Məhkəmə qərarları › İş №2(005)-3393/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3393/2021

26.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3393/2021 26.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, onun numayəndəsi və vəkili Ramazanova Aytən Adil qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mətbəxin boşaldılması, eyvana yolun açılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin texniki pasportuna uyğun olaraq mətbəxin boşaldılması, eyvana yolun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Ə.Əlizadə küçəsi, ev 61-də yerləşən, 48 saylı mənzilin texniki pasportunda 14.1 kv.m kimi nəzərdə tutulmuş mətbəxin boşaldılması və eyvana yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Ə.Əlizadə küçəsi, ev 61-də yerləşən, 48 saylı mənzilinə aid Çıxarışdan və Texniki Pasportundan məlum olur ki, mənzil 2 otaqlıdır, ümumi sahəsi 65.4 kv.m. olmaqla (13.8 və 22.5 kv.m. y/s. otaqlarından), 9,9 kv.m. dəhlizdən, 5,1 kv.m. sanitar qovşağından və 14,1 kv.m. mətbəxdən ibarətdir. Mənzil cavabdehlə birgə mülkiyyətindədir. 04.05.2010-cu ildən cavabdehlə nikahı pozulduğundan mənzildə birgə yaşamaqları mümkünsüzlüyünü nəzərə alaraq, “mənzilin naturada bölünməsi, bölünməsi mümkün olmadığı halda açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin paylara uyğun bölünməsi” barədə tələbi Nərimanov Rayon Məhkəməsinin 20.02.2017-ci il tarixli qətnaməsi ilə təmin olunmasına baxmayaraq, açıq hərracda satılmadığından icrası mümkün olmamışdır. Bundan sonra "ümumi paylı mülkiyyət hüququna xitam verilməsi barədə tələbi Nərimanov Rayon Məhkəməsinin 06.02.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, təmin olunmamasının səbəbi “paylarımız cuzi olmadığından paylı mülkiyyətin iştirakçılarının öhdəsinə kompensasiya ödənilməsi vəzifəsinin qoyula bilməməsi” kimi qiymətlədirilmişdir. Növbəti tələbi "mənzilə köçürülməyim, mənzilin mətbəxi, sanitar sahələri və eyvanın ümumi istifadədə olmaqla 22,5 kv.m. olan yaşayış otağına istifadə hüququmun müəyyən olunması” barədə tələbi üzrə Nərimanov Rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli qətnaməsində cavabdehin etiraz dəlilləri, yəni, “hazırda 14.1 kv.m. olan mətbəxin yataq otağı kimi istifadə olunması, 22.5 kv.m. olan otağın isə həm salon, həm də mətbəx kimi istifadə edildiyindən, həmin otağa köçürülməyi mümkünsüz olduğu, köçürüləcəyi təqdirdə mənzildə yaşayanların mətbəxə daxil olmalarına maneələrin olacağı” qətnamənin əsasına götürərək 22.5 kv.m. yaşayış otağı mənzilin salonu barədə spesifik olaraq istifadə qaydalarını müəyyən etmək qeyri-mümkün olduğu kimi qiymətləndirilmiş, bu baxımdan paylı mülkiyyətçi olduğumdan iddia tələbim qismən, yəni, istifadə qaydaları müəyyən olunmadan, ümumən mənzilə köçürülməyi təmin olunmuşdur. Nikah pozulduqdan sonra, mənzili paylarına uyğun düzgün bölünməsi məqsədilə müraciətinə əsasən, 2(005)-794/2017-saylı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2017-ci ilin mart ayında çıxarılmış qətnaməsinə əsasən, 22.5 kv.m. otaqda qurulmuş mətbəx və ona aid mebellər, eyvana çıxışı bağlayan şkaf məcburi qaydada sökülməsi barədə üzərinə öhdəlik qoyulmuş və icra qurumun işçilərin iştirakı ilə salonda qurulmuş mətbəx və ona aid mebellər, eyvana çıxışı bağlayan şkaf tərəfindən sökülmüşdür. Buna baxmayaraq cavabdehin təqsirindən mənzildən istifadə edə bilmir. Cavabdehin yenidən salonda mətbəxi bərpa etməsi ilə Nərimanov Rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli qətnaməsinə əsasən istifadə qaydasını müəyyən etməsinə manə olmuşdur. Məhkəmə iclasında İddiaçı və onun numayəndəsi və vəkili X1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli, 2(005)-924/2020 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Ə.Əlizadə küçəsi, ev 61-də yerləşən, 48 saylı mənzilətərəflərin iştirakı ilə yerli baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Ə.Əlizadə küçəsi, ev 61-də yerləşən 48 saylı mənzil çoxmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir. Mənzilə daxil olarkən müəyyən olundu ki, işdə olan çıxarışa əsasən mənzilin Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61, mənzil 48-in ümumi sahəsi 65,4 kv.m, yaşayış sahəsi 36,3 kv.m olmaqla, 2 otaqdan ibarətdir. Dəhliz 9,9 kv.m, sanitar qovşağı 1,5 kv.m, yaşayış otağı 13,8 kv.m, mətbəx 14,1 kv.m, yaşayış otağı 22,5 kv.m.. Mənzil təmirlidir və bütün zəruri avadanlıq ilə təchiz olunub. 22,5 kv.m olan yaşayış otağı mənzilin salonu və mətbəxi kimi, 14,1 kv.m olan mətbəx isə yataq otağı kimi istifadə olunur. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61, mənzil 48 paylı mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1283 nömrəli reyestr kitabının 116952 nömrəli vərəqində 30.06.2016-cı ildə qeydiyyata alınmış, onun ½ payı müəyyən edilmişdir. Digər ½ hissədə pay Cavabdeh məxsusdur. Çıxarışa əlavə olunmuş mənzilin planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61, mənzil 48-in ümumi sahəsi ümumi sahəsi 65.4 kv.m, yaşayış sahəsi 36.3 kv.m olmaqla, iki otaqdan ibarətdir. Dəhliz 9.9 kv.m, sanitar qovşağı 1.5 kv.m, yaşayış otağı 13,8 kv.m, mətbəx 14.1 kv.m, yaşayış otağı 22.5 kv.m. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 9.2. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.1. mənzil hüququnun tanınması; 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması; 9.2.3. məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ hüquqi aktlarla ziddiyyət təşkil edən normativ hüquqi aktların qüvvəsinin tam və qismən dayandırılması; 9.2.4. məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ hüquqi aktlarla ziddiyyət təşkil edən normativ hüquqi aktların tətbiq edilməməsi; 9.2.5. mənzil münasibətlərinə xitam verilməsi və ya bu münasibətlərin dəyişməsi; 9.2.6. bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulan başqa üsullarla. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır. 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 3-cü hal mövcuddur, yəni iddiaçı köçmək istədiyi evə mülkiyyət hüququ olsa da, məhrum edilməsi qanuni deyil. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə də mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.3-cü maddəsinə görə, paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. 215.4-cü maddəsinə görə, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı mübahisəli mənzildə yaşamır. Tərəflər arasında Bakı şəhəri, Ə.Əlizadə küçəsi, ev 61-də yerləşən, 48 saylı mənzil onların ümumi mülkiyyətlərində və ümumi istifadələrindədir. Məhkəmə iclasında tərəflərin təqdim etdiyi mənzilin çıxarışına əlavə olunmuş mənzilin planına əsasən və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.10.2020-ci il tarixli, 2(005)-924/2020 saylı qətnaməsindən olan yerli baxış zamanı müəyyən edilmiş hallardan məlum olur ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61, mənzil 48-in ümumi sahəsi ümumi sahəsi 65.4 kv.m, yaşayış sahəsi 36.3 kv.m olmaqla, iki otaqdan ibarətdir. Dəhliz 9.9 kv.m, sanitar qovşağı 1.5 kv.m, yaşayış otağı 13,8 kv.m, mətbəx 14.1 kv.m, yaşayış otağı 22.5 kv.m. Məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi mətbəxdən eyvana yolun açılmasını istəsə də mətbəxə daxil olmalarında maneələrin olacağını bildirdi. Səbəbini onunla izah etdi ki, mətbəx yataq otağı kimi istifadə olunur. Məhkəmənin qənaətinə görə iddiaçı mətbəxdən eyvana yolun açılmasını tələb etsə də, iş materiallarından görünür ki, mətbəx yataq otağı kimi istifadə olunduğundan, qeyd olunan yolun açılması həmin mətbəxdən yataq otağı kimi istifadə edən şəxsin oradan yataq otağı kimi istifadə etməsinin maneəsinə səbəb olacaqdır. Odur ki, məhkəmə iddianın rədd olunmasını əsaslı hesab edir Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mətbəxin boşaldılması, eyvana yolun açılması” tələbinə dair iddiası rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar