Məhkəmə qərarları › İş №2(005)-3238/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3238/2024

24.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3238/2024 24.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək vətəndaşlığının tanınması və şəxsiyyətini təsdiq edən sənədin alınması məqsədilə zəruri tədbirlərin görülməsi üçün müvafiq məhkəmə araşdırmasının aparılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki ərizə xüsusi icraat qaydasında məhkəməyə daxil olduğundan onun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizədən göründüyü kimi Ərizəçi ərizəsini tərtib edərkən mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq forma və məzmuna riayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 149.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. - 150.1.1-ci maddəsinə əsasən, cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. - 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Nəzərə alınmalıdır ki, qanunvericiliklə şəxsin məhkəməyə yazılı müraciətinin, habelə iddia ərizəsinin qəbul olunması üçün forma və məzmuna dair bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsi ilə iddia ərizəsində göstərilməli olan məlumatların dairəsi imperativ olaraq müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, məhkəməyə müraciətin müxtəlif prosessual formaları (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. Xüsusi icraat qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə ərizə ilə müraciət göstərilmişdir. Xüsusi icraat qaydasında baxılan işlər (MPM-nin 30-40-1-ci fəsilləri) üzrə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir. Hazırki ərizə xüsusi icraat qaydasında “azərbaycanlı Ərizəçi” tərəfindən məhkəməyə daxil olmuşdur. Bununla belə ərizədə “ərizəçi” və “maraqlı şəxs” qismində cəlb olunan şəxslər, maraqlı şəxs qismində cəlb edilməli olan şəxsin adı, tərəflərin ünvanı, onların əlaqə məlumatları, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar (AR MPM-in 149-cu maddəsi) göstərilməmiş, ərizə qanunvericiliklə müəyyən olunmuş forma və məzmuna uyğun tərtib edilməmişdir. Həmçinin Ərizəçi ərizəsində tələbini dəqiq ifadə etməmiş və ümumi olaraq vətəndaşlığının tanınması və şəxsiyyətini təsdiq edən sənədin alınması məqsədilə zəruri tədbirlərin görülməsi üçün müvafiq məhkəmə araşdırmasının aparılmasını məhkəmədən xahiş etmişdir. Bununla yanaşı, ərizəyə maraqlı şəxsin sayına görə yazılı sübutlar və ərizənin surəti əlavə edilməmişdir. Ərizənin AR MPM-in 149-cu, 150.1.1-ci maddəsi ilə imperativ qaydada müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsi isə onun məhkəmə tərəfindən geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -150.1-ci maddəsinə əsasən, iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; - 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. -108.1.3-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilir. -112.1.1-ci maddəsinə əsasən, iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən edilir Məhkəmə qeyd edir ki, qanunvericiliyə uyğun olaraq, hazırki iddia ərizəsi üzrə iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmasına baxmayaraq, iddiaçı tərəfindən həmin məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, habelə onun dövlət rüsumundan azad olmasını təsdiq edən sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda yuxarıda qeyd edilən normaların tələblərinə əsasən, xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilməlidir. Rüsumun ödənilməməsi ərizənin məhkəmə tərəfindən geri qaytarılması əsaslarından biridir. Məhkəməyə ərizənin verilməsinə görə dövlət rüsumunun dərəcələri isə “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsi ilə müəyyənləşdirilir. Belə ki, qeyd olunan qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Ərizəyə dövlət rüsumunun ödənilməsinə dair qəbz, habelə Ərizəçi dövlət rüsumundan azad olmasına (“Dövlət rüsumu” haqqında AR Qanununun 9-cu maddəsi) dair sübutlar əlavə edilməmişdir. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarır. Hazırki ərizəyə bununla bağlı sübutlar əlavə edilməmiş, bu barədə məlumatlar ərizədə qeyd edilməmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən məhkəmə, ərizənin məzmununa - vətəndaşlığının tanınması hissəsinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən olunması barədə işlərə baxıla bilər (AR MPM 307.2.10-1 maddəsi). Lakin məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. - 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər yuxarıda qeyd olunmuş qanunvericiliklə müəyyən edilmiş forma və məzmuna riayət edilmədən verildiyindən geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin geri qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar