Məhkəmə qərarları › İş №2(005)-3361/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3361/2020

13.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3361/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh2nə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı fərqinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh2nə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı fərqinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəlki iş yerinə - Cavabdeh2ndə məsləhətçi vəzifəsinə bərpa edilməyi və qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə ona əmək haqqının verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə Ağdam rayonunda anadan olmuşdur. Ağdam rayonu, Keştazlı kəndində qeydiyyatdadır və hal-hazırda ünvan 1 ünvanında müvəqqəti məskunlaşıb. Ağdam rayonundan məcburi köçkündür. Ailəlidir, dörd övladı var. Bildirir ki, Cavabdeh2ndə məsləhətçi ştatının vakant olduğu nəzərə alınaraq xx xxxxxx 2012-ci tarixdən onunla 03 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. xx xxxxxx 2012-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi o, fasiləsiz olaraq məsləhətçi vəzifəsində işləmişdir. xx xxxx 2020-ci il tarixdə aralarında bağlanmış əmək müqaviləsinə müddəti qurtarmasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən və 73-cü maddəsi ilə müəyyən edilmiş qaydada xitam verilmişdir. O, bununla razılaşmır. Belə ki, xx xxxxxx 2012-ci ildən xx xxxx 2020-ci ilə kimi fasiləsiz olaraq işləmişdir. Qanunverciliyin tələbinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Hesab edir ki, hazırkı vəziyyətdə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən çıxarılmağı qanunsuzdur. Çünki onun müqaviləsi hazırda müddətli yox müddətsiz əmək müqaviləsi hesab edilir. Həmçinin hazırkı vəziyyətdə yəni pandemiya ilə əlaqədar olaraq onun işdən çıxarılmağı əsassızdır. Ona görə də hesab edir ki, o öz işinə bərpa olunmalı və qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə ona əmək haqqı verilməlidir. Həmçinin qeyd edir ki, məsləhətçi ştatı üzrə hal-hazırda 9 ştatdan 7-si vakantdır. Belə olan halda onun işdən çıxarılmaığının heç bir əsası yoxdur. Hesab edir ki, bütün bunlar nəzərə alınmalı, qanuni və əsaslı qərar qəbul olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda izahatında yazılı ərizə təqdim edərək və iddia müddətinin ötürülməsini qeyd etmiş, bu baxımdan da iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh2nə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2020-ci il tarixli K-367 nömrəli əmrinin surətindən görünür ki, Cavabdeh2 məsləhətçisi vəzifəsində bağlanmış əmək müqaviləsinə müddəti qurtarmasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən və 73-cü maddəsi ilə müəyyən edilmiş qaydada xx xxxx 2020-ci il tarixdə xitam verilməsi əmr edilmişdir. Əsas kimi Cavabdeh2 xx xxxx 2020-ci il tarixli 02/1596 nömrəli məktubu qeyd edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxx 2012-ci il tarixli 11/1432 nömrəli əmrinin surətindən görünür ki, Cavabdeh2ndə dörd məsləhətçi ştatının vakant olduğunu nəzərə alaraq, İddiaçı həmin vəzifədə xx xxxxxx 2012-ci il tarixdən 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; - 45-ci maddəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 (beş) ilədək müddətə (müddətli) bağlanıla bilər. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Yenə həmin Məcəllənin: - 68.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; - 68.2-ci maddəsində əmək müqaviləsinə xitam verilmənin əsasları dəqiq şəkildə qeyd olunmuşdur. Belə ki, həmin maddənin a bəndində tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin xitam olunması əsası qeyd olunmuşdur; - 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur; - 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edə bilər. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tutula bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 2012-ci il tarixdən Cavabdeh2ndə məsləhətçi vəzifəsində işləyir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2020-ci il tarixli K-367 nömrəli əmri ilə onunla əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdən xitam verilmiş və əmək müqaviləsinin xitam verilməsinə əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən və 73-cü maddəsi ilə müəyyən edilmiş qaydada bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi göstərilmişdir. İddiaçı 2012-ci ildən Cavabdeh2ndə məsləhətçi vəzifəsinə işə qəbul olunmuş, həmin müddətdən onunla yeni əmək müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbləri baxımından Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “B” bəndinə istinad etməsi, yəni əmək müqaviləsinin bitməsi ilə bağlı iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsası yoxdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı Cavabdeh2 məsləhətçisi vəzifəsinə bərpa olunmalı və məcburi işburaxmaya görə əmək haqqı fərqi İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Agdam Rayon Təhsil Şöbəsinin məsləhətçisi vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxmaya görə əmək haqqı hesablanıb ödənilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar