Məhkəmə qərarları › İş №2(005)-3411/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3411/2024

04.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3411/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, K- 1533 nömrəli əmrin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə, Kəlbəcər rayonu 108 saylı orta məktəbə direktor vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ali təhsilli riyaziyyat müəllimidir. xx.xx.2017-ci ildə direktorların işə qəbulu imtahanından uğurla keçərək Kəlbəcər rayonu 108 saylı orta məktəbə direktor təyin olunmuşdur. İşlədiyi müddətdə heç bir intizam tənbəhi almamışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli K-1533 nömrəli əmrinə əsasən Kəlbəcər rayon 108 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilərək ixtisası üzrə məktəbdə müəllim kimi saxlanılmışdır. Elm və Təhsil Nazirliyinin Kəlbəcər rayon 108 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilməsi barədə əmr iddiaçıya elan olunmamışdır. Əmək kitabçası isə bir-neçə ildən sonra çox çətinliklə taparaq ona təqdim ediblər. Həmin əmək kitabçasında isə Əmək Məcəlləsinin hansı maddəsilə işdən azad olunmağı barədə heç bir qeydiyyat aparılmamışdır. Belə ki, 2019-cu ilin oktyabr ayında öz xahişi ilə iddiaçının işdən azad olunmağı barədə iki dəfə ərizə alıblar. Sonra iddiaçıya Kəlbəcər rayon Təhsil Şöbəsindən tutduğu vəzifədən azad olunmağı barədə məlumat veriblər və həmin məktəbdə ixtisası üzrə müəllim təyin ediblər. Hazırda həmin vəzifədə müəllim kimi çalışır. Buna baxmayaraq bir-neçə dəfə direktorların işə qəbulu üzrə imtahan vermişdir. Keçirilən imtahan və müsahibədə uğur qazandıqdan sonra ona bildiriblər ki, “nazirlik tərəfindən işdən azad olunduğuna görə səni direktor vəzifəsinə təyin edə bilmərik.” İddiaçı hesab edir ki, işdən azad edilməyi barədə əmr normativ hüquqi-aktlara əsasən tamamilə qanunsuz və əsassızdır. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi EMİS vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi o, Kəlbəcər rayonu 108 nömrəli orta məktəbinin direktoru vəzifəsində işləmişdir. 2019-cu ilin oktyabr ayında onun fəaliyyəti yoxlanılmış və vəzifə funksiyalarını və öhdəliklərini lazımı qaydada yerinə yetirə bilmədiyindən onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2019-cu il tarixli, K1533 saylı əmrlə ləğv edilməsinə baxmayaraq, o 2024-cü ilin may ayında mediasiya təşkilatına müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı müddəti buraxmaqla məhkəməyə müraciət etmişdir. Hesab edilir ki, iddiaçının tələbi Azərbaycan Respublikası qanunvericiliyinin normalarına əsasən təmin edilə bilməz. İddiaçı qanunvericilik normalarına məhəl qoymayaraq altı aydan sonra məhkəməyə ərizə ilə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı müddətin üzürlü səbəbdən otürməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Belə ki, o, direktor vəzifəsində azad edilib müəllim təyin ediləndə artıq onun hüquqlarının pozulduğunu və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini bilirdi və o andan da iddia müddətinin axımı başlamışdır. Ona görə də, hesab edilir ki, müddətin buraxılması üçün heç bir üzürlü səbəb olmadığından, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən iddiaçının işə bərpa tələbinə dair iddiası qanunla müəyyən olunmuş iddia müddətinin keçməsi səbəbindən təmin edilməməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinə şəxsin pozulmuş hüquqlarının bərpası üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti tətbiq edilməklə, iddia ərizəsi rədd edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin tam əsassız olduğunu bildirmiş, eyni zamanda iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü qeyd etmiş və bu səbəbdən də iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları 1104442 №-li əmək kitabçasından görünür ki, İddiaçı Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli, K1533 saylı əmrinə əsasən Kəlbəcər rayon 108 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilmiş və ixtisası üzrə məktəbdə müəllim kimi saxlanılmışdır. Kəlbəcər rayon 108 nömrəli tam orta məktəbin əməkdaşları tərəfindən tərtib olunan və imzalanan 08 oktyabr 2019-cu il tarixli akta əsasən müəyyən olunur ki, İddiaçı həmin məktəbin direktoru vəzifəsindən azad edildiyi üçün müvafiq məktəb sənədləri ondan təhvil alınmışdır. Kəlbəcər rayon 108 nömrəli tam orta məktəbin həmkarlar ittifaqı komitəsinin 09 oktyabr 2019cu il tarixli 10 nömrəli iclas protokolundan müəyyən olunur ki, Kəlbəcər rayon 108 nömrəli tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin K-843 nömrəli, xx.xx.2017-ci il tarixli əmri ilə Kəlbəcər rayonu 108 №-li tam orta məktəbə direktor vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2019-cu il tarixli K-1533 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir. İddiaçı hal-hazırda həmin məktəbdə ixtisası üzrə müəllim kimi fəaliyyət göstərir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək onun yenidən əvvəlki vəzifəsinə işə bərpa edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 47-ci maddəsində qeyd edilir ki, əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müddətli bağlanıla bilər; 56.2-ci maddəsinə əsasən məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir; 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. 296-cı maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər; 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda, xx.xx.2024-cü il tarixdə müraciət edərək qanunvericiliyklə müəyyən olunmuş iddia müddətini ötürmüş, eyni zamanda bu müddəti ötürməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı tələbini əsaslandırdığı halllarda məktəb direktoru vəzifəsindən azad edilməsi barədə əmrin ona elan olunmamasına, əmək kitabçasını sonradan əldə etməsi kimi faktlara əsaslansa da, məhkəmə qeyd olunanları hesab edir. Belə ki, iddiaçı özü də iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatlarında etiraf etmişdir ki, həmin vaxtdan Kəlbəcər rayon 108 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışmışdır. Qeyd olunan faktiki hallar, onu deməyə əsas verir ki, iddiaçı öz hüquqlarının pozulduğunu və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini həmin zaman bildiyinə görə o andan da iddia müddətinin axımı başlamışdır və 1 ay müddətində məhkəməyə müraciət etməli olduğu halda, xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələblərini pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır. Obyektiv an şəxsin öz subyektiv mülki hüququnun pozulduğu andır. Subyektiv an isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andır. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla yox, subyektiv anla şərtləndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Prosessual mənada iddia hüququ, yəni iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iddia müddəti tətbiq olunması qənaətinə gəldiyindən, iddiaçının irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası müddəti tətbiq edilməklə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar