Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3422/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı cavabdeh X2rşı “müqavilə münasibətlərinin əvvəlki şərtlərlə davam etdirilməsi öhdəliyi”nə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2rşı “müqavilə münasibətlərinin əvvəlki şərtlərlə davam etdirilməsi öhdəliyi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 04 iyul 2022-ci il tarixli müqavilədə nəzərdə tutulmuş təhsil haqqı məbləğində davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, onun iki övladı X13 Liseyində orta təhsil alır. Böyük övladı X9 bu il 10-cu sinfini, digər övladı X6 isə 5-ci sinfini bitirmişdir. Son iki ildə övladlarının təhsil haqqı aralarında bağlanan müqaviləyə əsasən 2500 manat təşkil etmişdir. Aralarında bağlanan “Təhsil xidmətləri barədə" Müqavilənin 5.9-cu bəndinə əsasən manatın dəyəri ABŞ dollarına nisbətdə (Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilən) 10 % və daha çox aşağı düşdüyü halda, məzənnə fərqi növbəti tədris illəri üçün ödəniləcək təhsil haqqı ilə birlikdə “Valideyn" tərəfindən “Lisey"ə ödənilməlidir. Məzənnə fərqi bir neçə dəfə dəyişərsə, təhsil haqqı növbəti il üçün yenidən razılaşdırıla bilər. Göründüyü kimi, tərəflər arasında olan müqavilədə qeyd edilən bəndə əsasən təhsil haqqında dəyişikliklərin edilməsi nəzərdə tutulmuşdur. Son illərdə manatın ABŞ dollarına faiz nisbəti müşahidə olunmur. Qeyd edilənlərə baxmayaraq, cavabdeh gələn il üçün təhsil haqqının 4000 manat olmasını bildirilmişdir ki, bu da birdən-birə 60 faiz artım deməkdir. Böyük övladı X9 2024-2025-ci il tədris illərində 11-ci sinifdir. Sonuncu sinifdə oxuyan şagirdə belə bir öhdəliyin qoyulması ədalətsizdir, övladlarının başqa təhsil müəssisəsinə yerləşdirməsi, onların öyrəşdikləri mühitdən ayrı düşmələri psixoloji travmalar verəcəkdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin həcminin artırılması tələbinə dair ərizə ilə müraciət edərək, iddiaçının övladları X4 və X3 “Cavabdehn”də tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin şərtləri daxilində davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 6000 (altı min) manat məbləğində mənəvi ziyanın, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, bildirir ki, iddiaçının övladlarının yəni X9 və X6 cavabdeh tərəfindən müqavilə şərtlərini pozaraq, uşaqların təhsil almaq hüquqlarını pozaraq övladlarına mənəvi ziyan vurmuşdur. Belə ki, uşaqların uzun illər oxuduqları məktəbdən, sinif yoldaşlarından ayrılmaları onlarda psixoloji travmaya səbəb olmuş, yeni məktəbə, yeni sinifə uyğunlaşmaları çox çətinliklə olur. Bu isə uşaqların təhsil almasına, təhsilə daha həvəslə yanaşmalarına mənfi təsir edir. Ona görə də hesab edirlər ki, iddia tələbinə mənəvi ziyanın ödənilməsi tələbi də əlavə edilməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən iddiaçı və cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “X13 Liseyi” MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli Təhsil xidmətləri barədə müqaviləyə əsasən bu müqavilə valideyinin ödənişli sifarişi əsasında Şagirdin Liseydə təhsil alması ilə əlaqədar tərəflərin, hüquqlarını, öhdəliklərini müəyyən edir və tərəflər arasında münasibətləri tənzimləyir. - İddiaçı tərəfindən X13 Liseyinə ünvanlanan pretenziya məktubundan görünür ki, təhsil haqqını əvvəlki şərtlərlə davam etdirilməsi ilə müqavilə bağlanmasını xahiş etmiş, əks halda, qanunvericiliyə əsasən müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət olunacaqdır. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflər arasında xx.xx.2022-ci il tarixində Təhsil xidmətləri barədə müqavilə bağlanmış, həmin müqavilə ilə tərəflər özlərini icraçı qismində “Lisey”, təhsil xidmətlərindən istifadə edən qismində “Şagird”, sifarişçi qismində isə “Valideyn” tanımışdır. Müqavilə Sifarişçinin ödənişli sifarişi əsasında Şagirdin Liseydə təhsil alması ilə bağlı tərəflərin hüquq və vəzifələri və tərəflər arasında münasibətləri tənzimləyir. Müqavilənin 5.1-ci bəndinə əsasən təhsil haqqının hər növbəti tədris ili üçün məbləği 2750 manat təşkil edir. Tədris ili dedikdə cari ilin sentyabr ayının 15-dən növbəti ilin iyun ayının 15-dək olan müddət başa düşülür. 