Məhkəmə qərarları › İş №2(005)-3405/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3405/2023

02.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3405/2023 02.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (9 ay, 6 gün) əmək stajının hesablanması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1968-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur. xx.xx.1985-ci il tarixdə Cəbrayıl Təmir Tikinti sahəsinin 75 nömrəli əmri ilə sahəyə 2-ci dərəcəli fəhlə qəbul edilmişdir. xx.xx.1985-ci il tarixədə sahənin 91 nömrəli əmri ilə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixdə 16 nömrəli SMD-nin 41 nömrəli əmri ilə 1-ci dərəcəli fəhlə kimi işə qəbul edilmiş, xx.xx.1986cı il tarixdə SMD-nin 31 nömrəli əmri ilə öz ərizəsi əsasında işdən azad edilmişdir. 1986-cı ilin iyun ayının 6-sı tarixində 55 nömrəli əmrlə 1-ci dərəcəli fəhlə kimi işə qəbul edilmişdir. xx.xx.1986-cı il tarixdə öz ərizəsi ilə 85 nömrəli əmrə əsasən işdən azad eilmişdir. xx.xx.1986-cı il tarixdən 13 nömrəli əmr ilə Kirov adına Kolxoz üzvlüyünə qəbul edilmişdir. xx.xx.1986-cı il tarixdə hərbi çağırışa çağırılaraq, xx.xx.1988-cil tarixə kimi Sovet ordusu sıralarında hərbi qulluq etmişdir. Hərbi qulluqdan qayıtdıqdan sonra xx.xx.1988-ci il tarixdə yenidən Kirov adına Kolxozda işləməyə başlamışdır. 1989-cu il tarixdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmaq üçün, sənədlərini vermiş və həmin ildə instituta qəbul olmuşdur. xx.xx.1989-cu il tarixdə Kirov adına kolxozun sədri K.Məmmədov tərəfindən xasiyyətnamə verilmişdir. 1994-cü il tarixdə müvəffəqiyyətlə qəbul olduğu ali təhsil ocağını bitirmişdir. Ali təhsilini bitirdikdən sonra, işləmiş olduğu Kolxoza qayıtmış, bir müddət orada işləmək fikrində olmuşdur. Bu səbəbdən Kolxozdan işdən azad olunması barədə ərizə yazmamış və əmək kitabçası Kirov adına Kolxozda qalmışdır. 1993-cü ilin avqust ayının 23 tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən Cəbrayıl rayonu işğal edilmişdir. xx.xx.1993-cü il tarixdə Bakı Metropoliteni QSC-yə işə düzəlmişdir. Daima gecə növbəsində xx.xx.2006-cı il tarixə kimi xüsusi zərərli şəraitdə işləmişdir. Hazırda Bakı Metropoliteni QSC-də işləyir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, güzəştli şərtlərlə pensiyanın təyinatının müəyyən edilməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq **********8 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə güzəştli şərtlərlə pensiyanın təyinatından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə gzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək stajının hesablaması zamanı müəyyən olunmuşdur ki, onun Sovet ordusu sıralarından qayıdıb, ali təhsil ocağına daxil olduğu müddət yəni, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (9 ay, 6 gün) nəzərə alınmayaraq, hesablanmamışdır. Əmək stajını təsdiq edən müvafiq sənədin verilməsi üçün Cəbrayıl rayon İcra Hakimiyyətinin Cəbrayıl rayon Dövlət Arxivinə yazılı müraciət etmiş, xx.xx.2023-cü il tarixli, 11/07 nömrəli arxiv arayışında Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon Təmir Tikinti İdarəsi və (Kirov) Q.Namazəliyev adına kolxozun arxiv sənədləri işğal zonasında qaldığı barədə yazılı məlumat verilmişdir. Kolxozda işlədiyi zaman, onunla bərabər iş yoldaşları olan xx.xx.1967-ci il təvəllüdlü Cəbrayıl rayon sakini X7 və xx.xx.1967-ci il təvəllüdlü Cəbrayıl rayon sakini X2 yazdıqlarını təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsində göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi onun kəndçisidir. Hərbi xidmətdən qayıtdığından sonra Kirov adına kolxozda işləmişdir. Kolxozda işə daxil olanda Ərizəçi artıq orda fəhlə işləyirdi. Ərizəçi instituta gedənədək kolxozda işləmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi kənddən tanımışdır. O, 1987-ci il tarixdən 1992-ci il tarixədək Kirov adına kolxozda işləmişdir. Ərizəçi ondan əvvəl, yəni 1985-ci il tarixdən kolxozda işləmişdir. Ərizəçi əsgərlikdən gələndən sonra instituta qəbul olanadək kolxozda işləmişdir. İş materiallarında olan: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur; Ərizəçi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1986-cı il tarixdən 13 nömrəli əmr ilə Kirov adına Kolxoz üzvlüyünə qəbul edilmişdir. xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci tarixədək hərbi xidmətdə olmuşdur. 1989-cü ildən 1994-cü ilədək Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur; Kirov adına Kolxozun sədrinin Ərizəçi barəsində verdiyi xx.xx.1989-cu il tarixli Xasiyyətnamənin surətində qeyd edilmişdir ki, Ərizəçi 1986-ci ilin sentyabr ayından kolxoz üzvlüyünə qəbul olunmuş və işləmişdir. 1986-ci il tarixdən 1988-ci il tarixədək hərbi xidmətdə olmuş və hərbi xidmətdən qayıdandan sonra kolxozda işləməyə başlamışdır; Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2022-ci il tarixli Arxiv arayışından görünür ki, Ərizəçi 1989-cu il tarixdə Energetika fakültəsinin “Sənaye qurğuları və texnoloji kompleksləri elektrik intiqalı və avtomatlaşdırılması” ixtisası üzrə əyani şöbənin 1-ci kursuna qəbul olmuş və 1994-cü il tarixdə ixtisas üzrə əyani şöbəni bitirmişdir; Cəbrayıl Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli Arxiv arayışından görünür ki, Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon təmir tikinti idarəsi və Q.Namazalıyev (Kirov) adına kolxozun arxiv sənədləri işğal zonasında qalmışdır; X6 АЗЕ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1988ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kirov adına Kolxozda işləmişdir; X1 АЗЕ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1985ci tarixdən xx.xx.1989-cu il tarixədək Kirov adına Kolxozda işləmişdir; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının verdiyi güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında sənəddən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək stajının hesablaması zamanı müəyyən olunmuşdur ki, onun Sovet ordusu sıralarından qayıdıb, ali təhsil ocağına daxil olduğu müddət yəni, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (9 ay, 6 gün) nəzərə alınmayaraq, hesablanmamışdır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Q.Namazalıyev (Kirov) adına kolxozun üzvlüyündə olmuş və orada işləmişdir. Ərizəçi pensiya almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin iş stajı müəyyən edilmədiyi üçün pensiyanın təyin edilməsindən imtina edilmişdir. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən iş stajı faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. “S.Eyvazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Belə ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.1 və 307.2.11 -ci maddələri). Qeyd olunmalıdır ki, hüquqi əhəmiyyəti olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmiləşdirilir və müxtəlif sənədlərdə əks olunur (əmək kitabçaları, iş haqqında arayış, təhsil haqqında sənəd, vəsiyyətnamə və s.). Lakin hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa yolla bərpa etmək mümkün olmadıqda, həmin faktın mövcudluğu məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktlar o halda məhkəmə qaydasında müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi faktın əks olunduğu sənədin şəxsə məxsus olması yazılı sübutlarla və şahid ifadələri ilə təsdiq edilə bilər. Prosessual qanunvericilikdə təsbit edilmiş xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalara müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktların bu qaydada müəyyən edilməsi üçün aşağıda göstərilən şərtlər tələb olunur:1) həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması (Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsi); 2) həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması (308-ci maddə); 3) hüquq haqqında mübahisənin olmaması (306.4-cü maddə). Sadalanan şərtlərdən hər hansı birinin olmaması xüsusi icraat qaydasında işə baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktları təsdiq edən sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü belə faktların müəyyən edilməsinin məhkəmədənkənar qaydasının qüvvədə olan qanunvericilikdə mövcud olmamasını nəzərdə tutur. Mülki Prosessual Məcəllənin 310.1 -ci maddəsinə müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli və hüquqmüəyyənedici sənədlərin əldə edilməsinin, yaxud itirilmiş sənədlərin bərpa edilməsinin başqa yolla mümkün olmaması haqqında sübutlar əlavə edilməlidir (məsələn, həmin sənədi verən orqanın ləğv edilməsi, faktın qeydiyyatının mövcud olmaması və s). Sadalanan normaların və qeyd edilən hüquqi mövqenin hazırki mübahisəyə tətbiqi baxımından qeyd edilməlidir ki, əvvəla ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquq əhəmiyyətlidir. Belə ki, qeyd edilən sənədlərin alınması üçün əsas təşkil edir və maraqlı şəxsin hüquqları qeydiyyatda almaqdan imtinasının əsaslarından biri də məhz Q.Namazalıyev (Kirov) adına kolxozun sənədləri xx.xx.1993-cü il tarixində Cəbrayıl rayonu işğal olunan zaman məhv edildiyidir. Qeyd edilən sənədləri bərpası mümkün deyildir, çünki həmin qurumların arxivi işğal zamanı məhv olunmuşdur. Bu səbəbdən məhkəmə ərizənin məhkəmə icraatını mümkün hesab etmişdir. Odur ki, ərizə əsaslı hesab edilməli və hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi ərizəsində xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək (9 ay, 6 gün) əmək stajının hesablanması faktının müəyyən edilməsini xahiş etsə də, lakin onun Q.Namazalıyev (Kirov) adına kolxozda xx.xx.1988-ci il tarixdən işə başlamasına dair hər hansı sübut təqdim edilməmişdir. Bunun əksinə ərizəçi öz ərizəsində qeyd etmişdir ki, hərbi xidmətdən qayıdandan sonra kolxozda xx.xx.1988-ci il tarixdən işləməyə başlamışdır. Odur ki, məhkəmə ərizənin işə başlama tarixi hissədə qismən təmin edərək, ərizəçinin işə başlama tarixini xx.xx.1988-ci il tarixdən müəyyən edir. Bundan başqa məhkəmə qeyd edir ki, ərizəçi Q.Namazalıyev (Kirov) adına kolxozda xx.xx.1989-cu il tarixədək işlədiyini bildirmiş və bu hal şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında ifadə vermiş şahidlər ərizəçinin instituta qəbul olunduğunu və instituta gedənədək kolxozda işlədiyni bildirmişdilər. Məlum olduğu kimi təhsil müəssisələrində dərslərin 1 sentyabr tarixində başlandığını nəzərə alaraq, şahid ifadələri həqiqəti əks etdirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Q.Namazalıyev (Kirov) adına kolxozda işləməsi faktları müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Q.Namazalıyev (Kirov) adına kolxozda işləməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar