Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3370/2022 23.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, əmrin ləğv edilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən qanunsuz olaraq tutduğu vəzifədən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının "xxxx" MMC-nin Xırdalan Logistika departamenti Mərkəz anbar şöbəsinə anbardar (geri qayıdan məhsullar üzrə) vəzifəsinə bərpa olunmasının təmin edilməsi, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqısının hesablanması və ödənilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2010-cu il tarixdə “Qafqaz Ticarət" MMC-nin Logistika şöbəsində fəhlə vəzifəsinə işə düzəlmiş, sonradan həmin cəmiyyətin xx.xx.2010-cu il tarixli əmri ilə Logistika şöbəsində anbardar vəzifəsinə keçirilmiş, xx.xx.2011-ci il tarixində öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.2012-ci il tarixdə "xxxx" MMC-nin Təsərrüfat şöbəsində anbardar vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2013-cü il tarixində həmin cəmiyyətin Təsərrüfat şöbəsi ləğv olunduğuna görə cəmiyyətin Logistika şöbəsində anbardar vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı il tarixində "xxxx" MMC-nin adı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin Dövlət reyestrində dəyişdirilərək Cavabdeh MMC adlandırılmışdır. xx.xx.2021-ci il tarixində “Sun Food" MMC-nin Xırdalan logistika Departamentinin Mərkəzi Anbar şöbəsinə anbardar vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə isə həmin cəmiyyətin Tədarük zəncir Direktorluğu, Xırdalan Logistika departamenti Mərkəz anbar şöbəsinə anbardar (geri qayıdan məhsullar üzrə) vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixində Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanunsuz olaraq tutduğu vəzifədən azad edilmişdir. Hazıradək Cavabdeh MMC tərəfindən qanunsuz işdən çıxarılması barədə əmr ona təqdim edilməmişdir. Dəfələrlə Cavabdeh MMC-yə yaxınlaşıb işdən çıxarılması barədə əmri tələb etsə də, ona həmin əmrin təqdim edilməsindən qəsdən imtina edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli əmri əsassızdır və ləğv edilməlidir. Belə ki, həmin əmrin verilməsi üçün heç bir qanuni əsas olmamışdır. Cavabdeh MMC ona əvvəlcə könüllü olaraq işdən çıxmaması barədə ərizə verməsini tələb etmiş, lakin onların tələbinin qanunsuz olduğundan qəbul etmədiyinə görə iddiaçı heç bir qanuni əsas olmadan formal olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə istinad olunmaqla qərəzli şəkildə işdən çıxarılmışdır. Həqiqətən də açıq aşkar görünür ki, iddiaçı tərəfindən işdən çıxmaq barədə yazılmış ərizə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq onun sərbəst iradə ifadəsi olmamış, Cavabdeh MMC tərəfindən onun işdən çıxarılmasına dair verilmiş əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edilmişdir. Məhkəməyə qədər o, müvafiq mediyasiya xidmətinə müraciət etmiş və cavabdehin nümayəndəsi ilə mediyasiya çərçivəsində hazırkı iddia tələbinin təmin edilməsi istiqamətində razılıq əldə etmək mümkün olmamışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, xx.xx.2016-cı cı il tarixində "xxxx" MMC-nin adı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin Dövlət reyestrində dəyişdirilərək Cavabdeh MMC adlandırılmışdır. xx.xx.2021-ci il tarixində “Sun Food" MMC-nin Xırdalan logistika Departamentinin Mərkəzi Anbar şöbəsinə anbardar vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə isə həmin cəmiyyətin Tədarük zəncir Direktorluğu, Xırdalan Logistika departamenti Mərkəz anbar şöbəsinə anbardar (geri qayıdan məhsullar üzrə) vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixində Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanunsuz olaraq tutduğu vəzifədən azad edilmişdir. Hazıradək Cavabdeh MMC tərəfindən qanunsuz işdən çıxarılması barədə əmr ona təqdim edilməmişdir. Dəfələrlə Cavabdeh MMC-yə yaxınlaşıb işdən çıxarılması barədə əmri tələb etsə də, ona həmin əmrin təqdim edilməsindən qəsdən imtina edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli əmri əsassızdır və ləğv edilməlidir. Belə ki, həmin əmrin verilməsi üçün heç bir qanuni əsas olmamışdır. İddia tələbini müdafiə etdiyini, işə bərpa olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X4 iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, İddiaçı əmək intizamını pozmuşdur. Belə ki, o işəgötürənin mənafeyinə zidd hərəkətə yol vermiş, anbarda olan məhsulları şəxsi məqsədi üçün istifadə etmişdir. Buna görə də, işçini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edərkən işəgötürən qanunvericiliyin tələbini pozmamışdır. İddia tələbini qəbul etmir, rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixli, 73/K nömrəli əmri ilə Təsərrüfat şöbəsinə anbardar vəzifəsinə işə qəbul edilmiş, Cəmiyyətin Təsərrüfat şöbəsin ləğv olunduğundan xx.xx.2013-cü il tarixli, 02/9 saylı əmr ilə Logistika şöbəsində anbardar vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixində "xxxx" MMC-nin adı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin Dövlət reyestrində dəyişdirilərək Cavabdeh MMC adlandırılmış, xx.xx.2021-ci il tarixində 466K saylı əmrlə “Sun Food" MMC-nin Xırdalan logistika Departamentinin Mərkəzi Anbar şöbəsinə anbardar vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli, 466K saylı əmrlə isə həmin cəmiyyətin Tədarük zəncir Direktorluğu, Xırdalan Logistika departamenti Mərkəz anbar şöbəsinə anbardar (geri qayıdan məhsullar üzrə) vəzifəsinə qəbul olunmuş, “Sun Food" MMC-nin 564-K nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu vəzifədən azad edilmişdir; xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, aktı imza edənlər qeyd edilən tarixdə X2, Xırdalan Logistika departamenti, X6 Anbardar (geri qayıdan məhsullar üzrə) vəzifəsində çalışan İddiaçı anbarında keçirilən sayım zamanı aşağıdakıları aşkar etmişlər: Məhsul kodu 14008506 (CHOCO ART FİNDİQLİ_90G*12*6) olan məhsuldan 60 ədəd və 14008696 (CHOCO ART FİNDİQLİ_90G*12*6) olan məhsuldan isə 52 ədəd əksik çıxmışdır. “Sun Food" MMC-nin direktoruna ünvanlanmış xidməti məlumatının surətinin mətnində “Bildirirəm ki, X2, Xırdalan Logistika Departamenti, X6 Anbardar (geri qayıdan məhsullar) vəzifəsində işləyən İddiaçı tərəfindən görülən işlərdə nöqsanlar aşkar edilmişdir. İddiaçı tərəfindən anbarda olan məhsulların şəxsi məqsədi üçün istifadə edilməsi təsdiqlənmişdir. Əməkdaşın işlədiyi bölməni və vəzifəsini diqqətə alaraq qanuna uyğun olaraq tədbir alınmasını xahiş edirəm. Məlumat olaraq diqqətinizə çatdırıram” göstərilmişdir; İddiaçı “Sun Food" MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli izahatın məzmununda “Yazıb sizə bildirmək istəyirəm ki, xx.xx.2021-ci il tarixində vaxtına az qalmış məhsula geri qayıtmışdır. Onu qeyd edim ki, məhsul satışa yararsız vəziyyətdə olmuşdur. Bir neçəsini çayla içmişdim. Bunun belə birdə təkrarlanmayacağına söz verirəm” göstərilmişdir; xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. “İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir; 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 70-ci maddənin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 72-ci maddəsində aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər; Məhkəmə yuxarıda sadalananlara əsasən qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, habelə həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallar əsasında əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü qeyd edilmişdir. Həmin Məcəllənin 72-ci maddəsində isə qeyd olunan hallar sırasında İddiaçı bu qaydaların pozulması ilə bağlı əsaslar aşkar edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh işəgötürən Cavabdeh MMC İddiaçı ilə əmək müqaviləsinə xitam verərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl etməyərək, əmək qanunvericiliyinin tələblərini pozduğundan və iddiaçının iddia tələbi bu hissədə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə tərəfindən mülki iş üzrə hallar araşdırılarkən İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə nəzərdə tutulmuş pozuntulara yol verməsi aşkar edilməmişdir. İddiaçının Məhsul kodu 14008506 (CHOCO ART FİNDİQLİ_90G*12*6) olan məhsuldan 60 ədəd və 14008696 (CHOCO ART FİNDİQLİ_90G*12*6) olan məhsuldan isə 52 ədəd yeməsi cavabdeh üçün hər hansı maddi zərərə səbəb ola və ya işəgötürənin, qanuni mənafeyinə ciddi xələl gətirə bilməz; nəzərə alınmalıdır ki, iddiaçının yediyi konfetlərin istifadə müddətinin bitməsinə az qalmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, “əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərin və hüquq pozuntularının” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbini təşkil edə bilməsi üçün, məhz onun yol verdiyi pozuntuların müəssisədə mənfi nəticələr (yəni, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi və ya işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) doğurması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilərdi. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə sonuncunun işgüzar nüfuzuna xələl gətirməsi (anbarda olan istifadə müddəti bitmiş məhsuldan yeməsi) səbəbindən xitam verildiyini irəli sürsə də, məhz iddiaçının təqsirli hərəkətləri nəticəsində sözügedən ziyanın ortaya çıxdığını (yarandığını) kifayətedici aydınlıqla sübuta yetirə bilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh müəssisə vurulmuş maddi ziyanın iddiaçının qəsdən və bilərəkdən sistematik olaraq etməsi iş materialları ilə müəyyən olunmur. Göründüyü kimi özünə maddi ziyan vurulmasını hesab edən Cavabdeh MMC İddiaçı barəsində xx.xx.2022-ci il, 564K nömrəli əmri verərkən həmin ziyanın məhz iddiaçının təqsirli hərəkətləri nəticəsində yarandığını təsdiq edə biləcək təkzib olunmaz sübuta malik olmamış, belə sübut məhkəməyə də təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, ilkin iddia tələbləri vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl-olunub olunmadığı da müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə müqavilənin ləğv edilməsinin əsası kimi iddiaçının konkret hansı pozuntuya yol verdiyi barədə məlumat göstərilməmişdir. Məhkəmənin qənaətinə görə, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. Bundan başqa, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır. Məhkəmə hesab edir ki, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi törəmə hüquq münasibəti olub, işə bərpa haqqında tələbin təmin edilməsindən asılıdır. İddiaçı iddia ərizəsinin işə bərpa hissəsində təmin edilməsi, işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsini şərtləndirir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh MMC-nin İddiaçı barəsində xx.xx.2022-ci il, 564K saylı əmək müqaviləsinə xitam verilmə barədə əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-də anbardar (geri qayıdan məhsullar üzrə) vəzifəsinə bərpa edilsin. xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Cavabdeh MMC tərəfindən İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3370/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3370/2022
23.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver