Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3294/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti üçüncü şəxs qismində cəlb olunmaqla) “əmək müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinin xitam verilməsi, elektron informasiya sistemindən daxil edilmiş əmək müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlayaq rəsmi qaydada Mak Marin LTD şirkətində operator vəzifəsində işə başlamışdır. xx.xx.2020-ci il tarixində əmək haqqının verilmədiyinə görə işdən öz xahişi ilə çıxmışdır. Adını portaldan siləcəklərini və əmək müqaviləsinə xitam verəcəklərini bildirdilər. Lakin my.gov.az portalına daxil olduğum zaman hal hazırda əmək müqaviləmin aktiv olduğunu gördü. 2023-cü ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdi. 10 may 2023cü il tarixində Dost Agentliyində izahat yazmağa dəvət etdilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 məktubun hüquqi ünvana çatdığını, lakin həmin ünvanda heç bir fəaliyyət göstərilmədiyini bildirdilər. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması və cavabdehin məhkəməyə gəlməməsi səbəbindən qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "Mak Marin LTD’-nin hüquqi ünvanına (AZ1072, Bakı şəh., Nərimanov ray., Təbriz, ev 36. m. 6) X2 Xidməti tərəfindən 3-17-5/2- 16169/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmiş və İddiaçı aid olan sənədlərin ‘Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin poçt xidməti tərəfindən qəbzdə “bu ünvanda yoxdur" qeydilə məktub geri qaytarılmışdır. X3 Xidmətinin Bakı şəhər idarəsinə müvafiq qaydada İddiaçı izahatı daxil olmuş və İddiaçı ilə telefon əlaqəsi saxlanılarkən müəssisənin fəaliyyət göstərmədiyini bildirmişdir. Müraciətlə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq" alt sisteminə X2 Xidməti tərəfindən baxış keçirilərkən İddiaçı ilə "xxxx" MMC-nin rəhbəri arasında xx.xx.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu məlum olmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Ganununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X2 Xidmətinə həvalə edilməlidir. “AZEMİS” elektron məhkəmə informasiya sistemində şəxsin gəlir məlumatlarından görünür ki, İddiaçı Cavabdeh1 MMC-də “operator, bucurqad” vəzifəsində işləyir və aylıq əmək haqqı 800 manat təşkil edir. “AZEMİS” elektron məhkəmə informasiya sistemində şəxsin gəlir məlumatlarından aydın olur ki, Cavabdeh2 Cavabdeh1 MMC-də “direktor” vəzifəsində işləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a“ bəndinə görə, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69.4-cü maddəsinə görə, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69.5-ci maddəsinə görə, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Əmək Məcəlləsinin 5-1-ci maddəsinə görə, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12.1-ci maddəsinin «h» bəndinə görə, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 qərarı ilə təsdiq edilmiş Qaydaların 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Məhkəmə işin hallarına və tərəfin izahatına əsasən qanunvericiliyin qeyd edilən normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı (işçi) İddiaçı əmək münasibətinə xitam verilməsini istəsə də, Cavabdeh1 MMC (işəgötürən) tərəfindən əmək müqaviləsinə xitam verilməmişdir. Belə ki, əmək müqaviləsinin tərəflərdən birinin təşəbbüsü ilə xitam edilməsi imkanından istifadə etmək istəyən iddiaçının müraciəti cavabdeh tərəfindən icra edilməmişdir. İddia tələbinin əmək müqaviləsinə xitam verilmənin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasına dair hissəsinə münasibətdə məhkəmə Əmək Məcəlləsinin qeyd olunan 5-1-ci maddəsinə və 12.1-ci maddəsinin “h” bəndinə istinad edərək qeyd edir ki, əmək müqaviləsinə xitam verilmənin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasından ötrü əmək müqaviləsi bildirişinin cavabdeh (işəgötürən) tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi zəruridir. İş materiallarında olan “Cavabdeh1 MMC-nin təsis sənədləri ilə sübuta yetirilir ki, Cavabdeh2 Cavabdeh1 MMC-nin direktorudur. “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan məlumatlardan aydın olur ki, Mak Marin LTD” MMC VÖEN üzrə fəaliyyətini müvəqqəti dayandırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsindən ibarət olan subyektiv hüququ yalnız cavabdehin müvafiq hərəkətlər etməsi ilə realizə oluna bilər. Lakin cavabdeh bu hərəkətləri etməli olduğu halda etmədiyindən iddiaçının hüququnun realizəsi baş tutmamışdır. Bu səbəbdən də iddiaçı haqlı olaraq hüququn realizəsinin digər forması olan məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmiş və hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən məhkəmə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə hesab edir ki, Əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin üzərinə qoyulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İşçi İddiaçı ilə işəgötürən "Mak Marin LTD” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3294/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3294/2023
03.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver