Məhkəmə qərarları › İş №2(005)-3361/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3361/2022

22.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3361/2022 22.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı işə bərpa, əmək haqqının ödənilməsi və s. tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı işə bərpa, əmək haqqının ödənilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, onun məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi, həmçinin ödənilməmiş 1750 manat əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla cavabdeh "xxxx" ASC arasında xx.xx.2018ci il tarixdən xx.xx.2021-ci il tarixədək qeyri-rəsmi, sonuncu tarixdən xx.xx.2022-ci il tarixədək rəsmi əmək münasibətləri mövcud olmuşdur. Qeyri-rəsmi əmək münasibətlərinin mövcudluğu X4 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təsdiqlənir. Qeyri-rəsmi əmək münasibətləri dövründə cavabdehdən hər ay 180 manat əmək haqqı almışdır. Sonradan bunun dövlət tərəfindən müəyyən olunmuş minimum əmək haqqından aşağı olduğu barədə xəbərdar olmuş, əvvəlki aylar daxil olmaqla əmək haqqının minimum əmək haqqına qədər tamamlanmasını tələb etmişdir. Bu səbəbdən cavabdeh bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əmək kitabçasına baxdıqdan sonra müqavilənin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsindən xəbər tutmuşdur. Cavabdeh qərəzli olaraq bağlanmış əmək müqaviləsinə heç bir əsas olmadan Əmək Məcəlləsinin ən ağır maddəsi ilə xitam vermişdir. Müqavilənin ləğv olunmasına dair əmr hələ də təqdim edilməmişdir. X4 Xidməti Bakı şəhər idarəsinin araşdırmasına əsasən bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş və bu zaman qanunvericiliyin tələbləri pozulmuşdur. Halbuki, əmək kitabçasında cavabdeh tərəfindən aparılmış qeydiyyatdan görünür ki, müqavilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Qeyd olunan hallar cavabdehin bağlanmış əmək müqaviləsinə real əsas olmadan sadəcə qərəz səbəbindən xitam verdiyini aşkar olaraq sübuta yetirir. Bundan əlavə xx.xx.2019-cu il tarixdən ölkə üzrə minimum əmək haqqının 250 manat olaraq müəyyən edildiyini nəzərə alaraq həmin tarixdən xx.xx.2021-ci tarixədək mənə hər ay ödənilməli olan 70 manat pul (250 manat (minimum əmək haqqı) – 180 manat (həmin dövr üçün mənə ödənilən əmək haqqı = 70 manat (aradakı fərq)), cəmi 25 aylıq dövr üçün 1750 manat pul cavabdehdən tutularaq ona ödənilmədir. Məhkəmə iclasında iştirak edən İddiaçı zavodun ərazisində baş vermiş oğurluq hadisəsində onun heç bir təqsiri olmadığını, həmin maşınların haqq müqabilində indiyədək zavodun ərazisində saxlanıldığını, əmək müqaviləsinə əslində əmək haqqının ödənilməməsi ilə bağlı Əmək Müfəttişliyinə şikayət etdiyi üçün xitam verildiyini göstərərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş: İddiaçı adına olan əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli, 18/K nömrəli əmr ilə "xxxx" ASC-yə “mühafizə şöbəsinə gözətçi” vəzifəsinə təyin edilmişdir; İddiaçı tərəfindən Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanlanmış ərizənin surətindən görünür ki, xx.xx.2021-ci ildə yazdığı şikayətə baxılmış, rəsmi işə götürüldüyündən və 250 manatdan 3 illik məzuniyyət pulu ödənildiyindən heç bir şikayəti yoxdur; "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 05 nömrəli əmrinin surətindən görünür ki, "xxxx" ASC-nin Mühafizə şöbəsinin gözətçisi İddiaçı xx.xx.2022-ci il tarixdə saat 19:35 radələrində növbədə olarkən armatur ilə yüklənmiş maşın ASC-nin giriş qapısından əraziyə daxil olmuş və onun ardınca başqa bir yük maşını da daxil olmuşdur. Həmin yük maşınları idarə binasının qarşısında arxa-arxaya dayanaraq armatur olan yük maşınından digər boş yük maşınına armatur yükləməyə başlamışlar. Bu zaman İddiaçı maşınlar dayanan istiqamətə yaxınlaşanda yük boşaldanları polis işçilərinin saxladığını görmüşdür. İddiaçı polis işçilərinin burada nə baş verdiyini soruşduqda polis işçiləri yük maşınında olan armaturun oğurluq olduğunu bildirmişlər. İddiaçı xx.xx.2022-ci il tarixli izahatından və digər məlumatlardan belə nəticəyə gəlmək olur ki, İddiaçı armaturla dolu olan yük maşınının və maşında olan yükün ASC-yə və ASC-də olan icarədarlara aidiyatı olmadığını bildiyi halda ASC ərazisinə rəhbərliyə məlumat vermədən buraxmışdır. Beləliklə, İddiaçı vəzifə səlahiyyətlərini aşaraq bəlli olmayan səbəbdən armaturla tam yüklü olan yük maşınını ASC-nin ərazisinə buraxmaqla armatur oğrularına birbaşa şərait yaratmış, onun üzərinə düşən vətəndaşlıq borcunu və vəzifə öhdəliklərini yerinə yetirməkdə laqeyidsizlik göstərmişdir; "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 05 nömrəli əmrin surətindən görünür ki, mühafizəçi İddiaçı izahatı alınarkən müəyyən olunmuşdur ki, o, əmək vəzifələrini kobud şəkildə pozaraq qeyd edilən hərəkətləri ilə əmək müqaviləsinin 3.1-ci bəndinin, habelə ASC-nin daxili qaydalarının tələblərinə əməl etməmişdir. İddiaçı hərəkətləri AR ƏM-in 72-ci maddəsinin “e” bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilmişdir. İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və ASC-nin daxili qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək, onun xx.xx.2022-ci il tarixdən işdən azad edilməsi əmr edilmişdir; İddiaçı əmək kitabçasının surətindən görünür ki,o, xx.xx.2022-ci il tarixdə xx.xx.2022ci il tarixli, 05 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir; "xxxx" ASC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinə ünvanladığı məktubda qeyd edilmişdir ki, İddiaçı işdən çıxarılmasına dair əmrdə texniki səhv olaraq işdən çıxarılma maddəsi 68.2-ci maddənin “a” bəndi kimi göstərilmişdir. Əmrə düzəliş edilərək yenidən göndərilməsinin nəzərə alınması xahiş olunur; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, cəmiyyət rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən İddiaçı ilə “Bakı Çinar Soyuducuları" ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən xx.xx.2022-ci il tarixində qanunvericiliyin tələblərinin pozularaq xitam verildiyi, son haqq-hesabın isə ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən idarə heyətinin sədri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Əmək müqaviləsinə xitam haqqında cəmiyyətin əmrini ləğv edərək əvvəlki iş yerinə qayatırılması baradə "xxxx" ASC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir. Həmçinin qeyd edilmişdir ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2021-ci il tarixinə qədər cəmiyyətdə işlərin yerinə yetirilməsinə cəlb edildiyi məlum olmuşdur. Lakin müddət nəzərə alınmaqla inzibati məsuliyyətə cəlb etmək mümkün olmamışdır; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" ASC xx.xx.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir; İddiaçı şikayəti ilə əlaqədar Azərbaycan Respublikası üzrə müəyyən olunmuş minimum əmək haqqı ilə ona faktiki ödənilən əmək haqqı arasında yaranan fərqə dair arayışdan görünür ki, "xxxx" ASC-nin İddiaçı 721,60 manat məbləğində ödənilməmiş əmək haqqı qalığı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. ƏM-in 76-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları ƏM-in 70-ci maddəsində göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinin tələbinə əsasən, işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi, qanunverici işçinin əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürənin üzərinə mühüm vəzifələr qoymuşdur. ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi üçün işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş ümumi şərtlərlə yanaşı, bir sıra xüsusi şərtlərə də əməl olunmalıdır. Hazırki iş üzrə əmək müqaviləsi ləğv edilərkən istinad edilən Əmək Məcəlləsinin 72ci maddəsinin “e” bəndinə uyğun olaraq, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardan biri əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsidir. Məhkəmə bununla bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə yalnız ƏM-in 71-ci maddəsinin 2-ci hissəsində sadalanan hallarda yol verilir. ƏM-in 71-ci maddəsinin 2-ci hissəsi 70-ci maddənin “ç” bəndinə münasibətdə konkretləşdirici norma kimi çıxış etməklə əmək müqaviləsinin müvafiq əsasla ləğv edilməsi üçün xüsusi şərt nəzərdə tutmuşdur. Belə ki, işçinin sadəcə əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi özü-özlüyündə əmək müqaviləsinin ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğvinə əsas ola bilməz. Bunun üçün eyni zamanda işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmalıdır (ƏM-in 71-ci maddəsinin 2-ci hissəsi). Hazırki işdə isə işəgötürən tərəfindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olduğu əsaslandırılmamış və buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, qeyd edilən hadisə iş vaxtından sonra baş vermişdir, hadisə zavodun ərazisində olsa da, hər iki tərəfin izahatlarına əsasən oğurluq hadisəsinin (əgər baş vermişsə) zavoda heç bir aidiyyəti olmamış, kənar maşınlar bir-birlərinə malları boşaltmışlar. İddiaçının izahatına əsasən həmin maşınlar bügunədək icarə haqqı müqabilində zavodun ərazisinə daxil olurlar. İddiaçının müvafiq məsələdə maşınları zavodun ərazisinə buraxmasında səhvi olmuş olsa belə, qeyd edilən halın yuxarıda göstərilənlər nəzərə alınmaqla kobud səhv olaraq işəgötürənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirən hal kimi qiymətləndirilərək əmək müqaviləsinin ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi iqtisadi baxımdan daha güclü olan işəgötürən tərəfindən təşkilati-sərəncamverici səlahiyyətlərdən və hüquqlardan sui-istifadə etmə hesab oluna bilər. Həmçinin qeyd olunmalıdır ki, işəgötürən mövcud vəziyyətdə yuxarıda göstərilən halları və cavabdehin məhkəmədə izahatında da qeyd etdiyi kimi, iddiaçının şəxsiyyətini, kollektivdə nüfuzunu və digər amilləri nəzərə alaraq ona başqa intizam tənbehinin verilməsinin mümkünlüyünü müzakirə etmək hüququndan istifadə edə bilərdi. Belə ki, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi tutarlı və mötəbər sübutlarla təsdiq olunmadan ona həmin Məcəllənin 186-cı maddəsində nəzərdə tutulan ən ağır inzibati tənbeh növlərindən biri olan “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” kimi intizam tənbeh növünün verilməsi gələcəkdə işçinin eyni və ya digər sahələrdə əmək fəaliyyətini davam etdirməsi üçün ciddi əngəl yaradan amil kimi çıxış edir. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı). Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. Əmək müqaviləsinin ləğv edilməsinin qanunazidd şəkildə aparılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda da öz əksini tapmışdır. Belə ki, həmin məktuba əsasən əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulduğundan cəmiyyətin idarə hyətinin sədri barəsində İXM-in 192.6-cı maddəsilə inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Eyni zamanda qeyd edilən məktuba və cavabdehin izahatına əsasən elektron sistemə yanlış olaraq əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndi əvəzinə 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verldiyi barədə məlumat daxil edilmişdir. İddia tələbinin hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Bu maddənin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Həmin normada işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. İşəgötürənin əmək müqaviləsini bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsasları pozaraq ləğv etməsi; 2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinin ləğv edilməsi; 3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsi çıxış edir. Hazırki işdən göründüyü kimi, cavabdeh iddiaçının əmək müqaviləsini ləğv edərkən Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə əməl etməmiş, eləcə də əmrdə işçinin hərəkətlərini Məcəllənin 72-ci maddəsinin “e” bəndinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirsə də, həmin maddələrdə nəzərdə tutulmuş halların baş verməsini kifayət qədər əsaslandırmamış, işçinin vətəndaşlıq borcunu və vəzifə öhdəliklərini yerinə yetirməkdə laqeydsizlik göstərməsini qeyd etməklə kifayətlənmiş, bununla da işçinin əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə cavabdehin xx.xx.2022-ci il tarixli, 05 nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilməli və o, əvvəllər tutduğu “mühafizə şöbəsinə gözətçi” vəzifəsinə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarına görə, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə iddianın “ödənilməmiş 1750 manat əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində qeyd edir ki, iddiaçı tərəfindən göstərilən məbləğ əmək müqaviləsinin rəsmiləşdirilmədiyi dövrdə, yəni xx.xx.2021-ci ilədək ona minimum əmək haqqından az miqdarda ödənilmiş əmək haqlarının tamamlanması, yəni ödənilməyən hissələrin ödənilməsi ilə bağlıdır. Məhkəmə iclasında tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, cavabdeh 721,60 manat məbləğində borcunun olduğunu qəbul etmiş və buna dair məhkəməyə müvafiq arayış təqdim etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni qalan məbləğin ona ödənilmədiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, əksinə iş materiallarına əlavə edilmiş ərizəyə əsasən, müvafiq dövlət orqanına heç bir şikayətinin olmaması və tələbləri ödənildiyindən şikayətini geri götürməsi barədə məktub ünvanlamışdır. Cavabdehin iddianı bu hissədə qismən etiraf etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli və cavabdehdən 721,60 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki prosessual Məcəllənin 220.4-cü maddəsinə uyğun olaraq, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən edilməli, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, 5 nömrəli əmr ləğv edilməli, İddiaçı xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu "xxxx" ASC-də “mühafizə şöbəsinin gözətçisi” vəzifəsinə bərpa edilməli və ona xx.xx.2022-ci il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Həmçinin "xxxx" ASC-dən 721,60 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, 5 nömrəli əmr ləğv edilsin. İddiaçı xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu "xxxx" ASCdə “mühafizə şöbəsinin gözətçisi” vəzifəsinə bərpa edilsin və ona xx.xx.2022-ci il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. "xxxx" ASC-dən 721,60 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar