Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3270/2022 09.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2 saylı mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh və onun qızı X3 ünvan 2 saylı mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ******* saylı Çıxarışa əsasən ünvan 2 saylı mənzil onun istifadəsində və mülkiyyətindədir. Cavabdeh uzun müddətdir ki Rusiya Federasiyasında qeydiyyatda olmaqla orada yaşayır. Lakin cavabdeh bu günə kimi mənzildə qeydiyyatda qalmışdır. Bu hal mülkiyyətçi kimi onun sahiblik, mənzildən maneəsiz istifadə hüquqlarını pozmaqla yanaşı, onun üzərində sərəncam vermək hüququnu həyata keçirməyinə maneəçilik törədir və əlavə kommunal xərclərin ödənilməsinə səbəb olur. Cavabdehin qeydiyyatı formal xarakter daşıdığından qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, cavabdehlərin onun oğlu və nəvəsi olduğunu, oğlunun qeydiyyatdan çıxmağa razı olduğunu bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmiş və bu hüquq 1861 saylı reyestr kitabında xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Göründüyü kimi, iddiaçı müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. İş materiallarına əlavə edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1986-cı il tarixində Bakı şəhərində doğulmuşdur. Ana qrafasında İddiaçı qeyd edilmişdir; Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı, X5, X2 və Cavabdeh ünvan 2 saylı mənzildə 2007-ci il tarixdən qeydiyyatdadırlar; DİN Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və sair sənədlər tələb olunur; xx.xx.2017-ci il tarixində verilmiş pasportun surətindən görünür ki, 1986-cı ildə Bakı şəhərində doğulmuş Cavabdeh Rusiya Federasiyasının vətəndaşıdır; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2011-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdehdir; Cavabdeh notarial təsdiq olunmuş ərizəsindən görünür ki, özü və yetkinlik yaşına çatmayan qızı X3 adından ərizə verərək, Rusiya Federasiyasında digər ünvanda qeydiyyatda olduğu üçün ünvan 2 saylı mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 2 saylı mənzil 2013-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh oğlu, onun yetkinlik yaşına çatmayan qızı X5 isə nəvəsidir. Hazırda həmin ünvanda yaşamırlar, daimi yaşamaq üçün başqa ölkəyə köçmüşlər və həmin ölkədə daimi yaşadığı yer üzrə qeydiyyata düşmüşlər. Buna baxmayaraq Azərbaycan Respublikasında hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi, tərəflər arasındakı mübahisəli hüquq münasibəti 2009-cu il tarixədək (cavabdeh mübahisəli mənzilə 2007-ci il tarixdə qeydiyyata alınmışdır) yarandığıdan hazırki mübahisə qüvvədə olan Mülki Məcəllənin müvafiq müddəalarına əsasən həll edilməlidir. Belə ki, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Maddələrin məzmunundan görünür ki, mülkiyyətçinin ailə üzvünün o zaman yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ vardır ki, o, mülkiyyətçi ilə birgə yaşasın. Hazırki halda cavabdehin mülkiyyətçi ilə birgə yaşamaması, xarici ölkəyə köçməsi, həmin ölkədə qeydiyyata düşməsi təsdiq olunduğundan və mübahisələndirilən mənzildən qeydiyyatdan çıxarılmasına dair razılığını əks etdirən ərizəsi olduğundan onun mübahisəli yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia - neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Şəxsin yaşayış sahəsində yaşamadan, həmin yaşayış sahəsindən istifadə hüququ olmadan orada qeydiyyatda olması şəxsi əmlak üzərində sahiblikdən məhrum etməsə də, mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən isə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin və onun qızının hazırda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia təmin edilməli, Cavabdeh və onun yetkinlik yaşına çatmayan qızı X3 ünvan 2 saylı mənzilindən istifadə hüququna xitam verilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və onun yetkinlik yaşına çatmayan qızı X3 ünvan 2 saylı mənzildən istifadə hüququna xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonar qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3270/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3270/2022
09.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver