Məhkəmə qərarları › İş №2(005)-3330/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3330/2021

26.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3330/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh «X7» MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “işə bərpa və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «X7» MMC-yə qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış, 17.03.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin d) bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) xitam verilməsi barədə cavabdehin 16.05.2021-ci il tarixli 1605/21-13 saylı Əmrinin etibarsız hesab edilməsi və iddiaçının işə bərpa edilməsi, qanunsuz və əsassız işdən çıxarılmış iddiaçıya məcburi iş buraxma müddəti üçün cavabdeh tərəfindən ona işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqının ödənilməsi, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə arasında 17.03.2021-ci il tarixdə, Əmək Məcəlləsinin 45-ci maddəsinin 2-ci bəndinə əsasən müddətsiz olaraq, işin birinci 2 (iki) ayı iddiaçıya sınaq müddəti təyin edilməklə, "Yükdaşımalar üzrə ekspeditor” vəzifəsi üzrə əmək müqaviləsi bağlanmışdır. Ona heç bir yazılı xəbərdarlıq edilmədən, işəgötürənin hey bir əsaslandırılmış əmri olmadan (ən azı işdən çıxarma barədə əmr ilə mən tanış edilməmişəm) əmək müqaviləsinə “Covid-19" pandemiyasının davam etdiyi bir vaxtda əsassız şəkildə ƏM-nin 70-ci maddəsinin d) bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) 16.05.2021-ci il tarixdə ondan xəbərsiz xitam verilmiş (Portalda da həmin tarix qeyd edilir), əmək kitabçası və son haqq- hesabı isə 17.05.2021-ci il tarixdə axşam saatlarında ona verilmişdir. Müqavilənin göstərilən maddə ilə xitam edilməsi xəbərini o, 17.05.2021-ci il tarixdə işdə olduğu müddətdə bilmişdir. Halbuki, Əmək Məcəlləsinin 53-cü maddəsinin imperativ tələbinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Həmin maddənin 4-cü maddəsinin 2-c bəndinin tələbinə əsasən sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdiyini, Cavabdeh «X7» MMC-nin direktoru X3 26.08.2021-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasında nümayəndələrinin iştirak edə bilməyəcəyini, məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: «X7» MMC (işəgötürən) ilə İddiaçı (işçi) arasında 17.03.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətinə əsasən İddiaçı 17.03.2021-ci il tarixdən 17.05.2021-ci il tarixədək 2 ay sınaq müddətinə «X7» MMC-nin "Yükdaşımalar üzrə ekspeditor” vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı 550,00 manat müəyyən edilmişdir; İddiaçı əmək kitabçasının surətinə əsasən İddiaçı 17.03.2021-ci il tarixdə 1703/21-08 nömrəli əmr ilə 2 ay sınaq müddəti ilə «X7» MMC-yə "Yükdaşımalar üzrə ekspeditor” vəzifəsinə təyin edilmiş, 16.05.2021-ci il tarixdə 1605/21-13 nömrəli əmr ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndinə əsasən xitam verilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhət idarəsinin 08.07.2021-ci il tarixli, **********7 saylı İddiaçı müraciətinə cavab olaraq ünvanlanmış məktubun mətnində “X6” MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətinizə X4 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar “X6” MMC-nin rəhbərliyi tərəfindən X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuş 2(005)-3330/2021 nömrəli 22.06.2021-ci il tarixli məhkəmə bildirişində Sizin qanunsuz və əsassız işdən azad olunmanız və məcburi iş buraxma müddəti üçün işləmədiyiniz müddətin orta əmək haqqısının ödənilməsi ilə bağlı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etdiyiniz müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. Eyni zamanda “X7” MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdə işdən azad edilərkən son haqq-hesabınızın hesablanıb ödənildiyi məlum olmuşdur. Qeyd edilənlərlə razılaşmadığınız halda məhkəməyə müraciət etmək hüququnuz vardır” göstərilmişdir; 11.06.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, eyni zamanda bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin işin həqiqi halları və işdə iştirak edən şəxslərin izahatları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 Sisteminin iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəninin “d” bəndinə (tərəflərin iradəsindən asılı olmayan hallar) istinad olunmaqla xitam verlimişdir. Lakin iddiaçının əmək kitabçasında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsininin «a» bəndinə əsasən xitam verilməsi göstərilmişdir. İşdən çıxarılma barədə əmrin surəti iddiaçıya verilmədiyindən, qanunvericiliyin tələbləri cavabdeh təşkilat tərəfindən kobud surətdə pozulmuşdur. Bundan başqa, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, əmrin tərtibi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbi pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə görə isə, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş ƏM-nin müvafiq maddəsi göstərilməlidir. Bundan başqa, əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə tərəflər arasında bağlanmış hansı tarixli əmək müqaviləsinə xitam verilməsi göstərilməmişdir. Lakin cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından aydın oldu ki, tərəflər arasında münasibətlər müddətli əmək müqaviləsi olmuş, iddiaçı ilə əmək münasibətinə işəgötürən "xxxx" MMC-nin 01.11.2019-cu il tarixli subpodrat müqaviləsi müqaviləsi üzrə işlər bitdiyi üçün işçinin əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuş, əmək müqaviləsi həmin Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmadan ləğv olunmuş, müqaviləyə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin d) bəndinə əsasən xitam verilməsinə baxmayaraq bunun zəruriliyi əsaslandırılmamış, işçi tərəfindən hansı qaydaların pozulması əmrdə göstərilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəninin “d” bəndinə görə isə, tərəflərin iradəsindən asılı olmayan hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 74-cü maddəsinə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda. c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; ç) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə; d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə; işçi vəfat etdikdə ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə; f) qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilmiş şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlandığı aşkar edildikdə Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Adı çəkilən Məcəllənin 83-cü maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə göstərilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir və yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Məhkəmənin qənaətinə görə, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəninin “d” bəndinə əsasən xitam verilməsinə baxmayaraq, həmin əmr verilərkən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, əmrdə yalnız ümumi şəkildə əmək qanunvericiliyinin normasını yazılmaqla kifayətlənilərək əmək münasibətinə xitam verilmişdir. Eyni zamanda məhkəmə kollegiyası iş materiallarından müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya sonuncu iş günü əmrin surəti, əmək kitabçası rəsmi qaydada verilməmiş, son haqqhesabı tam həyata keçirilməmişdir. Əmək Məcəlləsinin 296.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bu səbəblə məhkəmənin qənaətinə görə, iddiaçı tərəfindən iddia müddətinin ötürülmüş olması ümumiyyətlə müzakirə oluna bilməz və cavabdehin bununla bağlı irəli sürdüyu arqument tamamilə əsassızdır. Azərbaycan Respublikası ƏM-nin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. «X7» MMC-nin 16.05.2021-ci il tarixdə 1605/21-13 saylı əmək müqaviləsinə xitam verilmə barədə əmri İddiaçı münasibətdə ləğv edilsin. İddiaçı "xxxx" MMC sürücü vəzifəsinə bərpa edilsin. 16.05.2021-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar