Məhkəmə qərarları › İş №2(005)-3220/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3220/2024

22.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3220/2024 22.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, Ərizəçi maraqlı şəxs AR Bakı şəhər İcra Hakimiyyəti cəlb edilməklə faktın müəyyən edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs AR Bakı şəhər İcra Hakimiyyəti cəlb edilməklə faktın müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi bütün sənədlərində: şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və orderin əslində ad və soyadı Ərizəçi yazıldığı halda Bakı şəhər İcra Hakimiyyətinin Mənzildəyişmə İdarəsinin arxiv sənədləri arasındakı orderdə texniki səhv olaraq soyadı Hüseynova adının baş hərfi isə B yazılmışdır. Bu barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək düzəliş edilməsi barədə xahiş etsə də, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən bildirdilər ki, bu onların səlahiyyəti xaricindədir və düzəliş edilmədən arayış ona “sənəddə olduğu kimi” qeydi ilə geri qaytarıldı. Təqdim edilmiş arayışda rus hərfləri ilə “Quseynova B” yazısı qeyd edilmişdir. Buna görə inzibati məhkəməyə müraciət etdim, oradan isə mənə bildirdilər ki, mübahisə ümumi məhkəməyə aid olduğundan aidiyyatı üzrə rayon məhkəməsinə müraciət etməliyəm. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməldir. Hazırkı ərizədən görünür ki, ərizəçi sənəddə şəxsin adının baş hərfinin B əvəzinə G oxunması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edib. Həmin ərizə xüsusi icraat qaydasında baxılması üçün dəftərxana tərəfindən müvafiq möhür vurulmaqla qeydiyyata alınıb. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsum ödənilir. Ərizəçi isə qanunvericiliyə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Göründüyü kimi, hazırki tələb üzrə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə və qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3 və 152.4-cü maddələrinə uyğun olaraq iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı yuxarıda sadalanan qanunvericiliyin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs AR Bakı şəhər İcra Hakimiyyəti cəlb edilməklə faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar