Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3410/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X23rşı “əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X23rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-29-69/3-1- 521k/2024 saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, intizam tənbehi kimi yazılan (həmin əmrin tarixi və nömrəsi qeyd edilməmiş) yalnız etiraza istinadən qeyd edilən xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1-425K/2024 nömrəli əmr ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrin etibarsız hesab edilməklə ləğv edilməsini, habelə iddiaçının işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-29- 69/3-1-521k/2024 saylı əmrin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 1981-ci ildə başlamışdır. 1981-2015-ci illərdə müxtəlif sahələrdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. xx.xx.2015ci il tarixindən Azərbaycan Respublikası Təhsil Nazirinin 11/249-1 nömrəli, xx.xx.2015-ci il tarixli əmri ilə Samux Rayon İnstitut qəsəbə tam orta məktəbinə 1 il müddətinə direktor təyin edilmişdir, daha sonra isə iddiaçı ilə əmək müqaviləsinin müddəti uzadılmışdır. xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun 3-29-69/3-1-521K/2024 nömrəli əmri ilə Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru vəzifəsindən azad edilmişdir. Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən mövcud iddia tələbi irəli sürülmüşdür. Aşağıdakı hüquq normalarına əsasən və iddia ərizəsinin B hissəsində göstərilən işin faktiki hallarına əsasən hesab edir ki, cavabdehin iddiaçının işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli əmri ləğv edilməli, əvvəlki işinə bərpa edilməlidir. Yuxarıda qeyd olunduğu kimi iddiaçı Samux rayon İnstitut qəsəbə tam orta məktəbində 9 ildən artıq müddətdir ki, direktor vəzifəsində işləyib. Bu illər ərzində iddiaçıya direktor kimi hər hansı xəbərdarlıq və ya digər inzibati tənbeh tədbiri tətbiq edilməmiş, əksinə əmək fəaliyyətindəki nailiyyətlərinə görə müxtəlif vaxtlarda dəfələrlə təşəkkürnamə, diplom, fəxri fərmanlarla təltif edilmişdir. İddiaçı Samux rayon İnstitut qəsəbə tam orta məktəbinə səmərəli qaydada rəhbərliyi həyata keçirmişdir. İddiaçı Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin direktoru vəzifəsindən həmin məktəbin xx.xx.2024-cü il tarixli "Son zəng" tədbirində baş vermiş ona aid olmayan, ümumiyyətlə iddiaçının əmək fəaliyyəti ilə əlaqədar olmayan hər hansı bir xırda bəhanə üzündən azad edilmişdir. Belə ki, iddiaçı məktəbin direktoru olaraq xx.xx.2024-cü il tarixində məktəbdə keçiriləcək "Son zəng" tədbirinin ssenarisini təsdiq etmişdir. Lakin “Son zəng" tədbiri daxilində kənar şəxslər tərəfindən "son zəng" tədbirinin ssenarisində nəzərdə tutulmayan musiqi səsləndirilmişdir. Bu musiqinin gözlənilməz olaraq səsləndirilməsini həmçinin xx.xx.2024-cü il tarixində təsdiq edilən “son zəng" ssenarisi də təsdiq edir. Belə ki, qeyd edilən hadisə ondan ibarət olub ki, məktəbin direktoru İddiaçı tədbirin sonuna yaxın məzun olan şagirdlərlə şəkil çəkdirmək üçün səhnəyə gəlmiş və şagirdləri təbrik etmək üçün əl çalmışdır, lakin həmin vaxt qeyd olunduğu kimi əvvəlcədən planlanmış və təxribat törətmək istəyən və məktəbə aid olmayan şəxs tərəfindən tədbirin gedişatı üçün nəzərdə tutulmayan musiqi sifarişi verilmiş və səsləndirilmiş, səhnədə olan digər müəllimlərlə birlikdə direktor da əl çaldıqları zaman videogörüntüləri qeydə alınaraq onun nüfuzunu aşağı salmaq üçün sui-istifadə edilmişdir. Lakin artıq qeyd edildiyi kimi iddiaçının-direktorun mahnının sözlərindən məlumatı olmamış, buna görə də sadəcə şagirdləri təbrik etmək üçün əl çalmış, musiqinin sözləri ona aydın olduqda isə dərhal səhnədən enərək musiqinin dayandırılmasını təmin etmişdir. Lakin videgörüntülərin bu hissəsi kəsilərək yalnız iddiaçının musiqiyə əl çalması imitasiyasını yaradan hissələr yayımlanmışdır. Bütün bunlar məhz İddiaçı əleyhinə material toplamağa və onun direktor vəzifəsindən azad edilməsinə hesablanmış addımlardır və məqsədli şəkildə həyata keçirildiyini göstərir. Hansı ki, sözügedən son zəng tədbirinin keçirilməsi və təşkil edilməsi, ona nəzarət edən məsul əməkdaşlar müvafiq əmrlə rəsmləşdirilməklə təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri X14 hadisə barədə izahatında da bütün halları olduğu kimi bildirmişdir. Həmin tarixdə məktəb direktoru başda olmaqla məktəbin pedaqoji heyəti ilə birlikdə müvafiq məsələ barəsində akt tərtib edilmişdir. Aktı direktor və 10 nəfər müəllim imzalasa da tədbirə əvvəldən sona qədər olan nəzarəti və musiqi mənbəyinə nəzarəti həyata keçirən məktəbin təşkilatçı müavini X12 və ilk sinfinin sinif rəhbəri X17 aktı imzalamaqdan imtina etmişlər. Təsadüf nəticəsi sayılmamalıdır ki, İddiaçı məktəb direktoru vəzifəsindən azad edildikdən sonra Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin direktoru vəzifəsinə məhz X12 təyin edilmişdir. Məktəb rəhbərliyi olaraq direktorun xx.xx.2024-cü il tarixli, 153 №-li əmri ilə lla təmayül sinfinin sinif rəhbər X18, 154 №-li Əmri ilə llb sinfinin sinif rəhbəri Vəkilova Sevil Fəxrəddin qızına, 155 №-li əmri ilə ilk sinfinin sinif rəhbəri X2 zəng günü sonluqda planda olmayan səsləndirilən musiqiyə görə xəbərdarlıq edilmiş, eyni tarixli 156 №-li əmri ilə məktəbin təşkilatçısı X5 Son zəng tədbirinin sonluğunda işinə məsuliyyətsiz yanaşaraq planda olmayan musiqinin səslənməsinə yol verdiyinə görə, 157 №-li əmri ilə isə məktəbin təsərrüfat işləri üzrə direktor müavini X6 məktəbin həyətinə girişə nəzarətə məsuliyyətsiz yanaşdığına görə töhmət verilmişdir. Müvafiq olaraq iddiaçıya aid olmayan hadisə barəsində iddiaçı qanuna müvafiq olaraq, ona verilmiş səlahiyyətlər çərçivəsində üzərinə düşən öhdəliyi icra etmiş və bunla bağlı lazımı tədbirlər görmüşdür. İddiaçı cavabdeh təşkilata mediasiya prosesində iştirak etmək üçün müraciət etsə də cavabdeh mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. Ümumiyyətlə, cavabdeh qurum Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin iddiaçının Samux Rayon İnstitut qəsəbə tam orta məktəbinin direktoru vəzifəsindən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-29- 69/3-1-521K/2024 nömrəli əmri tamamilə qanunsuz və əsassızdır. Belə ki, müvafiq əmrdə iddiaçının işdən azad edilməsi üçün normativ əsas kimi ‘Təhsilverənlərin etik davranış Qaydalarının” 4.3-cü bəndi göstərilmişdir. Analoji müddəaya əsasən, təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və video materiallar, təsvirlər paylaşmamalıdır. Normanın məzmunundan da göründüyü kimi bu normanın tələblərinin pozulması üçün bu hərəkətləri (təhsilverənin və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və video materiallar, təsvirlərin paylaşılmasını) təhsilverən özü və öz sosial media hesablarında həyata keçirməlidir. Hazırki işin faktiki hallarından aydın şəkildə görünür ki, müvafiq materiallar İddiaçı xəbərsiz görüntüyə alınmış və ona aid olan heç bir sosial media hesablarında paylaşılmayaraq başqa şəxslər tərəfindən məhz İddiaçı nüfuzunu aşağı salmaq məqsədilə süni şəkildə formalaşdırılmış və paylaşılmışdır. İddiaçı tərəfindən müvafiq normanın tələbləri pozulmadığı təqdirdə cavabdeh qurum bu normanı əsas gətirərək iddiaçının işdən azad edilməsi barədə əmr tərtib etmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, cavabdeh təşkilatın iddiaçının işdən azad edilməsi barədə əmri əsası olmadan və qərəzli şəkildə verilmişdir. İddiaçının işdən azad edilməsindən dərhal sonra onun yerinə - Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin direktoru vəzifəsinə məhz həmin "son zəng" tədbirində "musiqi mənbəyinə nəzarəti" həyata keçirən (lakin onun "nəzarət"indən yayınaraq kənar şəxs tərəfindən planda olmayan musiqi səsləndirilmişdir) X3 təyin edilməsi bütün bunların məhz iddiaçının qanunsuz və əsassız olaraq işdən azad edilməsinə yönəlmiş addımlar kimi qiymətləndirilməlidir. Belə ki, işin hallarına əsasən iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsaslanaraq ləğv edilməsi əsassızdır, çünki İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hərəkətlərin heç birini törətməmiş və "Təhsilverənlərin etik davranış Qaydalarının” 4.3-cü bəndinin tələbləri iddiaçı tərəfindən ümumiyyətlə pozulmamışdır. İddiaçı məktəb direktoru olaraq baş verən hadisəylə bağlı həm məktəbdaxili müvafiq tədbirlər həyata keçirmiş, həm də "Son zəng" günü Məktəbəqədər və Ümumi Təhsil Agentliyinə müvafiq izahat vermişdir. Göründüyü kimi, iddiaçının işdən azad edilmə barədə əmri qanunsuz olmaqla Əmək Məcəlləsinin 72ci maddəsində nəzərdə tutulan har hansı bir əsas müəyyən edilmir. Digər tərəfdən isə əmrin məzmunundan görünür ki, hazırkı iş üzrə iddiaçı barəsində sözügedən əmr intizam tənbehinin tədbiq edilməsi kimi verilmişdir. Hansı ki bununla da intizam tənbeh tədbirinin verilmə əsası kimi 186.2-ci maddədə nəzərdə tutulan işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər. Lakin iddiaçı tərəfindən işçinin tam və qismən təmin edilməsi və s. hallara işçi yol verməmişdir. Bundan əlavə və ən vacibi isə işçi barəsində intizam tənbehi tədbirinin tətbiq edilməsi barədə əmr verilsə də, ona müstəqil əsas olan 70-ci maddənin "ç" bəndi kimi əmək müqaviləsinə xitam verilmişdir. Hansı ki, Əmək Məcəlləsinin 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırkı əmrin məzmunundan görünür ki, əmrin intizam tənbeh tədbirinin tətbiq edilməsi kimi nəzərdə tutulsa da iddiaçı barəsində əmr isə birbaşa olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi müstəqil əsas kimi götürülmüklə əmr verilmiş, başqa sözlə iddiaçı barəsində əmr iki əsasla verilmişdir ki, bu da əmrin qanunsuz olduğunu tam təsdiq edir. İddiaçının işdən azad edilmə barədə əmr qəbul edilərkən, müvafiq olaraq həmkarlar təşkilatının razılığının alınması da düz olmamışdır. Hansı ki, sözügedən həmkarlar təşkilatının iclası da iddiaçının heç bir xəbəri olmadan keçirilmiş, iclas barədə isə ümumiyyətlə iddiaçıya məlumat verilməmişdir. Bununla da həmkarların razılığının alınması barədə qanunverciliyin tələbləri pozulmuşdur. Eyni zamanda Əmək Məcəlləsinin 80-cı maddəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Beləliklə, onun işdən çıxarılması əmək qanunvericiliyin normalarının kobud şəkildə pozulması ilə baş vermiş, barəsində qəbul edilmiş əmr əsassız olduğu üçün ləğv edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, Agentliyin direktorunun xx.xx.2024-cü il tarixli, 3-29-69/3-1-521K/2024 nömrəli əmri ilə Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi əmək fəaliyyəti zamanı yol verdiyi səhvləri və "Təhsilverənlərin etik davranış Qaydaları"nın tələblərini pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən 20 may 2024-cü il tarixindən ləğv edilmişdir. Həmin əmrin verilməsi üçün əsas Samux rayon İnstitut qəsəbə tam orta məktəbində14 iyun 2024cü il tarixdə keçirilmiş "Son zəng" tədbirində kriminal həyat tərzini təbliğ edən, cinayət aləmindən bəhs edən mahnının səsləndirilməsi, mahnının şagirdlər və tədbir iştirakçıları tərəfindən əzbərdən xorla ifa olunması, məktəbin direktoru İddiaçı tədbir iştirakçıları ilə birlikdə alqışlaması və həmin mahnıya uyğun rəqs etmələri, tədbirin görüntülərinin çoxsaylı xəbər saytlarında, telekanallarda və sosial media hesablarında yayılması, təhsil müəssisəsinin nüfuzunun və ictimai etimadın aşağı salınmasına şərait yaratması olmuşdur. Məktəbəqədər və Ümumi Təhsil üzrə X27-Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli təqdimatından görünür ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 31 may 2024-cü il tarixdə göndərilmiş elektron məktuba əsasən ümumi təhsil müəssisələrində "Son zəng” tədbirlərinin təşkili ilə bağlı təlimat və ssenari ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan bütün ümumi təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırığın verilməsi şəhər/rayon üzrə təhsil sektorlarının müdirlərinə tapşırılmışdır. Bütün məktəb rəhbərləri ilə sektor müdirləri görüş keçirmiş, müvafiq təlimat ilə hər bir direktor tanış edilmiş, görüşlər protokollaşdırılmışdır. O cümlədən, Samux rayonu üzrə təhsil sektoru tərəfindən Samux rayonunda fəaliyyət göstərən məktəb direktorlarının iştirakı ilə xx.xx.2024-cü il tarixdə iclas keçirilmişdir. İclasda məktəb direktorlarına təlimatın hər bir bəndi ətraflı izah olunmuş, təlimatın icrasına məsul şəxsin məhz müəssisə rəhbərlərinin olması onların nəzərlərinə çatdırılmışdır. Bununla yanaşı, müxtəlif tarixlərdə həmin təlimat və tədbirin ssenarisi məktəb direktorlarının daxil olduğu Samux rayonu üzrə təhsil sektorunun “whatsapp” qrupuna və məktəblərin elektron poçt ünvanlarına göndərilmişdir. 3. İddiaçı iddia ərizəsində qeyd etmişdir, o Samux rayon İnstitut qəsəbə tam orta məktəbində 9 ildən artıqdır ki, direktor vəzifəsində çalışır. Bu müddət ərzində ona direktor kimi hər hansı xəbərdarlıq və ya intizam tənbehi verilməmişdir. Müəssisəyə rəhbərlik və nəzarətdə yol verdiyi nöqsanlara, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 3-29/3-1-1113K/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbin direktoru İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən töhmət, cari ilin may ayında təşkil olunmuş ümumi təhsil müəssisələrinin monitorinqi zamanı məktəbdə aşkar edilən çoxsaylı nöqsanlara görə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-31/3- 1- 425K/2024 nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Göründüyü kimi, iddiaçı verilən müvafiq intizam tənbehlərindən nəticə çıxarmamış, müəssisəyə rəhbərlik və nəzarətdə yol verdiyi nöqsanlara, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirməyə davam etmişdir. 4. İddiaçı iddia ərizəsində qeyd etmişdir, o Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin direktoru vəzifəsindən həmin məktəbin xx.xx.2024-cü il tarixli "Son zəng" tədbirində baş vermiş ona aid olmayan, ümumiyyətlə iddiaçının əmək fəaliyyəti ilə əlaqədar olmayan hər hansı bir xırda bəhanə üzündən azad edilmişdir. Bununla bağlı bildirilir ki, iddiaçı təhsilverən hesab olunmaqla ümumi təhsil müəssisəsinin direktorudur və o, təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşıyır. "Son zəng" tədbirinin keçirilməsini təşkil etmək və bu tədbirlərin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimatlara əməl etmək onun vəzifəsidir. Lakin müvafiq təlimatların yerinə yetirilməsini təmin etməmiş, həmçinin onun öz vəzifələrini yerinə yetirməməsi kriminal həyat tərzini təbliğ edən mahnının səsləndirilməsinə, mahnının şagirdlər tərəfindən əzbərdən xorla ifa olunmasına, şagirdlərlərin alqışlarla həmin mahnı ilə rəqs etmələrinə səbəb olmuş, eyni zamanda iddiaçının özü də alqışlarla həmin mahnının sədası altında rəqs etmiş və tədbirin görüntülərinin çoxsaylı xəbər saytlarında, sosial media hesablarında və telekanallarda yayılması, təhsil müəssisəsinin nüfuzunun və təhsil müəssisəsinə qarşı ictimai etimadın aşağı salınmasına şərait yaratması ilə nəticələnmişdir. İddiaçı qeyd olunan hərəkət və hərəkətsizliyi ilə “Təhsilverənlərin etik davranış Qaydaları"nın 2.6.1-ci bəndinin tələblərini kobud şəkildə pozmuşdur. “Təhsilverənlərin etik davranış Qaydaları"nın 2.6.1-ci bəndinə əsasən təhsilverən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. 3. İddiaçı iddia ərizəsində qeyd edir ki, iddiaçı məktəbin direktoru olaraq xx.xx.2024-cü il tarixdə məktəbdə keçiriləcək “Son zəng” tədbirinin ssenarisini təsdiq etmişdir. Lakin “Son zəng” tədbiri daxilində kənar şəxslər tərəfindən ssenaridə nəzərdə tutulmayan musiqi səsləndirilmişdir. Bu musiqi gözlənilməz olaraq səsləndirilmişdir. O bildirir ki, səhnəyə şagirdlərlə şəkil çəkdirmək üçün səhnəyə gəlmiş və şagirdləri alqışlamış, həmin vaxt kənar şəxs musiqi sifarişi vermiş və həmin musiqi səsləndirilmiş, səhnədə əl çalan vaxtı videogörüntülər qeydə alınmışdır. O həmçinin qeyd edir ki, mahnının sözlərindən məlumatı olmamış, şagirdləri təbrik etmək üçün əl çalmış, musiqinin sözləri ona aydın olan kimi səhnədən edərək musiqinin dayandırılmasını təmin etmişdir. Bununla bağlı bildirilir ki, iddiaçının qeyd etdikləri həqiqəti əks etdirmir. Birincisi, videodan görünür ki, bütün şagirdlər birlikdə həmin mahnının sözlərini əzbərdən oxumuşdur. Bu onu düşünməyə əsas verir ki, şagirdlər həmin mahnının səsləndirilməsi üçün xüsusi olaraq hazırlanmışlar. İkincisi, ssenaridə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərin həyata keçirilməyə uyğunluğu və iddiaçı tərəfindən həmin ssenarinin yazılı şəkildə təsdiqlənməsi o demək deyildir ki, o “Son Zəng” tədbiri zamanı şifahi olaraq və ya yazılı olmayan digər formada həmin kriminal aləmlə əlaqədar olan mahnının səslənməsinə icazə verməmişdir. Üçüncüsü, “Son zəng” tədbiri el şənliyi deyildir ki, kimsə kənardan musiqi (mahnı) sifarişi versin və həmin musiqi səsləndirilsin. Bu kimi halların baş verməməsinə məktəbin direktoru cavabdehdir və o təhsil müəssisəsinin fəaliyyətinə və təhsil müəssisəsində keçirilən tədbirlərin qaydalara uyğun keçirilməsinə şəxsən məsuliyyət daşıyır. Həmin mahnının səsləndirilməsi əgər iddiaçının qeyd etdiyi kimi baş vermişdirsə, o halda da direktor məsuliyyət daşıyır və bu tədbirin qaydalara uyğun təşkili üzrə vəzifəsini yerinə yetirə bilmədiyi mənasına gəlir. Dördüncüsü, videolardan görünür ki, şagirdlərlə bərabər direktor həmin mahnı üzrə rəqs edir, əl çalır və mahnıda “cinayət aləmi” ifadəsi və digər kriminal xarakterli ifadələr işlənsə də iddiaçı mahnının səsləndirilməsinə mane olmaqla bağlı hər hansı tədbir görmür. Sonda məzunlarla birlikdə fotoşəkil çəkdirmək məqsədilə mahnının dayandırılması göstərişi verilir. Beşincisi və ən önəmlisi, tədbirdə bu halın baş verməsi qəsdən və ya ehtiyatsızlıqdan baş verməsindən asılı olmayaraq, onun əməli təhsil müəssisəsinin və təhsilverənlərin nüfuzunu zədələnməsinə, təhsil fəaliyyətinə və təhsil müəssisəsinə ictimai etimadın azalmasına səbəb olmuşdur. “Son zəng” tədbirində baş vermiş bu halın ümumi təhsilin mahiyyətinə və məqsədlərinə uyğun olmamışdır. Həmin tədbirə aid sosial media hesablarında və xəbər saytlarında yayılmış videogörüntülərin linklərindən ikisini əlavə edirik: https://t.me/bakupost/14285 https://globalinfo.az/direktorsagirdlerle-birge-ogrualemini-terennum-eden-mahniifa-edib-video/. İddiaçı iddia ərizəsində qeyd edir ki, onun əmək müqaviləsinə xitam verilməsindən sonra məktəbin təşkilatçısı X1 rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Bununla bağlı bildiririk ki, məktəbin təşkilatçısı X1 rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru vəzifəsinə təyin edilməmişdir. İddia ərizəsində qeyd olunur ki, iddiaçı “Son zəng” tədbirindən sonra tədbirdə baş verən hallarla bağlı qanunamüvafiq olaraq, ona verilmiş səlahiyyətlər çərçivəsində üzərinə düşən öhdəliyi icra etmiş və bununla bağlı lazımi tədbirlər görmüşdür. Bununla əlaqədar bildiririk ki, iddiaçı tərəfindən “Son zəng” tədbirindən əvvəl ona verilmiş səlahiyyətlər çərçivəsində üzərinə düşən öhdəliyi icra etsə idi və bununla bağlı lazımi tədbirləri görmüş olsa idi həmin tədbirdə qeyd olunan hadisə yaşanmazdı. Ölkənin bütün tam orta təhsil müəsssisələrində “Son zəng” tədbiri keçirilsə də, adıçəkilən hadisə yalnız iddiaçının rəhbərlik etdiyi təhsil müəssisəsində baş vermişdir. İddiaçı tərəfindən görülmüş tədbirlər ictimai etimadın bərpası üçün yetərli olmamışdır. “Təhsilverənlərin etik davranış Qaydaları"nın 2.6.2-ci bəndinə əsasən təhsilverən etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmalı və ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. “Təhsilverənlərin etik davranış Qaydaları"nın 5.2.6-cı bəndinə əsasən müəssisə rəhbəri: bu Qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci “ç” bəndinə əsaslanaraq ləğv edilməsi əsassızdır, çünki İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hərəkətlərin heç birini törətməmişdir. Bununla əlaqədar olaraq bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” qeyd olunub. Yəni Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndində iki əsas qeyd olunub: 1) “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” və 2) “bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda”. İddiaçının əmək müqaviləsinə xitam verilmə səbəbi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əks olunmuş “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” əsasıdır. Göründüyü kimi, iddiaçının bu əsaslandırması qanunauyğun deyildir. 7. İddiaçı həmçinin qeyd etmişdir ki, işçi barəsində intizam tənbehi tədbirinin tətbiq edilməsi barədə əmr verilsə də, onun əmək müqaviləsinə müstəqil əsas olan 70-ci maddənin "ç" bəndi ilə xitam verilmişdir. O bildirir ki, iddiaçı barəsində əmr iki əsasla verilmişdir ki, bu əmrin qanunsuz olduğunu təsdiq edir. Bununla əlaqədar olaraq bildiririk ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi intizam tənbehi tədbiri kimi tətbiq edilir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində isə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən tərəfindən işçi barəsində tətbiq edilən intizam tənbehləri sadalanır və həmin intizam tənbehlərindən biri də “əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” növündə intizam tənbehidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Göründüyü kimi, iddiaçının bu əsaslandırması da qanunauyğun deyildir. İddianın əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi zamanı Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq ATİAHİ Samux rayon komitəsinin razılığı alınmış və ATİAHİ Samux rayon komitəsinin 21 iyun 2024-cü il tarixli, 14 nömrəli məktubu əmrə əlavə edilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış qaydaları”nın 1.4-cü bəndinə əsasən hər bir təhsilverən öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri rəhbər tutaraq bu Qaydaların müddəalarına əməl etməyə borcludur. Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru İddiaçı ümumi təhsil müəssisəsinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyi, qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyi, dövlətin, təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəydiyi, tabe olduğu dövlət orqanın əmr və göstərişlərini, qayda və təlimatlarını kobud surətdə pozduğu, həmçinin ona verilmiş intizam tənbehlərindən nəticə çıxarmadığı üçün o, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən direktor vəzifəsindən azad edilmişdir. Mübahisələndirilən əmr qanunauyğun və əsaslı olaraq verildiyi üçün iddia tələbi əsassızdır və rədd edilməlidir. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, 2024-cü ilin may ayında təşkil olunmuş ümumi təhsil müəssisələrinin monitorinqi zamanı Samux rayon İnstitut qəsəbə tam orta məktəbdə aşkar edilən çoxsaylı nöqsanlara görə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-31/3-1-425K/2024 nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Həmin əmrlə məktəbin direktoru İddiaçı əmrin verildiyi tarixdə bilavasitə tanış edilmişdir. Bundan əlavə, əmrin surəti Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Samux rayonu üzrə təhsil sektoru tərəfindən elektron poçt vasitəsi ilə Samux rayon İnstitut qəsəbə tam orta məktəbin elektron poçt ünvanına göndərilmişdir. Elektron poçtun göndərilməsini, həmçinin elektron poçtun məktəb tərəfindən alınmasını təsdiq edən elektron poçt ünvanından çıxarışlar bu ərizəyə əlavə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-31/3- 1-425K/2024 nömrəli əmrinin mübahisələndirilməsi üçün 1 aylıq iddia müddəti keçmişdir. Qeyd olunanlara əsasən, iddiaçının iddia həcminin artırılması barədə xx.xx.2024-cü il tarixli ərizəsində qeyd olunan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə xx.xx.2024-cü il tarixli 3-29-31/3-1- 425K/2024 nömrəli əmrinin etibarsız hesab edilməklə ləğv edilməsi barədə iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, onların məktəbində 1000 nəfər şagird təhsil alır. “Son zəng” tədbirində şəhid valideynləri, qazilər də iştirak edirdi. O, tədbirin sonunda onları yola salarkən məktəbin müəllimi, 11 a sinfinin sinif rəhbəri Namazova Xəyalə təkidlə mikrofonla onu şəkil çəkdirmək üçün dəvət edib. O, pilləkənə yaxınlaşan zaman məzunlar əl çalmağa başlayıblar və mahnı səslənib. Həmin an hansı mahnının oxunduğunu bilməyib. O da şagirdlərə qarşılıq vermək üçün hörmət əlaməti olaraq əl çalıb. O vaxt Namazova Xəyalədən 2 dəfə mahnının nə olduğunu soruşub, lakin bir cavab verməyib. Artıq 3-cü dəfə onu çağıranda dərhal əlini qaldıraraq mahnını dayandırıb. Tədbirdə vətənpərvər ruhda bir neçə başqa mahnılar səsləndirilmişdi. Həmin mahnının səslənməsi planlaşdırılmamışdı. O, heç mahnının sözlərini belə bilmir. Tədbirdə polis, təhsil şöbəsindən nümayəndələr, eləcə də rayon rəhbərliyi onların nəticələri yüksək olduğu üçün iştirak etmişlər. O, həmin mahnının səsləndirilməsinə heç vaxt razılıq verməzdi. Tədbir bitdikdən 15-20 dəqiqə sonra sektordan zəng gəlmişdir ki, təcili regional idarəyə getsin. Həmin vaxta kimi heçnə anlamamışdı. Sinif rəhbərləri və müavinlər gəldikdən sonra idarənin hüquqşünası Azər müəllim onları bir otağa dəvət edərək məsələni izah etdi və bayağı mahnı səsləndirildiyini, səsləndirilmə səbəbini soruşub izahat vermələrini bildirdi. Daha sonra Azər bəy dedi ki, “müəllimlər getsinlər, amma siz qalın”. O da narahat halda xeyli gözləyib. Bir qədər sonra Azər bəy komputer açaraq ona videonu göstərmişdir. Həmin videoda onun əlini qaldıraraq mahnını dayandırmağı görünmürdü. O, bildiirib ki, ya ərizəni yazıb işdən çıxmalısız, ya da video media qurumları tərəfində paylaşılıb, işıqlandırılacaq. O isə qəbul etməyərək məktəbə qayıdıb. Məktəb direktoru olaraq təşkilatçıya və təsərrüfat işləri üzrə müavinə inzibati tənbeh olaraq töhmət verib. Mahnını səsləndirən isə Gəncə Şəhər 3 saylı məktəbin şagirdi olub. Buna görə o, təsərrüfat işləri üzrə direktor müavininə töhmət vermişdi. Çünki kənar şəxslərin məktəbə daxil olmasına nəzərəti ona tapşırmışdı. Bütün mahnılar deyil, sadəcə sonda səsləndirilən sözügedən mahnı həmin şagird tərəfindən səsləndirilib. Halbuki o, son zəngdən əvvəl, iyun ayının 8-də əmr tərtib edib və tədbirin təşkili, cavabdehliyi təşkilatçı X5 tapşırıb. Məktəbə kənar şəxslərin daxil olmasına nəzarət isə məktəbin təsərrüfat işləri üzrə direktor müavininə tapşırılmışdı. İyun ayının 15-i günü artıq məsələ mediada paylaşılmışdı. Onlar həmin şagirdi çağırdılar. O Gəncə Şəhər 3 saylı məktəbin 10-cü sinif şagirdi olub. Onun başı şəhid ailələrini yola salmağa qarışan zaman fürsətdən istifadə edərək həmin uşaq sintezator çalana yaxınlaşaraq “You tube”-dan mahnı qoşdurub. Həmin şagirdi o, əvvəldən tanımamışdır və əmindir ki, həmin şagirdi də öyrədiblər. Videonu çəkən və göndərən təşkilatçı X9 əmisinin nəvəsidir. İddiaçı həmin mahnıya görə cəza almışdır. Amma təşkilatçı hazırda direktor müavinidir. O, hər zaman nümunəvi müəllim olmuşdur. O, planlanmış məsələyə görə işdən çıxmasını qəbul edə bilmir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddiaçı xx.xx.2024-cü ildə qanunsuz olaraq işdən azad edilmiş və 11 iyun tarixli əmrlə ona şiddətli töhmət verilmişdir. Onların töhmət verilməsi barədə əmrdən məhkəmə prosesi zamanı məlumatları olub və qarşı tərəf də əmri ötən məhkəmə iclasında təqdim etmişdir. Qarşı tərəf əmrin məktəbin mail ünvanına göndərildiyini bildirir. Əmr 24 iyun tarixində, yəni iddiaçının sonuncu iş günü, o işdən çıxdıqdan sonra saat 17:00-da göndərilmişdir. Hadisə günü iddiaçını məsələ ilə əlaqədar Gəncə Regional Təhsil İdarəsinə çağırmışdılar. İddiaçıya şifahi olaraq işə getməməsi bildirilib və iddiaçı 20-i tarixindən işə getməyib. Onlar isə töhmət barədə əmrlə qarşı tərəf sənədləri elektron kabinetə yüklədikdən sonra tanış ola bilmişlər. Onlar həmin əmri də əsassız hesab edirlər, çünki əmrin verilməsinə əsas olan heçnə yoxdur. Əmrin verilməsindən iddiaçının məlumatı olmayıb və iddiaçıdan izahat da alınmayıb. Bununla bağlı qanunvericiliyin tələbi pozulmuşdur. Həmçinin işdən azad edilmə barədə əmri də tamamilə əsassız hesab edirlər. Əmr inzibati tənbeh tədbirinin verilməsi başlığı altında işçinin Təhsilverənlərin etik davranış kodeksinin 3.4-cü maddəsinin pozulması ilə əsaslandırılıb. Təhsilverənlərin etik davranış kodeksi qaydalarının internet resurslarına baxılarsa, 4.3-cü maddədə qeyd edilir ki, söhbət işçinin özü tərəfindən sosial şəbəkədə təhsil verəninin nüfuzunu ləkələyən paylaşımlar edilməsi nəzərdə tutulub. Lakin, burada söhbət iddiaçının özü tərəfindən deyil, 3-cü şəxslər tərəfindən çəkilib, paylaşılan görüntülərdən gedir. Yəni, əmrdə konkret olaraq istinad edilən halın iddiaçıya heç bir aidiyyatı yoxdur. Cavabdeh tərəfindən etiraz ərizəsində məsələlərə başqa formada münasibət göstərilib. Nə qədər ki, işdən çıxma əmrinin əsasını 4.3-cü maddəsi təşkil edir, məhkəmə ilkin olaraq həqiqətən iddiaçı tərəfindən hansısa sosial şəbəkədə sözügedən videolar paylaşılıb-paylaşılmaması məsələsini aydınlaşdırmalıdır. “Son Zəng” tədbirinin sonunda mübahisələndirilən mahnı oxunur, məzunlar əl çalırlar, iddiaçı da onların şənliyinə qoşularaq əl çalır. İddiaçının həmin an hansı mahnının oxunmasından həqiqətən məlumatı olmayıb. Yəni iddiaçının həmin an ora gəlməsi mahiyyət etibarı ilə 11-ci sinif şagirdlərinin alqış etməsi ilə bağlı olub. Video görüntülərə baxılsa aydın olar ki, iddiaçı tədbirin təşkili məsələlərində məsul olan şəxsdən soruşmaq istəyəndə həmin şəxs yayınaraq başqa yerə gedir. Yenidən iddiaçı soruşmağa çalışır ki, oxunan nə mahnıdır. Lakin, həmin qadın yenə cavab vermir. O getdikdən sonra iddiaçıya aydın olur və əlini qaldıraraq mahnını dayandırır və videoda da həmin məqam görünür. Həmin gün görüntülər Gəncə Regional Təhsil İdarəsinə çatıb. İddiaçını saat 15:00 radələrində çağırıblar və saat 19:00-a kimi iddiaçını kollektivlə birgə idarədə saxlayıblar. Əvvəl iddiaçıya öz ərizəsini yazmağı təklif ediblər, iddiaçı isə bildirib ki, həmin mahnının səsləndirilməsindən məlumatı olmamışdır. İddiaçı ərizə yazmaqdan imtina etdikdən sonra onun izahatını alaraq yola salıblar. İyun ayının 11-i töhmət əmri verib, 24-ü işdən çıxarıblar ki, guya 11-i günü də iddiaçı başqa pozuntuya yol verib. Əmrin məzmunundan görünür ki, monitorinq keçirilib və pozuntu aşkar edildiyi üçün iddiaçıya töhmət verilib. Lakin, həmin mail iddiaçı işdən çıxdıqdan sonra məktəbin mail ünavnına göndərilib. 14-ü günü iddiaçı ərizə yazmaqdan imtina etdikdən sonra 15-i günü videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. 24 iyunda isə işdən çıxarılma barədə əmr verilib. 14 iyun tarixində sosial şəbəkələrdə heç bir video paylaşılmayıb. Həmçinin, iddiaçı tərəfindən 8 iyun tarixində “Son Zəng” tədbirinin təşkilinə dair tədbirlər planı tərtib edilib. Tədbirin keçirilməsində məsul şəxslər olub. Həmin şəxslərdən biri X7r ki, o, tədbirin təşkili məsələləri üzrə nəzarətçi təyin edilib. Müvafiq əmrlər işçilərə verilib. Həmin əmrlərin surətini məhkəməyə təqdim etmişdir. Əmrlərdən də görünür ki, tədbirdə hansı mahnılar səsləndirilməli olduğu tədbirlər planı tərtib edilib və müvafiq əməkdaşlara təqdim olunub. Həmin mahnının səsləndirilməsində iddiaçının hansı təqsirinin olması sübut olunmur. Cavabdeh tərəfin isə əsas gətirdiyi məqam iddiaçının həmin an əl çalmasıdır. İddiaçının 60 yaşı var və bu yaşda bir insanın xüsusi marağı olmaldır ki, elə mahnı səsləndirilsin. İddiaçı isə həmin mahnıdan məlumatsız olub. İddiaçının təqsiri yoxdur, o sadəcə məzunları təbrik etmək üçün və onlara qarşılıq məqsədilə əl çalıb. Bu isə heç bir qanun pozuntusu deyil. İddiaçı heç vaxt həmin mahnını eşitməyib və orada əl çalması həmin mahnını bilməsindən irəli gəlmir. Əgər iddiaçı mahnını bilsə idi, eşidən kimi dayandırılmasını tələb edərdi və iki dəfə məsələni aydınlaşdırmaq üçün başqasından soruşmazdı. Digər tərəfdən cavabdeh tərəf həmin görünütlərin məktəbin nüfuzunu ləkələdiyini iddia edir. Həmin gün iddiaçı tərəfindən “Son zəng” tədbirinin təşkilində məsul olan şəxslər barəsində müəyyən tədbirlər görülüb. Belə ki, 11-ci sinif rəhbərləri X10, Əzimova Kəmaləyə xəbərdarlıq edilib, məktəbin Təsərrüfat İşləri üzrə drektor müavini X4 və İbrahimova Aynura töhmət verilib. X12 o tədbirin təşkilinə nəzarət etməli olan şəxs idi. Maraqlısı odur ki, cavabdeh tərəf iddiaçını təhsilverənin nüfuzunu ləkələdiyi üçün işdən çıxarıb, lakin tədbirin təşkilinə nəzarət edən X8 iddiaçı işdən çıxdıqdan sonra direktor əvəzi təyin edib. Əmrdə etik davranış kodeksi ilə bağlı istinad edilən maddi hüquq normasından əlavə Əmək Məcəlləsinin 76-cı maddəsi pozulub. Çünki 76.2-ci maddədə göstərilir ki, işçi barəsində 2 və daha artıq əsasla əmək müqaviləsinə xitam verilə bilməz. Əmrin başlığında intizam tənbeh tədbirinin verilməsi göstərilir, əmrin özündə isə intizam təhbeh tədbirinin həyata keçirilməsindən söhbət getmir. İntizam tənbeh tədbirinin əsasları 186-cı maddə ilə hayata keçirilir. Bu o zaman əsaslı olardı ki, əmrdə iddiaçı tərəfindən etik davranış kodeksinin pozulması nəticəsində barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin ç bəndinə uyğun olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi tətbiq edilsin. İşəgötürənin 70-ci maddənin ç bəndi ilə bir neçə əsasla əmək müqaviləsinə xitam vermə əsasları var. Əgər işçinin işdən çıxarılma barədə əmr olsa idi başa düşülə bilərdi, lakin əmr intizam tənbeh tədbirinin görülməsi barədə olub. Amma faktiki olaraq əmr işçinin işdən çıxarılması ilə bağlı olub. Bu isə 76-cı maddəyə ziddir. İddiaçı barəsində ya intizam tədbiri kimi 70-ci maddənin ç bəndi tətbiq edilməli idi, ya işçinin özünün birbaşa barəsində 70-ci maddənin ç bəndi tətbiq edilməli, ya da 72-ci maddədə göstərilən kobud pozuntulardan birinə yol verdiyi halda müstəqil əsasla işdən çıxarılmalıdır. Yəni, bu, 76-cı maddədə göstərilən müxtəlif əsaslarla işdən çıxarılma kimi pozuntu ilə nəticələnib. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndəsi X19 bildirmişdir ki, görüntülərin yayılmasından hər hansı bir vasitə kimi istifadə edilməsinə Regional Təhsil İdarəsinin və Agentliyin hər hansı bir ehtiyacı yoxdur. Ümumtəhsil məktəbləri Regional Təhsil İdarəsinin və Agentliyin tərkibində fəaliyyət göstərir. Əlavə edilmiş əmrlərdən də görünür ki, məktəbin direktoru öz fəaliyyətində kifayət qədər kobud nöqsanlara yol vermişdir. Bir dəfə Nazirliyin əmri, bir dəfə isə Regional Təhsil İdarəsinin əmri ilə iddiaçıya töhmət və şiddətli töhmət verilib. İddiaçı tərəf töhmət verilməsindən məlumatı olmadığını bildirir və iddia ərizəsində də bunu qeyd edib. Təhsil Nazirliyi tərəfindən verilmiş töhmətdə iddiaçının öz imzası var. Həmin töhmət iddiaçının ilk töhməti olub. İddiaçı iddia ərizəsində heç bir töhmət verilməməsini göstərib. Lakin, iddiaçı özü töhmət barədə sənədə imza ataraq götürmüşdür. 24 iyun tarixində isə məktəbin mail ünvanına təkrarən göndərilmşdir. Son zəng günü çəkilən videogörüntülər 14 iyunda “Telegram” və “Tiktok” sosial şəbəkələrində paylaşıldıqdan sonra media qurumları görüntüləri paylaşmamışdan əvvəl Agentlikdən rəsmi münasibət istəmişdilər. “Qafqazİnfo” agentlikdən rəsmi təsdiq aldıqdan sonra həmin görüntüləri yaymışdır. O, etiraz ərizəsində videoların paylaşıldığı kanalların linklərini göstərmişdir. Bu gün də həmin görüntülər silinməyib. Hətta sosial şəbəkələrdə hazırda da videogörüntülər “məktəbin direktoru işə bərpa olunacaqmı?” başlığı ilə paylaşılır. Bu isə təhsilverənin, təhsil qurumlarının nüfuzuna xələl gətirdiyini göstərir. Bundan başqa isə iddiaçı tərəf bildirir ki, görüntülər paylaşılmamışdan əvvəl izahat alınıb. Lakin, video paylaşıldıqdan sonra iddiaçının münasibəti soruşulub və o da iddia ərizəsində qeyd etdiyi kimi xəbəri olmamasını bildirib. Şagirdlər uzun müddət həmin mahnını oxumaq üçün hazırlaşıblar, yəni qarşı tərəfin qeyd etdiyi kimi anidən, təsadüfən olmayıb. Bütün şagirdlər xorla, əzbər formada mahnını oxuyurlar. Mahnı oxunan vaxtı direktor xeyli əl çalır, oynayır. Mahnının direktor tərəfindən dayandırılması kimi hal olmamışdır. Mahnı daha sonra şəkil çəkdirmək üçün dayandırılır. Mahnını dayandıran isə X12 olmuşdur. Hansı ki, qarşı tərəf iddiaçı tərəfindən həmin xanıma töhmət verildiyini bildirirdi. Mahnının sözlərinə də fikir verilsə, cinayət aləminə məxsus olan şəxslərin tərənnümündən, onların törətdikləri cinayətlərdən və insanların həmin şəxslərə xoş münasibət göstərmələrini ifadə edən mahnı olduğunu görərlər. Həmin mahnıda keçən “cinayət aləmində” kimi sözlər şagirdlər tərəfindən açıq-aşkar oxunur və direktor isə şagirdləri müşaiyət edərək onları alqışlamağa davam edir. İddiaçı 71-ci maddədə qeyd olunduğu kimi qəsdən və ya ehtiyatsızlıqdan işəgötürənin, kollektivin nüfuzuna zərər vurub. Zərər vurması isə məsələnin sosial şəbəkələrdə, bütün internet informasiya ehtiyatlarında işıqlandırılması ilə təsdiq edilir. Hətta kütləvi şəkildə həmin görüntülər tənqid edilib. Etik davranış qaydalarının pozulması nəticəsində müəssisənin, kollektivin nüfuzuna zərər dəyirsə, bu zərər aradan qaldırılmalıdır. Bundan başqa iddiaçı özü məsuliyyətdən yayınmaq üçün məktəbin işçilərinə töhmət verib. Həmin töhmət onlar tərəfindən geri götürülə bilərdi, lakin bütün kollektivin təqsirli olması bilinərək götürülməyib. Bundan başqa isə ssenari Regional Təhsil İdarəsi və Agentlik tərəfindən bütün məktəblərə göndərilir və hamısında da eyni ssenaridir, yəni direktor özü ssenari təsdiqləməyib. Regional Təhsil İdarəsi dəfələrlə görüş keçirib ki, Son Zəng tədbrində hər hansısa neqativ hallar baş verməsin. Bundan başqa Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi sadəcə olaraq intizam tənbeh tədbiri kimi işçi ilə əmək müqaviləsinin ləğvini nəzərdə tutur. 186-cı maddənin ç bəndi əmək müqaviləsinin ləğv edilməsi əsası deyil. İki əsasa istinad edilməmişdir. 70-ci maddənin ç bəndi iddiaçının yol verdiyi nöqsanlara görə tətbiq olunan tədbirdir. Bu cəhətdən qarşı tərəfin əsaslandırmasını əsassız hesab edir. İlk töhmət 2023cü ilin sentyabr ayının 11-də verilib. Yoxlama həyata keçirilib və yoxlama nəticəsində nöqsanlara yol verdiyi aşkar edilib və onun əsasında iddiaçıya töhmət verilib. İkinci töhmət isə ümumtəhsil məktəblərində monitorinq keçirilib və onun əsasında verilib. Monitorinq keçirilən zaman bütün hallarda izahat alınır. İddiaçının hər bir halda məlumatı olmuşdur. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İT-İ saylı ******* nömrəli X13 məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2015-ci il tarixindən Azərbaycan Respublikası Təhsil Nazirinin 11/249-1 nömrəli, xx.xx.2015-ci il tarixli əmri ilə Samux Rayon İnstitut qəsəbə tam orta məktəbinə direktor təyin edilmişdir, xx.xx.2024-cü il tarixində isə vəzifəsindən azad edilmişdir; - xx.xx.2024-cü il tarixində Samux rayonu İnstitut qəsəbə tam orta məktəbində aparılmış monitorinqə dair arayışın surətindən görünür ki, şagirdlərin dərslərə davamiyyəti, dərs saatları və dərsdənkənar məşğələ saatlarının verilməsi barədə müzakirələrin aparılması, texniki işçilərin iş bölgüsü və digər məsələlər üzrə nöqsanlar aşkar edilmişdir; - Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Müdirinin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, Samux rayonu İnstitut qəsəbə tam orta məktəbində aparılan monitorinqin nəticəsində aşkarlanan nöqsanları nəzərə alaraq, “Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələrinin Nümunəvi Əsasnaməsi”nin 5.5.4-cü və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin "b" bəndlərini əsas tutaraq, Samux rayonu İnstitut qəsəbə tam orta məktəbin direktoru İddiaçı vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi qərara alınmışdır; - Samux rayon İnstitut qəsəbəsi tam orta məktəbinin direktoru İddiaçı xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, “Son zəng” tədbirinin 14 iyun 2024-cü il tarixində saat 10:00-dan 12:00-dək keçirilməsi, tədbirin təşkili və keçirilməsi üçün tədbirlər planının, tədbirin ssenarisinin hazırlanması və təsdiq üçün rəhbərliyə təqdim olunmasının məktəbin təşkilatçısı X5 tapşırılması və digər tədbirlərin görülməsi əmr edilmişdir; - Məktəbin direktoru G.C. Abbasova tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli son zəng proqramından görünür ki, keçiriləcək son zəng tədbirinin planı tərtib edilərək təsdiq edilmişdir; - Samux Rayon İnstitut qəsəbəsi tam orta məktəbin direktoru İddiaçı, həmkarlar ittifaqının sədri A.V.Əhmədov, TTİDM N.A. Məmmədova və N.E. Yusifli, Təşkilatçı müdiri A.Z.İbrahimova, UBR E.F.Şərifova, psixoloq E.F.Şərifova, sinif rəhbəri X.A.Namazova, S.F.Vəkilova, K.İ.Əzimova, Sosial pedaqoq S.H.Zeynalova, təsərrüfat işləri üzrə direktor müavini R.A.Əmiraslanova, kitabxanaçı T.N. Şıxıyevanın imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, xx.xx.2024-cü il tarixində məktəbdə keçirilən “Son zəng” tədbiri plana uyğun şəkildə milli vətənpərvər ruhda təşkil olunmuşdur. Tədbirin sonunda Gəncə şəhər 3 №-li məktəbin 10-cu sinfində təhsil alan yeniyetmə nəzarətdən qaçaraq məktəbin həyətinə daxil olmuş və bayağı musiqi səsləndirmişdir. Tədbirin sonunda məzunlarla şəkil çəkdirilən zaman məzunlar əl çaldıqları üçün direktor da onlara qarşılıq olaraq əl çalmışdır. Son zəng tədbirində qapıya nəzarət təsərrüfat işləri üzrə direktor müavini X6, tədbirə dəvət olunan qonaqlara nəzarət məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri X20, X16 və məktəbin psixoloqu X21, tədbirin əvvəlindən sona qədər olan nəzarəti və musiqi mənbəyinə nəzarəti məktəbin təşkilatçı müdiri X5 tapşırılmışdır. Bayağı musiqinin çalınıb yayımlanması məktəbə qarşı bilərəkdən təşkil olunmuşdur; - Azərbaycan Təhsil İşçiləri X33 Samux Rayon Komitəsinin xx.xx.2024-cü iil tarixli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova ünvanlanan məktubunun surətindən görünür ki, ümumi təhsil müəssisələrində keçirilən “Son zəng” tədbirinin təşkili məsələlərini tənzimləyən təlimata əsasən tədbirin təşkilinə əsas məsul şəxs müəssisənin direktorudur. Həmin təlimatda tədbir zamanı zorakılığı, zərərli vərdişlər kimi məsələləri əks etdirən mahnıların, simvolların yer almaması qeyd olunmuşdur. 14 iyun 2024-cü il tarixdə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbində keçirilmiş “Son zəng” tədbirində “Təhsilverənlərin etik davranış Qaydaları”nın 4.3-cü bəndinin tələblərinə zidd olan videogörüntülər sosial media hesablarında yayılmışdır. Qeyd olunanlar və İddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması Samux rayon Təhsil Sektorunun ilk həmkarlar ittifaqı komitəsinin 21 iyun 2024-cü il tarixli iclasında müzakirə edilmişdir. İclasın qərarını nəzərə alaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğv edilməsinə Azərbaycan Təhsil işçiləri X33 Samux rayon komitəsi etiraz etmir; - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, 14 iyun 2024-cü il tarixdə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbində keçirilmiş “Son zəng” tədbirində məktəbin direktoru İddiaçı ilə bağlı videogörüntülər sosial media hesablarında yayılmış və sözügedən qaydaların tələblərinə əməl edilməməsi aşkar edilmişdir. “Təhsilverənlərin etik davranış Qaydaları”nın 4.3-cü bəndinin tələblərinə əsasən təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır. 14 iyun 2024cü il tarixdə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbində keçirilmiş “Son zəng” tədbirində məktəbin direktoru İddiaçı ilə bağlı videogörüntülər sosial media hesablarında yayılmış və sözügedən qaydaların tələblərinə əməl edilməməsi aşkar edilmişdir. Samux rayonu İnstitut qəsəbə tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi əmək fəaliyyəti zamanı yol verdiyi səhvləri və “Təhsilverənlərin etik davranış Qaydalarının tələblərini pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cl maddəsinin “ç” bəndinə əsasən 24 iyun 2024-cü il tarixindən ləğv edilməsi qərara alınmışdır; - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, 87-C-24 saylı material üzrə cinayət işini başlanması rədd edilmişdir; - Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi mediasiya prosesində iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı pedaqoji sahədə uzun müddət çalışmış, xx.xx.2015-ci il tarixindən isə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2015-ci il tarixli əmri ilə Samux Rayon İnstitut qəsəbə tam orta məktəbinə direktor təyin edilmişdir. Məktəbdə keçirilən son zəng tədbirində bayağı mahnı səsləndirilməsi səbəbindən, xx.xx.2024-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifəsindən azad edilmişdir. Həmçinin cavabdeh tərəfindən təqdim edilmiş intizam tənbehinin tətbiqi barədə xx.xx.2024-cü il tarixli əmrdən göründüyü kimi, məktəbdə keçirilmiş monitorinqin nəticələrinə əsasən iddiaçı barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Hazırda iddiaçı, intizam tənbehi verilməsindən məlumatsız olduğuna, məhkəmə prosesi dövründə bu barədə məlumat aldığına, intizam tənbeh tədbirinin tətbiq edilməsi üçün əsas olmadığına, eləcə də son zəng zamanı baş vermiş hadisədə hər hansı bir təqsirinin olmadığına, əmrin qanunsuz olduğuna, əmr qəbul edilərkən qanunvericilik normalarının tələblərinin pozulmasına əsaslanaraq, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi, işdən çıxarılması barədə əmrlərin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsini xahiş edir. Cavabdeh isə daha əvvəl də iddiaçı barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyinə, iddiaçının öz əmək funksiyasını lazımınca yerinə yetirməməsi nəticəsində müəssisənin nüfuzuna ciddi xəlil gətirildiyinə, töhmət verilməsi barədə əmrin isə mübahisələndirilməsi üçün iddia müddətinin ötürüldüyünə istinad edərək iddiaya etiraz edir. İlk növbədə qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Əmək Məcəlləsinin 76.2-ci maddəsinə görə, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilmişdir. Həmin maddənin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi, qanunverici işçinin əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürənin üzərinə mühüm vəzifələr qoymuşdur. ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi üçün işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş ümumi şərtlərlə yanaşı, bir sıra xüsusi şərtlərə də əməl olunmalıdır. Hazırki iş üzrə iddiaçı, Samux rayonu İnstitut qəsəbə tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən, əmrdə əmək fəaliyyəti zamanı yol verdiyi səhvlərə və “Təhsilverənlərin etik davranış Qaydalarının” tələblərinin pozulmasına istinad edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əmrdə əsaslandırılmalıdır. Hazırki iş üzrə mübahisələndirilən əmrdə isə qanunvericilik normalarının tələblərinə zidd olaraq düzgün əsaslandırma aparılmamışdır. Halbuki Əmək Məcəlləsinin 71.3 və 83.1-ci maddələrinin tələblərinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmkarlar ittifaqının razılıq məktubunda, həmçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə “Təhsilverənlərin etik davranış Qaydalarının” 4.3-cü bəndinin tələblərinin pozulmasına istinad edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”nın 4-cü bəndi təhsilverənlərin xidməti fəaliyyətindən kənar davranış qaydalarını, əsasən şəxsi həyatında davranış normalarını tənzimləyir. Həmin Qaydaların 4.3-cü maddəsinə əsasən isə təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, burada təhsilverənin özünün sosial media hesablarında müvafiq paylaşımları etməsi etik davranış qaydalarının pozuntusu olaraq göstərilmişdir. Hazırki mülki işdə isə iddiaçı tərəfindən belə bir paylaşımın edilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu halı, yəni iddiaçının paylaşım etməməsini cavabdeh tərəf də qəbul etmişdir. Digər tərəfdən iddiaçı qeyd edilən pozuntunu törətmiş olsaydı belə, bu hal özlüyündə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün kifayət etmir. Məhkəmə bununla bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə yalnız ƏM-in 71-ci maddəsinin 2-ci hissəsində sadalanan hallarda yol verilir. ƏM-in 71-ci maddəsinin 2-ci hissəsi 70-ci maddənin “ç” bəndinə münasibətdə konkretləşdirici norma kimi çıxış etməklə əmək müqaviləsinin müvafiq əsasla ləğv edilməsi üçün xüsusi şərt nəzərdə tutmuşdur. Belə ki, işçinin sadəcə əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi özü-özlüyündə əmək müqaviləsinin ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğvinə əsas ola bilməz. Bunun üçün eyni zamanda işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmalıdır (ƏM-in 71-ci maddəsinin 2-ci hissəsi). Hazırki iş üzrə isə iddiaçının əmək funksiyasını pozması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya müəssisənin hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Digər tərəfdən mübahisələndirilən görüntülər məhkəmə tərəfindən tədqiq edilmiş və müəyyən edilmişdir ki, İddiaçı səsləndirilməsindən təxminən 1 dəqiqə sonra mahnının dayandırılması məqsədilə əlini qaldırır və mahnı dayandırılır. Lakin buna baxmayaraq sosial şəbəkələrdə yalnız iddiaçının mahnıya əl çalması hissəsi yayımlanmışdır, qeyd edilən hissəsi isə ictimaiyyətə çatdırılmamışdır. İddiaçı tərəfindən təsdiq edilmiş “Son zəng” tədbirinin planından görünür ki, tədbirin həyata keçirilmə ardıcıllığı, səslənməli olan nitqlər təsdiq edilmiş, tədbirin təşkilatçılığı X5 tapşırılmışdır. Həmçinin o da nəzərə alınmalıdır ki, müvafiq geniş miqyaslı tədbirdə rəhbər şəxs kimi keçirilən həyacan nəticəsində ilk anlardan mahnının sözlərinin dərk edilməməsi ağlabatan olmaqla, təbii insanlıq halı kimi qəbul edilə bilər. Tədbirdə iştirak edən uşaqların isə həmin mahnını əzbərdən oxumaları mütləq qaydada mahnıya əvvəlcədən hazırlaşmalarına işarət etmir. Əmək Məcəlləsinin 186.2-ci maddəsinin tələbinə görə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Son zəng tədbirində bayağı mahnı səsləndirilməsi iddiaçının əmək funksiyasını yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. O da nəzərə alınmalıdır ki, çoxlu insanların iştirak etdiyi tədbirdə həmin mahnının məhz iddiaçının təşkilatçılığı, nəzarəti altında səsləndirilməsi sübuta yetirilməmişdir. Belə ki, bu hal iddiaçının, mahnının səsləndirilməsindən 1 dəqiqə sonra onu dayandırması ilə təkzib olunur (halbuki mahnı təxminən 7 dəqiqəlikdir). Beləliklə, işəgötürən tərəfindən əmrdə məhz iddiaçının hərəkətləri nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, işçinin əmək funksiyasını, yəni əmək müqaviləsi üzrə vəzifəsinə dair öz üzərinə götürdüyü öhdəliklərdən hansını icra etməməsi və ya lazımi qaydada icra etməməsi, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması əsaslandırılmamışdır. İşin qeyd edilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələblərinə riayət edilməmiş, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunsuz və əsassız olmuşdur. Cavabdehin, iddiaçı barəsində bir neçə gün əvvəl sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilməsi dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, işdən çıxarılma barədə əmrdə həmin hala istinad edilməmiş, əmr ümumi qaydada əsalandırılmışdır. Həmçinin məhkəmə iddiaçının həmin əmrdən məlumatsız olması, məhkəmə zalında öyrənməsi barədə izahatlarını, intizam tənbehinin intizam xətasının aşkar edildiyi gündən sonra verildiyi müddəti nəzərə alaraq, həmin intizam tənbehini, qanunsuz əmrin ləğv edilməsinə mane ola biləcək hal hesab etmir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli əmr qanunamüvafiq qaydada tərtib edilmədiyindən və əsassız olduğundan ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə işə bərpa edilməlidir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə əmrin ləğv edilməsi hissəsində iddia tələbi əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. Məhkəmə, iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin etibarsız hesab edilməklə ləğv edilməsi tələbi ilə bağlı qeyd edir ki, iş materiallarından da göründüyü kimi xx.xx.2024-cü il tarixli əmr Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən verilmişdir. Hazırki iş üzrə cavabdeh təşkilat isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyidir. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin cavabdeh qismində işə cəlb edilməsi ilə bağlı iddiaçıya məhkəmə tərəfindən təklif verilsə də, o, ayrıca iddia qaldıracağını bildirərək, hazırki mülki iş üzrə onun cavabdeh kimi cəlb edilməsi barədə ərizə verməmişdir. Bu səbəbdən də iddia tələbi əsl cavabdehə qarşı irəli sürülmədiyindən məhkəmə əlavə araşdırma aparmadan iddianın həmin hissədə təmin edilməməsi qənaətinə gəlir. Cavabdeh xx.xx.2024-cü il tarixli sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmrinin etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi həmin iddia tələbinə cavab verməli şəxs olmadığından iddia təmin edilmədiyi üçün iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bünnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). İddia müddətinin tətbiqinə dair Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69/3-1-521K/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ləğv edilməli, İddiaçı Samux Rayon İnstitut qəsəbə tam orta məktəbinə məktəb direktoru vəzifəsinə işə bərpa edilməli və ona xx.xx.2024-cü il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69/3-1-521K/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ləğv edilsin. İddiaçı Samux Rayon İnstitut qəsəbə tam orta məktəbinə məktəb direktoru vəzifəsinə işə bərpa edilsin və ona xx.xx.2024-cü il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3410/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3410/2024
28.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver