Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3352/2024 01.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ədilova Solmaz İmran qızı, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum və nikah haqqında akt qeydinin bərpası” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum və nikah haqqında akt qeydinin bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə aşağıda qeyd olunanlara əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: Bənd 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bənd 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Bənd 1.6. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Göründüyü kimi, Ərizəçi xüsusi icraat qaydasında məhkəməyə müraciət edərək, həm doğum akt qeydinin, həm də nikah akt qeydinin bərpa edilməsini xahiş edir. Ərizəyə əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ərizəçi nikah akt qeydinin bərpası üçün müraciət etmiş, lakin bu zaman doğum akt qeydinin bərpasına dair müvafiq ərizə ilə qeydiyyat orqanına müraciət etməmişdir. Belə ki, belə bir ərizə ilə məhkəməyə müraciət etməklə, qanunvericiliyin qeyd olunan tələblərini pozmuşdur. Belə olan halda hesab edirəm ki, ərizəçi həm də doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etməli idi. Hazırda isə ərizəçi bu barədə müraciəti olmadan, ümumi qaydada məhkəməyə ərizə ilə müraciət etmişdir. Halbuki qanunvericiliyin tələbinə görə, itən şəhadətnamələrin bərpasının mümkünsüzlüyü yalnız müvafiq orqanın həmin sənədin dublikatının verilməsinin mümkün olmaması ilə təsdiq oluna bilərdi. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqları aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ətrizəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum və nikah haqqında akt qeydinin bərpası” tələbinə dair ərizə, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ərizə ilə aidiyyət qaydalarına riayət etməklə müvafiq məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3352/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3352/2024
01.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver