Məhkəmə qərarları › İş №2(005)-3351/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3351/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3351/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Əhmədov Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Əhmədov Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09.04.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********40688 olan Samsung Galaxy S10 markalı telefon üçün 639 manat ödənilməmiş hissə, 288 manat dəbbə, 13.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********79310 olan X4 10+ markalı telefon üçün 1384 manat ödənilməmiş hissə, 402 manat dəbbə pulu olmaqla, ümumilikdə 2713 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Əhmədov Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “ABC TELECOM“ MMC ilə 09.04.2019-cu il və 13.12.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ kodu **********40688 olan Samsung Galaxy S10 matkalı telefon, İMEİ kodu **********79310 olan X4 10+ markalı telefon almış və nəticədə 2713 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2079 manat (12 ay x 160 manat + 159 manat ilkin ödəniş) olan İMEİ kodu **********40688 olan Samsung Galaxy S10 matkalı telefon üçün 927 manat olmaqla ondan, 639 manat ödənilməmiş hissə, 288 manat dəbbə pulu; 13.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2608 manat (12 ay x 134 manat + 1000 manat ilkin ödəniş) olan İMEİ kodu **********79310 olan X4 10+ markalı telefon üçün ümumilikdə, 1786 manat olmaqla ondan, 1384 manat ödənilməmiş hissə, 402 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2664 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz, olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştər-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatlarını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Cavabdeh Əhmədov Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, 09.04.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 639 manat məbləğində, 13.12.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 1384 manat olmaqla, cəmi 2023 manatdır. 01.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. 09.04.2019-cu il tarixli 00605449 nömrəli müqavilə üzrə cavabdehə İMEİ kodu **********40688 olan Samsung Galaxy S10 matkalı telefon, 13.12.2019-cu il tarixli 01122187 nömrəli müqavilə üzrə cavabdehə İMEİ kodu **********79310 olan X4 10+ markalı telefon satılmışdır. 09.04.2019-cu il tarixli 00605449 nömrəli müqavilə üzrə ödəniş cədvəlinə əlavəyə əsasən cavabdeh qrafik üzrə hər ay 160 manat məbləğində ödəniş öhdəliyini, 13.12.2019cu il tarixli 01122187 nömrəli müqavilə üzrə ödəniş cədvəlinə əlavəyə əsasən cavabdeh qrafik üzrə hər ay 134 manat məbləğində ödəniş öhdəliylərini üzərinə götürmüşdür. Məlumat vərəqəsindən görünür ki, cavabdeh iddiaçıya verdiyi bütün məlumatların həqiqətə uyğun olduğunu öz imzası ilə təsdiqləyir və bu məlumatların “ABC” Telecom tərəfindən hərtərəfli araşdırılmasına etiraz etmir. Kommersiya qrumlarının dövlət reyesteri məlumatlarından görünür ki, "xxxx" MMCnin hüquqi ünvanı ünvan 1anlanmış 15.10.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, üzərinə götürdüyü öhdəliyi yerinə yetirilməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğini qısa bir zamanda ödənilməsini və ya əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacaq. AZE 15786561 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əhmədov Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 09.04.2019-cu il və 13.12.2019-cu il müqavilələrin şərtləri cavabdeh Əhmədov Cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmişdir. Beləliklə cavabdeh iddiaçı ilə arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq ödənişlər etmədiyindən müvafiq müqavilələr üzrə əsas borcu 2023 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 09.04.2019-cu il tarixli müqavilə üzrə 639 manat məbləğində əsas borcuna görə iddiaçı tərəfindən hesablanmış 288 manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 30 manata, 13.12.2019-cu il tarixli müqavilə üzrə 1384 manat əsas borcuna görə 402 manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 60 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumundan 23 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh Əhmədov Cavabdeh 09.04.2019-cu il tarixli müqavilə üzrə 639 manat ödənilməmiş hissə, 30 manat dəbbə, 13.12.2019-cu il tarixli müqavilə üzrə 1384 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu və 23 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Əhmədov Cavabdeh 09.04.2019-cu il tarixli müqavilə üzrə 639 manat ödənilməmiş əsas borc, ona hesablanmış 30 manat cərimə, 13.12.2019-cu il tarixli müqavilə üzrə 1384 manat ödənilməmiş hissə, ona hesablanmış 60 manat cərimə pulu olmaqla, ümumilikdə 2113 (iki min bir yüz on üç) manat məbləğində pul və 23 (iyirmi üç manat) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar