Məhkəmə qərarları › İş №2(005)-3231/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3231/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3231/2022 20.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 676,87 manat borcun (**********582 saylı abonent kodu) və 30 manat dövlət rüsumu üzrə xərclərin ”Azərsu” ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh (abonent kodu:**********580) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2022-ci il tarixinə 676,87 manat borc yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq hesablanmış borc məbləğinin həddindən artıq çox olduğunu bildirmiş və iddia müddəti keçdiyindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizədə göstərdiyi dəlillərin əlavə araşdırılmasına ehtiyac yarandığından və iş üçün əhəmiyyət kəsb edən faktiki halları müəyyən etmək məqsədi ilə tərəflərin çağırılaraq izahatlarının alınmasına zərurət yarandığından, məhkəmə tərəfindən hazırkı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Abonent kartından görünür ki, xx.xx.2008-ci il tarixli, 11011095 nömrəli müqavilə üzrə müştəri Cavabdeh (Abonent kodu: **********580/********) ünvan 1 ünvanı üzrə cəmi 676,87 manat borcu vardır; İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh su və çirkab su xidmətlərindən istifadəyə görə İddiaçı ASC-yə 676,87 manat son ödəmə tarixi keçmiş ödənilməmiş borcu yaranmışdır. 3 iş günü müddətinə borcun ödənilməsi xahiş edilmişdir. Əks halda göstərilən xidmət dayandırılmaqla yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulacağı bildirilmişdir; İddiaçı ASC tərəfindən təqdim edilmiş arayışdan görünür ki, son üç il ərzində göstərilmiş su təchizatı və kanalizasiya xidməti üçün borc 2019-cu ilin iyul ayı – 2020-ci ilin iyul ayı dövrü üzrə 139,50 manat, 2020-ci ilin iyul ayı – 2021-ci ilin iyul ayı dövrü üzrə 169,87 manat, 2021-ci ilin iyul ayı – 2022-ci ilin iyul ayı dövrü üzrə 193 manat olmaqla, cəmi 502,37 manat təşkil edir; Ödəniş qəbzindən görünür ki, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən araşdırılmış iş materiallarından görünür ki, tərəflər arasında şifahi formada bağlanmış müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı məişət (təsərrüfat)-içməli su ehtiyaclarının ödənilməsi üçün obyektləri lazımi miqdarda su ilə təmin etməklə, cavabdeh isə su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə etməklə faktiki olaraq müqavilə münasibətlərinə girmişlər. Belə ki, Cavabdeh qeydiyyatda olmaqla yaşadığı ev İddiaçı ASC tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidməti ilə təmin edildiyindən o, abonent kimi xx.xx.2008-ci il tarixli 11011095 nömrəli müqavilə ilə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən su təchizatı və tullantı sularının axıdılmasına görə xidmət haqqı tam ödənilmədiyinə görə onun "xxxx" ASC-yə borcu yaranmışdır. Hazırda İddiaçı ASC Cavabdeh 676,87 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin "xxxx" ASC-nin xeyrinə tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3 və 433.1-ci maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Mülki Məcəllənin 442-ci maddəsi). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə görə istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş " Sudan istifadə Qaydalarının” 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. Azərbaycan Respublikası Tarif Şurasının "xxxx" ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Həmin Qərara əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. Tarif (Qiymət) Şurasının xx.xx.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. O, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Hazırki iş üzrə cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək üç il müddət keçdiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2 və 373.3-cü maddələrinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Eyni Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). İş materiallarında olan abonent kartından görünür ki, abonent kodu **********580 olan ünvan 1 ünvanında yerləşən mənzilin su təchizatına görə Cavabdeh 21115396 nömrəli sayğac üzrə 2015-ci il üzrə 22,76 manat, 2016-cı il üzrə 5,74 manat, 2017-ci il üzrə 25,5 manat, 2018-ci il üzrə 155 manat, 2019-cu il üzrə 114 manat, 2020-ci il üzrə 164 manat, 2021-ci il üzrə 213,87 manat, 2022-ci il üzrə 87 manat olmaqla, cəmi 676,87 manat borcu yaranmışdır. Hazırki iş üzrə iddiaçı cavabdehdən 2015-2022-ci illər üçün istifadə etdiyi xidmətlərə görə yaranmış borcun ödənilməsini tələb edir. Qanunvericiliyik normalarına əsasən isə müvafiq tələblər üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı müvafiq ardıcıllığa uyğun olaraq 2015-ci ildən başlamışdır. İddia ərizəsinin məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olduğunu və cavabdehin buna etiraz etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi yalnız xx.xx.2019-cu il tarixdən yaranmış borcun ödənilməsi hissəsində təmin edilməlidir. Beləliklə, məhkəmə iddiaçının Mülki Məcəllənin 373.3-cü maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-cı maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia qismən, 2019-cu il iyul – 2020-ci il iyul ayları üzrə 139,50 manat, 2020-ci il iyul – 2021-ci il iyul ayları üzrə 169,87 manat, 2021-ci il iyul – 2022-ci il iyul ayları üzrə 193 manat olmaqla, cəmi 502,37 manat məbləği hissəsində təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə qismən edilməli, cavabdehdən xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək yaranmış borc üzrə 502,37 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq dövlət rüsumu kimi ödənilmiş 30 manatın 22 manatı tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh yaranmış borc üzrə 502,37 (beş yüz iki manat, otuz yeddi qəpik) manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq dövlət rüsumu kimi ödənilmiş 30 manatın 22 manatı tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar