Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3369/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, Ərizəçi “hüquqi faktın təsdiq edilməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasından kənar baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi faktın təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli, 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il tarixli, 95 №-li qərarının 2.22-ci bəndində “X2" kimi qeyd olunan şəxsin əslində "X1" olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in: - 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunmuşdur ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə qeyd edir ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi faktların müəyyən edilməsi - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün bu barədə ərizə təqdim edilməmişdən qabaq ərizəçi tərəfindən qeyd olunan sənədlərin alınması imkanının tükənməsi barədə sübutların (sənəddə olan yanlışlıqla bağlı müvafiq orqana müraciət etməsi, imtina cavabı alması və s.) ərizəyə əlavə edilməsi maddi hüquq normasının imperativ tələbidir. Bu tələbə əməl edilməməsi isə ərizə və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılması üçün əsasdır. Hazırki ərizə və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Bununla belə qeyd olunan sənədi məhkəmədənkənar qaydada ala bilməməsinə dair sübutları - hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması və s. ərizəyə əlavə etməmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, məhkəməyə müraciətin müxtəlif prosessual formaları (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. Xüsusi icraat qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə ərizə ilə müraciət göstərilmişdir. Xüsusi icraat qaydasında baxılan işlər (MPM-nin 30-40-1-ci fəsilləri) üzrə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir. Hazırki ərizə xüsusi icraat qaydasında məhkəməyə daxil olmuş, bununla belə ərizədə “maraqlı şəxs” qismində cəlb olunan şəxslər, maraqlı şəxs qismində cəlb edilməli olan şəxsin adı, tərəflərin ünvanı, onların əlaqə məlumatları, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar (AR MPM-in 149-cu maddəsi) göstərilməmiş, ərizə qanunvericiliklə müəyyən olunmuş forma və məzmuna uyğun tərtib edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi məhkəməyə müraciət etməzdən əvvəl işin məhkəmədən kənar həlli qaydasına riayət etmədiyindən və buna dair sənədi ərizəyə əlavə etmədiyindən, onun icraata qəbul olunaraq baxılması da mümkün deyildir və buna görə də ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmçinin məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu da iddiaçıya tam geri qaytarılmalıdır. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Ərizəçi “hüquqi faktın təsdiq edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi “hüquqi faktın təsdiq edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün xx.xx.2025-ci il tarixdə ödənilmiş 100 (yüz) manat (qəbz nömrəsi **********) dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilsin. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-3369/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3369/2025
10.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver