Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3338/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “istifadə edilməmiş məzuniyyətə görə kompensasiya” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları məhkəmə müəyyən etdi: Təsviri hissə: a. Tələb:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “istifadə edilməmiş məzuniyyətə görə kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı bildirir ki, 70 məzuniyyət gününün son haqq hesabının və dəymiş maddi və mənəvi zərərin qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənməsini təmin edilməsi barədə qətnamə qəbul edlməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 70 məzuniyyət gününün ödənişini (1204,70 AZN) və dəymiş maddi (60 AZN Mediasiya şurası) zərərin qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənməsinin təmin edilməsi barədə qətnamə qəbul edlməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı bildirir ki, Cavabdeh MMC ilə aralarında olan xx.xx.2021 il tarixli əmək müqaviləsinə dair bildirişə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci madəsinin 2-ci hissəsinin “a” bəndinə əsaslanaraq xitam verilmişdir. Lakin xitam əmrində qeyd edilən istifadə edilməmiş 70 məzuniyyət gününün son haqq hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi qeyd olunsada, qoşmada əlavə etdiyi bank çıxarışındada göründüyü kimi son haqq hesab ona ödənməmişdir. Bu hadisə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindəndə təsdiqləndiyi haqqda məktub qoşmaya əlavə edilmişdir. İddiaçı bildirir ki, təqdim etmiş olduğu bank çıxarışına əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbi (işçi işdən çıxarkən ona düşən bütün ödənclərtam məbləğdə işdən çıxdığı gün verilir) pozulduğundan "xxxx" MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsinə (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xətə haqqında protokol tərtib edilərək həmin Məcəllənin 192.4-cü maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq cərimə tətbiq edilmişdir və müəssisənin rəhbərliyinə müvafiq məktub ünvanlanmışdır. Qərarın qəbul edilməsinin üzərindən müvafiq bir zaman keçməsinə baxmayaraq şirkət tərəfindən hesaba yüklənməli olan məbləğ hələdə yüklənməmişdir. İddiaçı bildirir ki, dəfələrlə əlaqə saxlasada ödəniş edilməyəcəyi deyilmişdir. xx.xx.2024 cü ildə tarixində tərəflərə ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə bildiriş göndərilsədə xx.xx.2024 cü il tarixində baş tutan görüşdə tərəflərdən olan Cavabdeh MMC İMS də iştirak etməmişdir. İddia ərizəsinə qarşı etirazın dəlilləri:
4. Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən iddia tələbinə yazılı qaydada etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin dəlillərini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. Əlavə olaraq izahatında cavabdeh müəssisənin təsisçisinin övladı ilə iddiaçı arasında yaxın münasibət olduğundan, onlar arasındakı əmək münasibətləri də qarşılıqlı etimada söykənmişdir. Hətta daxili əmr olmadan iddiaçıya tapşırıq əsasında təsərrüfat işlərinə nəzarət etmək öhdəliyi də həvalə edilmişdir. Bu səbəbdən cavabdeh iddiaçının gələcəkdə məzuniyyət haqqı ilə belə bir tələb irəli sürməsinə güman etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
7. xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00578 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı İMS-də iştirak etmiş və 50 manat mediasiya rüsumunu 10 manat kargüzarlıq xərcini ödəmişdir, Cavabdeh MMC-nin nümayəndəsi isə iştirak etməmişdir.
8. AR ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli, 3-17- 5/2-X-6792/2024 nömrəli İddiaçı müraciətinə dair cavab məktubundan görünür ki, aparılmış araşdırma nəticəsində Cavabdeh MMC tərəfindən təqdim edilmiş sənədlərdən İddiaçı ilə Cavabdeh MMC-nin vəzifəli şəxsi arasında xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində işdən çıxma ərizəsi olmadan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi və 70 məzuniyyət gününün son haqq-hesabının ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) pozulduğundan Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək həmin Məcəllənin 192.4-cü maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq cərimə tətbiq edilmişdir. Eyni zamanda ödənilməmiş son haqq-hesabın qanunvericiliyə uyğun olaraq hesablanıb ödənilməsinin təmin edilməsi və nəticəsi barədə X1 Xidmətinin Bakı Şəhər İdarəsinə məlumat verilməsi məqsədilə müəssisənin rəhbərliyinə müvafiq məktub ünvanlanmışdır. Arayışda bildirilir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandınlması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində apanlan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən hallann yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Ərizəçinin qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir.
Əsaslandırıcı hissə: b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC-nin vəzifəli şəxsi arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. İddiaçı ilə Cavabdeh MMC-nin vəzifəli şəxsi arasında xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində işdən çıxma ərizəsi olmadan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş və 70 məzuniyyət gününün son haqq-hesabı ödənilməmişdir. Bu səbəbdən də Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək həmin Məcəllənin 192.4-cü maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq cərimə tətbiq edilmişdir.
10. Hazırda iddiaçı məhkəmədə cavabdehin ona işdən çıxan zaman ödənilməmiş 70 məzuniyyət gününün kompensasiyası üçün 1204,70 manat pulun və 60 manat mediasiya xərcinin əvəzinin ödənilməsini mübahisələndirir. Cavabdeh isə iddia tələbinin dəlillərinə münasibətdə hər hansı dəlil irəli sürmür.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Maddə 71. İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin: 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir.
12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 68.2.a). Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 110.1. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Maddə 113. 1. Əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Maddə 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Maddə 144.3. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Maddə 144.4. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:
14. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
15. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
16. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük vermir.
17. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur.
18. Məhkəmə tərəfindən müəyyən olunmuş işin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MMC-nin vəzifəli şəxsi arasında xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində işdən çıxma ərizəsi olmadan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş və 70 məzuniyyət gününün son haqq-hesabı ödənilməmişdir.
19. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Bunun əksinə olaraq X1 Xidmətinin işəgötürənin işçinin əmək hüquqlarının pozulması barədə məktubunun surəti iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuşdur. Bu səbəbdən də məhkəmə iddia tələbinin “istifadə olunmamış əsas məzuniyyətə görə pul əvəzinin ödənilməsi” barədə iddia tələbini əsaslı və qanuni hesab edir.
20. Halbuki, Əmək Məcəlləsinin 83-cü maddəsi əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməsini tələb edir.
21. Məhkəmə qeyd edir ki, iddanın 70 məzuniyyət gününə görə 1204,7 manat məbləğində kompensasiyanın ödənilməsi barədə iddianın hüquqi əsasını Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsi təşkil edir. Həmin normaya əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
22. Həmçinin qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndi işdən azad etmə barədə əmrin surətinin, işçinin əmək kitabçası və işəgötürənin son haqq hesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməsini işəgötürənin üzərinə vəzifə kimi qoymuşdur. Bu baxımdan son haqq hesabın sonuncu iş günü işçiyə ödənilməməsinin işəgötürənin təqsiri ucbatından gecikdirilmədiyini sübut etmək vəzifəsi də işəgötürənin üzərindədir.
23. Qeyd olunan vəsaiti işçiyə vaxtında ödəməyən işəgötürən bu halın məhz işçinin təqsiri üzündən baş verdiyi, yaxud həmin son haqq hesabın ondan asılı olmayan səbəblərdən işçiyə ödənilmədiyi, yaxud da ödənildiyi barədə sübutlarını məhkəməyə təqdim etməlidir.
24. Nəticə etibarilə məhkəmə bildirir ki, Cavabdeh MMC-nin nümayəndəsi iddia tələbinin əsassızlığına dəlalət edən mövqe ortaya qoymamış və mübahisələndirilən məsələ ilə bağlı halların izahını verməmişdir.
25. Məhkəmə qeyd edir ki, iddia tələbinə qarşı dəlillərini irəli sürmək üçün MPM-nin 14-cü maddəsində nəzərdə tutulan prosessual imkanları cavabdehə təqdim etsə də, lakin cavabdeh bu imkanlardan istifadə etməmişdir.
26. MPM-nin 47.1-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
27. MPM-nin 47.1 və 77-ci maddələrinin birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh ona qarşı irəli sürülmüş dəlillərin məhkəmə tərəfindən onun iştirakı ilə araşdırılması üçün prosessual fəallıq göstərməlidir, məhkəmə iclasında iştirak etməli, iddiaçının tələbinə qarşı mövqeyini açıqlamalı, işin hallarına dair ətraflı izahat verməli, sübutlar təqdim etməlidir. Lazımi şərait yaradılmasına baxmayaraq cavabdeh tərəfindən sübutlar təqdim edilmədikdə, məhkəmə işdə olan sübutlar əsasında qərar çıxarmaqda haqlıdır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.
30. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı).
31. Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir.
32. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, MPM-in 106.1-ci maddəsi işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını sübutlara aid etsə də, həmin izahatlar o halda mötəbər sübut kimi qəbul edilə bilər ki, iş üzrə toplanmış digər sübutlarla təsdiq edilsin. Əks halda tərəflərin bildirdiyi və işdə olan digər sübutlarla təsdiq olunmayan izahatlar əsasında işin hallarının müəyyən olunması MPM-in 9, 14 və 77.1-ci maddələrinə ziddir. Məhkəmə xərcləri:
33. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir.
34. Məhkəmə hesab edir ki, iddiaçının ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə tələbi əsaslı olduğundan təmin edilməlidir.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
37. Azərbaycan Respublikasının “Dövlət rüsumu” haqqında Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
38. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Baxılan iş üzrə ərizənin verilməsinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, habelə iddia tələbi təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 42 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.
39. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən istifadə edilməmiş əsas əmək məzuniyyətə görə 1204,70 manat pul və 60 manat mediasiya xərci İddiaçı ödənilsin. Cavabdeh MMC-dən 42 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Solmaz Ədilova