5.2-ci bəndinə əsasən müqavilədə göstərilən təhsil haqqı bu müqavilənin bağlandığı tarixdən şagirdin təhsil aldığı cari dərs ilinin sonunadək etibarlıdır. 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və müqavilənin bağlandığı tarixdən şagirdin təhsil alacağı cari tədris ilinin sonunadək hüquqi qüvvəsini saxlayır.(qeydiyyat yenilənməsi olduğu halda müqavilə eyni müddətə uzanır.) Hazırda İddiaçı tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə nəzərdə tutulmuş təhsil haqqı məbləğində müqavilə münasibətlərinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinə istinad edərək hazırkı tələbi irəli sürmüşdür. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (MM-nin 14.1 və 386.1 maddələri) Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. (MM-nin 385.1 və 390.1-ci maddələri) Yuxarıda sadalanan maddi hüquq normalarından göründüyü kimi analoji tələbi irəli sürməkdən ötrü tərəflər arasında müqavilə olmalıdır. İddiaçı tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə istinad edərək iddia irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə onu da qeyd edir ki, iddianın əsaslandığı şərtlər, eləcə də tərəflərin arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri məhz onlar arasında bağlanmış əqdin “əvəzli xidmətlərin göstərilməsi” (tapşırıq) müqaviləsinin olmasına dəlalət edir. Belə ki, əvəzli xidmətlərin göstərilməsinə dair müqaviləyə görə “icraçı” “sifarişçi”nin tapşırığı əsasında müəyyən hərəkətlər etməsini və ya müəyyən fəaliyyət göstərməsini, “sifarişçi” isə bu xidmətlərin haqqını ödəməsini öhdəsinə götürür. Belə ki, Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəflər arasında müqavilə bağlandıqdan və müqavilənin şərtlərinin iddiaçı və cavabdeh tərəfindən yerinə yetirildikdən sonra, iddiaçının övladının təhsilini cavabdeh müəssisədə xx.xx.2023-cü il tarixədək davam etdirəcəyi (Müqavilənin 5.2-ci bəndi), 01-30 aprel tarixləri arasında isə Müqavilənin 3.2.4-cü bəndinin şərtlərinə əsasən, X1 Haqqında müqavilə imzalaması barədə şərti qəbul edərək, öz üzərinə öhdəlik götürmüşdür. Bu səbəbdən də məhkəmə bildirir ki, təhsil haqqının həmin müddətdən sonra cavabdeh tərəfindən birtərəfli qaydada (iddia dəlillərində birdən birə) müəyyən edilməsi barədə iddiaçının mövqeyi onunla cavabdeh təhsil müəssisəsi arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmamışdır. Belə ki, yaranmış şəraitdə təhsil haqqının müəyyən edilməsi hüququ cavabdehə məxsus olmuş, o isə öz növbəsində, hüququndan istifadə edərək bundan imtina etmişdir. Nəzərə almaq lazımdır ki, tərəflər azad surətdə müqavilələr bağlayır və bu müqavilələrin məzmununu özləri müəyyənləşdirirlər. Onlar müqavilə bağlamaqda sərbəstdirlər, tərəfləri onların iradəsinə zidd müqavilə bağlamağa məcburi etmək olmaz. Bundan başqa, məhkəmə, mənəvi zərərin tutulması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X5rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X7 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Hazırki işdən göründüyü kimi, iddiaçının “müqavilə münasibətlərinin əvvəlki şərtlərlə davam etdirilməsi öhdəliyi”nə dair iddiası öz təsdiqini tapmadığından, nəticə etibarilə də iddiaçının övladlarında baş vermiş emosional amillərin məhz cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyinin nəticəsində olması işin halları ilə təkzib olunduğundan, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də əsassızdır. Belə olan halda məhkəmə, iddiaçının ərizəsində təhsil haqqı ilə bağlı tələb etdiyi məbləğdə övladının həmin təhsil müəssisəsində təhsilinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və mənəvi zərərin ödənilməsi hissəsində tələbini qanuni və əsaslı hesab etmir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X13 Liseyi” MMC-yə qarşı iddiaçının “müqavilə münasibətlərinin əvvəlki şərtlərlə davam etdirilməsi öhdəliyi”nə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3422/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3422/2024
05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver