Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3324/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb edilməklə) “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb edilməklə) “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməyi və həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən-otaqlı yaşayış sahəsinin mülkiyyətçisi Cavabdehdur. X3 onun oğludur. Mülkiyyətçinin oğlu Kamil Mustafayevlə o, xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olmazdan əvvəl mənzilin mülkiyyətçisi olan cavabdeh dəfələrlə evlərində olmuş, valideyinləri ilə birlikdə qurulacaq ailənin yaşayış yerinin müəyyən edilməsi və digər problemlərini müzakirə etmişdir. Cavabdeh gəlin kimi və ailənin üzvü kimi özünün mülkiyyətində olan və yuxarıda qeyd edilən ünvanda yerləşən yaşayış sahəsinə köçürəcəyini bildirmiş və həqiqətən də oğlu Kamil Mustafayevlə nikaha daxil olandan sonra mülkiyyətində olan mənzilə köçürmüşdür. Həmin mənzildə Kamil Mustafayevlə olan rəsmi nikahlarından bir övladı anadan olmuşdur. 2022-ci il tarixdə rəsmi nikahları pozulduqdan sonra cavabdeh onu uşağı ilə birlikdə mülkiyyətində olduğu mənzildən çıxarmışdır. Hazırda cehiz əşyaları onun mənzilində qalmaqdadır. İddiaçı bildirir ki, mənzilin mülkiyyətçisi olan cavabdehin razılığı ilə onun ailə üzvü qismində, daimi yaşamaq, istifadə və sahiblik hüququ ilə mülkiyyətçisi olduğu mənzilə köçürülmüşdü. Qeyd edilən hüquqlar əsasında 6 ilə hesablanan bir müddət ərzində mübahisəli mənzildə yaşamışdır. Bildirir ki, cavabdeh özünün mülkiyyətində olan mənzilə köçürərkən aralarında yəni valideynlərlə onun arasında şərt və razılaşma onda ifadə olunmuşdu ki, onu ailə üzvü qismində tanıyır, ailə üzvü qismində mülkiyyətində onları mənzilə müddətsiz yəni daimi yaşamaq məqsədi ilə köçürülmənin mənzildən çıxarılmağını hər hansı şərtdən o cümlədən də ailə münasibətlərinə xitam verilməsi faktından asılı etmir. Mənzildən çıxarılması ilə əlaqədar aralarında hər hansı şərt müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin mülkiyyətində olan və ünvan 2 ünvanda yerləşən mənzilə köçürülməlidir və həmin mənzildən istifadə hüququ tanınmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh iddiaçını ailə üzvü kimi qəbul etdiyindən, onun mübahisəli mənzilə dair istifadə hüquqları tanınmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, iddia tələbini qəbul etmirlər. Tərəflərin birgə yaşayışı mənəvi tərəfdən ümumiyyətlə mümkün deyil. Həmçinin, iddiaçının cavabdehin oğlunun içki aludəçisi olduğunu iddia etdiyi təqdirdə, onun övladının mübahisəli mənzildə yaşaması bir daha uşağa mənfi təsir göstərəcək. Hüquqi cəhətdən isə, iddiaçının keçmiş ailə üzvü olması anından etibarən mülkiyyətçi ilə sazişi olmalıdır. Lakin hazırki vəziyyətdə belə bir saziş mövcud deyil. Bundan əlavə iddiaçı 2 ildir ki, mübahisəli mənzildə yaşamır. Belə olan halda iddianın təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - ünvan 1 ünvanına dair məlumat və sənədlərin surətlərinin verilməsi ilə bağlı məhkəmə sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, ünvan 1 (yeni qaydalarla: AZ 1052, ünvan 3 ünvanı 104361 nömrəli xx.xx.1990-cı il tarixli orderə, Razılıq ərizələrinə, 36/484 nömrəli xx.xx.2008-ci il tarixli arxiv arayışına və Forma 2 arayışına əsasən xx.xx.2008-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Həmçinin bildirilir ki, qazetdə elana və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 039-2870-1217 nömrəli xx.xx.2017-ci il tarixli məktubuna əsasə həmin əmlaka dair RX seriyalı ******* nömrəli çıxarış (dublikat) tərtib edilmişdir. - RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 (yeni qaydalarla: AZ 1052, ünvan 3 xüsusi mülkiyyət hüququ ilə tam payda Cavabdeh adına qeydiyyata alınmışdır. Bu barədə xx.xx.2008-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 5 saylı DOST Mərkəzi tərəfindən X2 verilmiş arayışdan görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. - 20 saylı MKİS tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3 ünvan 1 ünvanda pasport qeydiyyatındadır. - 20 saylı MKİS tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda pasport qeydiyyatındadır. - AZ-İ №480067 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X3 ilə İddiaçı arasındakı nikah münasibətlərinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 132 nömrəli qeydiyyat aparılmışdır. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Kamil oğlu xx.xx.2017-ci il tarixdə, Bakı şəhərində doğulmuşdur. X1, anası İddiaçıdır. - Bakı 10 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiyada iştirak etmiş 50 manat mediasiya xərcini və 10 manat kargüzarlıq xərcini ödəmişdir. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 87 saylı evin, 79 saylı mənzili xx.xx.2008-ci il tarixdə Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı ünvan 1 ünvanda pasport qeydiyyatındadır. X3 ilə İddiaçı arasındakı nikah münasibətlərinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. xx.xx.2017-ci il tarixdə X3 ilə İddiaçı birgə nikahından Cavabdeh Kamil oğlu doğulmuşdur. Hazırda İddiaçı mübahisəli mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisənin məğzini iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması ilə bağlı mübahisə təşkil edir. Məhkəmədə iki hal mübahisələndirilir: İddiaçı mübahisəli mənzilə istifadə hüququnun tanınması üçün əsasların olub-olmaması; İddiaçı mübahisəli mənzilə köçürülməsi üçün əsasların mövcud olub-olmaması. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə bildirir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa; -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa; -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa; -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa; -iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. Şəxsin mənzilə köçürülmə barədə tələbinin əsaslılığı, onun həmin daşınmaz əmlaka əmlak hüquqlarının (mülkiyyət hüququ, əmlakdan istifadə hüququ və s.) hər hansı birinin mövcud olmasından irəli gəlir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bildirir ki, iddiaçı cavabdehin mülkiyyətində olan daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun olmasını o cümlədən, istifadə hüququnun tanınması üçün əsasların mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə məxsus daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun (əmlak hüquqlarının) mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, işin mübahisəsiz hallarına əsasən, iddiaçı 2016-cı ildə ailə qurmuş və qayınatasının evinə gəlin köçmüş, həmin mənzili nikah pozulduqdan sonra tərk etmişdir. Bu baxımdan İddiaçı gəlin olaraq mübahisəli mənzilə 2016-cı il tarixindən köçdüyündən bu münasibətlərdən yaranan mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Hazırki iş üzrə iddiaçı isə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində cavabdehin ailə üzvü və digər qohumları hesab edilmir. Qeyd edilən normaya əsasən, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Qeyd olunduğu kimi, hazırkı iş üzrə iddiaçı köçmək istədiyi evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Belə ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı ilə cavabdehin oğlu X3 arasında olan nikah münasibətlərinə 2022-ci ildə xitam verilmişdir. Belə olan halda, iddiaçının köçmək istədiyi cavabdeh mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti olmadığı kimi, istinad olunan normalar baxımından yanaşıldıqda iddiaçının məhz köçmək istədiyi mənzil ilə bağlı hazırki cavabdehə qarşı tələb irəli sürmək üçün subyektiv hüququnun olması da istisna olunur. Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində də təsbit olunmuşdur. Beləliklə, istər mülki, istərsə də mənzil qanunvericiliyi baxımından iddiaçının cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüquqlarının yaranması və hazırda da mövcud olması müəyyən edilmir. İddiaçının mübahisəli mənzildə qeydiyyatda olması faktı isə onun daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Beləliklə, məhkəmə işin hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddiaçı cavabdehlərin ailə üzvü olmadığından və özünün saxlanmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına aid edilmədiyindən onun mübahisəli evə köçürülməsi üçün qanuni əsaslar mövcud deyildir. Bu səbəbdən İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb edilməklə) “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3324/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3324/2024
07.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver