Məhkəmə qərarları › İş №2(005)-3223/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3223/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3223/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinə qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən o, Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən binada yüksək keyfiyyətli kameraları quraşdırmağı, bunun müqabilində isə Cavabdeh MMMC müqavilə üzrə 6269 (altı min iki yüz altmış doqquz) manat xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Aralarında bağlanılmış qeyd olunan xidmət müqaviləsinin şərtlərinə uyğun olaraq tərəfindən müqavilə öhdəliyi tam şəkildə yerinə yetirilərək, sözügedən binada yüksək keyfiyyətli kameralar quraşdırılsa da, həmin müqavilənin bağlanılmasından uzun müddət keçməsinə baxmayaraq qarşı tərəf müqavilə öhdəliyini hələ də yerinə yetirməyərək ona bu günədək xidmət haqqı ödəməmişdir. Baundan əlavə qeyd edilir ki, o, hüquqlarının məhkəmədə müdafiəsi üçün vəkillə hüquqi xidmətə dair müqavilə də bağlamış və hüquqi xidmət haqqı olaraq 800 (səkkiz yüz) manat pul vəsaiti də ödəmişdir. Həmin pul vəsaiti də cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçı tərəfindən borcun ödənilməsi ilə əlaqədar Cavabdeh MMMC-nə xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Məktuba cavab olaraq cavabdeh təəfindən ona göndərilmiş 2304.2024-cü il tarixli məktubunda Cavabdeh MMMC həqiqətən də görülən işlərin dəyəri olaraq ona 6269 manat borcunun qaldığını etiraf etmiş və həmin borcun ona ödəniləcəyi bildirilsə də xeyli müddət keçməsinə baxmayaraq həmin borc məbləği hələ də bu günədək ona ödənilməmişdir. Onunla cavabdeh arasında bağlanılmış və iddia ərizəsinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli üzləşmə aktında da cavabdehin ona 6269 manat borcunun olması təsdiq olunmuşdur. Buna görə də o, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh MMMC-dən xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış 6269 (altı min iki yüz altmış doquz) manat, hüquqi xidmət haqqı kimi vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün məhkəməyə ödənilmiş 92 (doxsan iki) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş, iclasların onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh MMMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qismən qəbul edərək iddiaçıya göstərilmiş xidmətin haqqını ödəməli olduğunu qəbul etsə də qeyd edilən hüquqi yadım üçün ödənilmiş haqqın tutulmasına etiraz etmişdir. Məhkəmə prosesi iştirakçılarının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh MMMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binada yüksəl keyfiyyətli təhlükəsizlik kameralarını quraşdırmağı öz öhdəsinə götürmüş, sifarişçi- CavabdehMMMC isə göstərilən xidmətin müqabilində razılaşdırılmış 6269 manat məbləğində haqqı 01 il müddətində hissə-hissə nəğd və ya köçürmə yolu ilə müqavilə bağlandığı vaxtdan 26 oktyabr 2024-cü il tarixinədək ödənilməsini öz üzərinə götürmüşdür. - Cavabdeh MMMC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 120/1 saylı məktubundan görünür ki, Cavabdeh MMMC tərəfindən iddiaçıya olan 6269 manat borcunun olması açıq şəkildə etiraf edilmiş və yaranmış borcun hissə-hissə qısa müddətdə ödəniləcəyi bildirilmişdir. - xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMMC-nin İddiaçı yaranmış 6269 manat borc CavabdehMMMC-nin sədri və xidmət göstərən İddiaçı Cabir oğlunun imzaları ilə təsdiq edilmişdir. - Qəbzin surətindən aydın olur ki, iddiaçı hazırkı iddia üzrə 92,0 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMMC arasında xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binada yüksək keyfiyyətli təhlükəsizlik kameralarını quraşdırmağı öz öhdəsinə götürmüş, sifarişçi-Cavabdeh MMMC isə göstərilən xidmətin müqabilində razılaşdırılmış 6269 manat məbləğində haqqı 01 il müddətində hissə-hissə nəğd və ya köçürmə yolu ilə müqavilə bağlandığı vaxtdan 26 oktyabr 2024-cü il tarixinədək ödənilməsini öz üzərinə götürmüşdür. İddiaçı hazırki iddia ilə əlaqədar 92 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə hazırkı iş üzrə tərəflər arasında xidmət müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının öhdəliyn icrasını – müqavilə ilə razılaşdırılmış xidmət haqqının (pulun) qaytarılmasını tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə keyfiyyətli mühafizə kameralarının quraşdırılması xidmətləri göstərməyi, cavabdeh isə xidmətlərin müqabilində iddiaçıya müqaviləyə uyğun olaraq göstərilən xidmətlərinin dəyərini 6269 manat məbləğində vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə iddiaçının iddia tələbinin hüquqi xidmət haqqından yararlanmalı olduğu üçün qeyd edilən 800 manat cavabdehdən tutulması hissəsində əsassız olduğundan hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfdən məhkəməyə hüquqi yardım almasına dair hər hansı bir sübut (müqavilə,qəbz,order və s.) təqdim edilməmişdir. Habelə məhkəmə proseslərində iddiaçını hər hansı nümayəndə-vəkil təmsil etməmiş, məhkəməyə təqdim edilən sənədlər iddiaçı tərəfindən imzalanmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin iddianın 92 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Belə ki, dövlət rüsumu təmin edilən tələblərə mütənasib şəkildə tərəflərə aid edilməlidir. İddia qismən təmin edildiyindən, 92 manat dövlət rüsumunun 81,5 manatı CavabdehMMMC-dən tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMMC-dən 6269 (altı min iki yüz altmış doqquz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Mülki iş üzrə ödənilmiş 92 manat dövlət rüsumunun 81,5 manatı Cavabdeh MMMCdən tutularaq İddiaçı ödənilsin, qalan hissədə iddiaçıya aid edisin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar