Məhkəmə qərarları › İş №2(005)-3268/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3268/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3268/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı, (X5 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmaqla) “zaminlik müqaviləsinin ləğv edlməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Bank Olmayan Kredit X7 Cəmiyyəti ilə bağlanmış Zaminlik müqaviləsinin-KAXğd №119514/14 nömrəli, 01 avqust 2014-cü il tarixli müqavilənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onu Binəqədi rayon İcra və Probasiya şöbəsi öhdəliyi olmayan pul borcuna görə tez-tez çağırır və pulu ödəməyini tələb edirlər. İddiaçı şəxsən heç bir bankdan, kredit təşkilatlarından pul götürməmişdir. Yalnız bacısı X5 ilə mehriban olduğu zamanda səhv etmiş, banka getmiş və ona zamin durmuşdur. Bacısı isə çox keçmədən borcu bağladığını bildirmişdir. Lakin bacısı ilə elə həmin ərəfədə münasibətləri korlanıb. Onun barəsində, hara gedib, harda yaşayır məlumatı yoxdur. Eşitmişdir ki, Türkiyə Respublikasındadır. Əlaqələri yoxdur. Hesab edir ki, əsas borclu sağ olduğundan zamin olaraq ondan borc tutulması əsassızdır. Beləliklə də kreditor tərəfindən heç bir bildiriş, sms, yaxud zəng, xəbərdarlıq olmadan birbaşa məhkəməyə müraciət edərək İddiaçı da borc qarşısında borclu etmişlər. Zamin olduğu halda borcalanla bərabər cavabdeh kimi Binəqədi rayon məhkəməsində barəsində 02 may 2016-cı il tarixdə, iş № 2(001)-3146,2016 saylı qətnamə qəbul edilmişdir. Hesab edir ki, bu addım bu iş üzrə cavabdeh olan nə "xxxx" tərəfindən düzgün deyil, nə də ki, İİİ şəxs olan X5 tərəfindən. Kreditor öz borcalanını tanıyır, araşdırır, ödəmə qabiliyyətini bilir pulunu verir. Zamin sadəcə bu işdə görüntüdür. İddiaçı işsiz və xəstədir, borcalanı kreditor özü tapmalıdır. Cavabdehin nümayəndəsi elektron məhkəmə informasiya sistemi vasitəsi ilə iddia ərizəsinə yazılı etiraz təqdim edərək, hazırda baxılan məsələyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olduğunu, bu qətnamə əsasında verilmiş icra sənədi üzrə icra işinin Binəqədi rayon İcra Şöbəsinin icra məmurunu icraatında olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə və 3-cü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasda nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları xx.xx.2014-cü il tarixli, KAXgd 119514/14 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı zaminliklə təmin olunmuş bütün öhdəliklər, o cümlədən KAXgd 119514/14 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq faiz məzənnəsinin dəyişdiriləcəyi hallar da daxil olmaqla əsas borcun, faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi üzrə Kreditor qarşısında Borcalanla eyni həcmcə məsuliyyət daşıyır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3146/2019 nömrəli, 02 may 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X1 və İddiaçı müştərək qaydada 4518.37 ABŞ dolları məbləğində əsas borc, 1348.01 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 6366.38 ABŞ dolları məbləğində borc öhdəlik icra olunan zaman Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və ödənilmiş dövlət rüsumunun 14.7 manat hissəsi tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit X7 Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun qalan hisssinin iddiaçıya aid edilməsi qət olunmuşdur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı X2 "xxxx" Bank Olmayan Kredit X7 Cəmiyyəti qarşısında öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Əsas borclu kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə "xxxx" Bank Olmayan Kredit X7 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən kredit müqaviləsi üzrə borc məbləğinin cavabdehlər X1 və İddiaçı müştərək qaydada tutulması qət olunmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Hazırkı iddia ərizəsi üzrə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 422-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur (maddə 421.1). Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir (422.2, 422.2.1, 422.2.2, 422.2.3, 422.2.4-cü maddələr). İstinad edilən Mülki Məcəllənin 422.3-cü maddəsindən göründüyü kimi, məhkəmənin müqaviləni ləğv edərkən onun ləğvinin nəticələrinin müəyyənləşdirilməsi imkanı məhz tərəflərdən birinin bununla bağlı tələbinin irəli sürülməsi ilə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə,zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin zaminin məsuliyyətini müəyyən edən 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddələrin məzmunundan göründüyü kimi, müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, zamin borclunun kreditoru qarşısında öz öhdəliyini icra etməsi üçün məsuliyyəti üzərinə götürür və borclu ilə eyni həcmdə (əsas borc, faiz, məhkəmə xərcləri, zərərin əvəzinin ödənilməsi və s.) məsuliyyət daşıyır. Məhkəmə onu da qeyd edir ki, iddiaçının əsas borclunun onun bacısı olması və münasibətlərinin yaxşı olması səbəbindən zaminlik müqaviləsini bağlaması və sonradan münasibətlərinin pisləşməsi zaminlik müqaviləsinin ləğvi üçün əsas ola bilməz. Zaminlik müqaviləsi hüquqi fakt - əqd olmaqla tərəflər arasında mülki hüquq münasibətlərinin yaranmasına səbəb olmuşdur. Bu müqavilə üzrə İddiaçı öz üzərinə öhdəliklər götürmüşdür. Müqavilə onun tərəfindən sərbəst iradəsi ilə bağlanmışdır. Qanuni əsasların olmadığı halda müqavilənin birtərəfli qaydada ləğv edilməsi müqavilənin digər tərəfinin hüquqlarını heç bir qanuni əsas olmadan pozmuş olur. Belə ki, bank da öz növbəsində şəxsin zamin olmasını əsas götürürərək əsas borcluya borc pul vermişdir. Zaminin olmadığı halda, bank borcalana kredit verməyə bilərdi ki, bununla da bankın mənafeləri də pozulmazdı. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında artıq qanuni qüvvəsini almış və preyudisial xarakterli məhkəmə aktı mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3146/2019 nömrəli, 02 may 2016-cı il tarixli qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, həmin qətnamə ilə kreditor, borcalan və zamin arasında olan mülki hüquq münasibəti üzrə tərəflərin üzərinə düşən və icra etməli olduqları öhdəliklər müəyyənləşdirilmişdir və borcalan və zamindən kredit müqavilə üzrə yaranmış borcun kreditorun xeyrinə tutulması qət olunmuşdur.Bu səbəbdən də hazırda baxılan iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 377.4-cü maddısinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh X4 qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı, X5 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmaqla, “zaminlik müqaviləsinin ləğv edlməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar