Məhkəmə qərarları › İş №2(005)-3316/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3316/2022

26.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3316/2022 26.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” edilməsinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Belə ki, ərizənin məzmunundan göründüyü kimi ərizəçi doğum akt qeydində doğum tarixinə düzəliş edilməsini xahiş edir. Belə olan halda borclu inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən səlahiyyətli məhkəməyə müraciət etməlidir. Məhkəmə hesab edir ki, hüquqi faktın təsdiq edilməsi üçün əsaslar olmadığından, ərizəyə xüsusi icraat qaydasında ümumi məhkəmədə baxılması yolverilməzdir. Belə ki, "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Plenum qərarının 9.1-ci bəndinə əsasən, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 6-cı bəndinə görə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilməsi qərara alınmışdır. 9.1-ci bəndin redaksiyasından “(vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli)” sözləri çıxarılsın və ikinci halda “imtina olunması” sözlərindən sonra“, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi” sözləri əlavə edilsin. Göründüyü kimi, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bundan əlavə qeyd etməyi zəruri hesab edirəm ki, Ərizəçi doğum akt qeydində doğum tarixinə düzəliş edilməsi barədə ərizə ilə müraciət etməli və müraciəti müsbət həll olunmadıqda, inzibati orqanın imtinasını aldıqdan sonra qanunvericiliklə müəyyən edilmiş müddət ərzində inzibati orqanın hərəkət və hərəkətsizliyini müvafiq İnzibati Məhkəmədə mübahisələndirə bilər. Beləliklə, hesab edirəm ki, hazırki məsələyə məhkəmədə baxılmalı olmadığından, Ərizəçi müvafiq qeydiyyat orqanına qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 153.2, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə "hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi qəbul edilməkdən imtina edilsin. Ərizə, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə qanunla müəyyən edilmiş qaydada səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar