Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3336/2025 11.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi maraqlı şəxs qismində cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək, onun şəxsiyyət vəsiqəsində doğum tarixinin xx.xx.1976-cı il olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, doğum akt qeydinin bərpa edilməsi (atası X4, anası X2) və onun xx.xx.1976-ci il tarixdə anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1976-cı ildə Göygöl rayonunda anadan olmuşdur. 1983-cü ildə Göygöl (Xanlar) rayonunun Balçılı kənd orta məktəbinin birinci sinfinə getmişdir. 1993-cü ildə həmin orta məktəbi bitirmişdir. 1993-cü ildə Həsən bəy Zərdabi adına X8 Universitetinə qəbul olmuş və 1998-ci ildə oranı bitirmişdir. 2003-cü ildə "Pedeqoji elmlər namizədi" elmi dərəcəsi almışdır. 2017-ci ildə isə pedoqogika üzrə "Elmlər doktoru" alimlik dərəcəsi almışdır. O, valideynlərini erkən yaşında itirmiş və yaxın qohumlarının himayəsində böyümüşdür. Şəxsiyyət vəsiqəsində doğum tarixi düzgün olmayaraq 1976-ci il əvəzinə, səhvən 1967-ci il kimi göstərilmişdir. Qeyd edildiyi kimi onun məktəbə getməyi, ali məktəbə qəbul olmağı və digər sənədlərlə sübut olunur ki, doğum tarixi səhvən 1967-ci il kimi göstərilmişdir. Beləliklə yaşı süni surətdə 9 il qabağa çəkilmişdir ki, bu da gündəlik həyatında, iş fəaliyyətində müəyyən çətinliklər və anlaşılmazlıqlar yaradır. Şəxsiyyət vəsiqəsində qeyd edilən səhvin düzəldilməsi üçün 3 saylı ASAN xidmətə müraciət etmişdir. Həmin xidmətdən bildirdilər ki, anadan olduğu Göygöl rayonuna sorğu veriləcək və araşdırmalar aparılacaqdır. Sonra bildirildi ki, Göygöl rayonundan cavab verilib ki, məlumat bazasında doğum qeydiyyatı və doğum şəhadətnaməsi tapılmamışdır. Göründüyü kimi hüquqi faktın həll edilməsi mümkün olmamışdır. və 1998-ci il tarixində həmin ali məktəbin məzunu olmuşam. Masallı rayon PŞsi tərəfindən verilmiş şəxiyyət vəsiqəsində doğum tarixi xx.xx.1967-ci il göstərilmişdir. Bir neçə il əvvəl qeyd edilən ünvanındakı mənzilində oğurluq hadisəsi baş vermişdir. Evindən oğurluq edən şəxslər mənzilindən pul, zinət əşyaları və həmin əşyaların saxlandığı yerdə olan doğum şəhadətnaməsi və bir çox sənədlərini də oğurlamışdılar. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçının şəxsiyyət vəsiqəsində onun doğum tarixi 1976-cı il olduğu halda, səhvən 1967-ci il kimi qeyd olunmuşdur. Birinci sinifə 7 yaşında getmişdir, lakin doğum tarixi 1967-ci il kimi qəbul olunsa, deməli 17 yaşında birinci sinifə getmişdir. Bu da qeyri-təbii bir məsələdir. Ali təhsili barədə də sənədlər təqdim olunmuşdur. Ali təhsil aldıqdan sonra bir sıra yerlərdə çalışmış və elmi dərəcə almışdır. Hazırda müəllimə kimi fəaliyyət göstərir. Əvvəlcə şəxsiyyət vəsiqəsi veriləndə diqqət yetirməmişdir. Evində oğurluq hadisəsi baş verdiyindən sənədlər və qızıl-ziynət əşyaları oğurlanmışdır. Bu barədə polisə müraciət etmişdir. Açılmamış cinayət kimi hələ də qalır. İddiaçının 2 yaşı olarkən valideynləri vəfat etmişdir. Bundan sonra dayısı, bibisi yanında yaşamışdır. Tək uşaqdır. Ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs qismində cəlb edilmiş 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında təqdim edilmiş: - AA saylı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində doğulmuşdur; - 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X1 Avtomatlaşdırılmış İnformasiya sistemində doğumun qeydiyyata alınması barədə heç bir məlumata rast gəlinməmişdir. Doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; - Masallı PŞ-nin xx.xx.2025-ci tarixli məktubundan görünür ki, Ərizəçi Masallı RPŞ-si tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsi və xx.xx.1992-ci il tarixdə verilmiş SSRİ-nümunəli JQ-657321 nömrəli pasportun verilməsinə əsas olan sənədlər Daxili İşlər Nazirliyinin müvafiq əmrinə əsasən 05 il saxlanıldıqdan sonra yandırılma yolu ilə məhv edilmişdir; - Masallı RPŞ-in arxivində saxlanılan Ərizəçi məxsus fərdi uçot kartoçkasının surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə anadan olmuşdur; - Göygöl Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiç xx.xx.2024-cü il tarixli, 398 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1967-ci (xx.xx.1976-cı) ildə Göygöl rayon Balçılı (Cümşüdlü) kəndində anadan olmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi askar olunmamışdır; - Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Əhalinin Dövlət reyestrindən çıxarışdan görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Göygöl rayonu, Cümşüdlü kəndində anada olmuşdur; - 513134 nömrəli, xx.xx.1993-cü il tarixli Tam Orta Təhsil haqqında Attestatdan görünür ki, 1976-cı ildə anadan olmuş Ərizəçi, 1993-cü ildə Xanlar rayon Balçılı kəndi tam orta təhsil məktəbini bitirmişdir. - ШВ saylı, 715727 nömrəli diplomun tərcümə və təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 1993-cü ildə H.B.Zərdabi adına X8 İnstitutuna qəbul olmuş və 1998-ci il tarixdə həmin institutun “Ümumi texniki fənlər və əmək təlimi” ixtisası üzrə tam kursunu bitirmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi 1983-cü il tarixdə keçmiş Xanlar rayon Balçılı kənd tam orta məktəbinin İ sinifinə qəbul olmuş və 1993-cü il tarixdə həmin məktəbun məzunu olmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçiyə doğum haqqında şəhadətnamə verilmiş olsa da, ərizəçi onu itirmişdir. Göygöl rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin qeydiyyat şöbəsi imtina edərək, məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 307.2.3, 308 və 311ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, həmçinin onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktın müəyyən edilməsindən asılı olduğundan Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən ərizəçinin məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə görə, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli qərarının 4 və 4.1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X1, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X1 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X1 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X1 dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, ərizəçi müvafiq ərizə ilə seçdiyi yer üzrə qeydiyyat orqanına müraciət etməli və müvafiq qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər (sənədlərin əsli) olduğu təqdirdə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qeydiyyat şöbəsi tərəfindən həyata keçirilməli, sənədlərin əsli olmadığı təqdirdə isə doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmənin qənaətinə görə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara əsasən baxılan mülki iş üzrə hüquq haqqında mübahisə olmadığından və sənədin əslinin olmaması səbəbindən qeydin bərpasının qeydiyyat şöbələri tərəfindən həyata keçirilməsi mümkün olmadığından, yəni hüquq müəyyənedici sənədi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçinin təqdim etdiyi orta məktəb attestatı və ali təhsil haqqında diplom, təhsil idarəsinin arayışları onun 1976-cı ildə anadan olduğunu təsdiq edir. Belə ki, təhsil sənədlərindən görünür ki, ərizəçi 1983-cü ildə birinci sinfə qəbul olunmuş, 1993-cü ildə orta məktəbi bitirmiş, həmin ildə ali məktəbə daxil olmuş və 1998-ci ildə məzun olmuşdur. Əgər ərizəçinin doğum tarixi 1967-ci il olsaydı, bu halda onun 16 yaşında məktəbə qəbul olunması, 26 yaşında ali təhsil müəssisəsinə daxil olub, 31 yaşında məzun olması nəticəsi hasil olardı ki, bu da Azərbaycan Respublikasının təhsil sisteminin tələblərinə və normal həyat qaydalarına uyğun deyildir. Bu isə ərizəçinin faktiki doğum tarixinin xx.xx.1976-cı il olmasını sübut edir. O da qeyd olunmalıdır ki, Mülki-Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, hazırki məhkəmə qətnaməsi müvafiq faktın qeydə alınması üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1976-cı il tarixdə, Azərbaycan Respublikası, Göygöl rayonu, Cümşüdlü kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilməlidir. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydində soyadı “Eminli”, adı “Tovuz”, ata adı “Bəxtiyar”, doğum tarixi “xx.xx.1976-cı il”, milliyyəti “azərbaycanlı”, “Azərbaycan Respublikası, Göygöl rayonu”, ata qrafasında “X4”, “milliyyəti azərbaycanlı”, ana qrafasında “X3”, “milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1976-cı il tarixdə Azərbaycan Respublikasının Göygöl rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Eminli”, adı “Tovuz”, ata adı “Bəxtiyar”, doğum tarixi “xx.xx.1976-cı il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Azərbaycan Respublikası, Göygöl rayonu”, ata qrafasında “X4”, “milliyyəti azərbaycanlı”, ana qrafasında “X3” “milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3336/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3336/2025
11.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver