Məhkəmə qərarları › İş №2(005)-3262/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-3262/2021

16.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3262/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən 240 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 nömrəli evin 240 saylı mənzili Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 092608 nömrəli,11.10.1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mülkiyyətindədir. İddiaçı qeyd edir ki, Cavabdeh iddiaçının qızıdır və o, 11-ci sinifi bitirdikdən sonra atası ilə birlikdə Rusiya Federasiyasına getmiş və orada təhsil almaqla yaşamağa davam etmişdir. İddiaçı cavabdehin 30 ildən artıq müddətdə xarici ölkədə yaşadığını və təqribən 2-3 ildə bir dəfə bir həftə-10 gün müddətinə Azərbaycana qonaq kimi gəlib-getməsini bildirmişdir. İddiaçı cavabdehin xahişinə görə sonuncunun formal olaraq mənzilə qeydiyyata düşməsinə razılıq vermişdir. Cavabdeh 16 may 2003-cü il tarixdən mübahisəli mənzildə qeydiyyatdadır. Lakin, iddiaçının mülkiyyətində olan mənzildə cavabdehə məxsus heç bir əmlak yoxdur.İddiaçının qeydinə əsasən cavabddehdin mənzilə formal qeydiyyatı iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədir və bu səbəbdən cavabdehin iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 116 nömrəli evin 240 saylı mənzilindən istifadə hüququnu itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlu məhkəmə iclasında iddianı müdafiə etdi, iddianın təmin olunması və ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Cavabdeh baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və Cavabdeh lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdeh X2 iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə cavabdehin xəbərdar edilməsini, habelə işə qiyabi icraat qaydasında baxılmasının yolverilməzliyini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 240.1-ci maddəsində göstərilmiş halların mövcud olmamasını əsas götürərək hazırkı işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 092608 nömrəli,11.10.1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 nömrəli evin 240 saylı mənzili İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 04.06.2021 tarixli ******* saylı arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 nömrəli evin 240 saylı mənzilində Cavabdeh 16 may 2003-cü ildən qeydiyyatdadır; İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 33/2688 nömrəli 04 avqust 2021-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh 2003-cü il tarixdən 2021-ci il tarixədək olan müddətdə 2007, 2009, 2010, 2011, 2012, 2015, 2016, 2017, 2019-cu il tarixlərdə Respublika ərazisinə girişçıxışı müəyyən olunmuşdur. Cavabdehlərin mənzilə yaşayış (istifadə) hüququnun yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi nəzərdə tuturdu ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsi isə müəyyən edirdi ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 116 nömrəli evin 240 saylı mənzilində cavabdeh 16 may 2003-cü il tarixdən qeydiyyata alınmışdır. X3 33/2688 nömrəli 04 avqust 2021-ci il tarixli cavab məktubuna əsasən qeyd edilməlidir ki, cavabdeh ölkə xaricində yaşayır və 2-3 ildən bir ildə 1 yaxud 2 dəfə ölkəyə qısamüddətli səfərlər etmişdir. Göründüyü kimi, cavabdeh 2003-cü ildən etibarən iddiaçının istifadəsinə verilmiş yaşayış evində yaşamamışdır. Cavabdehin mübahisəli mənzildə qeydiyyatı formal xarakter daşıyır. Yaranmış vəziyyətdə cavabdehin mənzildə yaşamadığına baxmayaraq, onun mənzilə formal qeydiyyatının və istifadə hüququnun saxlanılması iddiaçının mənzil üzərində qanuni sahiblikdən irəli gələn hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdırır. Məhkəmə hesab edir ki, cavabdeh qeyd edilən mənzildə yaşamadığından, onun mənzilə olan istifadə hüquqları itirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Azadlıq prospekti 116 nömrəli evin 240 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 nömrəli evin 240 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar