Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3318/2025 04.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı cavabdeh “X1” PHŞ-yə qarşı “torpaq sahəsinin rəsmiləşdirilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1” PHŞ-yə qarşı “ötürülmüş müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 X2 Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş 007412 nömrəli şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən və sahibkarlıq məqsədi ilə icarəyə ayrılan 30 kv.m torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”: 18-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Hərracın və ya müsabiqənin keçirilməsi ilə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. İddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, İddiaçı 10 yanvar 2019-cu il tarixdə keçirilən müsabiqədə qalib gəlmiş, torpaq sahəsinin müsabiqədəki dəyəri ödənilmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş 007412 nömrəli şəhadətnamə əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında TDİT üzrə Dövlət Ağentliyi arasında müqavilə bağlanması üçün qanunvericiliklə müəyyən edilmiş 20 gün müddətini üzürlü səbəbdən ötürdüyündən müvafiq sənədləşmə aparılmamışdır. Qeyd edilən müddətin məhkəmədənkənar bərpa edilməsi qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmişdir. İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəldilən və təmin olunması məhkəmədən xahiş edilən tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Hazırki iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən iddiaçının adına AM seriyalı 007412 saylı şəhadətnamə verilmiş, şəhadətnamədə qeyd edilmişdir ki, göstərilən şəhadətnamə müsabiqə və hərracda qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanması üçün əsasdır. İddiaçı keçirilmiş müsabiqə nəticəsində əldə etdiyi şəhadətnaməyə əsasən torpaq sahəsinə dair müqavilə bağlanması məqsədilə müvafiq orqana müraciət etmədən birbaşa olaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə, torpaq sahəsi bələdiyyə torpağı olduğundan ilkin olaraq müqavilənin bağlanması barədə təkliflə müvafiq bələdiyyəyə (Şirvan bələdiyyəsi) müraciət etməli, sonuncu tərəfindən müqavilə bağlanmasından imtina edildiyi halda isə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydasında nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilməsini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilmədiyindən, onun icraata qəbul olunaraq baxılması da mümkün deyildir və buna görə də iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya izah edilməlidir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.2, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “X1” PHŞ-yə qarşı “torpaq sahəsinin rəsmiləşdirilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-3318/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3318/2025
04.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver