ötürülməsinin üzürlü hesab edilməsini xahiş edir, çünki iddiaçının işdən çıxarılmamışdan əvvəl qan xərçəngi xəstəliyinə tutulması ilə bağlı arayış təqdim etmişdirlər. İddiaçının həmin dövrdə xəstəliyi olub və bununla bağlı iddia tələbi ilə müraciət etməkdə gecikib. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün Əmək Məcəlləsinin müəyyən edilmiş məhkəmə müraciət edilməsi ilə bağlı bir aylıq müddət pozulmuşdur. xx.xx.2024-cü il tarixdə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir və bu barədə ona bildiriş göndərilmişdir. Artıq bir il müddət keçib və bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş edir. Ərizəyə münasibətdə bildirir ki, MM-nin 382-ci maddəsinin tələbinə əsasən iddia müddətinin ötürülməsinə səbəb olan hal, o halda üzrlü hesab edilə bilər ki, bu iddia müddəti ərzində baş vermiş olsun. İddiaçıya xəstəlik diaqnozu 2020-ci ildə qoyulmuşdu və əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə 2024-cü ilin avqust ayında əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xəstə olduğu dövrdə işə gəlibgetmişdir. Bu səbəbdən ərizənin təmin olunmamasını xahiş edir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: -xx.xx.2016-cı il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2016-cı il tarixdə işəgötürən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X2 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində Göygöl RTSL-də Kəlbəcər rayonu üzrə baş aqronom vəzifəsində işləmişdir. Əmək haqqı 333 manatdır. -xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2016-cı il tarixdə işəgötürən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X2 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində Göygöl RTSM-də Kəlbəcər rayonu üzrə baş aqronom vəzifəsində işləmişdir. Əmək haqqı 396 manatdır. -xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2016-cı il tarixdə işəgötürən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X2 və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində Göygöl RTSM-də Kəlbəcər rayonu üzrə baş aqronom vəzifəsində işləmişdir. Əmək haqqı 363 manatdır. -xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2019-cu il tarixdə işəgötürən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində baş aqronom vəzifəsində işləmişdir. Əmək haqqı 457 manat, əmək müqaviləsinin müddətinin bitmə tarixi xx.xx.2020-ci ildir. Bildirişdə aparılmış qeyddən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cu maddəsinə əsasən Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. -xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2019-cu il tarixdə işəgötürən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində baş aqronom vəzifəsində işləmişdir. Əmək haqqı 457 manat, əmək müqaviləsinin müddətinin bitmə tarixi xx.xx.2020-ci ildir. Bildirişdə aparılmış qeyddən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cu maddəsinə əsasən Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. -xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə işəgötürən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində direktor müavini vəzifəsində işləmişdir. Əmək haqqı 599,40 manat, əmək müqaviləsinin müddətinin bitmə tarixi xx.xx.2022-ci ildir. Bildirişdə aparılmış qeyddən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cu maddəsinə əsasən Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. -xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə işəgötürən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində direktor müavini vəzifəsində işləmişdir. Əmək haqqı 652,50 manat, əmək müqaviləsinin müddətinin bitmə tarixi xx.xx.2022-ci ildir. Bildirişdə aparılmış qeyddən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cu maddəsinə əsasən Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. -xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən işəgötürən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində direktor müavini vəzifəsində işləmişdir. Əmək haqqı 809,10 manat, əmək müqaviləsinin müddətinin bitmə tarixi xx.xx.2023-cü ildir. Bildirişdə aparılmış qeyddən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cu maddəsinə əsasən Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. -xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə işəgötürən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində direktor müavini vəzifəsində işləmişdir. Əmək haqqı 929,63 manat, əmək müqaviləsinin müddətinin bitmə tarixi xx.xx.2023-cü ildir. Bildirişdə aparılmış qeyddən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cu maddəsinə əsasən Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. -Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 29 iyul 2024-cü tarixli bildirişdən görünür ki, əmək müqaviləsinin qüvvədə olma müddətinin bitməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam veriləcəyi bildirilmiş, əmək kitabçasının kadr sektorundan götürülməsi xahiş olunmuşdur. -Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 14 noyabr 2024-cü il tarixli əmək kitabçasının götürülməsi haqqında məktubdan görünür ki, bildirilmişdir ki, əmək müqaviləsinə qüvvədə olma müddətinin bitməsi səbəbi ilə 2024-cü il 01 avqust tarixində xitam verilmişdir. Əmək kitabçasının götürülməsi ilə bağlı Agentliyin 29 iyul 2024-cü il tarixli 3-22-1/2-H-1-618/2024 nömrəli bildirişi ilə məlumat göndərilməsinə baxmayaraq hələ də əmək kitabçasının təhvil götürülmədiyi, əmək kitabçasını Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agantliyinin Aparatının İnsan resursları və sənədlərlə iş şöbəsinin Kadr sektorundan götürməyi xahiş olunmuşdur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndə-vəkillərinin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: - 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -11-ci maddəsinin b bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. -42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. -45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. -45-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. -45-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. -45-ci maddəsinin 5-ci hissəsinə əsasən Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. -47-ci maddəsinin “b” bəndinə əsasən, işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübəsınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər -47-ci maddəsinin “f” bəndinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. -68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. -68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. -73-cü maddəsinin 1-ci hissəsinə əsasən, Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. -300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına əsasən; -Qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Göründüyü kimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə qüvvədə olma müddətinin bitməsi səbəbi ilə 2024-cü il 01 avqust tarixində xitam verilmişdir. Hazırda iddiaçının iddia tələbi işə bərpa olunmasıdır. Məhkəmə araşdırması zamanı cavabdeh iddia müddətinin tətbiqinə dair yazılı ərizə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin üçüncü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 296-cı maddəsinin 7-ci hissəsinə əsasən Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4 və 32.4.2-ci maddələrinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 382-ci maddəsinə əsasən, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli qərarında formalaşdırdığı presedentə görə iddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 1 aylıq müddət üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu müddət ötürüldüyü halda ilk növbədə buraxılmış müddətin bərpa edilibedilməməsi məsələsi həll edilməli, müddət bərpa edildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmağa başlanmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İddiaçı hazırki işə bərpa tələbi ilə bağlı 2025-ci ilin may ayında Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmiş, mediasiya sessiyası zamanı tərəflər arasında razılıq əldə olunmadığından xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi mübahisəli əmr qəbul edildikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ərizə ilə də təsdiq olunur. Belə ki, iddiaçı 1 avqust 2024-cü il tarixində gözlənilmədən işdən çıxarıldığını öyrəndikdə xeyli qorxu və stress keçirdiyini, səhhəti imkan vermədiyi üçün keçən dövr ərzində məhkəmədə şəxsən özünü müdafiə etmək iqtidarında olmadığını bildirmiş, bu səbəbdən onun tərəfindən ötürülmüş iddia müddətinin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ötürülmüş iddia müddətinin bərpa edilməsi barədə dəlillərinə münasibətdə hesab edir ki, bu dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edə bilməsinə mane olan üzrlü səbəb kimi B-hüceyrə tipli xroniki limfositar leykemiya (qan xərçəngi) xəstəsi olmasını, səhhəti imkan vermədiyi üçün keçən dövr ərzində məhkəmədə şəxsən özünü müdafiə etmək iqtidarında olmamasını, vəkil tutmaq üçün maddi imkanı olmamasını, nəticə etibarilə məhkəmə müdafiəsi hüququnu realizə etməyinin mümkünsüz olmasını göstərsə də, onun məhkəməyə təqdim etdiyi müxtəlif tarixli tibbi sənədlərin surəti işçinin keçən 9 aya yaxın müddət ərzində məhkəməyə müraciət etməsinin mümkünsüz olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sübutlardan görünür ki, qeyd olunan xronik limofisitik leukemia diaqnozu iddiaçıya Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ tərəfindən, 5 il əvvəl işlədiyi dövrdə xx.xx.2020-ci il tarixdə qoyulmuşdur. İddiaçı xəstəliyi ilə bağlı xx.xx.2021-ci il və xx.xx.2025-ci il tarixlərdə qan analizləri verməsinə dair sənədləri və xx.xx.2025-ci il tarixli ümumi zəifliyinin olmasına dair epikrizi məhkəməyə təqdim etsə də, qeyd olunan sənədlərlə onun keçən 9 aya yaxın müddət ərzində məhkəməyə müraciət etməsinin mümkünsüz olmasına (bu müddət ərzində müalicə ilə bağlı ölkədə olmaması, stasionar qaydada müalicə alması və s.) dair hallar müəyyən olunmamışdır. Məhkəmə prosessual müddətin ötürülməsi əsası kimi iddiaçının vəkil xidmətindən istifadə etmək üçün maddi imkanının olmaması barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, iş üzrə hazırki mərhələdə mediasiya prosesində və ya məhkəmədə vəkilin prosesdə məcburi iştirakı tələb olunmurdu. Qanunvericiliyə əsasən, işdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir (AR MPM 14.4-14.5). Göründüyü kimi, iddiaçı öz hüquq və mənafelərini məhkəmədə şəxsən müdafiə edə və ya peşəkar hüquqi yardım almaq məqsədi ilə özünə sərbəst vəkil seçə bilərdi. Əgər iddiaçı həqiqətən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxsdirsə, o maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna da malik idi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının vəkil tutmaq üçün maddi imkanının olmaması səbəbindən məhkəməyə müraciət müddətini ötürməsi üzrlü səbəb kimi nəzərə alına bilməz. Məhkəmə qeyd edir ki, əmək mübahisəsində iddia müddətinin tətbiqi barədə ərizə verildiyi təqdirdə və iddia müddəti üzürsüz səbəbdən ötürüldiyi halda işə baxan məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsi əsası ilə iddia tələbini təmin etməməlidir.Çünki əmək münasibətlərini tənzimləyən normalar bir çox hallarda imperativ xarakterli olduğu halda, mülki münasibətləri tənzimləyən normalar daha çox dispozitiv xarakteri ilə fərqlənir. İddia müddəti ötürüldüyündən, iddianın əsaslılığına qiymət verməyə ehtiyac qalmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əmək qanunvericiliyinin normaları baxımından hazırki tələb üzrə iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən və iddia müddətinin ötürülməsinin səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edilmədiyindən iddia müddəti tətbiq edilməklə iddiaçının hazırki iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı hazırki tələb üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan, onun tələbi isə təmin edilmədiyindən tərəflərdən dövlət rüsumu alınmamalıdır. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətləri Agentliyinə qarşı “İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı işə bərpa olunma barədə əsaslı iddia tələbini təmin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 216-220-ci, 358-360-cı maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətləri Agentliyinə qarşı “İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı işə bərpa olunma barədə əsaslı iddia tələbini təmin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar